adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Iyul 2015 22:34
2868
DÜNYA
A- A+

Türkiyə hökumətində kimlər təmsil olunacaq?

Türkiyədə həftələrdir davam edən koalisiya müzakiərləri deyəsən, yekunlaşmaq üzrədir.

 AKP və MHP yeni hökumətin qurulması ilə bağlı razılığa gəlib.

Müdafiə naziri İsmət Yılmaz Türkiyə Böyük Millət Məclisinə sədr seçiləndən sonra hər iki partiyadan ayrı-ayrılıqda 4 nəfərə koalisiya müzakirələri aparmaq tapşırığı verilib.

Anlaşmaya əsasən, AKP MHP-nin koalisiya üçün qoyduğu üç əsas şərti yerinə yetirəcək.

Birinci şərtə görə, «Böyük rüşvət əməliyyatı» ilə bağlı 4 keçmiş nazirin – iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Muammər Gülər, Avropa Birliyi üzrə nazir Egemən Bağış və ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayrakdarın işi yenidən araşdırılacaq.

İkinci şərtə əsasən, AKP PKK ilə «çözüm mərhələsi» qərarına yenidən baxacaq. Qeyd edək ki, MHP əvvəldən bu ideyaya qarşı çıxaraq onu çözüm yox, xəyanət mərhələsi adlandırırdı.

Üçüncü şərt isə prezident Rəcəb Tayyib Ərdoğanın Konstitusiyanın verdiyi səlahiyyətlər daxilində qalmasıdır ki, AKP buna da razılıq verəcək.

Məlumatlara görə, artıq baş nazir Əhməd Davudoğlu ədalət naziri Kənan İpəyə adları rüşvət və korrupsiya əməliyyatında hallandırılan 4 keçmiş nazirin işini yenidən araşdırmaqla bağlı təlimat verib. Nazirlik də təlimata uyğun olaraq İstanbul Cümhuriyyət Prokurorluğundan və İstanbul Polis İdarəsindən iş üzrə əlavə məlumatlar istəyib. Hər iki partiya ortaq görüşlərin keçirildiyini inkar etsə də, artıq koalisiya planlarının 90 faizinin reallaşdığı bildirilir.

Olduqca gizli şəraitdə keçən müzakirələrdə əsas fiqurların MHP-dən sədr müavini Cəlal Adan, AKP-dən isə sosial təminat naziri Faruk Çeliyin olduğu deyilir.

İddialara görə, AKP-MHP koalisiyası qurulandan sonra yeni hökumətin xarici işlər naziri son prezident seçkilərində müxalifətin vahid namizədi olmuş Əkmələddin İhsanoğlu olacaq.

MHP başqanı Dövlət Baxçalının isə yeni hökumətdə baş nazirin müavini postunu tutacağı bildirilir. Hökumətdə MHP-yə neçə nazirliyin həvalə olunacağı hələlik açıqlanmır. Ötən müddətdə MHP-nin ən çox tənqid etdiyi məqamlardan biri də Ərdoğanın böyük pullar hesabına inşa etdirdiyi prezident sarayı idi. Lakin son anlaşmadan sonra MHP-nin Ərdoğanın Ağ Sarayda oturmasına qarışmayacağı, bu məsələnin zamanın axışına buraxılacağı bildirilir.(Strateq.az)