adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BU, ADiL CƏMiLDiR...

VAQİF YUSİFLİ
36850 | 2012-02-25 08:29
Onun əlli səkkiz yaşı var, amma kitablarının sayı o qədər də çox deyil.Qırx ilə yaxındır ürəyinin dediklərini ağ vərəqlərə köçürür,özünün dediyinə görə, hər gün şeir yazmır və əlbəttə, əsl istedadlar sözə qarşı məsuliyyətli olduğu qədər, vaxtın da qədrini bilirlər. Adil Cəmilin alimliyi də var və şeirə-sənətə qəlbinin işığından boylandığı kimi, elmə də ağlının işığından gəlib. Bəziləri kimi, tezbazar mövzulardan yapışmayıb, dünya ədəbiyyatının nəhəng dastanlarından olan "Manas"ı tədqiq edib və "Manas"ın vətəni Qırğızıstanda da onu tanıyır və sevirlər.
   
   Adil Cəmil Kəlbəcərdə anadan olub. O Kəlbəcərdə ki, hər dəfə onun adı çəkiləndə Aşıq Şəmşiri xatırlayıram. Həm də Səməd Vurğunun bu misrasını: "Aşıq Şəmşir, Dəlidağdan keçəndə.." Adil Cəmil o yurdun, o torpağın yetirməsidir və şeirlərini oxuyanda da Kəlbəcərdən əsən küləklərin, dağ çaylarının şırıltısının, qarlı zirvələrin, çöllərdəki quşların səsini eşidirsən.İndi Adil Kəlbəcərdən uzaq düşüb, Vətənində Vətən həsrəti çəkir, o gözəlliklər isə bir an belə xəyalından getmir:
   
   
   
    Dünyanın bir gözəl vaxtı var idi,
   
    Oba yerindəydi, yurd yerindəydi.
   
    O vaxtkı çobanın bəxti yar idi-
   
    Quzu yerindəydi, qurd yerindəydi.
   
   
   
    Dağlardan qızıl da, mis də çıxardı,
   
    İstisi qışda da isti çıxardı,
   
    Ruzili evlərdən tüstü çıxardı-
   
    Ocaq yerindəydi, od yerindəydi.
   
   
   
    Bulaqlar saf idi, çaylar dupduru,
   
    Cana məlhəm idi günəşin nurug
   
    Yenilməz dağ idi kişi qüruru-
   
    Kişilik deyilən ad yerindəydi.
   
   
   
    Nakəsi obada saxlamazdılar,
   
    Namərdi öləndə ağlamazdılar,
   
    Ovsarı quyruğa bağlamazdılar,
   
    Ulaq yerindəydi, at yerindəydi.
   
   
   
   Unutqanlıq həmişə faciəyə aparıb çıxarır. Tarix boyu başımıza gələn faciələri unutduğumuza görə bəlalar çəkmişik. Ona görə də Adil Cəmil yazır ki: "Bu dünyada unutqanlıq yamandı, Kəlbəcəri unutmayın, amandı!"
   
   Adilin 90-cı illərdən üzü bəri yazdığı şeirlərin əksəriyyətində yurd həsrəti, Kəlbəcər ağrısı göynəyir."Kəlbəcərim, gözdən uzaq gözəlim" deyən şair, bu itkidən sarsıldığını gizlətmir:
   
   
   
    Gül-çiçəkli yaşıl düzü,
   
    Göy çəməni itirmişəm.
   
    Qərənfili, bənövşəni,
   
    Yasəməni itirmişəm.
   
   
   
    Kimi yasda, kimi toyda,
   
    Yer üzündə bu nə qayda?
   
    Hamı bilir-dağlar boyda
   
    Bir çəməni itirmişəm.
   
   
   
    Ağacım var, yarpağı yox,
   
    Yaralıyam, yar bağı yoxg
   
    Doğulduğum torpağı yox-
   
    Mən ki, məni itirmişəm.
   
   
   
   Adil Cəmilin "Tanrı mənə yar olanda" və "Bir dəli sevgidən göyərib dünya" şeir kitablarını vərəqləyirəm. Bir də "Azərbaycan" jurnalının keçən ilki 9-cu sayında dərc edilən yeni şeirləri. Bir şairi tanımaq və sevmək üçün bunlar kifayət edər. Amma o, oxucu sevgisini çoxdan qazanıb. Təkcə oxucu sevgisini yox, qələm dostlarının, xüsusən, özündən yaşlı sənətkarların etimadını. Böyük xalq şairimiz Bəxtiyar Vahabzadə hələ 1984-cü ildə yazmışdı: "Adilin şeirləri xalq ruhundan süzülür. Hiss olunur ki, aşıq şeirini, folkloru yaxşı bilir. Buna görə də deyimləri təbii və səmimidir". Qocaman ədəbiyyatşünas İmamverdi Əbilov isə belə deyir: "Adil Cəmilin poeziyasında təbiət dil açır, oxucu təsvir olunan hadisənin, lövhənin mahiyyətindəki acıdan-acı hadisələrdən-dərddən və qəzəbdən lal qayaya dönsə də, hayqırtı gədiklərdə, zirvələrdə, yamaclarda eşidilir və müəllifin könül dostu kimi biz onun arzu və diləklərinin şəriki olmağı özümüzə borc bilirik. Çünki süni pafosdan, ritorikadan uzaq ilhamlı şairin könül səsini eşidirik". Poetik ruhca Adil Cəmilə daha yaxın olan Məmməd Aslan isəbelə yazır: "Qaynağın əsilliyi axarın necəliyini şərtləndirir. Əlbəttə, göz dikdiyimiz axarın qumsalında batıb yoxa çıxması da var, yoxuşa dirənib geri təpməsi də olan işlərdəndi; "bulaq gözü" təmiz olsun, "bulaq gözü" duru qalsın. Adil Cəmil Dəlidağ duruluğunu poetik nəfəsində hifz edib qoruyan, bununla bir də qələm sahibi kimi fəxr eləyən şairdir". Tanınmış ədəbiyyatşünas Şirindil Alışanlı da qələm dostları ilə sanki həmrəydir: "Adil Cəmilin poeziyasındakı lirik təhkiyə uşaqlığın, folklorun və təbiətin romantik ovqatına köklənib. Onun şeirlərindəki fikri-hissi məntiq təbiətlə poetik ünsiyyətdən doğur". Mən də Adilin poeziyasının əsas cövhərini düzgün müəyyənləşdirən müəlliflərin fikirləri ilə razıyam.
   
   Əslində, duruluq, saflıq, təbiilik poeziyanın öz canında olmalıdır ki, təbiətdəki duruluq və təbiiliklə qovuşsun, vəhdət təşkil etsin.Adilin ilk kitablarındakı gözəl təbiət təsvirləri, romantik duyğulardan baş alan hisslər məhz bu vəhdəti əks etdirirdi. İndi isə Adilin şeirlərində təbiətdən yox, cəmiyyətdən, dövrün, zamanın şair qəlbində oyatdığı intibalardan söz açmaq olar. Hər bir şairin ən başlıca uğuru onun gözəl şeirlər yazmasında deyil, məncə, bu şeirlərin oxucu ürəyinə də yol tapmasıdır. Adil Kəlbəcərin işğalı zamanı bir neçə qız-gəlinin düşmənə əsir düşməmək üçün əl-ələ tutub özlərini qayadan ataraq həlak olmalarına bir şeir həsr edib. O şeir doğrudan da hər hansı oxucunun ürəyini titrədir. "Atam həsrət qalıb ana yurduna", "Qarlı qış gecəsi" şeirləri də həmçinin. Söhbət ondan getmir ki, o, bu faciələri qələmə alıb. Əsas odur ki, bu şeirlər səni də sarsıdır, həyəcanlandırır. Çünki gözəl qələmə alınıb!
   
   Adilin elə şeirləri var ki, onları təkcə onun poetik uğuru kimi yox, həm də ümumən müasir poeziyamızın uğuru kimi qiymətləndirmək lazımdır. Məsələn, onun "Düşünən heykəl" və "Doğma torpaq, yad heykəllər" şeirlərini götürək. Birinci şeir dahi Füzulinin heykəlinə həsr olunub. Şair
   
   
   
    Hər yanı al-əlvan çiçək çələngi,
   
    Füzuli düşünür daş paltarında.
   
    Qürbətdə o qədər üşüyübdü ki,
   
    Doğma vətəndə də qış paltarında.
   
   
   
    Ölməzlik közərir söz ocağında-
   
    O, ölməz sənətin özülü imiş.
   
    Ən gözəl şeirini yazan çağında
   
    Hər şair bir azca Füzuli imiş.
   
   Bir vaxtlar Bakımızın ən gözəl, görümlü yerlərində bu torpağa yad olan insanların heykəlləri ucalırdı. Leninin, Kirovun, Şaumyanın... indi onlar tarixin hökmü ilə yerlə-yeksan olublar. Adil Cəmil düz iyirmi iki il bundan əvvəl "Doğma torpaq, yad heykəllər" şeirini yazmışdı.
   
   
   
    Bu torpağa heykəl qoyan
   
    Eloğlumun heykəli yox.
   
    Qaçaq Nəbi qaçaq düşüb,
   
    Koroğlunun heykəli yox.
   
   
   
    Heykəlləşib düşmən ömrü-
   
    Sağım cəllad, solum cəllad.
   
    Bu heykəllər qarşısında
   
    Az qalıram olum cəllad.
   
   
   
    Birisi "zirvədən" baxır-
   
    Təpiyinin altda Bakı.
   
    Sanki Azərbaycanımdır
   
    Onun qanlı ovcundakı.
   
   
   
    Birisi yol ayrıcında-
   
    Dörd tərəfi gələn, gedən,
   
    Qərinələr yola salır
   
    Tərpənməyən bu tunc bədən.
   
   
   
    Bəsdir heykəl qoyduğumuz
   
    Yad oğluna, yad qızına!
   
    Ocağımın istisinə
   
    Niyə gəlib yad qızına?
   
   
   
   Adil Cəmil həm də sevgi şairidir. "Bir dəli sevgidən göyərib dünya" kitabında onun cavanlıq illərindən ta bu günə kimi yazdığı sevgi şeirləri toplanıb.
   
   Füzulidən üzü bəri nə qədər məhəbbət nəğmələri yazılıb, şairlərimiz dünyaya eşqin gözüylə boylanıblar, amma yenə poeziyamızın gülüstanında sevgi gülləri boy atmaqdadır və əlbəttə, Adilin də bu gülüstanda öz payı var.
   
   Onun şeirlərində də bir qəlbin məhəbbət duyğularının səsini eşidirik, sevən bir qəlbin həzin, kövrək hekayətlərini dinləyirik.
   
   Və təfərrüata varmadan deyə bilərəm ki, bu şeirlərin başlıca ideyası məhəbbətin əbədiliyini təsdiq etməkdir:
   
   
   
    Sənsiz darıxıram, şükürlər olsun,
   
    Deməli, ürəyim boş deyil hələ.
   
    Bizim qarşımızda neçə bahar var,
   
    Payız gəlməyibdi, qış deyil hələ.
   
   
   
    İllər toxumadır, ömür qurama,
   
    Duzlu sözlərini səpmə yarama.
   
    Mənə divan tutub məni arama-
   
    Sənin ki ürəyin daş deyil hələ.
   
   
   
    Bir dəli sevdadan göyərib dünya,
   
    Zaman dükcəsini əriyib dünya.
   
    Qəribə dünyadır bu qərib dünya,
   
    Sən demə yaşamaq yaş deyil hələ.
   
   
   
   "Yaşamaq yaş deyil hələ", Adil Cəmil. Yaz, yarat, yeni poeziya uğurların hələ qabaqdadır...

TƏQVİM / ARXİV