MƏZLUMLARA ZüLM ELƏYƏNLƏR...

FAİQ QİSMƏTOĞLU
30859 | 2012-02-25 08:29
...Dünyanın hər yerində zalım və zülmkar insanlar olub və bu gün də var. Bu zalım və zülmkar insanlar heç vaxt nə Allahı tanıyıblar, nə də insanlara hörmət eləyiblər. Onların əlinə bir balaca fürsət düşən kimi o dəqiqə qılıncını sıyırıb yazıq-yuzuğun üstünə düşüblər. Bu yazıq-yuzuqlar da həmişə canlarını belə zülmkar adamlardan xilas eləməyə çalışıblar. Bacaranlar xilas olub, bacarmayanlar ayaq altında qalaraq can veriblər...g
   
   Bir məmləkətin çox zalım padşahı olur. Bu zalım padşahınsa vicdandan başqa çox şeyi varmış. Sadəcə olaraq, taxtda əyləşəndə elə təsəvvür edir ki, ondan güclü və ondan qüdrətli varlıq yoxdur. Amma fikirləşmir ki, padşahdan da güclü və qüvvətli Ulu Yaradan var.
   
   Padşah məmləkətə car çəkdirir ki, nə qədər ağıllı, savadlı və vicdanlı adamlar var, hamısını onun hüzuruna gətirsinlər. Padşahın əyanları, vəzirləri, vəkilləri və bütün əsabələri məmləkətə tökülüb bu cür adamların hamısını axtarıb tapırlar. Təbii ki, bu insanlar da padşah tərəfindən axtarıldığını eşidəndə çox sevinirlər. Sevinirlər ki, nə yaxşı məmləkətə bir padşah gəldi və o da məmləkətin ağıllı, ziyalı və işıqlı adamlarını axtarmağa başladı. Onları bir-bir padşahın hüzuruna çıxarırlar. Padşah hüzuruna çıxarılan bir neçə ağıllı və ziyalı adamlara diqqətlə baxır. Sanki onları birinci dəfə görürmüş kimi başdan ayağa hamısını nəzərdən keçirir. Axırda gəlib nəzərləri çox ağıllı və ziyalı bir adamın üstündə dayanrır. Padşah deyir ki, sənə bir sualım var:
   
   - Səni yanıma gətirsəm və baş vəzir eləsəm, kimlərə üstünlük verərsən?
   
   Həmin ziyalı insansa fikirləşmədən deyir:
   
   - Əlbəttə, ağıllı, savadlı və ədalətli insanlara...
   
   Bu söz həmin ziyalı adamın ağzından çıxan kimi padşah qəzəblənir və qaşları çatılır. Vəzir, vəkilə təpinir ki, gətirdiyiniz nə qədər ağıllı, ziyalı və işıqlı adamlar var, hamısını aparıb zindana salın. Mən bunlardan çox qorxuram. Çünki hamısının ağzından qan iyisi gəlir. Aydındır ki, zalım padşahın zindanına atılan adamlar ordan sağ-salamat çıxa bilməzdilər və çıxsalar da elə bir gündə olardılar ki, onların yeriməyə taqəti qalmazdı...
   
   ... Məmləkətin bütün ağıllı adamları zindana doldurulandan sonra padşah dərindən nəfəs alır və deyir ki, tay mənim bundan sonra heç bir qorxum yoxdur!.. Qorxum ağıllı və savadlı adamlardan idi, onlardan da canımı qurtardım. Zülmkar padşah beləliklə məmləkətdə at oynadır, istədiyini qılıncdan keçirir, bir balaca da sözünə baxmayan və onların dedikləri ilə razılaşmayan adamların cəllad kötüyü üstündə boynunu vurdurur. Beləcə, zülmkar və zalım padşahın əlindən bir məmləkət boğaza yığılır. Və günlərin bir günündə də zalım padşahın ətrafında olan yaltaq-yultaqlar elə onun yatdığı yerdə başını kəsirlər...
   
   Böyük filosof Fəxri Kürgani o vaxtlar yazırdı: "Namərdə əl tutmaq, zalıma kömək eləmək mərdələrə və məzlumlara zülm eləməyə bərabərdir". Amma deyəsən, bu deyim bizdə çoxlarının yadından çıxıb. Yəni bu gün hardasa mərdə arxa duran, yıxılanı qaldıran, kimsəsizə "qorxma" deyən çox azdır. Elə az olduğuna görə məzlumlar, imkansızlar və bir balaca da arxası olmayan adamlar o ki, var incidilir. Əlbəttə, kimsə kimə zülm edirsə, haqqını tapdalayırsa və eyni zamanda ona yuxarıdan aşağı baxırsa, bunun heç də axırı yaxşı olmur. Axırı yaxşı olmayan və sonu görünməyən addımları atmaq isə kor-korana zülmətin içinə getmək və dərin quyuya düşmək deməkdir...
   
   Viktor Hüqonun çox gözəl bir kəlamı var: "Vicdan insanın Allahıdır". Vicdan itən yerdə heç vaxt haqdan, ədalətdən və insafdan danışmağa dəyməz. Bəli, bəzən də görürsən ki, yüz oyundan çıxan, yüz fırıldaq eləyən və hər cür dələduzluğa qol qoyan bir adam ağızdolusu haqdan, ədalətdən, qeyrətdən və kişilikdən dəm vurur. Bəzən elə danışır ki, onu tanımayan olsa, dediklərinə inana da bilərlər. Yəni danışanda ağzına çullu dovşan sığışmayan adamlar addım atanda tamamilə başqa bir rəngdə, başqa bir sifətdə görünür. Bu sifəti bəlkə də çoxlarımız görmüşük, amma onun üzünə haqq-ədaləti şax deməkdən çəkinmişik. Bir az da abır-həya eləmişik ki, bəlkə özü haqqın yoluna qayıda və daşı ətəyindən tökə. O isə daşı ətəyindən tökmək və haqqın yoluna qayıtmaq əvəzinə başlayıb, Allaha da güllə atmağa. ... Bax belə olanda onda hansı insanlıqdan, hansı vicdandan və hansı dəyərələrdən söhbət gedə bilər. Bilmirik, bu gün məmləkətimizdə nə qədər insaflı adam var və yaxud da nə qədər insafsız adam. Amma hər halda, yaxşı adamları barmaqla saymaq olar. Bu yaxşı adamlar ömrü-boyu yaxşı işlə məşğul olublar. Ömrü-boyu yıxılana arxa durublar. Yetimə, yesirə, kimsəsizə çörək veriblər. Çörək verilən insan da onun qədrini bilib-bilməməyindən asılı olmayaraq heç olmasa çətin vəziyyətdən çıxa bilib...
   
   
   
   ***
   
   
   
   ... Gör nə günə qalmışıq ki, bu gün həkimə gedəndə əlimiz ürəyimizin üstündə olur. Biz bunu deməklə heç də vicdanlı və namuslu səhiyyə işçilərinin işinə kölgə salmaq fikrində deyilik. Məmləkətimizdə kifayət qədər vicdanlı, gözütox və namuslu həkimlər var. Amma o da sirr deyil ki, savadsızları da az deyil. Qabaqlar eşidəndə ki, hansısa xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılarkən onun daxili orqanlarında əməliyyat zamanı nəsə yaddan çıxıb qalır, buna sözün düzü inanmazdıq. Amma o vaxt da belə söz-söhbətlərə inananlar olub...
   
   ... Bu günlərdə Şirvan şəhərindəki Diaqnostika Mərkəzində Sabirabad sakini Cəmil Şirəliyevin müayinədən keçməsi çox şeyə aydınlıq gətirib. Pasiyent uzun müddət qarın nahiyəsindəki ağrılardan şikayətlənib. Ağrıların kəskinliyinə dözə bilməyən xəstəni Şirvan Diaqnostika Mərkəzinə gətirib, müayinə elətdirirlər. Müayinə zamanı məlum olur ki, onun qarnında yad cism - qayçı var. Elə bu da həkimlərin təşfişinə səbəb olur. Təcili xəstəni əməliyyata götürürlər və 5 saat onun üzərində cərrahiyyə işləri görülür. Beş saatdan sonra onun qarnından qayçı çıxarılır və bağırsağının bir neçə metri kəsilib götürülür. Xəstə ağır vəziyyətdə reanimasiya otağına verilir...
   
   Xəstənin sahibləri isə onun qarnından qayçı çıxdığına görə Sabirabad Mərkəzi rayon xəstəxanasının cərrahı Seyfulla Məməmdovu ittiham eləyirlər. Sən demə, bir neçə il bundan əvvəl Sabirabad Mərkəzi Rayon Xəstəxanasında pasiyent Cəmil Şirəliyevin üzərində cərrah Seyfulla Məmmədov əməliyyat aparıb. Elə qayçı da həmin vaxt, həmin əməliyyat zamanı yaddan çıxaraq xəstənin qarnında qalır. Təbii ki, bu məsuliyyətsizliyə görə Sabirabad rayon Polis Şöbəsinə xəstənin sahibləri şikayət ediblər. Sabirabad rayon Polis Şöbəsindən isə bildirirlər ki, materiallar toplanaraq araşdırılmaq üçün prokurorluğa göndərilib.
   
   Qəribədir ki, Seyfulla Məmmədov indi Sabirabada yaşamır. Deyilənlərə görə, Bakıya köçüb. Bu da qəribədir ki, əgər bir təcrübəli cərrah əməliyyat zamanı qayçını yaddan çıxarıb, xəstənin daxili orqanında qoyursa, buna nə ad vermək olar? Səhlənkarlıq demək olar, yoxsa məsuliyyətsizlik?! Qəribə olduğu qədər də, çox təəccüblüdür. Axı, xəstənin üzərində əməliyyat aparılarkən cərrahdan başqa bir neçə həkim də iştirak eləyib. Əgər cərrah bu məsələdə bir balaca diqqətsizlik eləyibsə, bəs o biri həkimlər əməliyyat zamanı hara baxıblar? Suallar çoxdur. Bu suallara isə təbii ki, xəstənin daxili orqanlarında yad cismi qoyan cərrah Seyfulla Məmmədov cavab verəcək.
   
   Ümumiyyətlə, cərrahiyyə əməliyyatı zamanı bu cür hallar deyəsən, az-az olsa da baş verir. Təxminən 15-20 il bundan əvvəl bizim yaxın qohumumuz Respublika Klinik Xəstəxanasında əməliyyat olunmuşdu. Yaşlı kişi olduğuna görə yarası gec sağalırdı. Bir neçə gündən sonra isə həmin qohumumuzun ağrıları daha da artır. Əməliyyat olunan yerdən çirk gəlməyə başlayır. Qohum-əqrəba diqqətlə onun yarasına baxanda görürlər ki, yaranın ağzı açılıb və daxildə bir dəstə bint görünür. Sən demə, elə həmin bint də həkimlərin səhlənkarlığı nəticəsində yaddan çıxıb, əməliyyat zamanı xəstənin bədənində qalıb. Xəstə deyib ki, ağrıya dözə bilmirəm və bir daha həkimə getməyəcəyəm. Kim ürəklidirsə, yaxınlaşıb yaramdan həmin binti çıxarsın. Qohumlardan birinin tibbi savadı varmış. O əlinə rezin əlcək geyərək daxildəki binti yaradan çıxarır və ondan sonra xəstənin ağrısı azalır...
   
   ... Sözümüzün canı odur ki, bu gün məmləkətimiz də çoxları yerli həkimlərə bir o qədər də etibar eləmir. Təbii ki, bu cür hadisələri görəndən sonra bir balaca maddi imkanı yaxşı olan adam heç vaxt bizim xəstəxanalara getməyəcək və həkimlərə müraciət etməyəcək. Onlar xərcə, borca düşsələr də, ən aşağısı İrana üz tutacaqlar. Və necə ki, çoxlu sayda pasiyentlər bu gün İrana gedir və orda-burda çəkdiyi xərcin yarı faizini xərcləyir, səhhətindəki problemi həll eləyir. Ona görə də bu gün xaricə üz tutan pasiyentləri və eləcə də ayrı-ayrı adamları heç kim qınamamalıdı.
   
   İmkanı olan adamlar Avropaya, eləcə də Türkiyəyə və maddi durumu o qədər də yaxşı olmayan insanlarsa İrana gedirlər. Məgər bunlar Azərbaycanda səhiyyənin yaman gündə olduğunu göstərmirmi? Düzdür, bizdə kifayət qədər savadlı, intellektual və təcrübəli həkimlər var. Amma onları elə gözüm-çıxdıya salıblar ki, bu həkimlərə əl-qol açmağa imkan vermirlər. Bu gün bizdə o adamı baş həkim qoyurlar ki, ya onun arxası olur, ya da yaxşı pulu. İnanmırıq ki, hansısa təmiz, vicdanlı və istedadlı həkimi təmənnasız olaraq baş həkim qoysunlar. Bəlkə də belələri var, amma biz tanımırıq.
   
   Bayaq dediyimiz kimi, o demək deyil ki, Azərbaycanda həkimlər yoxdur. Savadlı və təcrübəli həkimlər kifayət qədərdir, ancaq savadlı və təcrübəli həkimləri irəli çəkib vəzifədə əyləşdirən yoxdur.
   
   Yaxın dostlarımdan biri deyir ki, böyrəyimlə əlaqədar İrana müalicəyə getmişdim. Ordakı müalicələr bir o qədər də effekt vermədi. Sonradan Bakıda bir həkim tapdım və o da məni müalicə elədi. Görürsünüzmü, deməli, məmləkətimizdə bayaq dediyimiz kimi, savadlı həkimlər var, sadəcə olaraq onlara "yaşıl işıq" yandırmaq və şərait yaratmaq lazımdır. Bir balaca da yüksək vəzifədə əyləşən məmurlar tamahlarını saxlaya bilsələr, belə həkimləri aparıb vəzifəyə də qoymaq olar. Nə üçün də olmasın?!

TƏQVİM / ARXİV