DOLABDAKI üRƏK

ƏBÜLFƏT MƏDƏTOĞLU
40057 | 2012-02-25 08:29
İndi bütün dünyanın aparıcı informasiya vasitələrinin, telekanallarının müəyyən hissəsi bizdən danışır, bizdən yazır. Yəni ötən illə müqayisədə bu il "Xocalıya ədalət" çağırışı daha mütəşəkkil və daha fəal təşkil olunub. Görünür ildən-ilə artan təşkilatçılıq bacarığımız və xüsusilə gənclərin fəallaşması bizim haqq səsimizin dünyaya çatdırılmasında müəyyən rol oynamağa başlayıb. Necə deyərlər, övladlar ataları qabaqlayır, onlardan irəli keçir. Bu çox müsbət bir haldır və mən bu mənzərəni özüm üçün yaxşı bir örnək kimi də qəbul edirəm. Düşünürəm ki, bizim bugünkü gəncliyin üfüqləri daha geniş, imkanları və ən vacibi isə bilik ehtiyatları daha çoxdur. Yəni elmi-texniki tərəqqinin verdiyi imkanlar bugünün insanlarını daha çevik olmağa bir növü hazırlayır və hətta dolayısı ilə də dəstək olur.
   
   Bəli, dünya bizdən danışır, bizdən yazır. Elə biz özümüz də bizdən danışıb, bizdən yazırıq. Hamımız da bacardığımız kimi, bacardığımız qədər. Burada qəribə bir nüans var. O da hamımızın yazdığının bəzən ya bir-birinin surəti olması, ya da bir-birini inkar etməsidi. Doğrudur, deyirlər ki, hadisələrə isti-isti münasibət bildirmək ya nəticəyə təsir edir, ya da yanlışlığa aparıb çıxarır. Bunu da onunla əsaslandırırlar ki, "isti baş" çılğınlıq edir. Araşdırmaq, sonu gözləmək imkanı olmadığı üçün hər şeyi özünün görüb duyduğu kimi qiymətləndirir. Mən bu fikirlərlə azacıq razı olsam da, amma bir şeyi dəqiq bilirəm ki, Xocalıdan, Qaradağlıdan, bütövlükdə müharibədən yazan insanın ən azı bu müharibədə özünün iştirakı olmasa da, köynəyindən də özünə yaxın olan kimlərininsə iştirakı lazımdı. Çünki ələ tikan batması tikanı ağrıtmaqdan daha çox əli, onun sahibini ağrıdır. Bu ağrını çəkən onu daha dəqiq, daha inandırıcı ifadə edir, nəinki kənardan onun ağrısını ifadə edib qiymətləndirən. Ola bilsin ki, Allah kimlərəsə qeyri-adi istedad verər və həmin istedadın gücünə qələm sahibi hadisəni iştirakçı səviyyəsində təqdim edə bilər. Ancaq bu, yalnız İlahi istedadın imkanındadı. (müharibə barəsində ədəbiyyatda ən yaxşı nümunələr mövcuddur, xüsusilə rus ədəbiyyatında, bunu etiraf etmək gərəkdir.)
   
   Deməli, biz öz dərdlərimizi, öz ağrı-acılarımızı qələmə alanda nədənsə kövrəkliyə, hüznə daha çox meyl göstəririk. Bizə elə gəlir ki, dərdimizi dinləyənlər, oxuyanlar mütləq əlinə dəsmal götürməlidir. Əgər biz həmin tamaşaçının, oxucunun gözlərini qızarmağa, şişib alma boyda olmağa məcbur edə bilmiriksə, deməli, yazdığımız alınmayıb, istəyimizə çatmamışıq. Ancaq biz unuduruq ki, bizim yazdığımızı, çəkdiyimizi oxuyub, baxıb ağlamaqdansa, düşünən, araşdıran, həqiqətin sorağına düşən oxucuya, tamaşaçıya üstünlük verməyimiz gərəkdir. Yəni bizim istinad yerimiz onlar olmalıdır. Təəssüf ki, biz hələ bu istinadların dəstəsini, toplumunu yarada bilməmişik. Elə ona görə də yazdığımıza, çəkdiyimizə daha çox özümüz tamaşa edir, özümüz qiymət veririk. Özü də əlimizdə sıxanda suyu daman dəsmalla...
   
   Xocalı hadisəsi bizim, millətimizin, türk dünyasının, insanlığın qətliamı kimi təbliğ olunmalı və hər kəs də bu yönümdə işini quranda ağlatmağı yox, düşündürməyi əsas götürməlidir, Məhz nə yazırıq yazaq, nə çəkirik çəkək, əgər bu istəklə hərəkət edə bilsək, onda istəklərimiz çin ola bilər. Özü də onda bizim hər açılan səhərimiz Xocalının səhəri, hər axşamımız Xocalının alışıb yanan, alovlanan gecəsi kimi insanların diqqətini çəkəcəkdir. Ən azı ona görə ki, bu, bir şəhərin, bir bölgənin yox, bütöv bir məmləkətin alovu, atəşi, yanğısı, fəryadı kimi ərşə dirənəcək...
   
   Bəli, bizim 20 yaşlı Xocalı faciəmizin bir şaxtalı qış səhəri də üzümüzə açılır. Mən öncə dediklərimin fərqinə vararaq bu açılan səhərdə kədər notları axtaramq istəmirəm. Xocalıdan olan hər kəsin ruhunun işığında mən bu səhəri ümid yeri kimi, qələbə ünvanı kimi görürəm. Düşünürəm ki, bu səhər bu gün də olmasa, nə vaxtsa qələbə səhəri kimi açılacaq və biz onda da Xocalıdan danışıb, Xocalıdan yazacağıq. Ancaq indiki kimi yox, qalib kimi, qələbənin iştirakçısı, təminatçısı kimi...
   
   Onda...
   
   
   
   bir qəribə səhərdi bu
   
   pəncərəmdə göz yeri var
   
   günəş öpüb isidibdi-
   
   əl yandırır- köz yeri var...
   
   
   
   ləçəklərdən şeh sorulub
   
   süst düşübdü- meh yorulub...
   
   təbiət elə durulub-
   
   deyiləsi söz yeri var...
   
   
   
   nəğmə uçur budaq-budaq
   
   ovsunlanıb, susur yarpaq...
   
   güvəncimiz ana torpaq-
   
   onun qəlbdə öz yeri var!
   
   ***
   
   Hə, biz ağrıların, acıların içindən dumandan çıxan...buludu yaran günəş kimi boylanmağı özümüzdə təlqin etməli, özümüzü buna hazırlamalıyıq. Bu notlar üzərində köklənib qılıncımızı qında pas atmağa qoymamalıyıq. Zamanın oyunlarında oyunçu olmaqla yanaşı, oyunun qaydalarını da diqtə etməyi bacarmalıyıq. Və bu bacarığımız bizlərə dünyadan baş açmağa, dünyanın gedişatında öz yerimizi tutmağa həm ipucu, həm də ümid işığı olmalıdır...
   
   Deməli, bu qəribə dünyada güclü-gücsüz, haqlı-haqsız münasibətlər bizdən öncə də olubdu, yəqin bizdən sonra da olacaq. İnsan zəkası haqq-ədaləti arayıb ortaya çıxarmaq, onu dəyərləndirmək üçün müxtəlif variantlar işləyib hazırlayıb, tapıb ortaya qoyub. Onlardan birincisi mizan tərəzidi. Bu ölçü hər kəsin sonda atalar sözündə deyildiyi kimi, öz ayağından asılmaq imkanını da müəyyənləşdirir. Yəni ağla qaranın, böyüklə kiçiyin, gecəylə gündüzün görünən və görünməyən sərhəddi məhz haqqın mizan tərəzisində ortaya çıxır. Bütün bunlar mənim nəyisə diqtə etmək, nəyisə oxucuya, dinləyiciyə zorla sırımaq istəyimdən irəli gəlmir. Çünki bunlar gün işığı kimi ortadadı və hər kəs də bilir. Sadəcə, biz bəzən bildiklərimizi ya icra etmirik, ya əhəmiyyət vermirik, ya da laqeydliyimiz, biganəliyimiz onun pas tutmasına, arxivlərdə toza batmasına səbəb olur. Elə ona görə də biz yaddaş sarıdan həmişə əziyyət çəkirik. Bu yaddaşsızlıq, bu unutqanlıq qəribə dünyanın işlərinin içərisində qəribəliyi bir az da artırır. Özü də o yerə qədər artırır ki, həmin yerdə indi böyük hərflərlə yazdığımız ADAM özünü təsdiq etməyə, öz gününü yaradıb-qurmağa özündə güc tapmır. Amma kiçik hərflə yazdığımız nadan həmin günün kefini görüb ləzzətini çıxarır...
   
   Doğrudan da dünyada, özü də problemlərin, qayğıların, arzuların, sevinc və kədərin, bir sözlə, insanın ruhuna və qəlbinə yaxın olan hər şeyin bir-birinə qarşılığı qəribə dünyada mənim ən çox həsrətini çəkdiyim ADAM gününün ləngiməsi, yubanması və ümumiyyətlə, nə vaxt gələcəyinin bilinməməsidir. Elə ADAM gününün bu qədər ağır taxtalı olması, nə vaxt gəlib çıxacağının bilinməməsi də nadan gününün at oynatmasına rəvac verir. Böyük Məmməd Araz demişkən, "nadanlar qumara qoydu dünyanı"...
   
    Hə, indi qumara qoyulmuş və alanı da, satanı da nadanlar olan bu dünyanın qəribəlikləri içərisində mənim oturub ADAM gününü gözləməyim görəsən nə qədər ağla batandı, nə qədər məntiqlidi? Ümumiyyətlə, görəsən belə bir gün varmı? Yaxud da nə vaxtsa olacaqmı?
   
   Yenə köməyimə misralar çatır. O misarlar ki, mənim ADAM gününə olan münasibətimin sual altında olduğunu az-çox ifadə etməyə çalışır.
   
   
   
   qəribədi
   
   hər yerdə
   
   və
   
   hər bir halda
   
   bu dünyada
   
   adamlar da
   
   adam günü gözləyirmiş
   
   nadanlar da...
   
   çox təəssüf ki,
   
   adamların
   
   adam günü
   
   hələ yolda-
   
   gözlənilir...
   
   amma
   
   nadanların
   
   "adam günü"-
   
   at oynadır
   
   sağda, solda...
   
   
   
   ***
   
   
   
   Biz zamanı qınaya-qınaya özümüz də bəzən özümüzdən xəbərsiz qınaq ünvanına çevrilirik. Bax, bu mənada biz bəzən etməli olduğumuzu, edə bilmədiyimizi etiraf etməyərək ona müəyyən donlar geyindiririk. Məhz, elə ağlamağımızla bağlı da bu mövqedə dayanırıq. Yaşlı insanlar yaxşı xatırlayır, 25-30 il bundan öncə hansısa bir kənddə, hansısa bir məhəllədə gününü görüb, dövranını sürmüş yaşlı bir insan dünyasını dəyişəndə bir kənd, bir məhəllə qırx gün həmin insana hüzn saxlayır, bu dərd üçün sızlayır, göz yaşı tökürdü. Yəni insan sözün həqiqi mənasında itiriləni insan kimi ağlayırdı. İndi isə tamam fərqlidi. Bu fərqdə günahkar da yenə zamandı. Hansı zaman?..
   
   Bəli, biz müharibənin ilk illərindən başlayaraq çoxlu şəhidlər gördük, ağlamaqdan, sızlamaqdan müəyyən mənada özümüz daşlaşdıq, quru bulağa çevirən varlığa bərabər olduq. Bununla da guya ki, ürəyimiz də hisslərimiz də daşlaşdı. Amma inanın ki, mən ürəyin daşlaşmasına heç vaxt normal yanaşmamışam və bunu qəbul etməmişəm. Mən inanmıram ki, ürək daşlaşa bilər. Amma ona inanıram ki, biz özümüz daşlaşıb ürəyimizi qoruyuruq. Özü də o ürəyi ki, içərisi xəbislik, kin, küdurət, nifrət, bir sözlə, böyük mənada insana yaraşmayan hər şeylə doludu zəngindi. Bax, biz bu ürəyi qoruyuruq, bu ürəyin daşlaşmasından danışırıq. Nəyə, kimə lazımdı bu ürək? Niyə qoymuruq ki, dözümsüzlükdən, mübarizlikdən, etirazdan, kədərdən partlasın, çat-çat olsun? Niyə bu cür ürəyin müalicəsinə, yaşamasına məsrəf xərcləyir, vaxt sərf edirik? Axı daş parçasıdı, daşlaşıbdı, hissi, duyumu yoxdu. Necə deyərlər, ölü candı. Onu yaşatmağın mənası varmı?
   
   Biz ürəyimiz daşlaşıb deyə kiminsə hayına çatmamaq, kiminsə kədərinə şərik olmamaq, kiminsə yanında dayanmamaq haqqını kimdən almışıq? Allah bu haqqı bizə verməyib axı. Yadıma düşmüşkən, hələ ilk kitabımda "ehtiyat ürək" adlı bir şeir yazmışdım. O şeirin son bəndi belə idi:
   
   
   
   bizi ömür boyu sınayır həyat
   
   əlinin altında saxla ehtiyat
   
   sən ki, bu hallısan...həyatdı, bir vaxt-
   
   ürəyim ehtiyat ürəyin olar...
   
   
   
   Bəli, bu şeir başqa bir ovqatdan yaranmışdı. Lakin bu gün bir-birimizin hayına çata bilməməyi bir ürəyin daşlaşması ilə bağlamaq heç cürə ədalətli yanaşma deyil. Əvvəldə dediyim kimi, ADAM gününün adamları daş ürək gəzdirə bilməz. "Soyuq daşa döndü o gündən ürək" deyən şairin də məntiqi məhz daşlaşmaya, adamlıqdan nadanlığa üz tutmağa etirazdı.
   
   Bax, bunların yekununda mən bütün dərdlərə, bütün sevincə, bütövlükdə kainata və bəşəriyyətə qucaq açan ürəyin qarşısında baş əyirəm, onun varlığını qəbul edirəm. Onun üçün ehtiyat yox, ehtiyac duyuram. Və :
   
   
   
   mən sənə ürək oldum-
   
   ehtyiat
   
   köçürülməyə hazır ürək
   
   gəzdirdin cibində, çantanda
   
   saxladın
   
   arada dolabında
   
   əhvalının yaxşı vaxtı
   
   deyib-güləndə
   
   yadına düşəndə
   
   halımı soruşub
   
   məzələnib
   
   barmağına dolandın da...
   
   küsmədim,
   
   barışdım
   
   hətta yeri gələndə
   
   sənə haqq qazındırdım
   
   çünki ehtiyat ürək
   
   olduğuma
   
   səni mən inandırdım
   
   sənin nədi günahın?..
   
   ehtiyat oyuncu
   
   ehtiyat silah
   
   ehtiyat təkər
   
   ehtiyat çörək
   
   ehtiyat pul
   
   daha ehtiyat nələr, nələr...
   
   hamısı da
   
   ehtiyat olmasını gözləyir
   
   ay ürək...
   
   odur ki,
   
   sən də
   
   qədərinə dözəsən gərək!..
   
   
   
   Hə, ehtiyat ürək olmaqdansa, bütün ürəiynlə, bütün varlığınla, bütün nəfəsinlə bağırıb ürəyimdəki sənsən - Vətən! Ürəyimdəki sənsən - Sevdiyim! - demək haqqına sahib olsan, onda ürəyi qorumayacaqsan, ürəyindəkini qoruyacaqsan. Bax, dərddən çıxmağın, dərdə qalib gəlməyin mənə bəlli yolu da budur.

TƏQVİM / ARXİV