adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Iyul 2015 13:12
4221
MARAQLI
A- A+

Hindistan günəş enerjisi ilə işləyən qatar hazırlayır

Yaxın vaxtlarda Hindistan dəmiryollarında günəş enerjisi ilə işləyən qatar hərəkət etməyə başlayacaq. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın elm və texnologiyalar naziri Harş Vardhan bildirib. 

Onun sözlərinə görə, yeni qatarın hazırlanması "Integral Coach Factory” Milli Vaqonlar İstehsalı üzrə Birlik və Hindistan Texnoloji İnstitutunun Çennai filialı ilə birlikdə aparılır. Nazir qeyd edib ki, günəş panelləri bütün vaqonlarda quraşdırılacaq ki, bu da gələcəkdə Hindistanın nəqliyyat sisteminin təbii mədən resurslarına olan ehtiyaclarını aradan qaldıracaq. Gözlənildiyinə görə, ilkin mərhələdə günəş panelləri qatarın elektrik enerjisinə tələbatını 15 faizədək ödəyəcək. Bundan başqa, layihə qatarın dayanacaqda olduğu zaman hasil olunan elektrik enerjisini milli şəbəkəyə ötürməsini nəzərdə tutur. Bir müddət əvvəl baş nazir Narenda Modinin başçılıq etdiyi Hindistan Nazirlər Kabineti ölkədə bərpa olunan enerjinin yenilənmiş inkişaf planını təsdiq edib. Plan ölkədə quraşdırılan günəş panellərinin ümumi gücünün 2022-ci ilədək 100 giqavatta çatdırılmasını nəzərdə tutur. Günəş enerjisinə yatırılan investisiyaların həcminin 6 trilyon rupi (100 milyard dollar) təşkil edəcəyi gözlənilir. Layihələr arasında Madhya-Pradeş ştatında 2016-cı ildə istismara veriləcək gücü 750 meqavatt təşkil edən dünyanın nəhəng elektrik stansiyası yer alıb.