adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ALIN YAZISI, TALE, YOXSA?...

OQTAY SALAMOV
32345 | 2012-02-25 08:29
20 il keçdi. İnanmıram ki, bu qətliamdan Allahın xəbəri oldu. Allah bu vəhşətdən, bu dəhşətdən xəbərdar olsaydı icazə verməzdi. Şeytanın əməli işlədi.Ölənlərin, yaralananların, girov götürülənlərin, itkin düşənlərin (!!!) taleyinə, alın yazısına yazılmışdımı başlarına gətirilənlər?.. Qocaların, uşaqların, qız-qadının, yəni əlinə silah alıb potensial düşmənlik etməyənlərin alnına bu əzabla, bu amansızlıqla qətlə yetirilməsi, əsir götürülüb olmazın əzablara məruz qalması yazılmışdı? Hansı günahı işləməyə yaşı çatmışdı o körpələrin?
   
   Şeytanın yazıları işə keçdi, alın yazılarını Şeytan yazdı... Ermənilərlə bundan sonra qonşu kimi yaşamaq üçün gərək Şeytana xidmət elədiyimizi qəbul edək. Deyir dünyada ən şirin şey qisas alınan məqamda yaşanan, hiss edilən daddır, rahatlıqdır, həzzdir. Bizim alnımıza, talehimizə ermənidən qisas almaq yazılacaqmı? Yazılmalıdı, yazmaq üçün Allaha dualar eləməli, ricalar etməli, qurbanlar verməliyik!
   
   Siz taleyə, alın yazısına inanırsınızmı?
   
   Real həyatda elə hadisələrlə rastlaşırıq ki, bizim istəyimizdən, arzularımızdan asılı olmur axı. Belə olanda deyirik ki, taledir, alnımıza belə yazılıb. Tanıdığım bir ailənin tarixçəsini danışmaq istəyirəm.
   
   Gənc olmayan valideynlər, iki uşaqları var- bir oğul, bir qız. Oğulları evlidir, iki kiçik uşaqları var. Bir dəfə avtomobil qəzası olur və oğul həlak olur. Maşında olan dörd adamdan ancaq o ölür. 30 yaşı vardı.Bir müddət sonra atası da vəfat edir. Deyək ki, yaşı ötdü, bəlkə də xəstəlikdən getdi. Qızı dağınıq- skleroz xəstəliyinə tutulub. Bir müddətdən sonra 16 yaşlı nəvəsi dağa gedəndə yıxılır və ani olaraq həyatını itirir.. Ananın ürəyi bu qədər dərdlərə dözmür, iki il sonra o da canını tapşırır. Hər ölümdən sonra qızın xəstəliyi artır...
   
   Hörmətli bəstəkar Nailə Mirməmmədlinin dalbadal itkilərini ürək ağrisı ilə qarşıladıq...
   
   Belə halları görəndə fikrə gedirsən. Nəyə görə tale bu ailələrə belə ədalətsiz oldu. Bəlkə bu sadəcə olaraq hadisənin gedişi, adi təsadüflərdir?..
   
   Siz necə düşünürsünüz, bu təsadüflərdir, yoxsa tale, alın yazısı?..
   
   Adamlar çox vaxt belə problemlərlə rastlaşırlar. Həyata iki cür yanaşmaq məqamı olur: hər şey əvvəlcədən, yəni alnına yazılmaqla olur, yoxsa hansı yollarla hadisələrin axarını bizim istəyimizlə, dualarımızla,göz yaşlarımızla dəyişdirmək mümkündür? Çətinlikləri dəf etməklə, səhvləri düzəltməklə taleni dəyişdirmək mümkündürmü?
   
   Bu haqda düşünəndə bilmədim ki, dini mənbələrə baş vurum, yoxsa elmə istinad edim. Nədir axı tale? Vikipediyada yazılır ki, "tale bütün hadisələrin məcmusudur ki, ilk növbədə əvvəlcədən müəyyənləşdirilmiş şərtlərdir ki, adamın, xalqların məişətinə təsir edir. Əvvəlcədən müəyyənləşdirilmiş hadisələr,əməllər Ali qüvvə tərəfindən olur. Ali qüvvə təbiət və ya ilahi qüvvə nəzərdə tutulur.
   
   Adamlar bu anlama müxtəlif münasibət bəsləyirlər:
   
   Bəziləri düşünür ki, tale odur ki, yazılana pozu yoxdur, taledən qaçmaq olmaz.
   
   Bəziləri də deyir ki, tale bizim həyatımızı korrektə eləyir. Böyük və ciddi qərarları biz özümüz qəbul edirik. Biz özümüz həyatımızı qurur və onu dəyişdiririk.
   
   Üçüncülər də var ki, deyirlər ki, "Tale daim yanında olan məlaikədir, səni düzgün qərarlara yönəldir. Həyat qarşımızda hansı sınağı hazırlayıbsa, bilin ki, onlardan keçməklə hər şey yaxşılığa tərəf dəyişəcək"...
   
   Siz özünüzü hansı kateqoriyaya aid edirsiniz. Yoxsa sizin öz variantınız var? Yoxsa Allaha asi ola biləcəyiniz qorxusu ilə məhz "yazıya pozu yoxdur" düşüncəsi ilə əlinizi-qolunuzu sallayıb "Allahdan buyruq-ağzıma quyruq" prinsipi ilə ağzınızı ayırıb gözləyirsiniz ki, ən yaxşı halda ağzınıza toz dola bilər. Bundan betərindən Allah saxlasın...
   
   Tale, alın yazısı haqda düşünən başlar, müdriklər qəribə təriflər veriblər. Onların bəzilərini mövzuya daxil etmək istəyirəm:
   
   -İnsanlar öz bədbəxtlikləri üçün taleyi, Allahları və daha nələri istəsən günahlandırarlar ki, təkcə öz-özlərini günahlandırmasınlar.(Platon)
   
    -Əməl əkərsiniz - və siz vərdiş biçərsiniz. Vərdiş əkərsiniz- xarakter biçərsiniz, xarakter əkərsiniz- tale biçərsiniz. (Tekkerey)
   
   -Hər adam öz taleyinin yaradıcısıdır. (Yuli Sezar)
   
    Bizi təbiət ləyaqətlə təmin edir, bu ləyaqəti aşkara çıxarmaq üçün tale kömək eləyir. (Laroşfuko).
   
   Tale, alın yazısı mövcuddurmu? Bəs bu alın yazısı, tale ilə razılaşdırılmış şəkildə üsul varmı? Yoxsa biz öz taleyimizi özümüz yaradırıq?...
   
    ...20 il keçdi. İnanmıram ki, bu qətliamdan Allahın xəbəri oldu. Allah bu vəhşətdən, bu dəhşətdən xəbərdar olsaydı icazə verməzdi. Şeytanın əməli işlədi.Ölənlərin, yaralananların, girov götürülənlərin, itkin duşənlərin(!!!) taleyinə, alın yazısına yazılmışdımı başlarına gətirilənlər?... Qocaların, uşaqların, qız-qadının, yəni əlinə silah alıb potensial düşmənlik etməyənlərin alnına bu əzabla, bu amansızlıqla qətlə yetirilməsi, əsir götürülüb olmazın əzablara məruz qalması alınlarına yazılmışdı? Hansı günah işləməyə yaşı çatmışdı o körpələrin?..
   
   Taleyə, alın yazısına inanırsınızmı?..

TƏQVİM / ARXİV