adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyul 2015 11:42
1558
GÜNDƏM
A- A+

Zəvvarların Həccə yola düşəcəkləri tarix məlum oldu

Mərhələ ilə həyata keçiriləcək səfərlər sentyabrın 15-ə kimi davam edəcək

Azərbaycandan bu il zəvvarların Həcc ziyarətinə yola düşəcəkləri tarix məlum olub.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Azərbaycanda yola düşəcək zəvvarların səfəri sentyabrın 11-dən başlayacaq.

Mərhələ ilə həyata keçiriləcək səfərlər sentyabrın 15-ə kimi davam edəcək.

Ziyarətin ənənəvi olaraq 16-17 gün davam edəcəyi məlum olsa da, zəvvarların geri dönüş vaxtı hələlik məlum deyil. Zəvvarlar Həccə qrup şəklində yola salınacaqlar. Onların qruplara bölünməsinə isə viza açıldıqdan sonra - avqust ayından başlanacaq.

Qeyd edək ki, Azərbaycanda hazırda Həcc ziyarətinə sənədlərin qəbulu davam edir. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.

Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları "AzAL" həyata keçirəcək.

Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.