adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Merlin Monro

FƏRHAD ŞABANOV
26902 | 2012-02-25 08:29
İnsan səthi yaşadıqca, özündən və ruhundan uzaqlaşdıqca yox olmağa məhkumdur. Biz həmişə binaların gözəlliyinə, gecələr onu nurlandıran işıqlarına baxdıq... Həmin binaların içi bizim üçün maraqlı deyil, biz səthə önəm veririk. Bizim üçün şaxtadan ölən evsizlərin də dəyəri yoxdur. Çünki bizə görə onlar insan deyil. Bizim üçün əsas olan uzun, işıqlı və yaraşıqlı binalardır, tox qarındır, isti yataqdır. Biz insanlar, eqoist olduğumuz müddət bir-birimizi yox etməyə məhkum olacağıq. Hər kəsin şəxsi eqosu. Hər insanın öz milləti. Hər insanın sadəcə və sadəcə öz ailəsi. Şaxtalı bir havada acından ayaqları titrəyən, gözündən yaş axan bir uşağın bizə uzatdığı ehtiyac əlini geri itələyəcək qədər "xeyirxah"ıq.
   
   Makyaveli insan təbiətinin "pis" olduğunu deyirdi. Bunu ilk dəfə eşidəndə pis təsir etmişdi. Axı insanın təbiəti, ruhu necə pis ola bilər?! - deyə düşünürdüm. Bununla razılaşmırdım və özümü haqlı çıxarmaq, daha doğrusu Makyavelini haqsız çıxarmaq, üçün bəhanələr axtarırdım. Əslində insan dediyi şeyi bir - iki nəfərlə yox dünya sistemi ilə müqayisə edəndə anladım. Dünyanın sistemi "pis" üzərində qurulub. Etməyəcəyin filan şeyə görə səni filan bədbəxt hadisə gözləyir. Çox sadə və cüzi bir misal: Krediti vaxtında ödəməsən, filan qədər faiz verməli olacaqsan. Krediti ödəyə bilməyən insan onun faizini necə ödəyə bilər?! Bu "pis"liyi yaşayan insanların həyatı alt - üst olur, ailələri dağılır və s. və ilaxır. Çinli filosof Hsun Tzu yaxşı deyib: "İnsanların ruhu pis olduğu üçün, yaxşı olmağa çalışırlar!" Aristotel də eyni fikirdə idi: "Qanunlar insanları yaxşı etmək üçündür!"
   
   "Mən balaca bir qız ikən heç kim mənə, nə gözəl qızsan, demədi. Bütün balaca qızlara gözəl olduqlarını deyin. Elə olmasalar belə..."
   
   Merilin Monronu necə tanımısınız? Sarı saçlı, mavi gözlü aktrisa, pop ikonu, seks simvolu. Yəni ki üzdə olanları. Atasının kim olduğu haqda ciddi şübhələrin hələ də var olduğunu bilirsinizmi? Kiçik yaşlarında anasının şizofreniya xəstəsi olduğu üçün yetimxanada böyüdüyünü? Daha sonra anasının rəfiqəsinin yanında qaldığını və rəfiqəsinin ərinin Merilini zorlamağa çalışdığını? Uşaq ikən dünyanın bütün əzablarını gördü və həyatında ömürboyu bir çox çətinliklə qarşılaşdı.
   
   Merlin Monro deyirdi ki, karyera qurmaq mükəmməl bir şeydir, ancaq soyuq gecələrdə karyeranızı qucaqlayıb yata bilməzsiniz. Və o deyirdi ki, haqqınızda heç bir şey bilmədən sizi sevən insanlar eyni səbəbdən sizə nifrət də edə bilərlər. Merlin artıq insanları yaxşı tanıyırdı. Elə həmin insanlar siyasi oyunlar uğruna bu gözəl xanımın həyatına son qoydu və bu faciəyə intihar maskası taxıldı.
   
   Və biz... Azərbaycan gəncliyi olaraq...
   
   Bir gün havanın kirlədilməsinə etiraz olaraq velosiped sürürük, bir gün oturub küçədə kitab oxuyuruq, bir gün qucaqlaşma flashmobları edirik. Bunlar çox gözəl, çox müsbət addımlardır, ancaq qışın şaxtasında, çovğununda küçədə evsiz insanlar varkən belə qucaqlaşmalar mənə çox süni gəlir. Kimisə qucaqlamaq yaxşı haldır, ancaq ehtiyacı olan birini qucaqlamaq mükəmməl. Mən istəmirəm Bakıdakı evsizlər soyuqdan ölsün. Mən istəmirəm Bakıdakı kimsəsizlər acından ölsün. Pulunuz yoxdursa, salam verin. İmkanınız yoxdursa, imkanı olan birinə deyin. 10 otaqlı evlərdə yaşayan insanlar və onların heç istifadə etmədiyi otaqlar var. Bu kapitalist sistemin ruhunun fahişəliyindən qaynaqlanan bir haldır. Bu halla razı deyiləm. Və bilirəm ki, vulkana bir damcı su tökməklə vulkan sönməyəcək. Biz sistemi dəyişə bilmərik, heç vaxt! Ancaq sistemin bizi dəyişməsinin qarşısını ala bilərik. Özümüzü qoruyaraq, insanlığımızı itirməyərək. Bu gün ehtiyacı olan birinə verdiyiniz 10 qəpik inanın ki, sizi kasıblaşdırmayacaq. Əksinə Allah onun əvəzinə, sizə 10 qatını verəcək. İslam dini də bunu təsdiqləyir və tələb edir.
   
   Əgər bu yazını oxudunuzsa, qarşınıza çıxan ehtiyacı olan birinə imkanınızın çatdığı qədər yardım edin. İnanın ki, bu sizə çox böyük mənəvi rahatlıq verəcək. Əmin olun, ən əsası insan olun!

TƏQVİM / ARXİV