adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

O UŞAğIN XƏTRiNƏ...

VƏSİLƏ USUBOVA
28042 | 2012-02-25 08:29
Kim deyir ki, ağlamaq zəiflikdi?! Yəqin ürəyi dolub-boşalmayanların, canında-qanında ağrı, yanğı duymayanların fikirləridi bu. Göz yaşları çox sualların cavabıdı: ünvanlamağa adam tapmadığın, yaxasından yapışmağa kimsəni bulmadığın hallarının harayı, üsyanıdı gözlərindən süzülən o şəffaf, duzlu damcılar. Bölüşə bilmədiyin, dilinə gətirməyə qorxduğun gəmirən, didən, parçalayan sözlərin səsə dönmüş ifadəsidi hıçqırtılar, hönkürtülər. Partlayan ürəyini, ağlını itirən başını qorumaqçın, dünyaları dadına, harayına çağırmaqçün ağlamaqdan başqa çarən olmayanda təsəllindi... Anladınsa, sən də qoşul mənə. Ağlayaq doyunca, istəsən, lap səssizcə...
   
   Səsimizi qaldırsaq, nə olacaq ki?! Kim eşidəcək, kim anlayacaq, kim köməyimizə gələcək?!...
   
   Bu gün də ağlayaq. Sabahkı günün xətrinə. Onda ağladığımız kimi. Nə dəyişib ki?! Onda da səsimizə səs verən olmamışdı, iyirmi ildə də olmadı, yəqin bu il də dünyanın boz sifətində heç nə dəyişməyəcək. Yenə ikibaşlı danışacaqlar, onbaşlı oynayacaqlar və... ayın 27-də hər şeyi unudacaqlar...
   
   Elə biz də unudacağıq...
   
   Onda da hava belə soyuqdu. Təbiət də bu millətin qəsdinə durmuşdu həmin gün. Göylər də mərhəmət qapısını bağlayıb, qarını-şaxtasını göndərmişdi ki, qaçan ayaqlar donsun, yaralardan axan qanın izi qalmasın...
   
   ***
   
   Bu yazını 20 Yanvarda yazmaq istəyirdim. Alınmadı... Heç həmin həftə yazı vermədim. Rayon qəzetində işləyəndə müharibə mövzusunda- həm II Dünya savaşı, həm Əfqanıstan, zamanında da Qarabağ savaşı haqqında yazılar yazmışam. "Müharibə mövzusunda yazmışam" ifadəsi böyük çıxır, ayrı-ayrı şəhidlər, veteranlar haqqında yazmışam demək daha dəqiqdi. Müharibələrdən yazmaq çətin bir işdi. Söhbət nə təcrübədən, nə də istedaddan gedir.
   
   Sadəcə, həqiqəti yaza bilmirsən...
   
   Sovet dövründə elə bilirdik ki, Böyük Vətən müharibəsi dediyimiz İkinci Dünya savaşı haqqında həqiqətləri bilirik. İllər ötüb dünyaya bir nəfəslik açılandan sonra anladıq ki, bizlərə ancaq sərfəli olanları öyrədiblər. Hərbdə də, siyasətdə də sirlərin olması təbiidi, bəlkə də zəruridi. Oxucu isə əlinə düşən hər bir yazıda- həm sənədli, həm bədii materialda könlünün istədiklərini axtarır. Qələm sahibi də ancaq bunu ona verə biləndə rahatlıq tapır, az da olsa, özündən razı qalır. Bütün bunlar olmayanda... oxucunun qazandığı təəssüf, qıcıq və inamsızlıqdan başqa bir şey olmur...
   
   Çiyinlərimi dərd altına verməkdən qorxmaq mənlik deyil. Əksinə, buna can atmışam. Ancaq hər şeyi yaza bilməmək əzabı əl saxlamağa məcbur edib məni. Müharibələr bəşər tarixinin ən amansız, heç bir bəraətə sığmayan hadisələridi. Nə qədər düşünsən, oxusan, öyrənsən də heç bir tutarlı cavab tapa bilmirsən. Bu gün yenə də hardasa güllə atılırsa, şəhərlər, ölkələr dağılırsa, uşaqlar yetim, ac qalırsa, bilmirəm, bəşəriyyət hansı üzlə özünü sivil dünyanın sahibi hesab edir?!...
   
   Heç üstünə od düşən parçaya fikir vermisinizmi?! Nə alovu görünür, nə tüstüsü göz çıxarır. İndi millətimin iki mindən artığının içi od düşmüş o parçanın günündədi. Vətən, yurd həsrətindən sakitcə göyüyüb-göyüyüb yanır, yandıqca yayılır, qurtarmaq bilmir. Gündə neçə dəfə dünyanın qulaqlarına "Bu ədalətsizliyə dünya birliyi hələ də susur!" deyə qışqırsaq da, heç öz içimizdə də çoxlarının bu alovdan nə üzü qarsıyır, nə tüstüdən gözü çıxır...
   
   ***
   
   Hər yaz açılanda qaranquş dimdiyində nəsə gətirib divarın, tavanın bəyəndiyi yerinə yapışdırır. Bir dəfə, iki dəfə... Bir də baxırsan, özünə təzə yuva qurub. İnsan da belədi. Bütün ömrü boyu tikir, qurur. Özünə, balalarına rahatlıq, gün-güzəran yaratmaqçün özünü oda-közə vurur. Nə etsə, işini bitmiş saymır, elə sabahkı gününə xəyallar qurur. Və... günlərin birində gözləmədiyi səmtdən qara yellər əsir, illərdən bəri dişnən-dırnaqnan qurduqlarını qoyub qaçmalı olur. İnsan öz eliynən-obasıynan arxalıdı, ev-eşiyiynən güclüdü, güvəndədi, doğulduğu torpağın üstündə gəzəndə ürəklidi, təpərlidi. Çəkisi üstündə, qədd-qaməti yerindədi. Ayağının altındakını, başının üstündəkini itirəndə öz Vətənində də qəribdi, oğul-uşaq, dost-qardaş yanında da başıaşağıdı, gözükölgəlidi...
   
   Elə bu ağrı-acılara görə uzun illərdi nə 20 Yanvar, nə də Xocalı faciələrinin ildönümlərində heç nə yaza bilməmişəm. Ancaq... Bir şairin ah-naləsi dindirdi məni.
   
   
   
   "yandı evim-eşiyim
   
   yandı divarım, daşım
   
   isit, qoyma üşüyüm,
   
   isit məni, göz yaşım!..
   
   
   
   Hə, mənim də evim-eşiyim yandı, dağıldı... mənim də yuvam tarı-mar oldu... mənim də yurduma, ocağıma su calandı. Özü də lilli, çirkablı, hər cür bəlalar gətirən su... Bu, təkcə mənim, mənim kəndçilərimin, mənim bölgəmin, mənim elimin yox, həm də mənim xalqımın yurduna-yuvasına hücum çəkən həmin o dağıdıcı selin, suyun içimdə açdığı yaraların pıçıltısıdı, göynərtisidi, sızıltısıdı..."
   
   Hələ bilmirdim. Sən demə, göz yaşıynan da isinmək olarmış...
   
   Bu yaralar bizə hələ çox təzə sözlər dedirdəcək...
   
   Ancaq inandırdı məni. İnandım ki, şairin göz yaşı isti ola bilərmiş, gecələr qoynuna tökülüb həsrətdən üşüyən canını isidərmiş...
   
   Bilmirəm, bir ev dağıdanın, bir ocaq qaraldanın elədiyi günahın cəzası hansı qanuna, hansı kitaba sığar?! Bu millətin bir quş yuvasını uçuran şairi özünü əli qanlı sayırsa, iki milyonunu didərgin salanlar həm yerdəkilərin, həm də göylərin cəzasından necə gizlənə biliblər bu günəcən?!
   
   Hələ çoxmu gizlənəcəklər?!...
   
   Əbülfət Mədətoğlu "Ölümü öldürən Qaradağlı..." adlı yazısının ("Ədalət" qəzeti, 16 fevral 2012-ci il) əvvəlində insanın dözümünü, səbrini daşla, dəmirlə, poladla müqayisə edir. Ancaq bir el bayatımızda insanın dərdə dayanıqlılığı daha məntiqli bənzərini tapıb: "Daş olsam əriyərdim, torpaq idim, dayandım..." Doğrudan da, daş da bir gün əriyir- yağışın, küləyin gücündən. Qayaları da sular dibindən sakit-sakit yeyə bilir. Ancaq torpaqdan o yanası yoxdu.
   
   Torpaq dayanmağın, dözməyin son həddidi...
   
   Bir də yazının başlığına iradım var. Özünü quruca təsəllilərə aldırma, şair! Hələ ki, ölümü öldürə bilməmişik. Hələ gülür bizə. Dişindən, caynağından qan dama-dama üstümüzə gəlir. Biz də hələ dayanmışıq. Torpaq kimi. Bundan o yanası... Yoxdu...
   
   Olmamalıdı...
   
   ***
   
   Daha gözəl dünyalar ümidiynən yaşayan insanlar heç bir şeyin göründüyü kimi olmadığı bir zamanda yaşamağa məhkum olublar. Qorxulu dünyadı... Heç bir şey göründüyü kimi deyil, öz rəngində, öz ölçüsündə deyilsə, ömür də, yaşam da güvənsiz olmalı.
   
   Sülh adıynan müharibələr gedir.
   
   Müharibələrə xilas, demokratiya donu geyindirilir.
   
   Fəlakətlər sülh göyərçini simasında dolaşır dünyanı...
   
   Modern düşmən obrazı yarandı iyirminci əsrin sonlarında. İti dişlərini, qanlı caynağını məharətlə içində gizlədib, sözünün əvvəlində də, axırında da "can" deyə-deyə evlər yıxan, başlar kəsən düşmən...
   
   Düşmən düşmən sifətində olardı əvvəllər...
   
   Canavarla quzu maskasını dəyişib indi...
   
   Daha gözlərimizin gördüyünə ağlımız inanmaq istəmir...
   
   Bəlkə kosmosdan gələn səslər elə İblis qəhqəhələridi?!.

TƏQVİM / ARXİV