adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BEYNƏLXALQ MƏHKƏMƏ XOXU

BABƏK YUSİFOĞLU
41444 | 2012-02-23 07:48
Dünya ölkələri hələlik rəsmən ermənilərin Xocalıda əsl soyqırım törətdiklərini qəbul etməsələr də - hərçənd bu addımı atmağa hazır olan ölkələr var - qeyri-rəsmi olaraq həqiqət söylənir, bir sıra dövlətlərdə, şəhərlərdə tarixin qanlı səhifəsi olan bu qətliamın il dönümü ilə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. Məsuliyyətlə deyə bilərəm ki, ildən-ilə gerçəyin nədən ibarət olduğunu anlayan ölkələrin sayı artır. İndi dünyanın ermənilərin tükürpədici vəhşiliklərini özündə əks etdirən faktların dünyaya yayılması Ermənistanı inanılmaz dərəcədə qıcıqlandırır, daha çox həyasızlaşdırır. Onlar elə zənn edirdilər ki, işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlər eləcə üstüörtülü qalacaq. Amma həqiqət heç vaxt gizli qalmır. Bunu qoca tarix dəfələrlə sübut edib.
   
   Azərbaycanın bu məsələdə fəallaşmasından qıcıqlanaraq həyasızlaşanlar sırasında erməni ideoloqlarının, siyasilərinin, yalan püskürən şovinist ziyalılarının əlləri bir yerə çatmadığı üçün öz ənənəvi metodlarına - yalana, iftiraya, məkrə rəvac veriblər. Demək olar ki, hər gün mətbuat konfransları, "dəyirmi masa"lar keçirməklə həqiqəti pərdələməyə cəhd edirlər. Hamısı da boşuna.
   
   Tanınmış erməni politoloqu, Yerevan dövlət universitetinin professoru, Siyasi təhqiqatlar akademiyasının direktoru Aleksandr Mansyan dünən mətbuat konfransı keçirərək ermənilərin Xocalıda törətdikləri qeyri-insani hərəkətlərini, qanlı cinayətlərini ört-basdır etmək üçün heç bir əsası olmayan iddialarda bulunub. Jurnalistlər və nümayəndələr qarşısında çıxış edən bu üzdəniraq politoloq və elm adamı deyib: "Ermənistan mütləq "Xocalı soyqırımı" adlandırılan hadisələrlə bağlı problemləri beynəlxalq məhkəmədə həll etməlidir. Bizim üçün ən səmərəli addım bu ola bilər ki, Azərbaycanı Xocalı hadisələri haqqında dezinformasiya yaymaqda ittiham edək. 1992-ci il 25-26 fevralda Qarabağ "ordusu" ərazidə yeganə aeroportun yolunu açmaq üçün hərbi əməliyyat həyata keçirmişdi. Bu zaman Xocalıya hücum edən erməni ordusu şəhərdən mülkü əhalinin çıxması üçün dəhliz saxlamışdı. Bu haqda azərbaycanlılara xəbərdarlıq da edilmişdi. Amma buna baxmayaraq Azərbaycan hakimiyyəti mülki əhalini döyüş bölgəsindən çıxarmaq üçün heç bir şey etməmişdi". Politoloq yalanlarını davam etdirərək onu da bildirir ki, xocalıları azərbaycanlı millətçilər qırıb.
   
   Bu cür mənasız, düşük bəyanatlara görə bu professor(ların)un yalnız savadına, professorluğuna deyil, ağlına da şübhə etməyə bilmirsən. Əvvəla professor bu ittihamlarında özü də etiraf edir ki, Xocalıda mülki əhali varmış və erməni ordusu hərbi əməliyyatlar keçiribmiş. Onda sual olunur, hansı kitabda, hansı müharibə qanunlarında, hansı əxlaq, insanlıq normasında göstərilir ki, mülki əhaliyə qarşı hərbi əməliyyat keçirilsin??? Məgər bu yekəlikdə professor, politoloq bilmir ki, mülki əhaliyə qarşı keçirilən bu cür əməliyyatların adı məhz elə soyqırımdır?! Bundan başqa, ağzına gələni danışan Manasyanın sən demə ondan da xəbəri yoxdur ki, millətçilər heç vaxt öz soydaşlarını öldürməzlər. Öldürsələr onda onlar millətçi olmazlar.
   
   Aleksandr Manasyan və digərləri elə zənn edir ki, Xocalı həqiqətlərini yalnız bizlər söyləyirik. Amma o canına bir az əziyyət verib başqa xalqların nümayəndələrinin yazdıqları gerçəkləri oxusa, beynəlxalq məhkəmənin adını ağzına belə almaz. Çox qəliz mənbələri nişan vermək istəmirəm, elə üzdə olan bir neçə fakta diqqət çəkmək kifayətdir. "Human Rights Watch" beynəlxalq hüquq-müdafiə təşkilatı Xocalıda törədilmiş faciəni "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qırğın" adlandırıb. Bu təşkilat bildirir ki, erməni silahlı dəstələri mülki şəxslərin həlak olmasına görə birbaşa məsuliyyət daşıyırlar". Gördüyünüz kimi bunları azərbaycanlılar yazmayıb.
   
   Yaxud, Britaniyalı jurnalist Tomas de Vaalın "Qarabağ - Qara bağ" kitabında bir epizod manasyanlara tutarlı cavabdır. "Sarkisyan baş vermiş hadisələr barədə daha səmimi və daha sərt fikir söylədi: "Lakin mənim fikrimcə əsas məsələ tamam başqa idi. Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmağa nail olduq". Azərbaycanı ləkələyib, erməniləri mənfur cinayətlərini ört-basdır etməyə çalışanlar görəsən beynəlxalq məhkəmədə Sərkisyanın da sözünü inkar edəcəklər?! Axı o öz dili ilə mülki əhalini qırdıqlarını, hətta bununla fəxr etdiyini açıq şəkildə bildirib.
   
   Bəil, hər kəs bu fikirlə razıdır ki, Xocalı soyqırımına Beynəlxalq məhkəmədə baxılsın və günahkarlar layiqli cəzalarına çatdırılsın. Və hamı - hətta hadisələrdən xəbəri olmayan ermənilər varsa onlar da görsün ki, qocalar, körpələr, qadınlar, köməksiz, silahsız insanlar kütləvi şəkildə necə, kimlər tərəfindən qırılıb. Bu pafosla deyilən sözlər deyil, faktlardı. Tanış olun, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Azərbaycan" qəzetinə müsahibəsində həmin faciədən, faktlarından danışıb. (Mətndən ixtisarla istifadə olunub-B.Y.)
   
   "İstintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri, keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, "D-30" qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub. Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulub, sonra çoxsaylı ağır tanklar, "PDM" və zirehli transportyorlar şəhərə daxil olub, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib.
   
   ...Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib".
   
   Əsl faktlar budur. Haqlısınızsa, verin beynəlxalq məhkəməyə. Amma yalan danışdığınız üçün siz bunu etməyəcəksiniz. Lakin biz, günahkarları ədalət mühakiməsinin qarşısına gətirəcəyik. Bir az geci-tezi var...
   
   

TƏQVİM / ARXİV