adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Iyul 2015 02:18
4030
MƏMLƏKƏT
A- A+

Gəncədə regional konfrans keçirilib

Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans işə başlayıb. Movqe.az-ın məlumatına görə, milli mətbuatın yaranmasının 140-cı ildönümünə həsr olunmuş regional tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehtiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Azərmətbuatyayımı" ASC-nin sədri Süleyman Salmanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,  Milli Məclisin deputatı Aqil Abbas, yerli qəzetlərin, habelə Bakıda fəaliyyət göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Bundan sonra tədbir iştirakçıları, "Azərmətbuatyayım" ASC Gəncə Mətbuat Evinin açılışında iştirak etdilər. Mətbuat evinin qırmızı lenti kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə tanış oldular. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan Elmar Vəliyev qonaqları salamladıqdan sonra Milli mətbuatın qarşıdan gələn 140 illik yubileyi münasibətilə onları təbrik etdi. E. Vəliyev bildirdi ki, mətbuatın 125 illik yubileyi ilk dəfə 2007-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə  keçirilib. 
"Milli mətbuatın yaranmasının il dönümləri Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2013-cü ildə İlham Əliyevin sərəncamı ilə Milli Mətbuatın 135 illiyi yüksək səviyyədə qeyd olundu. Bu Azərbaycan mətbuatına dövlət qayğısından xəbər verirdi. Cənab prezident 2015-ci ildə mətbuatın 140 illik yubileyinin bütün bölgələrdə təntənəli sürətdə qeyd olunmasıyla bağlı sərəncam verib. Bu gün Gəncədə biz Mətbuat evinin açılışını etdik. Gəncədə Mətbuat evinin tikilməsi heç də təsadüfi deyildi. Bu azad mətbuatın fəaliyyətinə dövlət başçısının göstərdiyi qayğının davamı idi. Bu münasibətlə özümüzü və sizi  təbrik edirəm. Qeyd edim ki, Gəncə Mətbuat Evinin tikintisinə 2011-ci ildə başlanılıb. 4 mərtəbədən ibarət olan mətbuat evinin birinci mərtəbəsində konfrans keçirmək üçün zal, 2-3 cü mərtəbələrdə jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, 4-cü mərtəbədə isə Gəncəyə ezam olunan mətbuat orqanların gecələmələri üçün xüsusi otaqlar yaradılıb. Hörmətli qonaqlar, bildiyiniz kimi bu il ölkə başçısının sərəncamı ilə Milli Mətbuatımızın yubiley mərasimləri keçirilir. Prezident Adminstrasiyası KİVDF və Mətbuat Şurası birgə regionlarda yubiley törənləri keçirir. 140 illik yubileyin qeyd olunması təqdirəlayiq haldır.  Gəncədə regional telekanallar və jurnalistlər fəaliyyət göstərir. Bu Mətbuat Evi onların rahat şəraitinə imkan yaradacaq. Qeyd edim ki, Gəncədə fəaliyyət göstərən jurnalistlərə ölkə başçısının qayğısının davamı olaraq torpaq sahələri ayrılıb. Gələcəkdə imkan daxilində ev verilməsi məsələsinə də baxıla bilər.Mən sizi Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Şərəfli işinizdə uğurlar müvəffəqqiyyətlər diləyirəm".

Daha sonra konfransda çıxış üçün söz Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehtiyevə verildi. Ə. Mehtiyev Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışaraq, mətbuatın bugünki inkişafından söz açdı: "Azərbaycan mətbuatı yarandığı gündən ölkənin maraqlarını müdafiə edib, cəmiyyətdəki problemləri özündə əks etdirib. Bu gün ənənəsi "Əkinçi" qəzeti tərəfindən qoyulan milli mətbuatımız üzərinə düşən işi şərəflə yerinə yetirir. Azərbaycan xalqının əldə etdiyi uğurlarda milli mətbuatımızın böyük rolu var. Müstəqillik dövründə də Azərbaycan mətbuatının üzərinə böyük öhdəliklər düşür. Sevindirici haldır ki, milli mətbuatımız qarşısında duran missiyanı uğurla, şərəflə həyata keçirir".
Ə. Mehdiyev onu da bildirib ki, müstəqilliyin ilk illərində ölkəmizdə yaşanan böhran mətbuat sahəsinə də təsir etmişdi: "Həmin dövrdə ölkənin müharibə şəraitində olması, sosial-iqtisadi problemlər, senzuranın mövcudluğu mətbuatın inkişafına əngəllər yaradırdı. Xüsusən regionlarda mətbuatımız ən ağır günlərini yaşayırdı. Maddi-texniki problemlərlə əlaqədar bəzi mətbu orqanlar öz fəaliyyətlərini dayandırırdı. Eyni zamanda, mətbuat sahəsində çalışan insanların da peşəkarlıq səviyyəsi aşağı idi. Məhz ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi, mətbuat sahəsinə də xüsusi diqqət yetirdi. Mətbuat orqanlarının maddi-texniki bazası gücləndirildi. Bu sahədə peşəkar insanların sayının artırılması qısa müddətdə müsbət nəticələrini verməyə başladı. Eyni zamanda, 1998-ci ildə senzuranın ləğv edilməsi, bir sıra islahatların aparılması mətbuat sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoydu".
Ə. Mehdiyev xaricdəki bəzi dairələrin Azərbaycana hücumlarına da toxunaraq, Avropa Oyunları keçirilərkən Azərbaycan mətbuatının həm bu hücumlara effektiv cavab verdiyini, həm də oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb. PA təmsilçisi qeyd edib ki, ölkədə regional media da inkişaf edir. Onun sözlərinə görə, regional medianın inkişafı əsas məqsədlərdən biridir. Bundan sonra çıxış edən Azərbaycan Mətbuat şurasının sədri Əflatun Amaşov Gəncədə Mətbuat Evinin istifadəyə verilməsini yüksək qiymətləndirdiyini, bu şəhərdə fəaliyyət göstərən jurnalistlərə yaradılan şəraitin yüksək olduğunu söylədi: "Öncə xatırladım ki, mətbuatla bağlı tədbirlər Elmar Vəliyev Yevlaxda başçı olduğu dövrlərdə də yüksək səviyyədə keçirilib. Bu gün daha bir yubiley tədbirinin Gəncədə keçirilməsi bu şəhərdə söz adalığına şərait yaradılmasından xəbər verir."

Əflatun Amaşov dövlətin mətbuata göstərdiyi qayğı sayəsində jurnalistlərin peşəkarlığının gündən-günə daha da artdığını diqqətə çatdırıb. Ə. Amaşov Gəncə şəhərindəki abadlıq-quruculuq işlərinin də mətbuatın diqqətindən yayınmamasını da söyləyib. O, bildirib ki, Azərbaycan söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə biləcək tərəqqiyə nail olub. Respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanlar yaradılıb.

Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən V.Səfərli ötən dövrdə ölkə mətbuatının yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini, qəzetlərin "Azərbaycan” nəşriyyatına borclarının dövlət büdcəsi hesabına silindiyini və digər faktları diqqətə çatdırıb.KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq qeyd edib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. Lakin Azərbaycanda 2013-cü ildə jurnalistlərə hər bir şəraitlə təchiz edilən evlərin verildiyini bildirən V. Səfərli qeyd edib ki, gələn il yeni tikilən binanın 255 mənzili də mətbuat işçilərinə təqdim ediləcək. Daha sonra V. Səfərli dövlət qayğısı nəticəsində ayrılan vəsait hesabına jurnalistlərin peşəkarlığının artdığını da qeyd etdi: "Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandı. Bu dövrdə Ulu Öndərin diqqət və qayğısı sayəsində söz və mətbuat azadlığının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazası formalaşdırıldı, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borcları silindi, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, mətbuatın özünüidarəsini həyata keçirən ictimai qurum olan Mətbuat Şurası yaradıdı və digər mütərəqqi islahatlar həyata keçirildi". V. Səfərli ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə reallaşdırılan layihələr barədə də konfrans iştirakçılarına ətraflı məlumat verdi. Konfrans, paytaxt və bölgələrdə fəaliyyət göstərən qəzet redaktorları və rayon icra hakimiyyəti aparatlarının nümayəndələri də çıxışı ilə davam etdirilib.