adalet.az header logo
  • Bakı 18°C

Qaranlığa doğru

14423 | 2012-02-23 07:48
Hələ 19-cu əsrdən başlayan texniki inkişaf dəhşətli burulğanabənzər istiqamətlə dünyanı harasa aparır və bu yolun nə axırı bilinir, nə də törədə biləcəyi fəsadları. Yer kürəsinin əhalisi sürətlə 7 milyarda yaxınlaşır, planetimizin enerji, içməli su, qida ehtiyatları isə tükənməkdədir. Hər bir insan rahat həyat, maksimum komfort arzulayır, hətta imkansızı belə evində ən azı televizorun, kondisionerin olmasına can atır ki, növbəti dünya futbol çempionatını rahatca izləyə bilsin və dünyanın dərdini unutsun...
   
   Bəşəriyytin xilas olmağa, xoşbəxt gələcək qurmağa, elmin və idrakın qələbəsi nəticəsində bəlkə də başqa qalaktikaları fəth etməyə gücü-qüvvəsi çatacaqmı? Bu sual çox yəqin ki, düşünmək qabiliyyəti olan hər bir insanı narahat edir.
   
   Yerin enerji ehtiyatlarının vəziyyəti haqda tam dəqiq məlumatlar, demək olar yoxdur. O da məlum məsələdir.Tutalım, hər hansı bir alim tam dəqiqliyi ilə hesablayır ki, neft 20 ilə, qaz 15 ilə, daş kömürsə 30 ilə tükənəcək. Və bütün KİV-lər bunu təsdiqləyir. Bu halda 6,5 millyard insanı idarə etmək olmaz, hər yeri çaxnaşma bürüyər, qarət və müharibələr baş alıb gedər. Enerji ehtiyatlarının tükənməsi müasir dünyanın sonu deməkdir, çünki elektrik enerjisinin olmaması bütün texnikanı gərəksiz edib böyük şəhərlərin məhvinə gətirəcək. Bir anlığa ən azı suyu 100-cü mərtəbəyə vuran qurğuların, kanalizasiya sisteminin ən azı iki həftə işləməməsinin hansı epidemiyalara gətirib çıxaracağını göz qarşısına belə gətirmək çətindir.
   
   Dünya üçün təhlükə məhz enerji qıtlığı yox, qorxu şəraitində insanların törədə biləcəyi ağılsızlıqlardır. Enerji problemlərini həll etmək üçün dünyanın bütün olkələrində bu işlə məşğul olan qurumlar var və onlar hər bir zaman baş verəcək kataklizmlərın qarşısını almaq üzərində çalışırlar.
   
   Əslində alternativ enerji mənbələri az deyil. Külək, günəş enerjisindən müəyyən qədər istifadə edilir və hazırda ən azı Avropa hidrogen enerjisinə keçməyə hazırlaşır. Atmosferin bəzi qatlarında kifayət qədər istifadə olunmayan enerji mənbələri var. Atom enerjisi tətbiqinin inkişafı da göz qabağındadır. Elə məhz bu sahə bəşəriyyətin enerjiyə olan tələbatını, çox yəqin ki, ödəyəcək. Uran ehtiyatları tükəndiyindən, çox güman, bir xammal kimi helium deyilən elementdən istifadə nəzərdə tutulur. Yer kürəsində onun ehtiyatları məhdud olsa da Ayda 1 milyon ton xammal orlduğu bildirilir. 1 qram helium isə təxminən 167 ton neftə bərabər enerji tutumuna malikdir. Aydakı ehtiyatlar Yer kürəsinə təxminən 10 min il bəs edə bilər, əlbbəttə, qənaətlə sərf etsək.
   
   Yaxın 2-3 ildə Ayda ABŞ, Rusiya və Çinə məxsus stansiyaların inşa ediləcəyi haqda məlumatları nəzərə alsaq, çox ola bilər ki, bəşəriyyət enerji ilə bağlı böhrandan bir müddət qurtula bilər. Lakin təbii ehtiyatlara münasibətdə belə israfçılıq, ekologiyanın korlanması, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə, enerji çox olsa belə, bütün canlıların məhv olma olma təhlükəsini gündəmdə saxlayır.
   
   Aparıcı dövlətlər artıq çoxdan dünyanı gözləyən təhlükələrdən xəbərdardır. Bütün inkişaf etmiş ölkələrdə uzun illərdir ki, enerjiyə qənaət etmək, ekologiyanı qorumaq, sağlam həyat tərzi haqqında təbliğat dayanmadan aparılır. KİV-lərin, təhsil ocaqlarının, dövlət qurumlarının işinin strateji istiqaməti məhz elə bunlarla bağlıdır.
   
   Neft-qaz ixrac edən ölkələrdə isə bu yanacaqların son dərəcə ciddi israfına yol verilir. Bəzən benzin sudan ucuz olur. Belə vəziyyət qənaət edən digər ölkələri həddən artıq qıcıqlandırır. Sual olunur niyə?
   
   Birincisi, ucuz enerjisi olan ölkələr sürətli iqtisadi inkişaf edirlər. Ucuz enerji ucuz həyat tərzi, ucuz mallar deməkdir. Bu da dünyanı idarə edən monopoliyalara heç cür əl vermir.
   
   İkincisi, Yerin ehtiyatlarının belə israfçılıqla məhv edilməsi yuxarıda adları çəkilən problemləri qabardır və Apokalipsisi yaxınlaşdırır. Lakin ciddi tədbirlər görülməsə, bəşəriyyəti bundan da artıq təhlükələr gözləyir.
   
   Bir gün dünyanı qaranlıq bürüyəcək, çünki planetimizdə nə neft qalacaq, nə də qaz. Bu qaranlıq onsuz da qəlbi qaranlıq olan insanların bütün vəhşi ehtiraslarını üzə çıxardacaq. Bütün texniki avadanlıq lazımsız bir zibil qalığına çevriləcək, insanlar yenə də əvvəlki dədə-baba qaydası ilə yaşamağa məcbur olacaqlar. Əlbəttə, müharibələrdən, epidemiyalardan tam qırılmasaq, salamat qalsaq.
   
   Çox qorxulu bir gələcəkdir, lakin belə olmaya da bilər. Sadəcə yanmaq gərəkdir, elə bu gün, bü dəqiqə, çünki sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?

TƏQVİM / ARXİV