adalet.az header logo
  • Bakı 13°C
04 Iyul 2015 19:30
3498
İQTİSADİYYAT
A- A+

Azərbaycanda xarici valyutada depozitlərə maraq xeyli azalıb

Dollar depozitləri üzrə faiz dərəcələrinin kəskin şəkildə azalması xarici valyutada əmanətlərin yerləşdirilməsinin nəzərəçarpan azalmasına da gətirib çıxarıb.Bunu Trend-ə Bank VTB-nin (Azərbaycan) Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev deyib.

Onun sözlərinə görə, müştərilərə dollarda depozit yerləşdirmək maraqlı deyil: "Son iki ayda bankımızda dollarda depozitlərin yerləşdirilməsi təqribən 50 faiz azalıb. Düşünürəm ki, bu vəziyyət ilin sonunadək davam edəcək”.

T.Vəliyev qeyd edib ki, valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Azərbaycanın bank bazarı çox həssas olub: "İlk növbədə, müştərilər valyuta kreditlərinə ehtiyatla yanaşırlar. Manatın məzənnəsinin 34 faizlik devalvasiyasından sonra əksər müştərilər kreditlərin dollarla ödənilməsində çətinliklə üzləşdilər. Nəticədə banklar əlavə pul ehtiyatları axtarmalı oldular”.

Ekspertin fikrincə, manatla kreditləşmənin həcminin artırılmasından danışmaq hələ tezdir, belə ki, banklar cəlb olunan manat ehtiyatlarını cari kreditlərin yenidən maliyyələşməsinə yönəldir: "Mərkəzi Bankdan bununla bağlı göstərişlər daxil olmasa da, banklar ayrı-ayrılıqda məsləhətlər alır. Əlbəttə, bu, bankın gəlirlərinin azalmasına gətirib çıxarır, lakin belə bir vəziyyətdə banklar müştərilərinə dəstək üçün müxtəlif tədbirlər həyata keçirməyə hazırdır”.

T.Vəliyev həmçinin bildirib ki, iyulun sonundan bank manatla olan kreditlərin verilişini bərpa edəcək.