AĞACLAR QURUYUR

FAİQ QİSMƏTOĞLU
99563 | 2015-07-04 08:08
İsti havalarda bir çox çətinliklər yaranır. Həmin çətinliklərdən biri də dünyamızın "ağ ciyəri" adlanan ağacların susuzluqdan qurumasıdı. Siz indi təsəvvür edin, isti yay aylarında göydən yerə bir damcı yağış yağmırsa, onda ağaclar nə günə düşər, yaşıllıqlar, otlar, çəmənlər sapsarı olar...
Aldığımız məlamata görə, iyulun 10-dan avqustun 20-nə qədər ölkəmizdə quraqlıq gözlənilir. Ötən il də yağış yağmadı, çox quraqlıq keçdi. 30-40 ilin ağacları susuzluqdan tab gətirmədi və yavaş-yavaş ağaclar qurudu. Hər ağac quruyanda sanki bir insan məhv olur. Təəssüf ki, bunu çoxları başa düşmək istəmirlər.
Gəlin onunla razılaşaq ki, hər il ölkəmizdə yüz minlərlə yeni ağaclar əkilir və bu ağacəkmə kampaniyası mütəmadi olaraq davam edir. Bunlar çox yaxşıdır. Amma məsələnin görülməyən tərəfi və eləcə də görünən tərəfi ondan ibarətdir ki, yeni əkilən ağaclara yetərincə qulluq edilmir və nəticədə yeni əkilən ağaclar da isti havalarda susuzluğa tab gətirməyərək quruyur.
İnanmırsınız çox uzağa yox, gedin Bakıda əkilmiş yeni ağaclara baxın. Bakı-Qazax yolunun solunda və sağında yeni əkilən ağacların xeylisi quruyub. Bəlkə də buna səbəb güclü küləklərdi. Çünki o körpə ağaclara elə qulluq göstərmək lazımdır ki, onlar küləyə tab gətirsin. Düzdür, bəzi ağacların yanına ona söykək üçün taxta da basdırılır. Bu taxta iplə həmin ağaca bağlananda külək o ağacı aşıra bilmir. Üstəlik də yeni əkilən ağaclara hər gün su verilirsə, qulluq göstərilirsə, onun inkişaf edəcəyinə şübhə ola bilməz.
Bəla ondan ibarətdir ki, təzə əkilən ağaclara mütəmadi qulluq göstərilməsin. Bax onda həmin ağacların "dodaqları" dörd yerdən susuzluqdan partlayacaq və bir-iki gündən sonra saralıb quruyacaq. Ancaq Bakı-Qazax yolunun Hacıqabul və Nəvai istiqamətlərində beş-altı il bundan qabaq yolun sağında və solunda əkilmiş ağaclara yüksək xidmət göstərdiyinə görə, indi həmin yerlər meşəliyə çevrilib. Belə ki, o ağaclar əkiləndən sonra yaxşı da qulluq edildi. Və səhv eləmiriksə, bugünün özündə də yaşıllıqlar zolağına yetirəncə su verilir və eləcə də digər becərmə işləri aparılır.
İstidən nəinki körpə ağaclar, bayaq dediyimiz kimi, hətta 30-40 ilin ağacları belə su içməyəndə quruyur. Biz bunu Bakının Xəzər rayonundakı "Abşeron" və "Günəşli" sanatoriyalarında görmüşük. İsti yay günlərində 30-40 ilin ağacları olan o yaşıllıqlara su verilmədi, baxılmadı və bir müddətdən sonra o ağaclar zaman-zaman qurumağa başladı. Əvvəllər sanatoriyanın həyətinə daxil olanda yaşıllıqlara baxanda adamın ürəyi dağa dönürdü. Sanki bura qalın bir meşəliyi xatırladırdı. Üstəlik də mütəxəssislərin dediklərinə görə, həmin yaşıllıqlar oksigen istehsal etdiyindən xəstələr həmin havanı ciyərlərinə çəkərkən özlərini daha yaxşı hiss edirdilər. İndi ağacların bir çoxu bayaq dediyimiz kimi, baxımsızlıqdan quruyub.
Yazımızın əvvəlində qeyd elədiyimiz kimi, iyul və avqust ayları bu il çox isti keçəcək. Ona görə də quraqlıq baş verərsə, yaşıl ağacların necə olacağı çox böyük narahatlıq hissi yaradır. Axı biz bunun acı nəticəsini ötən il gördük. Hətta ən qalın meşələrdə belə ağacların bir çoxu qurudu. Bəs indi nə etmək lazımdır ki, ötən ilki hadisə və quraqlıq təkrarlanmasın? Bunun üçün ən azından insanlar əli çatdığı yerlərdə ağaclara su verməlidilər. Düzdü, bu bir qədər çətindi. Ancaq hər şeyi də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üstünə atmaq olmaz.
Bir də görürsən ki, onlarla adam böyük bir ağacın kölgəsinin altında illərlə istirahət edir, istidən qorunur. Amma yağış yağmayanda, o ağaca su lazım olanda heç kim zəhmət çəkib həyət-bacasından bir vedrə su gətirib o ağacın dibinə tökmür. Hansı ki, o ağacdan nə qədər insan kölgələnir.
Yaşadığım Yeni Günəşli yaşayış sahəsində yaxın dostlarımız Arif, onun qardaşı və iş yoldaşları iki ağac əkiblər. O ağacların yanında beş-altı il bundan əvvəl bir söyüd ağacı əkilib. Onun da budaqları artıq quruyub. Amma uzun müddət o quruyan ağacın kölgəsində çoxları istidən daldalanıb. İndi əkilən çinar və söyüd ağacını isə hər gün o iki qardaş evdən su gətirərək sulayır. Bir başqa mərdiməzar isə yarpaqlanmış çinar ağacının yarpaqlarını qırır və budaqlarını sındırır. Qardaşlar deyir ki, hansı ki, həmin adam da burda o biri söyüd ağacının kölgəsində istidən sərinləyir. Nədənsə bax bu cür adamlar ağaca qulluq etmələri bir yana, əkilənin də ya budağını, ya da yarpağını qoparır. Birdən elə bilərsiniz ki, o budağı qoparan uşaqdı, nədi. Yox, o saqqalı uşaqdı. Yaşı da 60-a yaxınlaşıb.
İstilər get-gedə daha da yüksəlir. Ağacları isə susuzluq sınağa çəkir. Əgər hər kəs heç olmasa isti günlərdə bir-iki dəfə o ağacları sulasa, təbii ki, quraqlığın qarşısı alınar və ağac da qurumaz. Bu bizim hər birimizin işi olmalıdı. Söhbət ondan getmir ki, həyətimizdəki ağaca su verək. Onsuz da bunu hamımız eləyirik. Söhbət ondan gedir ki, yolun kənarında və başqa yerlərdə əkilmiş ağacları quraqlıqdan qoruyaq. Əgər kimsə o ağaclara bir vedrə su verirsə, çox savab iş görür. Gəlin istidən "dodaqları" çartlayan ağacları qurumağa qoymayaq...g

TƏQVİM / ARXİV