DƏRDİN DƏ DİLİ VARMIŞ...

VAQİF YUSİFLİ
39800 | 2015-07-04 09:00
Sabir Sarvan "Qibləm ürəyimdi" adlı yeni şeirlər kitabı ilə oxucularının görüşünə gəlib və bu görüş altmış yaşı ərəfəsində öz poetik fərdiyyətini bir daha təsdiqləmək üçün ən vacib bir məqamdır. Əslində, onun buna ehtiyacı yoxdur, çünki Sabir Sarvan elə ilk şeirlərindən oxucu auditoriyasının rəğbətini qazanan şairlərdəndir. Bununla belə, oxucuların yeni nəsli dalğası gəlir, xüsusilə, zövqlərin dəyişdiyi, başqalaşdığı hallar da nəzərdən yayınmır və yeni oxucu nəslinin Sabir Sarvan kimi şairləri qəbul edib-etməyəcəkləri məsələsi ortaya çıxır.
Amma zaman nəyi diktə etsə, yeni nəsillər nəyə inansa, iman gətirsə, şeirə, poeziyaya hansı münasibətdə bulunsa belə, dəyişməyən, köhnəlməyən şeirin özəlliyidir. O şeirin ki, sözü adilikdən qeyri-adiliyə, yəni poeziya halına gətirib çıxarır, dünyanı, gerçək aləmi, həyatı, təbiəti bizə yenidən kəşf edir. Sabir Sarvan qırx ilə yaxındır şeir yazır və bu qırx ildə də hər şeirində özünü sözə çevirir.

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ui, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Bu "köçürmə əməliyyatı" əslində, bir şair ömrünün boynuna düşən müqəddəs yükdü. Bu yükü sonacan şərəflə daşımaq da var, altında əzilmək də, amma hər iki halda Sözə bağlılıq, onun itaətində olmaq və ya onu ram eləmək böyük bir missiya kimi şairin öhdəsinə düşür. Sabir Sarvanın sözlə bağlılığı peşəkar səviyyədədir.
Mərhum deməyə dilim gəlmədiyi Arif Əmrahoğlu Sabir Sarvanın şeirləri haqqında hələ 14 il əvvəl yazdığı bir məqalədə qeyd edirdi ki: "Sabir hiss, duyğu, ovqat şairidir. O, sözün potensial imkanından gücü çatan dərəcədə istifadə etməklə emosional ovqatın obyektiv təəssüratını yaratmağa çalışır. İlk vurğunluğun psixoloji yaşantılarının maraqlı poetik obrazlarla ifadəsi ilk baxışdan bəlli nastolji hiss oyadır. Amma Sabir yenə də özünəməxsus şəkildə qabarıq ifadəsini çalışmadan nağıl detalına müraciət edir. Bu məqamda isə reallıqla xəyal və yaddaş arasında sərhədlər itir. Yaşanan hər bir istək, hiss sonradan yaddaşa köçür və tanrı bəndəsinə isə əbədi itirilmiş bir anı, məqamı yenidən yaşamaq istəyi qalır. Təki nağıl bitməyə".
Sabir Sarvanın şeirləri və ümumən həyata poetik münasibəti üçün səciyyəvi olan bu fikirlərlə tam razılaşırıq. Doğrudan da, onun şeirlərində bir nağıl ovqatı duyursan. Sevgi nağılı, işıq nağılı, gözəllik nağılı səni öz cazibəsinə çəkir. Bunlar hisslərin, duyğuların nağıllarıdır, özü də gerçək nağıllar. Sonluğun acılı ya şirinli təəssürat yaratması da o nağılın aşıladığı ovqatdan asılıdır. Budur, Qan haqqında həqiqət nağılı:

Bu yurd neçə dəfə qana çəkilib,
Quruyan dəniztək sinib özünə.
Axtarsan Vətənin sərhədlərini,
Düş tarix boyunca qanın izinə.

Bu da bir bənövşə nağılı:

Beş-altı günlüyə yaz idi baxtı,
Bir dar çuxur idi sarayı-taxtı.
Kolların dibindən üzümə baxtı,
Mən o bənövşəni niyə dərmədim?

Duruşu həyalı, baxışı incə,
Bir üzü gül idi, bir üzü qönçə,
Yandırıb-yaxacaq məni ölüncə,
Mən o bənövşəni niyə dərmədim?

Sabir Sarvanın ən yaxşı şeirləri hansılardır, - deyə sorsanız, mən sevgi şeirlərinin üzərində dayanaram. Deyirlər ki, bu çağda sevgilər bayağılaşıb, daha məcnunvari, leylivari hisslər yoxa çıxıb. "Sevgilər tükənir bu yer üzündə" (Ramiz Rövşən). Azca həqiqət var bu fikirdə. Amma bir həqiqət də var ki, sevgi nə qədər tükənsə belə, bu dünyada lap iki sevgili qalsa belə, dünya o iki sevgilinin hissləri, saf duyğuları ilə nəfəs alacaq. Sabir Sarvanın şeirlərində də sevgi məhz tükənməzlik, bitməzlik, məhəbbətin əbədiliyi ideyası öz poetik ifadəsini tapır. Özü də Sabir Sarvan sevgi barədə ümumi, tərənnüm ruhlu şeirlər deyil, konkret münasibətlərdən doğan, yaşanılan hissləri, duyğuları ifadə edən şeirlərlə diqqəti cəlb edir. "Gözəl xanımlarla gözəl şeirlər" onun fikrincə, birdir. Qız üzü, qız baxışı təkcə zahiri gözəllik əlaməti deyil, həm də sevgiyə pərəstiş nişanələridir. Sevdiyin gözəldən vüsal yox, sevgi istəyirsən və bu sevgi üçün yaşamağa dəyər. Burada Füzulidən gələn bir meh görürsən.

Olanım ürəkdi vermişəm sənə,
İstər ayaqla keç, istər tac eylə.
Gah görün gözümə, gah da uzaqlaş,
Məni həsrətinə yalavac eylə.

Varamsa, aldığım hər bir nəfəsdə,
Buyruğun-qulluğun gözlərim üstə.
Saxla bülbül kimi sarı qəfəsdə,
Ya da ki, kölgəlik qarağac eylə.

Səni udum-udum anım gizlicə,
Günahım, pənahım sanım gizlicə,
Qovrula-qovrula yanım gizlicə,
Məni buğda dəni, dərdi sac eylə.

Mən də bir dünyayam, qəmdi bazarım,
Özgə aləmlərə düşməz güzarım.
Gördün ki, azalır dərdim-azarım,
Amandı, yubanma, tez əlac eylə.

Bu şeirin məzmununu sadə bir həqiqət təşkil edir: sevən aşiq öz duyğularını, içindən keçən və artıq həyatının mənasına çevrilən sevgi hisslərini gizlətmir. Yalvarış deyil bu, sevginin əbədi olacağına inam gətirən bir qəlbin etirafıdır. Şeirdəki "yalavac", "qarağac", "sac" qafiyələri necə də dəqiq seçilib. "Rəqqasə" şeiri mənim fikrimcə, Sabirin lirik-dramatik situasiyalara müraciət etməklə sanki bir teatr, səhnə fonunda sevgi tamaşasıdır. Bu tamaşada rejissor işi, qurulan mizanlar, rəqqasənin iztirablarını, sevgi həsrətini dəqiq ifadə edir. "Barmaqları ucunda səhnəyə gəldi o qız", "kəpənəkdən yüngüldür narın, məxmər yerişi"- hamının göz dikdiyi, dərdlərini unutduğu bu salonda bircə dərdli odur: "Bir çiçəyin, bir gülün adını unudantək oğlan onu unutdu". "Ayrılığın önündə Sevgi əliyalınmış. Həsrətdən özgə hər şey Bu dünyada yalanmış?!" Amma rəqqasə bu ayrılığa meydan oxuyur, alqış səsləri kəsilmək bilmir. Sənət eşqi qalib gəlir. Şeir bitir, amma o rəqqasə qızın taleyi düşüncəmizə hakim kəsilir.
Sabir Sarvan şeir texnikasına mükəmməl yiyələnən şairlərdəndir. Onun şeirlərində bədii təsvir vasitələrinin bir silsilə təşkil etməsi, təşbehlərin, metaforaların, bədii təyinlərin məqsədə müvafiq, şeirdə obrazlılığın, poetikliyin canlanmasına hesablanması peşəkarlıq nümunəsidir. Məsələn, onun "Küçədə ağlayan qarı" şeirində bitkin bir tablo-sözlərin yaratdığı tablo nəzərə çarpır. Bu qarı kimdir? Şairi onun kimliyi maraqlandırmır, oğulları tərəfindən atılan ana da ola bilər, bir kimsəsiz də... Söhbət onun ağlamağından gedir və bu mənzərəni şair ürək ağrısı ilə belə təsvir edir: "Küçədə ağlayan qarı, Açım-açım açan güllər Başını tovlayıb gedib, Əsim-əsim əsən yellər Ömrünü talayıb gedib Nənnilərdən gələn yolun Son ucu harda dayanır?!" "Küçədə ağlayan qarı, Baxdım könlümü göynətdin. Ağlamaq yaxşı şeydimi, Mənə ağlamaq öyrətdin?!" İstedadlı bir insan-Feyzi Mustafayevin xatirəsinə həsr olunan şeirdə də səciyyəvi detallarla qarşılaşırıq: "Ən böyük qəhrəmanlıqdır körpəlik təbəssümünü son günə kimi üzündə qoruyub saxlaya bilmək". Ümumiyyətlə, Sabir Sarvanın şeirlərində insan teleləri, bu talelərin ömür sınaqları, ən çox da yaşamaq yanğıları göz önünə gəlir. Zamanın, çağdaş dünyanın bu gününü seyr etmək üçün publisistik səpgili şeirlər deyil, sadəcə insanın çağdaş durumunu, nələr düşündüyünü şeirdə canlandırmaq daha münasibdir. Sabirin şeirlərində işıqsızlıqla işıq arasında çırpınan, getdiyi yolu bəzən çaşbaş salan, uğuruna inanmayan insanların da düşüncələri öz əksini tapır, ya da sevinci bol, ürəyi geniş adamların nikbinliyi də gözdən qaçmır. Yəni həyatın, dövranın, yaşadığımız mühitin rəngləri, təzadları, yaxşı-pis nə varsa, diqqətdən yayınmır. Bir tərəfdən: "Kirpiyim baş-başa gəlir, Sıxıram, göz yaşı gəlir. Nə bir kəsə hirsim tutur, Nə bir kəsdən xoşum gəlir Yaşaya bilmirəm daha" - etirafını eşidirik, bir tərəfdən: "Başımı yenə də salıb aşağı Keçirəm ürəkdən çörəkdən ötrü" sızıltısıyla qarşılaşırıq, bir tərəfdə isə "Yaz günü torpağa düşən toxum tək Böyümək istəyim böyüyür yenə" nikbin not... Ya da: "Yeridim həsrət içində, Çürüdüm xiffət içində, Keçsə də zillət içində, Mən bu ömürdən doymadım".
Sabir Sarvan ömrünün altmışına doğru yol alır və bu ömür poeziyaya həsr olunan bir ömürdü. Ona bu yaşda nəyi isə irad tutmaq, bu şeir kitabında hansı şeirlərinsə bir az "aşağı temperaturda" yazıldığını iddia etmək niyyətində deyilik. Ancaq bu kitabdakı şeirlərinə yox, şəxsən özünə aid bir iradımız (daha artıq tövsiyəmiz!) var: Sabir Sarvan öz poetik istedadından yetərincə faydalanmalıdır, yaradıcılıq enerjisini daha gur alovlandırmalıdır.
Sabir Sarvanın bu kitabında çox bəyəndiyim bir şeirlə sözümü bitirirəm:

Bölsən fəsillərə mənim ömrümü,
Gülü tək-tək bitdi,
qar dizə çıxdı.
Qəlbimin xalları, dərdimin rəngi,
Lalədən boylandı, nərgizə çıxdı.

Bilmədim sağdamı, soldamı durum,
Arxa da uçurum, ön də uçurum.
Dedim daş daşıyım, bir yuva qurum,
Hər daşın altından kor gürzə çıxdı.

Yox imiş havama göydə uçanlar,
Mənə sirr verənlər, könül açanlar.
Darda gen dolanıb uzaq qaçanlar,
Hərəsi bir cürə "təmizə" çıxdı.

Suları sovulmuş göldü ürəyim,
Üzü cadar-cadar çöldü ürəyim.
Çırpına-çırpına qaldı ürəyim,
Nə qışla barışdı, nə yaza çıxdı.

TƏQVİM / ARXİV