adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

KÖVRƏK XƏYALLARLA KƏNDDƏN BOYLANAN ŞAİR

3495 | 2015-07-04 09:37
Sazı-sözü qədimdən qədim olan, adət-ənənəsi min illərin qaynağından su içən Borçalı mahalında, Bolnisi rayonunun Darvaz kəndində Təbriz İman adlı bir şairimiz yaşayır. Adı ən çox sevdiyimiz ana şəhərimiz Təbrizin adından götürülüb. Kəndinin adı Darvazdır. Darvaz kəndinin uca qayaları, sıldırım dağları, əlvan meşələri, qaynar bulaqları, yaşıl çəmənləri poeziyadır, sözün əsl mənasında poeziya. Bu şeiriyyatın içində Təbriz yaşayıb-yaradır. At minənləri, cıdıra çıxanları, qılınc oynadanları, yarışa duranları, uzaq yollar yoranları da, Təbrizin udduğu hava, çəkdiyi nəfəs, içdiyi su, yediyi çörək və qövsü-qüzeh rəngləri də hamısı başdan-başa şeiriyyətdir. Meşələr qoynunda yerləşən Darvaz həm də Borçalıda dağla aranın qovuşduğu, əsrarəngiz təbiəti ilə seçilən bir yerdir. Bu təbii gözəlliklə hər gün təmasda olan, dağlardan qürur, qocaman palıd ağaclarından məğrurluq, mətinlik, suyu diş göynədən bulaqlardan saflıq, paklıq alan, durulan və durula-durula ucalan Təbriz aran-yaylaq yollarını hər gün görür və gördüklərini sevə-sevə şeirə gətirir:

Arı kimi bu çiçəkdən
o çiçəyə qonuram,
Təbrizəm, zövq ala-ala
yaşadır dağlar məni.

Doğurdan da, arı kimi güldən-gülə qonmaq, çiçəklərdən şirə çəkmək, çəkdiyi şirəni bala döndərmək arılara və şairlərə qismət olur. Təbriz də belə bir aləmdə yaşayır.
Təbriz şair olduğu üçün üzünü elinə-obasına, yurduna-yuvasına tutur, "uman yerdən küsərlər" deyib məhəbbətə məhəbbət, sevgiyə sevgi umur və haqlı olaraq deyir:

Şair balanızın qədrini bilin,
Bir də doğacaqmı analar məni.

İnam sevəndə, seviləndə böyüyür, ucalır. Təbriz də hamı kimi böyümək, sevmək və sevilmək istəyir. Bu, onun şair haqqıdır.

Şəhər həsrətiylə kənddən boylanıb,
Kövrək xəyallara dalan şairdi.

Təbriz İman - onun ömrü kənddən şəhərə boylanan, şəhər həsrətiylə alışıb yanan, ancaq kəndinə-kəsəyinə bağlı bir ömürdü. Onun həmsöhbəti təkcə insanlar deyil, yarpaqdı, torpaqdı, daşdı, qayadı, ağacdı, otdu, sudu, göydə süzən quşlar, suda üzən balıqlardı, meşədi, kökdü, budaqdı, bir sözlə, ana təbiətdi.

Mənim yolum saz yoludu,
sazın yolu öz yolum,
Aramızda vəhdət qurur
söhbət yolum, söz yolum.

- deyən Təbrizin yolu elin, sazın-sözün, məclisin, duyan ürəklərin, sevən könüllərin yoludur. Bu yol onu ucalığa, yüksəkliyə, uğura, zirvəyə doğru aparır, haqqa-həqiqətə doğru çəkir.
Xalq öz şairinə arxa duranda, onu hər bəladan qoruyanda şair də, xalq da böyüyür, gərək xalq öz şairinə sahib çıxmağı bacarsın. Vay o gündən ki, şair xalqın yolundan çıxa, xalq da şairin. Dünya onda gözəl olur ki, xalq şairin qədrini bilə, şair də xalqı iki gözü kimi sevə!

Küsər dağları, gül açmaz,
Şair yaddan çıxanda.
Günəş də şəfəq saçmaz,
Şair yaddan çıxanda.

Tarix susar, il ağlar,
Bəm sızıldar, zil ağlar.
Ağlar, anadil ağlar,
Şair yaddan çıxanda.

Yaxşı şairlər, qələm ustaları heç vaxt xalqın yadından çıxmır. Allahın da, xalqın da sevimlisi olur.
Təbriz İman Allaha, Tanrıya, yerə-göyə, təbiətə, həqiqətə bağlı şair olduğu üçün şeirləri təbii və səmimidir. Onun şeirləri ona görə təbiidir ki, qoynunda yaşadığı təbiəti yaxşı duyur, görür, oxuyur, düşünür və düşündürür. Bir tərəfi Başkeçid yaylaqlarına söykənən Darvaz dərəsi deyilən coğrafi məkan onun ruhunun, ürəyinin, şeirinin baş qəhrəmanıdır. O, ilhamını bu qəhrəmandan, yəni torpaqdan, Borçalı torpağından alır. Mən də Borçalı mahalının, Başkeçid yaylaqlarının, Darvaz ellərinin arzularına qoşulub şair dostumuza uğurlar arzulayıram! Təbriz İman! Qoy bu ad adı qürurla çəkilən böyük Təbrizimizin cərgəsində səslənsin! Amin!


Təbriz İMAN

KÖNÜL, PASI YU ÇÖLLƏRDƏ

Mənim qəlbim yenə şan-şan
Olub, qaldım yana-yana.
Dərdi, qəmi ürəyimə
Salıb, qaldım yana-yana.

Könül, pası yu çöllərdə,
Od çöllərdə, su çöllərdə.
Yetim kimi bu çöllərdə
Dolub qaldım yana-yana.

Cahil oldum, zaman söydü,
Aşiq oldum, Allah öydü.
Yüz yol şaxta vurdu, döydü,
Solub qaldım yana-yana.

Təbriz həsrət nazlı yara,
Ələm bir an vermir ara.
Dərin-dərin dəryalara,
Dalıb qaldım yana-yana.


DUYĞULARDAN
DUMAN QALXIR

Duyğulardan duman qalxır,
Xəyallarım sisə düşüb.
Keşməkeşli dünyamızda,
Ömür yolum kəsə düşüb.

Qəlb boylanır otağından,
Xəyal dönmür yaylağından.
Bu gün ələm dodağından,
Ruhuma bir busə düşüb.

Qəmlənəndə gülə bildim,
Nəfsi ruha kölə bildim.
Haqq: gəl, - dedi, elə bildim,
Qulaqlarım səsə düşüb.
Hey vursa da sağdan-soldan,
Saparammı doğru yoldan.
Güc alıram bu məlaldan,
Təbriz qəmlə bəhsə düşüb.


YORULASI HALDA DÖYƏM

Sorma mənim əhvalımı,
Sorulası halda döyəm.
Xəyallarım boz-bulannıq,
Durulası halda döyəm.

Damarlarda coşur qanım,
Ələm-qəmdir mehribanım.
Alışıqdır dərdə canım,
Qırılası halda döyəm.

Qəlbim yaslı, nə lazım ləl,
Xainlərə açmaram əl.
Üstəlik sən də vurma gəl,
Vurulası halda döyəm.

Gəl, ey nigar, çox yanmışam,
Düz fikiri düz qanmışam.
Döyüş üçün yaranmışam,
Yorulası halda döyəm.

BİR DƏ DOĞACAQMI
ANALAR MƏNİ

Sığındım qoynuna, ana təbiət,
Sənintək doğması sanalar məni.
Ahutək çöllərdə gəzirəm, fəqət,
Hürkərmi görsələr sonalar məni.

Ruhum salamatda, hissim sağdadı,
Xəyalım hər zaman ötən çağdadı.
Gözüm meşələrdə, könlüm dağdadı,
Qəlbimtək dinləyib qanalar məni.

Bəllidir keçmişim, bəllidir indim,
Səbrimlə nəfsimi qanırdım, yendim.
"Ley"li meşələrdə çobana döndüm,
Yaman təntidibdir danalar məni.

Təbriz bir bülbüldür, müştaqı gülün,
Dönərsəm, kor eylər ocağın, külün.
Doğma elim-obam, qədrimi bilin,
Şair balanızın qədrini bilin,
Bir də doğacaqmı analar məni!


SÖZLƏRİMİN ŞAHIYAM MƏN

Ölümün önündən qaçmam,
Bir Allah pənahıyam mən.
Söz verəndə sözdən qaçmam,
Sözlərimin şahıyam mən.
Zirvə sevər duman-sisi,
Nəyə lazım umu-küsü.
Mərifətin keşikçisi,
Arın qibləgahıyam mən.

Qəmdi qəlbi didən-deşən,
Sarıl, topaq üstə döşən.
Yağılara əsir düşən,
O dağların ahıyam mən.

Qopsa da gur qasırğalar,
İgid eldən yetim qalar.
Çoxdur məndə müəmmalar,
Çox sirlər izahıyam mən.

Təbriz hər an qəlbi yuyar,
Mövladan güc alar, duyar.
Mənə qıyan xalqa qıyar,
Millətimin ruhuyam mən.

YOL GEDİRƏM
HAQQA DOĞRU

Yol gedirəm haqqa doğru xeyli vaxt,
Ağrı mənim, əzab mənim, nazım yox.
Bezdirsə də bəd sifətlər, bəd üzlər,
Bu yollarda dayanmağa lüzum yox.

Haram yeyib yağlanmadım, şişmədim,
Yad qazanda qaynamadım, bişmədim.
Çətinliyə sinə gərdim, düşmədim,
Dözə-dözə çoxdan oldum, azım yox.

Çox arzular tüstülənir içimdə,
Nəfs kiçilir, üstələnir içimdə.
Neçə nəğmə bəstələnir içimdə,
Ruhum, qəlbim haqq aşığı, sazım yox.

Təbriz deyib, fəxr eləsin ailəm,
Öz yolumda uğurlara nailəm.
Tanrı verən hər tikəyə qailəm,
Necə deyim çörəyim yox, ruzim yox.

MƏLƏKLƏR HAL
TUTAR BİZDƏN

Dostlar özünü yormasın,
Əyri yollara varmasın,
Bəndələr heç də sormasın,
Mələklər hal tutar bizdən.

Haqqa koşan kini atar,
Arzusuna erkən çatar.
Qoynumuzda cövhər yatar,
Qəvvaslar ləl tutar bizdən.

Biz solmayan gül-çiçəklər,
Təbriztək qəlbi göyçəklər.
Qoxlasa da kəpənəklər,
Arılar bal tutar bizdən.


MƏNİM ŞAHIM
MƏHƏBƏTDİR

Mən həyatı qavrayannan,
Aman mənlə, ah mənlədi.
Mənim şahım məhəbbətdi,
Harda olsam şah mənlədi.

Biz ölüyük, zaman diri,
Təkrar dirilənin biri.
Bu dünyanın çoxdu sirri,
Çox məna, izah məndədi.

Ulduzlara baxır izim,
Kaş gülə bəxtimiz bizim.
Heç darıxma, ey əzizim,
Tək döyəm, Allah mənlədi.

TƏQVİM / ARXİV