adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Dərd maxinasiyası

6380 | 2012-02-21 05:57
14 il öncə, 1988 - ci il, fevralın 20-də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul etdi. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olundu. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Amma bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur. 20 fevral tarixə Qarabağ müharibəsinin başlanması kimi həkk olundu. Artıq 14 il keçir.
   
   Dağlıq Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın ümumi məbləği, habelə, işğal nəticəsində sıradan çıxan, talan olan maddi-mədəni abidələrin, elimi-texniki müəssisələrin, istehsalat obyektlərinin və s. konkret miqdarı bəllidir. Ayrı-ayrı dövlət və qeyri-dövlət müəssisələrinin apardığı müvafiq araşdırmalar nəticəsində işğalın Azərbaycanın elmi-iqtisadi həyatının ayrı-ayrı qollarına vurduğu ziyanı bəlli rəqəmlərlə ortaya qoymaq, bu zərərim maddi ekvivalentini müəyyənləşdirmək mümkün olub. Bir sözlə, hər şey konkret rəqəmlərdə öz əksini tapıb.
   
   Lakin əlaqədar nazirlik və Dövlət Statistika İdarəsinin hələ də araşdırmadığı, tədqiq etmədiyi itkilərin də sayı kifayət qədərdir. Məsələn, Qarabağ savaşının adambaşı hər bir ölkə vətəndaşına nə qədər bədbəxtlik bəxş etdiyi məlum deyil. Müharibə ərzində və ondan sonrakı müddətdə axıdılan göz yaşlarının, ucalan fəryadların, Tanrıya ünvanlanan şükran və üsyanların da miqdarı bu gün üçün sirr olaraq qalmaqdadır. Mühasirəyə alınmış kiçik bir qəsəbədəki 10-12 yaşlı balaca bir uşaq avtomatın ucuna bərkidilən polad süngünün ona yaxınlaşmaqda olan soyuq parıltısını görən zaman içində baş qaldıran qorxunun dəhşətinə neçə dəqiqə tab gətirə bilib? Əsir düşən, ailə üzvlərinin gözü önündə alçaldılan, təhqir edilən bir qızın gözlərindəki nifrət və ümidsizliyin çəkisi nə qədər olub? Biz hansı ölçüdə bədbəxtlik yaşadığımızın fərqindəyikmi? Bizim heç nə olmasa da, öz bədbəxtliyimizin ölçü və sərhədlərini də tam müəyyənləşdirməmişik. Amma bunu o qədər adiləşdirmişik ki, "Qarabağ dərdi" bir söz, anlam olaraq yaşlılar üçün bir qarın çörək problemindən, gənclər üçün bir qızın telefon nömrəsini əldə etmək istəyindən dəfələrlə kiçilib.
   
   Ölüləri narahat edən Qarabağ dərdi, çox dirilərin heç yadına da düşmür. Vəhşicəsinə, zorakılıqla, kiçik, böyük, qoca ayırmadan, bütünlüklə düşmən taladı bizi. Bu azmış kimi, özünü hər yerdə günahsız, təmiz göstərməyə çalışır.
   
   Bu günlərin söhbətidir. Bir həmyerlimin hüzür məclisindəydim. Böyük əksəriyyətin dilində bir söz vardı: "Kişini Qarabağ dərdi apardı". Rəhmətlik 79 yaşında dünyasını dəyişmişdi. Kənddə-kəsəkdə hörməti olan bir kişi idi və onun dədə-baba torpaqları üçün dərd çəkdiyinə zərrə qədər şübhəm yoxdur. Amma orta yaş həddi 72 olan bir ölkədə 79 yaşında adam dünyasın dəyişirsə bunun Qarabağ dərdinə nə dəxli var?
   
   Bəli, bu ölkədə adamlar "Qarabağ dərdi" ilə çox asanlıqla alver edə bilirlər. "Qarabağ dərdi"nin arxasında gizlənib korrupsiya ilə məşğul olmaq, rüşvət almaq, özünü dəhşətli dərəcədə vətənpərvər, millət və dövlət fədaisi göstərmək, xal qazanmaq, qız və oxucu tutmaq bir növ ənənəyə çevrilib. Sanki bu millət "Qarabağ dərdi"ni oksigenlə paralel əbədi yaşam qarantına çevirib və hər kəs bu dərdin millətin boyuna biçildiyini təbii qanunauyğunluq kimi qəbul edib.
   
   Mən artıq Qarabağ adlı dərddən iyrənirəm. İllərdir davam edən bu söz-söhbətdən ürəyim bulanır. Başım gicəllənir. Bir az başqa dad istəyirəm - ürəyimə xoş gələn, ağzımın tamını dəyişə biləcək dad, təzə dərd... Noolar, gəlin bir şey edək. Yorulmuşam "sülh, yaxud müharibə" kəlmələrini eşitməkdən. Noolursa, olsun. Təki bir şey olsun. Qərar verək, bitsin getsin bu iş. Nə mənə, nə sənə, nə də erməniyə lazım olmayan bu yorucu, üzücü və bitib-tükənmək bilməyən çərənləmələr öz sonunu, axırını tapmalıdır. Axı, biz nə vaxta qədər eyni dərdi çəkməliyik? Bəlkə bizim təzə dərdə ehtiyacımız var?! Bəlkə köhnə dərdi unutmaqçün təzə dərdə qapı açmalıyıq?!
   
   Sosial çətinlikləri başdan aşsa da, Qarabağ dərdi olmayan bir məmləkəti verin ki, adam kimi yaşayıb, öləndə də adam kimi ölək. "Qarabağ dərdi"ni bəhanə etməyək, əzrayılın hökmüylə ölək...

TƏQVİM / ARXİV