MƏNİM KÖKLƏNDİYİM HAVA

ƏBÜLFƏT MƏDƏTOĞLU
62364 | 2015-07-04 08:52
Havaların necə deyərlər fəsilə uyğun keçməsi adi bir haldır. Amma fəsil öz yerində, insanın da bir özünə görə yaş dövrü, həyat tərzi var. Yəni tutaq ki, 20-25 yaşımda yayın qorabişirənini vecimə almırdımsa, indi mayın istisini dəhşətli bir şey hesab edirəm. Deməli, bu məntiqlə yanaşsaq, onda təkcə havalar günahkar deyil, bizim yaşımızdı bu istilərə sinə gərməkdə bizə namərdlik edən. Neyləmək olar? Görünür, təbiətin bir qanunu da elə budur. Zaman hökmünü verir, insan arzulara doğru can atsa da, səhhəti ilə əlaqədar olaraq tövşüyür, büdrəyir və yardımçıya, yəni çəliyə söykənir...
Hə, deməli, ilin bu 7-ci ayında ovqatım o qədər də xoş olmaq şansı olmasa da, onu özbaşına buraxmaq da mümkün deyil. Çünki ətraf var, ailə var, dost-tanış var, sevdiyin və sevənlərin var. Ona görə də dişimi bir-birinə tutub özümü hər şeyə - istər təbiətin hücümuna, istər cəmiyyətdən gələn zərbələrə qarşı kökləyirəm. Obrazlı desəm, "bir nömrəli hazırlıq!" vəziyyətində olmağa çalışıram. Bu, özü-özlüyündə xeyli enerji, vaxt, diqqət alır əlimdən. Ona görə də hərdən nəyi necə edəcəyimi, hansı işi başlayıb hansı işi bitirəcəyimi unuduram, qarışıq salıram. Bunun da ağrısı, zərbəsi olur. Neynəyim ki, bu dediyim sonunculardan da qaçmaq mümkün deyil. Elə ona görə də bəlkə də ən yaxşısı hər şeyi zamanın ixtiyarına vermək, başına buraxmaqdı. Yəni çayın axarına doğru yox, axınına doğru üzmək, axırına doğru üzmək daha az itkiyə səbəb olur. Bunu zaman da sübut edib, tarix də. Elə mən də o zamanın, o tarixin bir parçası olmasam da, ondan xəbərdaram və onun gerçək üzünün işığında iç dünyamın hər layına, hər qatına baş vurub axtarış aparıram, sorğu-sual edirəm. Anlamağa çalışıram ki, bu dünyada görəsən sevinc çoxdu, yoxsa kədər? Bu dünyada ayrılıq daha dözülməzdir, yoxsa ölüm? Bu həyatda vüsal çoxdur, yoxsa həsrət? Amma mən bəlli, lakin bir növü ritorik görünən bu sualların və onlara veriləcək cavabların nədən ibarət olacağını nə gözləmirəm, nə də alacağım cavabları şərh etmək fikrində deyiləm. Çünki bütün suallar və cavablar həmişə birmənalı qarşılanmayıb. Hətta mübahisə də doğrudubdu. Ona görə də ortada dayanmaq, mərkəzdə yer tutmaq həm cavabın, həm də sualın yanında olmaq kimi bir şeydi. Bir anlıq təsəvvür edin, sağ əlim sualın ətəyindədi, sol əlim cavabın. Və sən hər ikisinin ortasında bir növü şaquli bir xətt kimi dayanıb onları bir-birinə qovuşmağa qoymursan. Düşünürsən ki, onlar qovuşanda sən ortadan çıxmalı olacaqsan. Heç mən özüm də könüllü olaraq yerimi hardasa boş qoymaq istəməzdim. Yəqin ki, sən də. Elə deyilmi?!
Bax, öz yerində dayanıb özün olmağın bir çətinliyi, bir problemi də elə budur. Mən tanıdığım və müşahidə etdiyim bir çox insanların öz yerlərində olmaları, durmaları üçün nələrdən keçdiyimi, nələrə dözdüyümü yaxşı bilirəm. Və hər dəfə də onlar özlərinin olan həmin o yer üçün mücadilə aparıb streslər keçirmələrini, itkilər vermələrini ürək ağrısı ilə seyr edib, dinləyib öz-özümə demişəm ki, yerini təbii ki, halal və həqiqi yerini qoruyan, orada dayanan adamlar həm də böyük adamlardı, dözümlü adamlardı. Çünki bu adamlardan aramızda və cəmiyyətimizdə var və onlar yəqin ki, Allahın nəzərləri altında qorunurlar. Əks halda, o dözüm bir gün bitə bilər. Əgər bitib-tükəndisə və yaxud sıradan çıxdısa, onu bərpa etmək, onu yenidən əvvəlki halına gətirmək heç cür mümkün olmayacaq. Deməli, istənilən halda yerində olmağın nə demək olduğunu ən azından anlamalı, dərk etməliyik. Məhz indiki anımda, yəni bu yazını diqtə etdiyim zaman kəsiyində mən öz yerimdə olduğuma tam əminəm və bu yerimə də bir Allah bəndəsi olaraq güvənirəm. Bilirəm ki, bu yerdə olmaq Allahın mənə lütfüdü, alın yazımdı. Və gücüm, yəni ayaqda qalmaq imkanım olduqca elə öz yermidəcə qalacam. Düşünə bilərsiniz ki, bu hansı yerdi? Mən bunu normal sayıram. Ən azından bu düşünmə istəyi maraqdan da irəli gələ bilər. Mən də sizləri həmin o marağın əlindən alıb deyirəm ki, mənim yerim sözün yanıdı, söz olan yerdəyəm. Özü də hər kəsin dinləmək istədiyi, hər kəsin ehtiyac duyduğu və hər kəsin özünün istədiyi kimi ifa etdiyi sözün yanında!..
Elə bu yerdəcə, yəni Allahın öz bəndəsinə lütf etdiyi sözün yanında içimdən gəlib keçən misraları dilə gətirirəm. Bilirəm ki, bu misralar da elə olduğum yerin ifadəsidi.

Mən bu bəxtlə çox yaşadım
Gözü, könlü tox yaşadım...
Yeri sevdim - yox, yaşadım-
Allahın gözü önündə!

Canımı söküb gizlətdim
Ortaya töküb gizlətdim...
Sözümü büküb gizlətdim-
Allahın sözü önündə!..

Başlayanda közərməyə
Ömrüm getdi söz dərməyə!..
Üz olmadı göstərməyə -
Allahın üzü önündə!..

***

Öz-özümə fikirləşirəm ki, bu dünyada hər kəs öz ömrünü yaşadığı kimi, öz sözünü danışıb öz mahnısına da oynayır. Amma elə o düşündüyüm məqamda da başqası üçün mahnı sifariş edənlər də gəlib keçir gözümün önündən. Onlar maddi və bəzən də fiziki gücləriylə kimlər üçünsə mahnı sifariş verirlər, kimlərisə də öz mahnılarına oynadırlar. Amma unudurlar ki, əslində verdikləri sifariş elə oynayanın öz mahnısıdı. Çünki səslənən mahnı oyananan mahnının sadəcə görüntüsüdü. Oynayan adam öz içində özü üçün zümzümə edir, özü üçün mahnı səsləndirir, yəni öz mahnısını. Bütünlüklə öz mahnısına köklənib oynayır. Kənardan isə...
Kənardan isə görünənlər sifarişdi. Yəni zorun və pulun diqtəsi! Bu gün həyatın bir gerçək üzü də məhz elə budu. Ona görə də mahnılar da qarışıq düşür. Xüsusilə oyun havaları, oyun mahnıları. O qədər qarışıq düşüb ki, muğama da, şikəstəyə də oynayırlar, hətta Kərəmin ahına da...
Mən heç cür anlaya bilmirəm. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən, Kərəmin yanğısına necə oynamaq olar? Necə qol qaldırmaq, necə süzmək mümkündü ortalıqda? Bu da qəliz sualdı. Amma nə qədər qəliz olsa da bu sualın damarından hiss, duyğu axır qan əvəzinə. O duyğu mütləq hardansa vurub çıxmalıdı, hardasa özünü göstərməlidi. Başqa cür mümkün deyil. İnsan özünün düşüncəsiylə, dərrakəsiylə, görüb-götürmək qabiliyyəti ilə həmişə fərqlənib. Və onun fərqlənməsində mənə görə əsas göstərici də elə ürəyi ilə ağlını birləşdirmək, qovuşdurmaq imkanıdı. Axı ağılla ürək bir araya gələndə onda çox mətləblərin üstünün pərdəsi götürülür. Necə deyərlər, səhnədə nə varsa hər şey aydın bir şəkildə görünür. Hətta kiminsə rejissor pultunda, kiminsə qrim otağında nələri cızmasından, nələri deməsindən asılı olmayaraq, son nəticə səhnədə olur, səhnədə görünür. Bax bu da həmin o dediyim kimi özünü gec-tez büruzə verən duyğunun, hissin görünəcəyinə olan sonsuz inamın obrazlı təqdimatıdı. Mən öncə də qeyd etdiyim kimi, ağılla ürəyin birliyi reallığı xilas edir, onun qalib gəlməsinə yardımçı olur. Məhz bu səbəbdən də istər muğama, istər "Yanıq Kərəm"ə oynamasından asılı olmayaraq, hər kəs bir gün niyə? nə üçün? hansı? havaya oynadığını anlamaq zorunda qalır. Düzdü, bəzən onda gec olur. Amma ən vacibi odur ki, baş verən insanı silkələyir, insanın içində bir zəlzələ baş verir, bir tufan qopur, bir qasırğa sunamiyə çevrilir və və insan öz mahnısına qayıdır, öz mahnısına dönür. Bütün dönüşlər ən azından xatirələri təzələyir. İlkini, əvvəlini keçdiyin yolu düşünməyə, içində onun anbaan yenidən yaşamağa səbəb olur. Ümumiyyətlə, mənim həyat kredomda dünən, xatirələr son dərəcə əziz və toxunulmazdı və hər dəfə də mən dünənin şinelindən çıxıb gəldiyim üçün o şinellə birlikdə olmağın isti-soyuğunu da canımda-qanımda gətirmişəm. Nə qədər ki, öz yerimdəyəm, yəni halal sözün yanındayam, həmin o gətirdiklərimi də o sözə hopduracam. O sözün diri qalmasına gətirdiklərim mütləq şirə olacaq. Bu mənim daxili bir inamımdı. Elə həmin inamın da mənim üçün gerçək adı SEVGİdi. Hamıya və hər kəsə, illah da ki, böyük Yaradana və sənə! Çünki...

Gözəldi gülüm
dəlilik qədər
hətta
ondan da betər-
hər gün
səni sevməyənə
sevirəm! - demək...
Mənə görə
bu əslində
sevənlə sevməyənin
könüllü şəkildə
sevginin
ayağına enmək
və enmək etirafıdı...
Axı
doğurdan da
ən gözəl,
ən bənzərsiz
həm də əvəzsiz
bir duyğudu sevmək...

Yazının ilk cümləsində hava durumuna işarə vurdum. Bunu elə-belə etmədim. Öncədən qarşıma məqsəd qoymuşduim. İstəyirdim ki, içimin havasını çölün havasıyla eyniləşdirim. Amma bacarmadım. Çünki çöldəki havadan kölgələnmək, ən azından kondisionerli bir otağa çəkilmək mümkündü. Hələ sərin güşələrdən birinə səfər etməyi demirəm. Amma içimdəki oddan, istidən, hərarətdən, yəni hava durumundan qurtulmaq mümkün deyil. Nə qədər baş işlətsəm də ondan qurtulmaq yolunu tapa bilmirəm. Çünki o, özündən alışır, ozünən qidalanır. Şirəsi də özündəndi, elə oksigeni də. Sonda əlac qalır durduğum yerə. Yəni yanında olduğum sözə. Və mən də Allahın bütün bəndələri kimi kiminləsə danışmaq, fikir bölüşmək bacarığıma bir az da yaxın durub həmin o odu, içimdəki havanı sərinlətmək naminə pıçıldayıram, danışıram. Yəni söz deyrəm, söz yazıram. Nə yazıq ki, bəzən dedyim, yazdığım bir daşa, bir gülləyə çevrilib qayıdıb özümə dəyir. Onu bir boşluğa atsam da, onu tamam fərqli bir niyyətlə desəm də, yazsam da sanki qəfil güllədi, sanki göy üzündən düşən bir daşdı, çaxan bir şimşəkdi. Bilmirəm, hər nədisə özümə tuş gəlir. Deməli, mənim özümə dəyəcək gülləm də, daşım da öz əlimdədi. Təəssüf ki, mən ondan qoruna bilmirəm. Daha doğrusu, qorunmaq istəmirəm. Əgər qorunmaq istəsəm, ondan yan keçsəm, dediyimi, yazdığımı deməsəm, yazmasam, ya da ütüləsəm, redaktə etsəm... Bütün hallarda içimdəki od məni yandıracaq... bütün hallarda iç dünyam məndən üz çevriləcək... bütün hallarda mən özüm olmayacam. Odur ki, siz də, hamınız da, elə sən də məni özüm kimi görmək istəyirsənsə, dediyimi, yazdığımı elə dediyim və yazdığım kimi qəbul et. Onun havasına, nə isə qatma. Çünki o, qatışıq götürmür.
Hə, indi yəqin ki, məni bu yazıya görə məhşər ayağına çəkirsiniz, qınayırsınız. Hətta ola bilsin ki, bu yazıya ayırdığınız vaxt üçün mənə qızdınız da. Mən sizi başa düşürəm. Amma siz də bilin ki, hər kəsin öz dünyası olduğu kimi, hər kəsin də öz sözü özü üçün tərdi, gözəldi, mənalıdı. Çünki tər çiçəklər təkcə göz oxşamır, həm də ruhu oxşayır. Ruhu oxşayan sevgi isə o çiçəklərin dan üzünə boylanan üstü şehli bir ləçəyi qədər zərifdi. Hər an qırıla bilər. Qırılmaqdan qoruyun özünüzü də, ürəyinizi də, sevginizi də. Öz havanıza oynayın, öz havanızı qoruyn və bilin ki, xüsusilə sən bil ki:

Mənim yerimdə
Kim olsaydı
Sevməzdi səni
Sənin də yerində
kim olsaydı
yəqin ki
məni...
Bu qədər əzabın,
zülmün
ağrılarla yüklənmiş
ayın, günün
bir vüsal qoxusu yoxdu
çəkəm ciyərlərimə-
mən!.
Eləcə də
itirmək qorxusu yoxdu
bükəm ürəyimə-
sən təəsüflənəsən
odur ki
mənim yerimdə
kim olsaydı
ancaq səni sevərdi
çünki hamıdan fərqlisən
sənin yerində kim olsaydı
məni sevməzdi-
deyərdi
hamıdan dəlisən!..



TƏQVİM / ARXİV