adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Pis ola bilməyən yaxşılar...

SAMİRƏ ƏŞRƏF
23169 | 2015-07-04 09:10
Havalar istiləşib, dəniz mövsümü başlayıb. Pis, yaxşi hərə bir kölgəlik tapıb özünü verir onun altına. Kimin kəndə-kəsəyə getmək imkanı var, yığır olanından, qalanından gedir elinə-obasına dincəlməyə. Bizim kimi yurdu-yuvası olmayanlar da paytaxtın dəyişkən hava şəraitində yaşamağa məcbur olurlar.
Yadıma gəlir, qocalar demişkən, dünyanın düz vaxtı, yəni təxminən iyirmi il əvvəl bizim rayondakı evimiz may ayından sentyabrın axırına kimi Bakıdan gələn qohumlarımızın ixtiyarında olurdu. Gələn şəhərli qonaqlarımız merdən-meyvədən, həyət toyuğundan-cücəsindən yeyib sonra da yıxılıb yatırdılar ağacların kölgəsində. O vaxtlar uşaq idim ağlım kəsmirdi. Öz-özümə fikirləşirdim ki, bu şəhərə adamları nə görüblər rayon yerində? Niyə gedib dənizin suyunda çimib sərinləmirlər? Arzulayırdım ki, kaş imkan olaydı dənizə girib bircə dəfə çiməydim. O zaman arzum elə arzu olaraq qalırdı.
Lap dərinə getsək, rayon işğal olunanda, nəsə gəribə, gizli bir sevinc də yaşamışdım. Fikirləşirdim ki, daha rayonlu olmaqdan çıxıb şəhərli olacağıq. Təbii ki, bu sevincin ömrü o qədər də uzun olmadı. Avqustda rayon işğal olundu. Mənim ilk peşmançılığım isə oktyabr ayında özünü büruzə verdi. Avqustdan oktyabra qədər olan zaman kəsiyində artıq beş-altı yaşayış ünvanı dəyişmişdik. Sonra məktəbə gedə bilməmək, yağışlı-qarlı havaların başlanğıcı, evsizlik, valideynlərimizin bizi dolandıra bilmək üçün qatlaşdıqları olmazın əziyyətlər və ən əsası insanların biz qaçqınlara olan soyuq və amansız münasibəti bütün arzularımı bir-bir gözümdə heçə döndərdi.
Məişət qayğıları çox erkən yaşdan çiyinlərimə düşdü. Amma təkcə çiyinlərimə düşsəydi nə vardı ki... Həmin qayğıların mənəvi ağırlığı həm də ürəyimdə özünə yer etdi. Çox erkən yaşdan böyüməyə məcbur oldum. İndi hərdən yaxın adamlarla söhbət edəndə məni əlli, altmış yaşlı insan kimi düşünməkdə ittiham edirlər.
O illərdən elə kadrlar ilişib qalıb ki, yaddaşımda nə olur olsun, nə baş verir versin həmin kadrlardan, xatirələrdən yaxa qutarmaq olmur.
Saatlının hansısa kəndində rəhmətlik atama verilən dərs saatlarının sonra ondan bir-bir alınıb başqa müəllimlərə verilməsi, onun mədəni yolla qıraxsanması, məktəbdən uzaqlaşdırılması, Bakıya gəldikdən sonra da uzun müddət işsiz-gücsüz qalması, bizim üzümüzə baxa bilməməsi nəhayət ail təhsilli müəllimin gündüzlər corab, uşaq oyuncaqları, gecələr isə çörək satması bu kadrların tərkib hissəsi olub və hələ də olmağa davam edir.
O vaxtlar mən bu kimi hadisələrin həm iştirakçısı, həm də müşahidəçisi idim. Baş verən hər şeyi çinədanıma yığırdım. Fikirləşirdim ki, vaxt gələr mən də insanlardan öz "intiqam"ımızı alaram.
Ancaq davamlı gələn sonralar mənə başqa şeylər öyrətdi. İnsanları tanımağı, onların ürəyindən keçənləri, yaşadıqları çətinliklərdən yaranan əzabları anlamağı öyrəndim. Ədəbiyyat, kitablar, orda yazılanlar mənə başqa həqiqətləri təlqin etdi. Və mən pis insan olmadım, bacarmadım. Gördüyüm, yaşadığım, rastlaşdığım bütün pisliklərə baxmayaraq pis olmadım.
Yaxşılıq edə bilmək üçün qarşıma çıxan ən xırda imkanı belə qiymətləndirdim. Həmin imkandan bərk-bərk yapışdım. Fədakarlığa o qədər aludə oldum ki, bir də baxdım ki, hədsiz fədakarlıq bir gün insanın özünə də amansız zərbələr vurur. Dəfələrlə özümə söz verdim, and içdim ki, yaxşı olmaq üçün həddindən artıq fədakarlıq etməyəcəm, dəridən-qabıqdan çıxmayacam. Amma olmadı, hər dəfə daha böyük "tələ"lərə düşürdüm. Bir gün ayıldım ki, artıq tanrı mənim tövbələrimi də qəbul etmir. Tövbə qapıları üzümə bağlanmışdı. Həqiqət isə tamam başqaydı...
Həqiqət ondan ibarət idi ki, yaxşılar heç vaxt çevrilib pis ola bilmirlər. Pislər isə yaxşı!

TƏQVİM / ARXİV