adalet.az header logo
  • Bakı 11°C

AZƏRBAYCAN SƏYAHƏTiMiZ - 9

SEYFƏDDİN ALTAYLI
47559 | 2012-02-18 08:44
Dostum Rəşid Hüseynovun dəvəti ilə 2011-ci il, 21 oktyabr - 7 noyabr günləri arasında həyat yoldaşımla birgə Azərbaycana etdiyimiz səyahət mənə görə ömrümüzün ən şirin yuxusu kimidir və unudulası deyildir.
   
   Azərbaycan səyahətimizin səbəbkarı da əziz qardaşım Rəşid bəyin qızı Səbinə xanımın toyu idi. Toy o qədər gözəl, o qədər möhtəşəm idi ki, o axşam dayanmadan rəqs etsək də yorulmaq nədir bilmədik. Bunda Rəşid bəylə mehriban həyat yoldaşı Elmirə xanımın böyük payı vardı. Gecə saat üç radələrində evə gedib yatsaq da səhər saat ona qalmış dinc şəkildə oyandıq və səhər çörəyimizi yeyib qədim dostum Firidun Ağasıoğlugilə getdik. Firidun bəy də Ramiz əsgər kimi gecələri işləyir, nəvəsi Tegin oyaq ikən gündüzləri onu yatmağa qoymur. Baba olmağın ləzzəti də budur də... Firidun bəylə yeni əsəri "Etrüsk Türk Bağı" üstündə danışırıq. Mən, Macarıstanın Tatarlaka bölgəsində tapılan və karbon 14 metodu ilə eradan qabaq beşinci min illərə aid edilən proto-orxun runik əlifbası ilə yazılan və üstlərində bizə yad olmayan simvollarla bəzənmiş tabletlərdən söhbət açıram. Firidun bəy, "onlardan xəbərim yoxdur, ancaq maraqlıdır. Bu fakt, ikimizin də tezisini təsdiqləyir. Biz buralara Orta Asiyadan gəlmədik, buraların yerlisiyik" -deyir.
   
   Firidun bəy haqlıdır. Azərbaycan və Anadolu coğrafiyası bizim doğma vətənimizdir. Babalarımızın bir hissəsi iqlim şəraiti və müəyyən siyasi səbəblərə görə buralardan köçüb Orta Asiyaya gediblər, gedərkən də getdikləri yolları, dağların keçidlərini, müəyyən aşırımları bəlləyib özlərindən sonra gələn nəsillərə məlumat kimi ötürüblər. Qovmlar köçü yarandıqda da ora gedənlərin müəyyən hissəsi babalarının özlərinə ötürdükləri yol məlumatlarından yolgöstərici kimi istifadə edərək bu coğrafiyalara təkrar qayıdıblar.
   
   Müsəlman dünyası on üçüncü əsrdən üzübəri elmdə və texnolojidə yeni ixtiralar əldə edə bilmədi. Bunda Monqol işğallarının və işğal etdikləri yerlərdəki kitabxanaları yandırmalarının, alimləri və ziyalıları məhv etmələrinin böyük payı vardır. Məncə qərbdən geridə olmağımızın ən əsas səbəblərindən biri budur. O vaxtlar yaşayan və gördüklərini qeydə alaraq bəşəriyyətə onları töhfə kimi buraxan İbni Fazlan, İbni Bəttutə, Ata Məlik Cüveyni, Ruysbroeckli Willem, Marko Polo və digər səyyahların əsərləri irəli sürdüyüm tezisi dəstəkləyir. Onların səyahətnamələri Monqolların işğal etdikləri bölgələrin insanlarını, mədəniyyətini, elmini nə cür məhv etdiyini gözlər qabağına sərir.
   
   Günorta çağı Azərbaycan Xalq Hərəkatının öncül simalarından biri olan əziz dostum, qardaşım Fərəc Ulusoygilə gedirik. Mehriban həyat yoldaşı, üzündən-gözündən nur tökülən anası və dəcəl nəvəsi ilə bir süfrə başında əyləşirik. Həyat yoldaşı ilə anasının danışığı Ordubadın insanı qeyriadi heyrətləndirən dialektinin ləzzətini təqdim edir. Ordubad, Təbriz, Ərzurum və Qaradəniz bölgəsinin danışığında Qıpçaq Türkcəsinin əvəzsiz bədii ləzzəti özünü büruzə verir.
   
   Fərəc Bəy, Azərbaycan məclisinin millətvəkili olsa da, əslində o Türk dünyasının millətvəkilidir. Bütün ruhuyla, mənliyi ilə Türklüyün müqəddəs əqidəsinin yolunda yeriyir. Onu tanıdığım gündən bəri Türkiyə ilə Azərbaycan arasında müsbət bir körpüyə çevrilib. Azərbaycanı xaricdə ən layiqli şəkildə təmsil edən şəxsiyyətlərdən biridir, Tanrı köməyi olsun.
   
   Bir xeyli söhbətdən sonra Fərəc bəydən icazə istəyirik və yoldaşımla gümüş mağazalarının olduğu tərəfə yönəlirik. O, gəlinlərimiz üçün gümüş hədiyyələr alır və bu mağazadan o birinə yönələ-yönələ bir də baxırıq ki, vaxt ötüb. Tezliklə Az-Neft Meydanına sarı yüyürüb avtobusa minir və əziz dostum Fazil Sadıqov bəygilə gedirik. Əslində onlara metro və ya taksi ilə də gedə bilərdik, ancaq yoldaşım Fatmanın, Bakının həyat tərzinin bu hissəsini də görməsini istədiyimdən belə edirəm. Saat altı radələrində Fazil bəyin qapısını yolda bizə qoşulan dostum Müzəffər Talıblı ilə birlikdə döyürük. Fazil bəy, mehriban həyat yoldaşı, oğlu Elvin, qızı, gəlini, nəvələri bizi qarşılayır. Evdə sanki toy havası var, atmosfer o qədər gözəldir ki..! Evin daxili qurğusu, təmizliyi, səliqə-sahmanı insanı özünə valeh edir. Azərbaycan Türklərini digərlərindən ayıran ən böyük fərq elə ocaqdan başlamırmı?! Bu ocaq mənə yad deyil, çünki Fazil bəylə aramızdakı dostluq qardaşlıqdan da irəlidir və 1990-cı illərə söykənir. Gecənin gec vaxtına kimi söhbət edirik, təbii ki, mövzu qardaş Türkiyə və Azərbaycan arasındakı əlaqələr, Türk dünyasının indiki vəziyyəti, gələcəyidir. Bu cür ailəvi söhbətlərdə biz dövlətlərin siyasətini dəyişdirə bilmərik, ancaq bu ocaqların nəsilləri həmin ab-havanı ruhuna hopdurur və gölə atılan bir daşın yaratdığı dairəvi halqalar kimi böyüyə böyüyə gedir. O halqalar da günü gələndə öz işini görür və görəcəkdir. Fazil bəydən icazə istəyib dururuq və Elvin nə qədər təkid etsəm də əl çəkmir, "Yox, Seyfəddin əmi sizi evə özüm aparacağam" -deyir və bizi maşını ilə evə aparır. Evə çatar-çatmaz əşyalarımızın bir hissəsini yır-yığış edirik, çünkü indi qabqarmasaq sabah işimiz çətin olar.
   
   Bugün, yəni noyabrın 6-sı, Bakıda keçirəcəyimiz sonuncu günümüzdür və üstəlik Qurban Bayramıdır, müqəddəs gündür. Səhər saat ondan tutmuş telefonun zəngi dayanmır, dostlarla telefonda da olsa bayramlaşırıq. Rəşid bəy daha əvvəlcə bizə təkidlə demişdi ki, axırıncı gün bizimləsiniz, ayrı yerə söz verməyin, biz də verməmişik. Təzə gəlinimiz Səbinə Xanım da ilk bayramını beləliklə bizim də olduğumuz bir gündə ata evini ziyarətə gedəcəkdi.
   
   Günortadan sonra durub Rəşid bəy gilə gedirik, daha düzü özü gəlib bizi götürür. Böyük qardaşı Ənvər bəy də həyat yoldaşı ilə birlikdə evdədir. Yenə Elmirə xanım bir yığın əziyyət çəkib. Düzünü deyim onun ləziz yeməklərinə doymaq olmur. Onsuz da Azərbaycan mətbəxinin özünə məxsus tamı və aroması var, onu Türk dünyasının ayrı yerində tapa bilməzsiniz. Plovun əlli altı növünün Azərbaycanda bişirildiyini bilmək məncə bu mətbəxlə bağlı kifayətli məlumatı verir. Gecə yarısına kimi söhbət edirik. əziz dostum Vüqar Səfərli bəy dəfələrlə zəng çalıb onlara da getməyimizi istəyir, ancaq səhər ertədən yola düşəcəyimizdən bizi üzrlü hesab etməsini istəyirəm. Rəşid bəydən icazə istəyib dururuq və həyətə çıxdıqda yoldaşım birlikdə fotoşəkil çəkdirməyimizi istəyir, onun istəyini yerinə yetirib yağan yağışın altında evə çatır, çatan kimi də əşyalarımızı yır-yığış edib maşına yükləyirik. Səhər erkəndən durub çörək yemədən yola düşmək arzusundayıq, qapını açan kimi bizi dəhşətli əsən küləklə birlikdə Bakıda heç vaxt şahidi olmadığım çovğun qarşılayır. Bakıya nadirən qar yağır, bu səbəblə maşınlara qar təkəri filan salmazlar, qar yağanda da küçələrdə cinlər cirid oynayır. Küçələr sakitdir, məcbur qalıb yola çıxanların sayı da sayılacaq qədər azdır. Dostum Əhməd Oğuzun yaşadığı Bayıla üz tuturuq və qaçıb evlərinin qapısını döyürəm, qapını oğlu Eltəkin açır, "Seyfəddin əmi atam getdi, sizi yolda gözləyir" deyir, qayıdıram və Əhmədi soyuqdan domuşmuş halda görürəm. Min gedirik, deyəndə də, "Yoldaşım Vüsalə Fatma xanım üçün nəsə alıb onu gətirsin gedərik"-deyir. Gəlinimiz Vüsalə o qarda-qiyamətdə Fatmaya aldığı hədiyyəni gülçüdə möhtəşəm şəkildə bəzədib gətirir, Fatma ilə görüşürlər və qısa hal-əhvaldan sonra ya Allah deyib yola düşürük. Külək elə vıyıltıyla əsir ki, az qalır maşını aşırsın. 1988-ci ildəndir Bakıya gəlib gedirəm, ilk dəfədir ki, bu cür bir çovğunlu havanın şahidi oluram. Külək həddən artıq sərt olduğuna görə maşını sürətləndirə bilmirəm və Kürdəmiri keçənə kimi bu minvalda gedirik. Gəncəyə yaxınlaşanda hava biraz sakitləyir. Əziz dostum Nəsrəddin İsmailov neçə gün qabaq zəng çalıb demişdi ki, "sizi Gəncədə qonaq edib yola salacayıq". Ona zəng edib havanın vəziyyətini danışıb, biz getməliyik deyə nə qədər təkid etsəm də, "Heç olmasa yolda görüşüb sizi yola salacağam"-deyir. Şəhərə çatdıqda yolda oğlu ilə bizi gözlədiyinin şahidi oluruq, düşüb görüşürük. Bizi üzrlü saymasını və yolumuzun uzun olduğunu nəzərə almasını xahiş edirəm, "sizi bu cür yola salmaq istəməzdim, ancaq yol üstəsiniz gözlətmiyim, Allah uğurunuzu avand eləsin" - deyir və sağollaşıb ayrılırıq. Ayrılsaq da ürəyimiz onun müqəddəs ocağında və Gəncədə qalır.
   
   Ağstafanı keçdikdən sonra istəkli qardaşım Aqil Abbas zəng çalır, həm mənimlə həm də Fatma ilə danışır və ayağındakı problemdən asılı İstanbula həkimə getdiyindən görüşə bilmədiyimizə görə heyfsilənir, "Harda saxlayacaqsınız mənə deyin, dostlara tapşırım heç olmasa bir tikə çörək yeyib gedin" -deyir, ancaq bizim dayanmağa vaxtımız qalmadığını söyləyib təşəkkür edirik. Telefonu söndürdükdən iki-üç dəqiqə sonra zəng çalır, götürürəm, Aqil bəyin bir dostudur və nə kimi köməklik etmək istədiyini söyləyir, ona da təşəkkür edirəm. Aqil bəy belə əvəzsiz bir dostdur. Gömrüyə axşama qalmış çatırıq. Gömrük məmurları həddən artıq diqqət göstərirlər və tezliklə işlərimizi başa vurub yola düşürük, yarım saat sonra da dostum Osman Əhmədoğlunun yaşadığı Keşəli kəndindəki evinə çatırıq. Osman bəy və mehriban həyat yoldaşı Güldərən xanım, nur üzlü oğlu Savalan bizi qapıda qarşılayır. Güldərən xanım bizim üçün qurban ətindən xörəklər hazırlayıb. İki saata yaxın onlarda qalıb söhbət edirik. Osman bəy yeni çapdan çıxan əsərlərini imzalayıb təqdim edir və çətin də olsa icazə alıb qardaşım əhməd Oğuzun bacısı Qətibə xanımla həyat yoldaşı Bəhram bəyin yaşadığı Qarayazı qəsəbəsinə üz tutub, saat doqquz radələrində evə çatırıq. Qətibə xanım da, Bəhram bəy də ürəkləri ovuclarının içində olan iki gözəl insandır. Bu ocağa daha əvvəlcə də gəlmişdim. O vaxtlar qızları Könül də, oğulları Fariz də hələ yuvadan uçmamışdılar. Fariz indi evlənib Moskvada yaşayır, Könül isə ailə qurub, maşallah iki dənə gül balası var və Bakıda yaşayır. Tanrı onları sevənlərinə bağışlasın və kölgəsini onların üstündən əskik etməsin. Bu ocağın səmimi atmosferini təsvir edəcək söz tapa bilmirəm. Bura mənə o qədər doğmadır ki. Məncə bu doğmalığı yaradan bir amil də, Qətibə xanımın xarakter olaraq dörd yaş yarımda olarkən uşaq üstə itirdiyimiz bacım Pəriyə oxşamasıdır. Bacım Pəriyə duyduğum məhəbbətin bir oxşarını da Qətibə xanıma duyuram, qəribə deyil məncə. Gecə yarısını ötənə kimi söhbət edirik. Səhər durduqda Bəhram bəy, "Burda Xanlar (Göygöl) şəhərindən gələn bir aysori xanım yaşayır və gözəl, təmiz bal satır almaq istəyirsiniz?"-deyir. Həmin xanımın evini tanıyan Tofiq adlı bir dostunu səsləyir və məni ona təhvil verir. Maşına minib pulu dəyişib o xanımın evinə gedirik. Xanım bizi gülər üzlə qarşılayıb evə dəvət edir. Həyat yoldaşı və kürəkəninin Rusiya Federasiyasında arıçılıqla məşğul olduğunu söyləyir. Balına baxıram, doğrudan da çox təmizdir, istədiyim qədər götürürəm.
   
   Xanımla söhbət edirik. "Xanlardan niyə ayrılıb bura gəldiniz?" deyə sual verdikdə köksünü ötürüb danışmağa başlayır: "Alçaq ermənilərin üzündən. Azərbaycanın çörəyini yeyib suyunu içdilər, qarınları doyanda da harınlayıb qudurdular. Rusların qışqırtması ilə məlum hadisələr yarandı. Qarabağ döyüşləri zamanı Azərbaycanda yaşayan ermənilər oranı tərk etməyə başladılar, bizə də "siz xıristiansınız buradan çıxıb gedin, Azərbaycanlılar sizi öldürəcək, bilmirəm neyniyəcək -dedilər. Düzünü deyim biz də xıristian olduğumuza görə qorxub bura köçdük, ancaq qardaş, vallah it kimi peşimançılıq çəkirəm. Azərbaycan xalqının əvəzi yoxdur, mehribandır, qonaqpərvərdir, alicənabdır, hüsnniyyətlidir, bir tikə çörəyi də olsa səninlə bölüşər. Ax biz axmaq xıristianlar bəzən elə ağılsız işlər görürük ki..! Biz ordan köçməsək bir Allahın qulu gəlib bizə gözünün üstündə qaşın var deməzdi, onsuz da o vaxta kimi bizə nəinki bir söz demək, çəp baxan da olmadı. Azərbaycanlı qonşularımız, dostlarımız bizə min dil tökdülər, getməyin, ermənilərin sözünə aldanmayın, səhv edirsiniz, desələr də ağılsızlıq elədik. İndi peşimançılıq çəkirik, ancaq nə xeyri?!"
   
   -Gürcüstandan məmnunsunuzə-deyə sual verdikdə, "-Məmnun olmasaq neyləyə bilərik?!-deyir. Yaxşı, buradan çıxıb istədiyiniz ölkəyə gedəbilərsiniz, dünyanın harasında istəsəniz orda yaşaya bilərsiniz desələr hara gedərsinizə-deyə sorduqda da cavabında deyir; "Qardaş məni düzgün başa düş və ayrı cür qiymətləndirmə, sənə xoş gəlsin deyə demirəm. Vallah mənə imkan versələr Türkiyədə yaşamaq, ömrümü orda başa vurmaq istəyərəm"-deyir. Nə üçün Türkiyə-dedikdə də; "Siz Türklər ürəyi təmiz, mərhəmətli, məzlumları qoruyan bir millətsiniz. Allaha and olsun Türkiyədə yaşamaq və canımı o torpaqlarda tapşırmaq istərdim"-deyir. İşimiz qurtarır, təkidlə, "siz Allah bir tikə çörəyimizi kəsin" desə də, "yolumuz uzaqdır və qar qapını basıb Türkiyəyə gedəcəyik, bizi üzrlü hesab elə"-dedikdə. Onda bir istəkan acı çayımızı için deyir, onun xahişini yerinə yetiririk. Durub bir bankaya bal doldurur və "bunu həyat yoldaşınıza verin mənim hədiyyəm olsun" deyib bizi yola salır. Xanıma təşəkkür edib ayrılırıq və Tofiq bəylə birlikdə Bəhram bəygilə gedirik. Bəhram bəy, Əhməd və Qətibə xanım bizə həyətlərindəki ağaclardan bir yığın xurma, alma, nar dərib hazırlayıblar. Onları maşına yerləşdiririk, ayrılıq çətin olsa da məcburən görüşüb sağollaşırıq və ya Allah deyib müqəddəs Anadolu torpaqlarına üz tuturuq.
   
   Kür çayı Tiflis şəhərini ikiyə bölür və şəhərə çatdıqda maşını saxlayıram, Fatma ilə biraz Kür qırağında gəzişir, Gürcü rəssamların şəkillərinə bir müddət tamaşa edir, hədiyyəlik əşyalar satanlarla mən rus və ya gürcü dillərini, onların da Türkcə və ya İngiliscə bilməmələri səbəbiylə lal dili ilə söhbət edir sonra da maşına minib yola düşürük. Tiflis-Batum arası, xüsusilə də Qori bölgəsi iki yüz kilometrlik hissə həm qarlı həm də dolamadır, ancaq Gürcüstan nəqliyyat nazirliyinin işçiləri, yol polisləri get-gəlin ləngiməməsi üçün nə lazımdırsa onu edirlər. İyirmi santimetr qar yağmasına, havanın şaxtalı olmasına baxmayaraq yol açıqdır. Axşam saat altı radələrində Sarp sərhəd qapısına çatırıq. Gömrük işləri uzaq başı on beş dəqiqə çəkir, işlərimizi qurtarıb Rizə şəhərinə yönəlirik və gecəni orda qalıb səhərisi Samsuna yola düşürük. Tələbə dostum Rəsul Şahin zəng edir və təkidlə bizi evlərinə dəvət edir . "Qardaş əgər bizi yan ötüb keçsən səninlə qardaşlığımız qurtardı, yoldaşım da mən də sizdən inciyərik "-deyir, günorta çağı Samsuna çatıb onlara gedirik. əkiztay, mavi gözlü qızları sanki iki mələkdir. Rəsul bəy ahıl çağında bu balaları Tanrıdan töhfə kimi aldı, Allah bəxtlərini açıq eləsin. Çörəyimizi yeyib, çayımızı içdikdən sonra icazə istəyib dururuq və Ankaranın yolunu tuturuq.
   
   Yola düzələndə ibtidai məktəbdə oxuyarkən müəllimimiz bizə bir himn öyrətmişdi, o yadıma düşür.
   
   
   
   Ankara, Ankara, güzəl Ankara
   
   Səni görmək istər hər bahtı kara.
   
   Səndən yardım umar hər düşən dara
   
   Yetərsin onlara güzəl Ankara.
   
   
   
   Burcuna göz dikən dik başlar insin
   
   Türk gücü orada hər zoru yensin,
   
   Yoktan var edilmiş ilk şəhir sənsin,
   
   Var olsun toprağın, taşın Ankara.

TƏQVİM / ARXİV