"Məndən asılı olmayan izlərə qarızmıram"

ETİBAR CƏBRAYILOĞLU
42361 | 2012-02-18 08:44
Saday Budaqlının yerinə başqa bir yazıçı olsaydı telekanallardan, qəzet səhifələrindən düşməzdi... Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmək, Moskvada çap olunan "Uduş" kitabına görə Qorki Mükafatını qazanmaq, "Nedelya" həftəlik məcmuəsinin laureatı olmaq, "Drujba narodov" kimi nüfuzlu jurnalın təsis etdiyi "İlin ən yaxşı hekayəsi" nominasiyasında qalib seçilmək, dünya şöhrətli yazıçı Mixail Bulqakovun ölməz əsərini-"Master və Marqarita"nı doğma dilimizə çox gözəl tərcümə etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülmək hər bir qələm adamına nəsib olmur...
   
   Bütün bunlara rəğmən Saday Budaqlı belə demək mümkünsə, kölgəyə çəkilib. Yazıçı və şairlərin toplaşdığı tədbirlərdə görünmür, ədəbi proseslə bağlı mətbuatda aparılan müzakirələrə qoşulmur...
   
   Təxminən 5-6 il öncə istedadlı yazıçı görüşüb "Gün Səhər" qəzeti üçün müsahibə hazırladım. O vaxtlar Saday Budaqlı "Master və Marqarita"nın tərcüməsini yenicə tamamlamışdı. Maraqlı bir müsahibə verdi və yenə kölgəyə çəkildi...
   
   Uzun müddət çalışdığı Dövlət Radiosundakı baş redaktor vəzifəsini tərk edib Tərcümə Mərkəzinə getməsini nəzərə almasaq, ötən bu müddət ərzində çox şey dəyişməyib. Saday Budaqlı susmaqda davam edir.
   
   
   
   Bulqakovun ruhu...
   
   
   
   - Söhbətə "Yazıçı Saday Budaqlı niyə görünmür?" sualı ilə başlasaq gərək inciməyəsiniz...
   
   - Niyə inciyim ki... Yazıçı gərək öz yazıları ilə görünsün. Mən heç əvvəllər də elə məhsuldar olmamışam. Necə deyərlər, kəmiyyətə yox, keyfiyyətə fikir vermişəm. Ancaq son illər, ümumiyyətlə, yazıyla, fəal məşğul olmamışam. Bunun da səbəbləri var.
   
   - Bəlkə səbəblərini açıqlayaq...
   
   - Bizim yaradıcılıqla daha ciddi məşğul olan dövrümüz cəmiyyətdə gedən siyasi prosseslərə, müharibəyə təsadüf etdi. Hamının əli öz iş-gücündən soyudu. Ədəbiyyat, mədəniyyət arxa plana keçdi. Belə vaxtlarda isə yaradıcı insan üçün daxili harmoniyanı qorumaq, yazı-pozuya köklənmək çətin olur. Yaradıcılıqda orta hədd yoxdu. Ya gərək özünü bütünlükdə yaradıcılığa verəsən, ya başqa bir işlə məşğul olasan. Yazıçı gərək ancaq yaratmaq istədiyi əsər haqqında düşünsün. Başqa qayğılar onun beynini məşğul edirsə, o, yazıya istədiyi kimi köklənə bilmir. İndi bəzən evdə söhbət olanda deyirlər ki, filan vaxt hansısa bir problem olub. İnan ki, mən həmin məsələni heç xatırlaya bilmirəm. Çünki o zaman bütün fikrimi, düşüncəmi yazılarıma vermişdim, necə deyərlər, öz aləmimdə olmuşdum. İndi də sözdən tam uzaqlaşmamışam. Romanımı bitirməyə çalışıram.
   
   - Bədii tərcümələrinizi də oxucular, ədəbi ictimaiyyət maraqla qarşılayır...
   
   - Sevdiyim əsərləri həmişə öz dilimizdə görmək istəmişəm. Öz yaradıcılığımla məşğul ola bilməyəndə, sözdən uzaq düşməmək üçün Mixail Bulqakovun "Master və Marqarita"sını tərcümə etməyə başladım.
   
   - Hadisələrin sonrakı gedişi sübut etdi ki, uğurlu çıxış yolu tapa bilmisiniz. Bulqakovdan etdiyiniz tərcümə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görüldü...
   
   - Bu əsəri belə deyək də, özüm üçün tərcümə edirdim. Çünki kitab halında çap etdirməyə imkanım yox idi. Xoşbəxtlikdən elə alındı ki, həmin ərəfədə prezident 150 cildlik dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə çap olunması barədə sərəncam imzaladı. "Master və Marqarita" da mənim tərcüməmdə dövlət başçısının sərəncamı ilə çap olunan kitabların siyahısına daxil edildi. Sonra da "Qızıl Kəlmə" mükafatına layiq görüldü. Mənə elə gəlir ki, Bulqakovun ruhu işlərin belə uğurlu alınmasına kömək etdi. Bulqakov sağlığında çox əziyyətlərə düçar olub. Bəlkə də elə bu üzdən onun yaradıcılığına müraciət edənlərin işləri asan başa gəlir.
   
   
   
   "İlk kitabım da, son kitabım da Moskvada nəşr olunub"
   
   
   
   - Son vaxtlar internetdə sizin "Yağmursuz havalar", "Nisgil", "Əclaf" hekayələrinizi oxudum. Bildiyim qədərilə bu hekayələr hələ heç bir kitabınıza daxil olmayıb...
   
   - Kitab halında çap olunmayan başqa əsərlərim də var. Fikrim var ki, yeni kitabımı çapa hazırlayam.
   
   - Sonuncu kitabınız nə vaxt çap olunub?
   
   - 1990-cı ildə Moskvada nəşr edilib. İlk kitabım da, hələlik sonuncu kitabım da Moskvada işıq üzü görüb. Azərbaycanda isə sonuncu dəfə kitabım 1987-ci ildə çıxıb. Latın qrafikası ilə çap olunan bir kitabım da yoxdu. Sağlıq olsa, yeni kitabımı çapa verəcəm. Hiss edirəm ki, bu kitaba ehtiyac var. Çünki indi yeni bir oxucu nəsli yetişib. Onlar isə məni tanımır.
   
   
   
   "Ya həqiqəti de,
   
   ya sus!"
   
   
   
   - Bugünkü ədəbi proseslə bağlı aparılan müzakirələrdə də iştirak etmirsiniz. Kitabı çap olunmayan, ədəbiyyatla bağlı mübahisələrdə iştirak etməyən, telekanallarda, qəzet səhifələrində görünməyə can atmayan Saday Budaqlını gənclər necə tanısın?
   
   - Heç vaxt öz təbliğatımla məşğul olmamışam. Bir vaxtlar əsərlərim haqqında mətbuatda çox müsbət fikirlər, təriflər dərc olunurdu. İnan ki, həmin müəlliflərin birinə də zəng edib təşəkkürümü bildirmirdim.
   
   - Niyə?
   
   - Çünki bu məsələyə mən təbii baxırdım. Elə hesab edirdim ki, mənim işim əsər yazmaq, onların da işi həmin əsərə münasibət bildirməkdi. Bu gün də belə hesab edirəm ki, yazıçı oturub əsərini yazmalı, onun təbliği ilə ədəbiyyatşünaslar məşğul olmalıdı. Amma təəssüf ki, indi bəziləri həm yazır, həm də özlərini təbliğ edirlər. Bizdə özünüreklam geniş meydan qazanıb.
   
   - Özünüzü reklam etməyi sevmirsiz. Bu mövqeyinizi tam dəstəkləyirəm. Amma cəmiyyətdə gedən proseslərə münasibət bildirə bilərsiniz axı. Heç inanmıram ki, Saday Budaqlının Yazıçılar Birliyinin indiki durumuna və gələcək perspektivinə öz münasibəti olmasın...
   
   - Təbii ki, yazıçı, qələm adamı bir ziyalı, bir fərd olaraq ətrafımızda baş verən proseslərə münasibətini bildirməlidi. Görünür danışmaqda o qədər də qoçaq deyiləm. Cəmiyyətdən, mətbuatdan bir qədər uzaq qalmağımın bir səbəbi də var. Mən "Ya həqiqəti de, ya sus!" prinsipinin tərəfdarıyam.
   
   Yazıçılar Birliyinə, orada baş verən proseslərə gəlincə, dostlarla, yaradıcılığıma bələd olan insanlarla bu barədə elə hər gün söhbətləşirik də...
   
   - İş yoldaşınız Tofiq Abdinlə açdığınız bu müzakirələri elə ikiniz eşidirsiniz, bir də hərdən Tərcümə Mərkəzinə yolu düşən Etibar Cəbrayıloğlu. Bəs sonra?
   
   - Bütün günü qəzetdə eyni mövzu barədə danışmağın nə mənası var ki? Onsuz da hər qəzetin ağzından bir avaz gəlir. Yenə o fikirdəyəm ki, insan öz sevdiyi işlə məşğul olsa yaxşıdı.
   
   - Bir oxucu kimi bu gün ədəbiyyata gələn gənclərin yazdıqları ilə tanış olursunuz?
   
   - 10-15 il öncəyə nisbətən, indi ədəbi prosesdə bir canlanma var. Xeyli istedadlı gənc gözə dəyir. Təbii ki, belədə nəsillərarası mübahisələr yaranır. Təəssüf ki, bu mübahisələr bəzən təhqirə də keçir. Gənclər özlərindən əvvəlki yazıçıların yaradıcılıqlarını təhlil eləsələr daha yaxşı olar. Yoxsa şəxsi məsələləri qabartmağın yaradıcılığa, ədəbiyyata heç bir dəxli yoxdu. Başa düşürəm, gənc yazarların problemləri çoxdur. Problem də çox olanda kimisə günahlandırmaq istəyirsən. Bütün bunlara baxmayaraq, istedadlı, özünü sübut etmiş gənc istedadlar var. Güclü gənclik yetişir. Vaxtın qabağını almaq mümkün olmadığı kimi, onların da qarşısını almaq mümkün deyil.
   
   Gənclərə bir məsləhətim də odur ki, yaradıcılıqlarına qarşı bir qədər məsuliyyətli olsunlar. Yazdıqları hər bir şeyi çapa verməyə tələsməsinlər. Kəmiyyətə yox, keyfiyyətə önəm versinlər. Əl boyda kitabla da ədəbiyyatda qalmaq olar.
   
   - Son illər müxtəlif qurumlar mükafatlar təsis edir, təqdimetmə mərasimi keçirirlər. Həm Rusiyada, həm də Azərbaycanda nüfuzlu ədəbi mükafatların laureatı kimi bu məsələlərə necə baxırsız?
   
    - Düzdü, bizdə mükafat təsis edənlər çoxalıb. Ancaq çox vaxt mükafat öz layiqli sahibini tapmır. Belə məsələlərdə obyektiv olmaq lazımdı. Ümumiyyətlə, ədəbiyyata dövlət qayğısı artırılmalıdı. Əsərlərin xarici dillərə tərcüməsi öz həllini tapmalıdı. Xalqımızı xaricdə tanıtmağın ən düzgün yolu budur. İmkanı olan kitabını xaricdə nəşr etdirir, təbliğatını qurur. Bəs imkanı olmayanlar nə etsin? Bəziləri Yazıçılar Birliyindən nəsə umur. Yazıçılar Birliyi ictimai bir qurumdu. Onun belə bir səlahiyyəti, maddi imkanı yoxdu ki, bu işləri həyata keçirsin. Ona görə deyirəm ki, dövlətin ədəbiyyata dəstəyi vacibdi.
   
   - Qarşıdan Yazıçılar Birliyinin qurultayı gəlir. Sədr postuna namizədiniz varmı?
   
   - Mən bu işlərə qarışmıram. Daha doğrusu, məndən asılı olmayan işlərə qarışmıram. Hamı başa düşməlidir ki, sədr qurultayda seçilmir.

TƏQVİM / ARXİV