adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ALLAHIN XƏBƏRi OLMAYAN HƏR ŞEY çiNDƏ DüZƏLDiLiB

OQTAY SALAMOV
23403 | 2012-02-18 08:44
Eşitdim ki, Naxçıvan Çin maşını buraxacaq, bilmədim gülüm, ya qəşş eləyim. Tanıdığım bir kişinin başına gələnləri yadıma saldım...
   
   Mustafa kişi (pasportunda cins sözünün qarşısında yazılanı deyirəm, belədə cavanca adamdı ha) ortabab yaşayan adamdı, brend-mrend hərləyən deyildi, brend malları almaq üçün yaxşı pul lazımdı axı. Pulla Mustafanın bir yerdə olması da çox müşkül məsələlərdən də müşkül iş idi. Amma Mustafa kişi o qədər də kasıb adam deyildi ki, adam kimi yaşamaq üçün vacib olan alət və avandaqları almağa xəsislik eləmiş olaydı. Sağlığınıza, maşın da almışdı, smartfonu da vardı, noutbuku da, televizoru da, paltaryuyan maşını da, lap ütüsü də. Onsuz da ağır olan həyatı bu şeylərsiz təssəvür etməyin özü çox ağır həyat vəd edərdi...
   
   Mustafa ilk olaraq televizor almışdı. Kişi bilirdi ki, "Noneym" sırf Çin malıdır. Onu da bilirdi ki, onun televizoru dünyanın o başında olan Çində yox, iki məhlə o yanda olan sexdə qayırılmışdı. Uğursuz sövdə alınmışdı, televizor işləmədi və Mustafa qərara aldı ki, bir də Çin, tem bolee iki məhlə o yanda olan "Çin" malı almasın.
   
   Kişi qərara alır ki, yəni normal şeylər ancaq super brend firmalarda olmur ki. Nə olar adamın pulu az olanda, çox axtararsan normal əşyalar alarsan, inşallah!.. Və başladı axtarmağa.
   
   Mustafanın növbəti "krupnı pokupkası" Koreya istehsalı olan avtomobil oldu. Ta Koreya Çin olmayacaqdı ki. Özünə ürək-dirək verib maşını aldı və oldu maşınlı kişi. Bir ay sonra maşın trassın üçüncü xəttində, yolun ortasındaca söndü. Avtoservisdə Mustafanın qanuni sualına çox aydınca cavab verdilər ki, maşın ona görə xarab olub ki, belə də olmalıydı:
   
   -Əmioğlu, bəs sənə söyləməyiblər ki, bu Koreya maşınında olan bütün aqreqatlar Çində istehsal edilib. H0435 maşının harada yığıldığını da bilən yoxdur. Bəlkə də Koreyada yığıblar...
   
   Sonra da aqreqatların üzərində olan"Made in China" yazılarını həm də gözünə soxdular. Bu damğa Mustafanın beynində əbədi həkk olunmuş oldu. Maşını isə birtəhər yamadılar, aqreqatları yenidən Çin malına dəyişdilər və Mustafa elə o maşında da gəzməyə başladı. Nə səyi oldu, nə də pulu ki, maşını yaxşısına, amma bahalısına dəyişə bilsin.
   
   Mustafanın növbəti aldığı şey smartfon oldu.. Kişi onu seçənə qədər o dünyanı görüb qayıtdı.
   
   Satıcı məsləhət görürdü ki, Belçikanın çox da məşhur olmayan firmasının istehsalı olan smartfonu alsın. Mustafa "başına gələn başmaqçı olar" deyib düşdü internetin canına, adı çəkilən smartfon haqda hər şeyin cikini-bikini öyrənməyə çalışdı. Adamın Allahı var, Mustafa kimi adamın büdcəsi üçün çox bahalı mal idi axı. Nəhayət dişini-dişinə sıxıb, "yad mədəd" dedi və smartfonu aldı...
   
   Bircə ay sonra aparatın "zaryadka" yığmadığını görən Mustafa yaman pərt oldu. Təcili smartfonu tanış emalatxanaya apardı. Ustanın stolunun üzərində elə bu smatrfonların beş-onunu görəndə dalağı sancdı. Ustanın heç insafı yoxuymuş, birbaşa Mustafanın gözünün içinə dedi ki, "ay zalım oğlu, bu Çin zibilinə pul verməyin dəə!.."
   
   -Nə kitayski əə, Belgiyanın malıdı!..
   
   -Sən də inandın?- deyən usta emalatxanın qapısının arxasına keçib geri qayıtdı.Deyəsən Mustafanın pərtliyini almaq istəyirmiş kimi qəribə söz işlətdi: "Allahın xəbəri olmayan bütün malları çinlilər düzəldirlər". Xəbərin varmı ki, çinlilər bu günlərdə "Volvo" konsernini də alıblar.
   
   Elə oradaca da Mustafa qərar verdi ki, heç vaxt "Volvo" almayacaq.
   
   ...Mustafa avropa sifət quruluşlu bir qızla tanış olmuşdu. Qızın əcdadlarının yeddi arxa dönənini təftiş elədi və qəti əmin oldu ki, qızın nəslində çin qarışığı olmasın gərək. Yazıq xəlvətcə qızın bədəninə diqqət yetirirdi ki, birdən harasındasa ""Made in China" damğası olar ha... Bir də yaman narahat idi ki, arvad ayın axırında sıradan çıxacaq. Kitayski malların yararlılıq müddəti bu qədərdi axı...
   
   İndi də Mustafa özlərinin ZAQS-larının kitayski olub olmadığını araşdırmaq azarına düşmüşdü...
   
   Maraqlıdır ki, Çinnən Naxçıvanın birgə istehsal elədikləri avtomobillərin adı necə olacaq - ÇinNax yoxsa NaxÇin?

TƏQVİM / ARXİV