adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Milli "mamed"imizin kəmiyyətinin keyfiyyət problemi

7390 | 2012-02-18 09:08
Statistikanı heç sevmirəm. Həm də tək ona görə yox ki, statistika milyonların ölümünü rəqəm halında ifadə edib adiləşdirdiyi halda, ədəbiyyat bir ölümü belə faciəyə çevirə bilir. Yox. Sadəcə statistika yorucudur. Rəqəmlərin arxasında gizlənən həqiqəti görmək heç də həmişə asan olmur. Mənə yorucu görünəni oxucuya təqdim etdiyim üçün qüsura baxmayın. Bu dəfə həqiqət o qədər apaydın ortadadır ki, heç kim yorulmayacaq. Amma bu yazının yazıldığı dili ana dili sayan hər kəsin təəsüflə dərindən köks ötürəcəyi dəqiqdir.
   
   Beləliklə, Trend informasiya agentliyi Gürcüstan Ədliyyə Nazirliyinin vətəndaş reyestrinə əsasən belə bir xəbər yayıb ki, bu ölkədə ən populyar soyad Beridzedir (26 796). Populyarlığına ikinci yerdə Məmmədov soyadı gəlir. Üçüncü yeri gürcülərə verməklə (Kapanadze soyadı -17 976), dördüncü yer də soydaşlarımıza aiddir: Əliyev soyadı (17 605). Onu da bildirək ki, bu ölkənin 50 ən populyar soyad siyahısında Gürcüstandakı gürcü və azərbaycanlılardan başqa heç bir millət təmsil olunmayıb. Sevinməyə tələsməyin. Gəlin başqa statistik rəqəmlərə nəzər salaq.
   
   Gürcüstanda yaşayan soydaşlarımız arasında əvvəlki illərlə müqayisədə bu ölkədə orta məktəblərə gedən uşaqların sayı kəskin azalıb. Azərbaycana işləməyə gedən gənc ailələr uşaqlarını Bakı məktəblərinə qoyurlar. Əgər bir sinfə əvvəllər 20-22 azərbaycanlı şagird gedirdisə, hazırda bu göstərici 10-12-dir. Gürcüstandakı 120 azərbaycandilli məktəbin 12-nin direktoru gürcüdür. Halbuki, həmin məktəblərin yerləşdiyi kəndlərdə bir gürcü belə yaşamır. Sadəcə bura direktor təyin etmək üçün azərbaycanlı kadr yoxdur. Azərbaycan məktəblərinin müəllim kontingentinin 67 faizi təqaüdçüdür.
   
   Başqa bir statistika. Soyadların siyahısında ikinci yerdə olan millətimizin bu ölkədə ali məktəbə qəbul göstəricisinə baxaq. Ötən il Gürcüstan üzrə 36 min 421 nəfər abituriyent qeydiyyatdan keçib. Onların 30 minindən çoxu tələbə adını qazanıb. Gürcüstan ali məktəblərinə indiyədək 335 nəfər azərbaycanlı sənəd verib. Ayıb bir rəqəm. Bu rəqəmi Bakıda təhsil alan əslən Borçalıdan olan soydaşlarımızın sayı ilə müqayisə etmək belə olmaz. Fərq dəfələrlə çoxdur.
   
   Son statistik rəqəmlərin nəticəsidir ki, Gürcüstan parlamentində, hökumətində və bələdiyyəsində də soydaşlarımızın sayı ilə bağlı biabırçı göstəricilər var. Yenə də eyni paralellik aparsaq, Azərbaycan Respublikasında müxtəlif vəzifələr tutan, əslən bu bölgədən olan şəxslərin sayı daha çoxdur. Azərbaycan Respublikası hər bir Azərbaycanlının dövlətidir və hər zaman hər bir soydaşımıza dayaq durub. Amma dövlət Vətən üzərində qurulur. Vətən isə yalnız dövlət sərhədləri çərçivəsində çızılan məkan deyil. Vətən həm də Borçalı, Qarayazıdır. Gürcü dilində təhsil almaq, bu dili bilmək "zapadlo" deyil. Ayıb olan bu bölgədə idarəçiliyin başqa millətin əlində olmasıdır. Əlbəttə, gürcülər də bu bölgədə türkləşməyə qarşı fəaliyyətdədir. Amma gürcü dilində mükəmməl təhsil alan, peşəkar kadrın bizim milli bayramımız olan Novruz bayramını dövlət bayramı kimi qəbul edən Saakaşvili hökumətində yer almayacağı heç inandırıcı deyil. Əgər bir ölkənin sayca ikinci populyar soyadı azərbaycanlılara aiddirsə, məntiq o ölkənin ən azı üçüncü mühüm dövlət postunda da bu millətdən olan şəxsin oturmasını diktə edir. Əgər reallıq belə deyilsə, demək ortada yalnız kəmiyyət, var keyfiyyət yox. Rusiyada böyük çoxluq olmağımıza rəğmən bir adla - "mamed" olaraq tanındığımız kimi, Gürcüstanda da ikinci yeri tutan soyad bu adla bağlı idi. Lənət şeytana, dəyişmir. Dəyişmirik!

TƏQVİM / ARXİV