adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HARMONiYA

VƏSİLƏ USUBOVA
30337 | 2012-02-18 08:44

   
   Elə bilirəm deyəcəklərimlə siz də razılaşarsınız. Hərdən heç nə eləmək istəmirəm. Nə yazmaq, nə oxumaq, nə də televizora baxmaq. Kimisə görmək, dinləmək də keçmir könlümdən. Sakitcə oturmaq, ya da uzanmaq, gözlərimi yumub qaranlığa, səssizliyə qərq olmaq qəribə bir rahatlıq gətirir mənə. Belə vaxtlarda heç düşünmək də istəmirəm. Sadəcə bədənimi dinləmək, var olduğumu dərk eləmək ehtiyacı duyuram. Ürəyimin döyüntüsünü, damarlarımda axan qanın xəfif xışıltısını, qulaqlarımın guyultusunu həssas bir maraqla dinləyir, ən yaxınımda dayananın belə eşidə bilmədiyi bu səslərin heç də tufandan, qasırğadan, zəlzələdən az güclü, titrəyişli olmadığını hiss edirəm. Yumulu gözlərimin qabağında necə xırda-xırda şimşəklər çaxdığını, ürək döyüntülərimin arabir çaşdığını, bədənimin hissə-hissə istiləşib-soyuduğunu izlədikcə anlayıram ki, bizim ən az qulaq asdığımız, diqqətsiz qaldığımız elə öz bədənimiz, öz varlığımızdı. İstəklərinə, tələblərinə tabe olmadığımız, bizi idarə etməsini əngəllədiyimiz varlığımızg İmkan versək, bədənimizin təbii axarına qoşulsaq, hiss və duyğularımızı bu qədər zorlamaz, ikili və ikiüzlü ömür sürmərik...
   
   Ürəyimizin, qanımızın səsini susdurub da, ətrafdakıların ssenarilərinə qatılıb rol oynayırıq. Dodağımız gülüş istəyəndə zorla qaşlarımızı çatırıq. Gözlərimiz ağlamaqçın dolanda saxta təbəssümü maska kimi üzümüzə taxırıq. Qorxuruq...Birdən kimlərinsə xoşuna gəlməz bu halımız, könül istəklərimizə tabe olmağımız. Kimlərsə haqqımızda nələrsə düşünərlər. İş-gücünü, dərd-sərini unudub başqalarını güdənlərin, enini-uzununu ölçənlərin rəyləri, qənaətləri içimizin istəklərindən önəmliymiş bizimçin. Bir gün ayılanda, hər kəsin və hər şeyin acığına özümüz olmaq istəyəndə artıq hər şey arxada qalmış olur...
   
   Daxili dünyamızın istəkləriylə zahiri davranışımız arasında uyarlıq, eynilik yarada bilsək, bu harmoniya fiziki və ruhi müvazinətimizi tarazlaşdırıb hər cür bədlikdən, uğursuzluqdan qoruyar bizi. Tam qoruya bilməsə də, heç olmasa, ən gərəkli olanları itirməkdən saxlayar, özümüzə gəlməyimizi asanlaşdırar...
   
   ***
   
   Həmişə ruhumun ehtiyacı olana, qəlbimi qidalandırıb boşalmağa qoymayan fikirlərə, bu fikirlərin daşıyıcısı olan insanlara üz tutmağa can atıram. Belələri biryolluq könül dünyama daxil olur, həmsöhbətimə, dərd ortağıma çevrilirlər...
   
   Bir qadın tanıyıram. Özü də uzun illərdi. Çox yaxından tanıyıram onu. Hər kəsi tanıdığımdan qat-qat artıq. Özünü heç vaxt görməmişəm. Bir şəklindən, bir də dönə-dönə oxuduğum yazılarından bələdəm qəlbinin genişliyinə, ruhunun zənginliyinə, zövqünün incəliyinə. Bilirəm ki, o da məni tanıyır. Həm də mənim onu tanıdığımdan qat-qat yaxşı tanıyır. Tanımasaydı, qəlbimdəkiləri, düşüncəmdəkiləri məndən qabaq, özü də məndən daha dəqiq, dürüst ağ vərəqlərə düzməzdi... Bilmirəm, sənəti nədi, harada işləyir, harada yaşayır. Tək bildiyim odu ki, belə bir xanım var. İncə ruhlu, zərif duyumlu.
   
   Mənim müasirimdi. Təkcə dövrə, zamana görə deyil, fikir, zövq müasirimdi...
   
   Az-az yazır. Bəlkə başqa qəzet-jurnallarda da yazıları çıxır. Deyə bilmərəm. Ancaq "525-ci qəzet"də iki-üç aydan, dörd-beş aydan bir məqalələrini görürəm. Hər dəfə də ürək çırpıntısıynan hiss edirəm ki, indi bu xanım məni başqa aləmlərə aparacaq. Nə zamandan bəri qəlbimə soxulmağa fürsət tapmış yoran, bezdirən, küsdürən nə varsaa, hamısını qovub çıxardacaq, ruhumu saflaşdırıb özümə qaytaracaq. "Yazıq o şəxsə ki, qaraqabaqdır" adlı yazısı ötən ilin sentyabrında dərc olunmuşdu. Bəlkə də yazının başlığı ilk baxışda çox işlənilmiş, şablon görünə bilər. Ancaq oxumağa başlayan kimi, müəllif ilk cümlələrdən adamı tələsik nəticə çıxardığına görə utandırır. Çünki gözləmədiyimiz, alışmadığımız hadisələrdən söz açır, insan xarakterinin ayrılmaz bir parçasının düşündüyümüzdən və indiyədək anladığımızdan daha gərəkli olduğunu diqqətimizə çatdırır...
   
   Zöhrə xanım (Əsgərova) həssas qadın qəlbiylə hiss edir ki, adamların üzündən təbəssüm getdikcə yoxa çıxmağa başlayıb. Yerini qayğı, gərginlik, vaxtsız yaşlanma, qocalıq cizgiləri tutub. Bax, buna "qırmızı işıq" yandırmaq istəyən Zöhrə xanım maraqlı, orijinal bir "resept" təklif edir: Uşaqlaşmaq! Buna isə uşaq nağılları oxumaqdan başlamaq lazımdır.
   
   Ruhumuzu xilas etmək üçün uşaqlıq dünyamıza qayıtmalıyıq!
   
   Yazıya özünün də bir uşaq nağılından təsirlənməsinin təsviriynən başlayan müəllif oxucunu sözlərin, cümlələrin qoynunda antik dövrə aparır. Qədim yunan filiosoflarından tutmuş Ziqmund Freydə qədər ağıl və zəka sahiblərinin gülüş haqqında, insan ruhunun saflaşması haqqında fikirləri ilə tanış edir. Gülüşün sağaldıcı, ruhlandırıcı, saflaşdırıcı gücündən danışır, tarix boyu ağıl, güc və sərvət sahiblərinin ondan öz məqsədlərinə çatmaqdan ötrü necə məharət və ustalıqla yararlanmalarından söz açır. Gülüşün insan həyatındakı rolunu diqqətə çatdırmaq istəyən müəllif ən çox təlxəklərdən misal çəkir. Bəlkə ona görə ki, bu oyunbazlar başqalarını necə məharətlə güldürməyi, əyləndirməyi bacarsalar da, əslində, özləri qəmli, kədərli bir qismətlə yaşayırlar. Ən adi adamların belə ömrünə yazılanlardan məhrum olan bu talesizlərin göz yaşları içlərinə axır. Düz sözləri də, könül yanğıları da qəhqəhələrlə qarşılanır, ciddiyə alınmır...
   
   Zöhrə xanımın məqsədi hamımıza yaraşan, hamımıza gərək olan gülüşdən söhbət açmaqdı. "Allahın yaratdığı canlılar arasında ən zərif, ən zəif varlıq insandır. İnsan yeganə varlıqdır ki, Allah ona təbəssüm, gülüş bəxş edib..." Bu cümlələri oxuyandan sonra fikrə getməmək mümkün deyil. Doğrudan da, çox zaman Uca Tanrının bizlərə nələr verdiyinin fərqində olmuruq. Əgər bunları dərindən anlayıb bir insan yarandığımızdan qürur duymağı bacarsaydıq, sahib olduğumuz hər şeydən həm özümüzün, həm də yaxın-uzaq insanların xeyrinə səxavətlə istifadə etsəydik, nə mutlu dünyaya sahib olardıq...
   
   Peyğəmbərimiz "təbəssüm ehsandır" deyib. Ürəkdən gələn təbəssümün xilasedici gücünü, yaşatmaq qüdrətini bundan dəqiq, sərrast ifadə etmək qeyri-mümkündü...
   
   Gəlin görək bu "ehsan"ları hamı düz başa düşüb, olduğu kimi qiymətləndirə, özünə layiq cavablandıra bilirmi?! Təbəssümü dodaqda, gülüşü gözlərdə dondurmaq istəyənlər və çox-çox təəssüflər ki, bizlərin zəifliyimizin sayəsində istədiklərinə nail olanlar azdırmı?! Xoş təbəssümdən, şən gülüşdən qəlbi qaralanlar necə, yoxdurmu?! Bu Tanrı lütfünü alverə belə çevirənlər var. Nədi, nədi, zəhmli görünəcək, qarşısındakını əlini cibinə salmağa məcbur edəcək. V.Səmədoğlunun "Bəxt üzüyü" komediyasında milis rəisinin öz işçisinə sifətinə "bolşe zəhirmar" verməyi əmr etməsi yadınızdadırmı?!...
   
   ***
   
   Oxucularını nağılların sehrinə düşməyə çağıran Zöhrə xanım yazısını belə qurtarır: "Gəlin, küsgün, acı fikirlərimizi dəniz sahilindəki qumların üzərinə yazaq. Dənizin ləpələri onları ümidsiz arzular sahilindən yuyub aparsın. Ürəklərdə yaxşı əməllərimizlə saraylar ucaldaq. Dəniz sahilindəki saraylar isə qumlar üzərində yazılar kimi gec-tez sulara qovuşacaq..."
   
   Müəllifin nikbinliyinə kölgə salmaq fikrindən çox-çox uzaq olsam da, bir müdaxilədən özümü saxlaya bilmirəm. Necə bilirsiniz, bəlkə gülüş də, göz yaşları da xarakterimizin bir çaları olaraq alın yazımızdı elə?! O da var ki, yerində gülməyi də, ağlamağı da bacaranlar çoxdur. Və yaxud... son dərəcə nikbin ruhla doğulub faciəli taleyin qurbanı olan azmı adam tanıyırıq?! Elə Zöhrə xanımın yazının başlığına çıxardığı şeirin müəllifi kimi...
   
   Belə misalları istənilən qədər çəkmək olar...
   
   Hər halda Zöhrə xanımın öz fikirləri də, yerli-yerində işlətdiyi sitatlar da elə uşaq nağılları kimi şirin, saf və kövrəkdi. Həm də adamı bərkidən, dözüm və səbr verəndi. Onu oxuyanda səni anlamayanların qarşısında Heraklit kimi ağlamaq yox, Demokrit kimi sarsıdıcı gülüşlə durmaq istəyirsən...

TƏQVİM / ARXİV