adalet.az header logo
  • Bakı 18°C

"Heç bir dini qəbul etmirəm"

İNTİQAM VALEHOĞLU
22169 | 2012-02-17 08:10
"Həmkar"ın beşinci sayının qonağı olan Təhminə Tağızadəni jurnalist olaraq ANS-dən tanımışam. Amma bir çoxları kimi onun da telekanaldan uzaqlaşması səs-küysüz ötüşmədi. Hətta o bu barədə sosial şəbəkələrdən birindəki səhifəsində açıqlama da verdi. Amma düşünməyin ki, söhbətimiz bütünlükdə bu mövzuya həsr olunub.
   
   
   
    "Jurnalistikaya gəlişim öz təşəbbüsümlə olmayıb"
   
   
   
   - Gəncədə doğulmuşam, təxminən 10 ildən çoxdur ki, jurnalistika ilə məşğulam. Bu müddət ərzində müxtəlif növ KİV-də çalışmışam, onlar əsasən QHT və ya nisbətən müstəqli orqanlar olub. Yəni bir sözlə jurnalist kimi bəxtim gətirib, azad fəaliyyət göstərməm üçün imkanlarım olub.
   
   -İlk iş yerini necə xatırlayırsan?
   
   -İlk iş yerim İnternews-Azərbaycan təşkilatının regional "Gəncəbasar" qəzeti olub. Demək olar ki, jurnalist kimi orda formalaşmışam. Çox maraqlı kollektivimiz vardı. Mən deyərdim ki, azad düşüncəli yaradıcı insanların kollektivi idi. Burada əsasən sosial-ictimai mövzularda yazırdım. Kifayət qədər təcrübəsi olan jurnalistlərlə bir yerdə işləmək çox məsuliyyətli idi və çalışırdım ki, mən də öz imzamla fərqlənim.
   
   -ANS-ə gəlişin necə alındı?
   
   - Mən bir məqamı da qeyd etmək istəyirəm ki, jurnalistikaya gəlişim öz təşəbbüsümlə olmayıb. Tələbəydim, yaxşı nitqim var idi və bu səbəbdən İnternevs məni Gəncədə yeni fəaliyyətə başlayacaq yerli televiziyaya (Alternativ) kadr hazırlığına yardım etmək üçün diktor seminarlarına dəvət etdi. Elə ilk görüşdə məni seçib, Bakıya göndərdilər. 2001-ci ilin dekabırının 18-i idi. ANS-lə də belə oldu. ANS-ə 2007-ci ildə məndən öncə burda bölgə müxbiri çalışan Şəhla Abdinovanın dəvəti ilə gəldim. Müxtəlif televiziya layihələrində çalışdığımdan, bu sahədə də artıq xeyli təcrübəm var idi.
   
   -Amma etiraf edək ki, sənin jurnalist kimi tanınmağında ANS-in rolu danılmazdır. Bəs nədən bu telekanalla yollarını ayırdın?
   
   - Televiziya təbii ki, ən çox tamaşaçı kütləsinə malik olduğundan onun tanınmaq kimi məsələlərdə köməyi olur. Amma mənim üçün əsas olan imzamın oxucular tərəfindən tanınması və bəyənilməsidir. ANS-ə gəlməzdən öncə mən artıq bir çox aparıcı qəzetlərdə çap olunurdum, mütəmadi jurnalist araşdırmaları edir, hətta beynəlxalq KİV-lər üçün də məqalələr hazırlayırdım. Düşünürəm ki, ANS-də də öz imzamla seçilə bilmişəm. Məni tanıdan da ANS-də bir çoxlarından fərqlənməm olub. Dostlarım bilir ki, mən heç zaman ANS-çi olmamışam. Orda bu ifadə çox dəbdədir. Mən hər zaman bir jurnalist kimi qəbul etdiyim prinsiplərimə sadiq qalmağa çalışmışam və hər zaman Təhminə Tağızadə olmuşam.
   
   
   
   "Başqa ölkələrdə belə telekanalları çoxdan bağlayardılar"
   
   
   
   -ANS-çi olmaq qəbahətmi?
   
   - Məncə jurnalist harda çalışmasından asılı olmayaraq öz peşə prinsiplərini əsas tutmalıdır, hər redaksiyadan redaksiyaya yeni qaydalarla fəaliyyətini qurmamalıdır. Misəl üçün, bir məqamı qeyd edim. ANS-də arif tamaşaçı yaxşı sezir ki, insanların faciəsindən divident qazanmağa adət ediblər. Qanlı, faciəli olaylara, jurnalist dili ilə desək, ucuz məsələlərə daha çox önəm verir, onu qabartmağı sevirlər. Kütlə də buna maraq göstərir və belə xəbərlərə, verilişlərə daha çox baxır. Bizim bütün TV-lər kimi ANS üçün də cinayətdə şübhəli bilinənlərin təqsirsizlik prizumsiyası anlayışı yoxdur, yəni günahı sübuta yetirilməmiş insanların adlarını, üzlərini və digər şəxsi informasiyalarını kriminal və bu sayaq verilişlərdə asanlıqla verirlər. Başqa ölkələrdə belə telekanalları çoxdan bağlayardılar. ANS-də zərərçəkmişin də hüquqlarından ümumiyyətlə anlayışları yoxdur. Amma mən daim çalışırdım ki, azyaşlı, zorakılığa məruz qalmış insanların kimliklərini açıqlayan məlumatları verməyim, hətta bunun üçün dəfələrlə mübahisələrim də olurdu. Hazırda rəhbəri olduğum Gəncə Media Mərkəzi layihəsinin xəbər saytı ganca.az-da da bu prinsiplər əsasən də işimizi qurmuşuq. Kriminal, bu sayaq xəbərlərdə adları tam yazmırıq, zərərçəkmişlərin isə ümumiyyətlə heç bir şəxsi məlumatları açıqlanmır. Biz artıq neçə ildir, bu cür prinsiplərlə işləyirik. Halbuki, hələ yeni-yeni bəzi xəbər saytları azyaşlı, zorakılığa məruz qalmış şəxslərin yalnız adlarının baş hərflərini verməyə başlayıblar. Yəqin ki, bu yaxınlarda Xaçmazda baş verən bir olayı, atanın öz qızlarını zorlaması hadisəsini xatırlayırsız. Bütün KİV-lər o qızların gələcək taleyini düşünmədən atanın üzünü, qızların adlarını belə efirə verdi. Bu məsələdə ANS həmişəki kimi canfəşanlıq edirdi. Belə ANS-çi olmaqdansa, jurnalistliyi atıb daha halal işlə məşğul olmaq düzgün olardı. Bütün bu problemlər bizim televiziya sahəsində rəqabət mühitinin olmamasıdır.
   
   
   
   "Bunu isə ANS-də heç vaxt sevmirdilər"
   
   
   
   -Deyəsən keçmiş iş yerindən əməlli-başlı narazı ayrılmısan... Hətta facebook profilində də bu barədə yazmışdın. Nə baş vermişdi?
   
   - Qeyd etdiyim məqamlarla neçə razı qalmaq olardı? Son zamanlar daha da aydın hiss edirdim ki, artıq burda qalmağım əksinə məni nüfuzdan salır. Özüm də dəfələrlə xəbərdarlıq etmişdim ki, burada çox dayanası deyiləm, yaxın bir neçə aya gedəcəm. Amma son günlər baş verən olaylar bu qərarımı daha da qətiləşdirdi. Əvvəla deyim ki, bölgə müxbirləri ilə çalışan redaktor Etibar İbrahimov işdən çıxandan sonra bizimlə iş demək olar ki, çox bərbad vəziyyətə düşmüşdü. Üstəlik maaş çox aşağı, yaradılan şərait isə pis idi. Ümumiyyətlə ANS-in tərzi belədir. Guya rüşvət almadıqlarına görə kasıbdırlar. Buna baxmayaraq belə şəraitdə çalışan işçilərinə minnətdar olmaq əvəzinə, həmişə işçiləri incitməkdən zövq alıblar. ANS-də işləyənlər onların izahat siztemindən yəqin ki, az dad etməyiblər. Mənə isə bu 5 ildə bir dənə də olsun izahat yazdıra bilməyiblər, daim mən onlara bizə münasibətlərinə, problemlərimizdən dolayı izahat yazmışam. Yəni bir sözlə daim haqqımı, özümə layiqli münasibət tələb etmişəm. Bunu isə ANS-də heç vaxt sevmirdilər. Gəncədə də son zamanlar yeni icra başçısı təyin ediləndən sonra çoxlu haqsızlıqlar baş verməyə başladı, şəhərin siması dəyişdirilirdi, tarixi abidələr dağıdılırdı. Mən də bu haqda reportajlar hazırlamağa çalışırdım. Amma gördüm ki, ANS-də mənim materiallarıma qarşı əməlli başlı senzura var. Məni qərəzli olmaqda ittiham edirdilər. Hətta mən cümlələrimi dəyişdirdiklərinə görə, materialımın verilməsindən də imtina etməli olurdum. Bir sözlə gördüm ki, jurnalist kimi azadlığımı alırlar. Mənim üçün isə ANS sadəcə azad sözümü deyə bilməm üçün bir tribuna idi. Bu imkanlar da olmayandan sonra, belə az maaşla, münasibətlə mənim ANS-də fəaliyyətimi davam etdirməyə artıq heç bir lüzum qalmamışdı.
   
   
   
   "Mən hələ bu ölkədə normal maaş alan peşəkar,təmiz jurnalist görməmişəm"
   
   
   
   - ANS-də əməkhaqqın nə qədər idi?
   
   - Bizi qanorar sistemi ilə fiziki şəxs kimi işə götürmüşdülər. Təxminən 150-200 manat verirdilər. Bu puldan sosial və gəlir vergilərini də özüm ödəyirdim. Orda əksəriyyət əmək müqaviləsi ilə deyil, sifarişçi-icraçı müqaviləsi ilə işləyir. Bu da təbii ki, qanuna ziddir.
   
   - Hazırki işin nədən ibarətdir?
   
   - Hazırda Gəncə Media Mərkəzində layihə koordinatoru və redaktor işləyirəm. Burada 2006-ci ildən işləyirəm. Bu Mərkəz bölgədə demək olar ki, yeganə müstəqil KİV orqanıdır. Eyni zamanda Britaniyanın İWPR (Sülh və Müharibənin İşıqlandırılması İnstitutunun) Gəncədəki regional sivil jurnalistika mərkəzinin koordinatoruyam. Eyni zamanda bir sıra Bakı saytları və qəzetləri üçün materiallar hazırlayıram.
   
   - Əməkhaqqın?
   
   - Aylıq gəlirim təxminən 500 manat təşkil edir.
   
   - Səncə bizdə sıravi müxbirlər bu qədər aşağı əməkhaqqı alırlar?
   
   - Bizdə əksər müxbirlərin maaşı olduqca aşağıdır. Mən hələ bu ölkədə normal maaş alan peşəkar, təmiz jurnalist görməmişəm. Ümumiyyətlə bu cür cəmiyyətdə jurnalist yaxşı yaşayırsa o heç vaxt təmiz ola bilməz. Ona görə də mən heç zaman az qazandığıma görə narahat olmamışam. Orta statistik azərbaycanlı neçə yaşayırsa jurnalisti də elə yaşamalıdır. Amma təəssüf ki, bizdə əhalinin əksəriyyəti kasıbdı, elə vicdanlı jurnalisti də.
   
   
   
   "İcra başçısı yanğınsöndürənə müxbiri və operatoru sulamağı tapşırdı"
   
   
   
   - Müsahibəmiz deyəsən daha kəskin xarakter alır. Söhbətin bu yerində başına gələn, şahidi olduğun maraqlı bir əhvalat danışsan yaxşı olar...
   
   - Bölgədə jurnalist işləməyin öz özəllikləri var. Bəzən elə məmurlarla söhbət etməli olursan ki, jurnalistin kim olduğunu bilmir. Gəncədə isə biz bu təcrübəni çoxdan yaşamışıq və bu yaxınlarda sizə danışacağım əhvalatı eşidəndə təəccüblənməyə bilmədim. Deməli beləg Gəncədə ağacəkməyə həmişə olduğu kimi dövlət müəssisələrinin işçilərini cəlb edirlər. Növbəti belə bir tədbirdə işçiləri daşıyan avtobus hadisə yerinə çatanda yanmağa başlayır. Acacəkməni işıqlandırmağa gələn yerli jurnalistlər hadisəni görüb adekvat reaksiya verərək avtobusu çəkməyə başlayırlar. Bu zaman Gəncənin icra başçısı jurnalistlərə kobud ifadələrlə mane olmağa cəhd edir. Cəhdlərinin fayda vermədiyini görən icra başçısı yanğınsöndürənə müxbiri və operatoru sulamağı tapşırdı. Yazıq yanğınsöndürən də çarəsiz qalıb onları sulayır. Jurnalistə belə münasibəti başqa harda görə bilərsiz? Bax biz belə macəralı şəraitdə çalışırıq.
   
   - Mətbuatda imzasını oxuduğun kimsə var?
   
   - Əlbəttə var. "Azadlıq" radiosunu, "Azadlıq" qəzetini daha çox izləyirəm, Seymur Həzinin yazılarını xüsusilə oxuyuram. Bu məsələdə dostluq da öz sözünü deyir. Dostlarımın məqalələrini oxumağa vaxt tapmağa çalışıram.
   
   - Hədsiz dərəcədə müxalif fikirlisən. Hiss edirsən?
   
   - Ola bilər. Bunu kompliment kimi qəbul edirəm. Jurnalist elə istənilən rejimlərdə, cəmiyyətlərdə müxalif hakimiyyətə mövqedə olmalıdır, onun hakimiyyətdə nə işi var?! Bizə əbəs yerə "gözətçi köpəklər" deməyiblər ki? İşimiz yaxşı mənada daim hökumətə hürməkdir. Jurnalistin çörəyi xalqdan çıxmalıdır, hökumətdən çıxsa o jurnalist deyil demək.
   
   - Dinə münasibətin necədir?
   
   - Mən deistəm. Dinə münasibətim normaldı, hər kəsin seçiminə hörmətlə yanaşmağa çalışıram.
   
   - Yəni?
   
   - Amma dinlə spekulyasiya edilməsinin əleyhinəyəm.
   
   - Dini inancın?
   
   - Heç bir dini qəbul etmirəm. Mənə görə insanla Allahın arasında heç bir vasitəçi olmamalıdır və həyat o qədər qəlizdir ki, onu hansısa dini normalar, adətlər qəlibinə salmaq mümkün deyil. Bəlkə orta əsr insanı üçün bu qəliblər keçərli idi, amma indiki dövrün insanını belə metodlarla idarə etmək çətin məsələdir.
   
   - Səncə bəzi hallarda telejurnalistlər niyə mətbuat jurnalistlərinə yuxarıdan baxırlar?
   
   - Bizdə ümumiyyətlə, loğvalıq bir növ dəbdir, hər kəs özünü başqasından ağıllı göstərməyə çalışır. Televiziyada işləyənlərin əksəriyyəti qəzet müxbirlərindən dəfələrcə savadsızdırlar. Televiziyada görüntü və digər təsvir vasitələri bəzən jurnalistin istedadsızlığını, savadsız cümlələrini ört-basdır etməyə yardımçı olur. Amma yaxşı qəzet müxbiri olmaq üçün dili gözəl bilməklə yanaşı, gərək sözlə təsviri də canlandırmağı, öz fərqli tərzinlə seçilməyi bacarasan. Bu lovğalığın əsası bizdə sadəcə televiziyanın daha populyar olmasındadır. Telejurnalistlərin çoxu özünü ulduz sayır. Amma intelekktual əməyə gələndə çox az telejurnalist öyünə bilər.
   
   - Ailəlisən?
   
   - Yox, subayam.
   
   - Jurnalist xanım üçün ailə qurmaq çətin deyil ki?
   
   - Hər ikisini bir araya sığdırmaq fiziki olaraq çox çətindir, işimiz çox vaxt alandır. Ailə də vaxt istəyir.
   
   - Son olaraq həmkarlara və bizə həmkar olmaq istəyənlərə sözün...
   
   - Həmkarlarıma möhkəm olmağı diləyirəm. Heç bir çətinliklərdən sınmasınlar.

TƏQVİM / ARXİV