adalet.az header logo
  • Bakı 19°C

HƏQiQƏTƏN "GEDiŞLƏR" EDiLiB...

BABƏK YUSİFOĞLU
39322 | 2012-02-15 07:58
Son dövrlər onsuz da iqtisadi, siyasi böhran içərisində çabalayan Ermənistanın əndişəsi bir qədər də artıb. Bu da regionda, eləcə də Yaxın Şərqdə getdikcə artan gərginliklərlə bağlıdır. Ona görə yox ki, Ermənistan bu proseslərin içərisində olan vacib tərəfdaşlardan biridir. Xeyir, sadəcə bu gərginlik bir qədər də artarsa, ya ABŞ-İran Müharibəsi başlarsa ən çox zərər çəkə biləcək ölkələrdən biri məhz Ermənistan olacaq. Bu həyəcanla bağlı artıq xeyli müddətdir ki, erməni politoloqları bar-bar bağırır.
   
   Bu günlərdə Türkiyənin ordu başçısı Necdət Özəlin Azərbaycana viziti, ABŞ-ın yüksək çinli hərbi nümayəndələrinin Bakıya səfəri Yerevanda qorxu yaradıb. Mövcud situasiyadan istifadə edib Azərbaycan torpaqlarını işğaldan qurtarmaq üçün hərbi əməliyyatlara başlaya biləcəyinə çox inanırlar. Bu gün onlar ictimaiyyətdə güvən yaratmaq, qorxunu yox etmək üçün dəridən-qabıqdan çıxırlar. Hakimiyyətin yalançı muzdlu şərhçiləri buna əlac kimi Rusiya faktorunu qabartmağa cəhd edirlər. Siyasi şərhçi Anuş Levonyan bir neçə gün ərzində Rusiya Federasiyasının birinci vitse-baş naziri Viktor Zubkovun, "Rossatom"un başçısı Sergey Kirienkonun, təhlükəsizlik şurasının katibi Nikolay Patruşevin, quru qoşunları baş komandanı Aleksandr Postnikovun, Sərhəd xidməti rəhbərinin müavini Nikolay Kozikın... Yerevana səfərlərini qabardaraq xatırladır ki, Ermənistan Rusiyanın tərəfdaşıdır və ona güvənir. ""Gedişlər edilib..." Cənubi Qafqazdakı respublikalar - Azərbaycanla Ermənistan artıq öz mövqelərini qəti şəkildə müəyyən ediblər. Azərbaycan Türkiyə-ABŞ, Ermənistan isə Rusiya tərəfini seçib".
   
   Əslində bütün bunların ermənilər tərəfindən yenidən qabardılmasının heç bir anlamı yoxdur. Çünki artıq nəinki bizlər, eləcə də bütün dünya bilir ki, Ermənistan müstəqil bir dövlət deyil, o yalnız Rusiyanın Cənubundakı for-postudur. İndi daha çox danışan, yazan siyasi şərhçi Anuş Levonyan bu günlərdə verdiyi şərhlərin birində ruslara da mesaj ötürməyi unutmayıb. O qeyd edir ki, Cənubi Qafqazdakı respublikalar - Azərbaycanla Ermənistan artıq öz mövqelərini qəti şəkildə müəyyən ediblər. Azərbaycan Türkiyə-ABŞ, Ermənistan isə Rusiya tərəfini seçib.
   
   A.Levoyan situasiyada erməniləri daha çox narahat edən ən əsas məsələdən də bəhs edir. Ermənilər düşünür ki, ABŞ-ın və İsrailin həmlələri nəticəsində İran parçalanar və Cənubda yaşayan 30 milyonluq Azərbaycan toplumu Şimalla birləşə və böyük bir dövlət yarada bilərlər. Levonyan bir müddət öncə Azərbaycanda ölkənin adının dəyişdirilib Şimali Azərbaycan Respublikası qoyulması çağırışlarının indidən səslənməyə başladığına da diqqət çəkir. "Mümkündür ki, Bakı İran İslam Respublikasına qarşı hərbi əməliyyatları qaçılmaz hesab edir. Bu da İranın parçalanaraq ərazisinin böyük bir hissəsinin Azərbaycana birləşəcəyinə gətirib çıxaracaq. Əlbəttə, belə bir mövqe ABŞ-la İsraili tamamilə qane edir. Çünki nəticədə onlar Abşeronda vacib meydan qazanacaqlar. Və lazım olanda buradan Azərbaycan quru qoşunları da hərəkətə keçə bilər. Türkiyəni isə bu nəticə daha çox razı salır. Çünki belə olan təqdirdə türk dünyası daha da qloballaşacaq, həm də iki qardaş ölkə müştərək sərhəd qazanacaqlar. Daha qorxulusu isə Ermənistanla "Dağlıq Qarabağ"ın İrana çıxışı itəcəkdir. Əgər Gürcüstanın da indiki məlum mövqeyi nəzərə alınsa, demək ermənilər total blokadaya məruz qalacaqlar".
   
   Hazırda İran tərəfinin Bakının ünvanına söylədiyi məlum, əsası olmayan ittihamlar Ermənistana olduqca sərfəlidir. Onlar ən müxtəlif vasitələrlə çalışır ki, iki qonşu dövlət arasında narazılıqlar böyüsün. Bu kontekstdə Yerevan tez-tez dövriyyəyə Azərbaycanla İsrail arasında olan sıx əlaqələri, iqtisadi-siyasi ilişgiləri və hərbi sahədə olan əməkdaşlığı Tehrana müxtəlif səviyylərdə xatırlatmaqdadır. Bundan başqa Anuş Levonyan da bunun üzərində xüsusi olaraq dayanaraq bildirir: "İrana qarşı hazırlanan bu plana qarşı əks-reaksiya haqqında danışmaq artıqdır. Çünki artıq İran ona qarşı hansı ölkədən təhlükə yaranarsa oraya sarsıdıcı zərbələr endirəcəyi haqda mövqeyini bəyan edib".
   
   Lakin bütün bunların fonunda Azərbaycana qarşı düşmən mövqedə olan tərəflərə elə gəlir ki, regionda gedən bu qlobal siyasi proseslərdə Bakı yalnız gözləyəcək ki, kimsə ona zərbə endirsin. Elə Tehranın da ölkəmizə qarşı daha yekə-yekə, hədə-qorxuyla danışması da buna dəlalət edir. Amma hədə-qorxuyla danışanlar, elə təbliğat maşınının sükanında oturan anuş levonyanlar kimi siyasi şərhçilər də niyəsə ən adi gerçəkləri unudurlar. Əvvəla, Azərbaycan 10-15 il bundan əvvəlki dövlət deyil ki, kim istəsə bura silah çevirsin. İkincisi də İran özü NATO kimi hərbi qüdrətə qarşı özünə güvənirsə Azərbaycan niyə İranın haqsız olan hansısa zərbələrindən qorxmalıdır? Əgər Bakı müharibə haqqında ehtiyatlı danışırsa heç kim elə zənn etməsin ki, bu kimlərdənsə çəkinmək üzündədir. Bakı qorxmur, yalnız dağıntıların, tələfatın olmaması üçün çalışır.
   
   Amma ölkənin müdafiəsindən, sərhəd toxunulmazlığından söhbət gedirsə bilsinlər ki, burada müasir silahlara malik ölkə və onu qorumağa məsul olan 9 milyonluq bir xalq var. Və bu gerçəyi görməzdən gələnlər istəsələr bunu görəcəklər. Və kimsə unutmasın ki, Cənubi Azərbaycanda 30 milyonluq qardaşımız da ən bəd ayaqda yanımızda olacaqlar. Ən azı bacardıqları şəkildə. Elə ölkəmizin düşmənlərinin yuxusuna haram qatan da bu deyilmi?..

TƏQVİM / ARXİV