adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2015 10:56
1795
MƏMLƏKƏT
A- A+

Milli medianın 140 illiyi münasibətilə növbəti konfrans

İyulun 1-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib.

Milli mətbuatın yaranmasının 140-cı ildönümünə həsr olunmuş ilk regional tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatları - Жalə Əliyeva və Aqil Abbas, ətraf rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə Bakıda fəaliyyət göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar.
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin də xatirəsi anılıb, abidəsi önünə gül-çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları dahi ədibin ev muzeyində olaraq xatirə kitabına ürək sözlərini yazıblar.

Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev jurnalistləri milli mətbuatın 140 illiyi münasibətilə təbrik edib.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev qonaqları salamlayaraq 140 illik yubiley tədbirləri çərçivəsində ilk konfransın ənənəvi olaraq Zərdabda keçirilməsini rayonun ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini deyən Lütvəli Babayev müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək dəyərləndirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edən İlk Avropa Oyunlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında ölkə jurnalistlərinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.

Lütvəli Babayev son illər ölkə rəhbərliyi səviyyəsində regionların inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi Zərdab rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında Azərbaycan iqtidarının söz, fikir və mətbuat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıb. Natiq Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncam imzaladığını xatırladaraq bunu jurnalistlərə qayğının daha bir əyani nümunəsi kimi dəyərləndirib.

Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə medianın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev bildirib ki, cəmi 56 nömrəsi çıxan "Əkinçi" dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirib.

BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev "Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda məruzə edərək Azərbaycanda mətbuatın ictimai fikir institutu kimi formalaşmasında Həsən bəy Zərdabinin tarixi xidmətlərini diqqətə çəkib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq 17 gün davam edən və uğurlu nəticələrlə yadda qalan I Avropa Oyunlarının ölkəmiz və xalqımız üçün tarixi əhəmiyyətindən söz açıb. Vüqar Səfərli əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının inkişafını 4 əsas mərhələyə bölərək müstəqillik dövründə bu sahədə həyata keçirilmiş genişmiqyaslı islahatlardan söz açıb.

Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. V.Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulduğunu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edildiyini, mətbuatın özünüidarəsini həyata keçirən ictimai qurum olan Mətbuat Şurasının yaradıldığını və digər mütərəqqi islahatları xüsusi qeyd edib.

Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin son 12 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən V.Səfərli ötən dövrdə ölkə mətbuatının 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini və digər faktları diqqətə çatdırıb.
Fondun icraçı direktoru həmçinin xatırladıb ki, mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008 və 2009-cu illərdə imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Həmin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

İcraçı direktor ötən illərdə Fondun mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. V.Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Жalə Əliyeva çıxışında dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunması, maarifçilik hərəkatının genişləndirilməsi, xüsusən də qadınların yüksək təhsil alması baxımından mətbuatda "Əkinçi" ənənələrinin davam etdirilməsi zəruriliyini qeyd edib.
Konfransda çıxış edən ayrı-ayrı rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları, habelə region qəzetlərinin baş redaktorları bölgələrdə dərc olunan nəşrlərin tarixi inkişaf yolundan, qazandığı nailiyyətlərdən, habelə dövlətin diqqət və qayğısından söz açıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun region qəzetlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, onların icra strukturları ilə sıx və məhsuldar əlaqələrinin qurulması sahəsində həyata keçirdiyi layihələrdən söz açıb. İcraçı direktor region mətbuatının təmsilçilərini Fondun keçirdiyi layihələrdə fəal iştiraka dəvət edib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mətbuatın qarşısında duran vəzifələrdən, habelə regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından söhbət açıb.

Tədbirə yekun vuran Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev milli mətbuatın 140 illiyi ilə bağlı ilk regional konfransın Zərdab şəhərində keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, belə görüşlərin gələcəkdə də keçirilməsi vacibliyini vurğulayıb.