adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyul 2015 09:15
2404
GÜNDƏM
A- A+

HƏFTƏNİN SORĞUSU

İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır.
Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik.
Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...

VERDİYİMİZ SUALLAR:

- 1 - ci sual: Bildirilir ki, dəmiryolu biletləri ucuzlaşacaq. Sizcə bu öz həllini tapacaqmı?
- 2-ci sual: Havalar xeyli istiləşib və insanların sərinləşdirici içkilərə təlabatı çox artıb. Amma bununla yanaşı bildirilir ki, belə içkilərin bir çoxu istifadə üçün ziyanlıdır. Siz belə sualardan istifadə edirsinizmi?
- 3-cü sual: Şəxsi avtomobiliniz varmı?

1. - Mübariz: (orta məktəb müəllimi) Mən şəxsən bu haqda bir şey bilmirəm. Bəlkə də ucuzlaşdırdılar, amma bunun əhaliyə nə qədər xeyri var ki? Ondansa şəhər nəqliyyatındakı gediş haqlarını ucuzlaşdırsınlar. İnsanlar dəmiryolundan uzaqbaşı ildə bir dəfə istifadə edir. Onda da bir dəfə baha bilət alsa heç nə olmaz.
2. - Bəli, indi adamların sərinləşdirici içkilərə tələbatı çox artıb. Havalar çox isti keçir. Doğrudan da mağazalarda keyfiyyətli sular tapmaq çətinləşib. Elə mən də eşitmişəm ki, bu cür istehsalçıların bəzilərini bağlayıblar. Amma bu işi daimi görmək lazımdır. Onlar həmişə yoxlanmalıdırlar ki, risq eləyib ziyanlı şeyləri satışa çıxarmasınlar. Yoxsa bir dəfəylə bir kar hasil olmaz. Şəxsən mən çalışıram ki, az işlədim.
3. - Şəxsi avtomobilim haradan olsun? Müəllim babayam. Siz heç eşitmisiz ki, müəllimin güzəranı yüksək səviyyədə olsun? (gülür) O sözü eşitməmisiniz ki, deyirlər ki, müəllimin cibi vicdanı kimi təmiz olur.

1. - Əlibaba: (Şəxsi işi üçün Bakıya gələn rayon sakini) Belə bir söz var: bəy verən atın dişinə baxmazlar. Əgər hökumət qatarlarda gediş haqqını ucuzlaşdırmaq istəyirsə buna ancaq sevinmək düşər. Bunun nəyi pisdir ki? Allah eləsin ki, başqa şeyləri də ucuzlaşdırsınlar.
2. - Mən bu işlərin hansı vəziyyətdə olmasını dəqiq bilmirəm. Amma orda-burda eşidirəm ki, onların keyfiyyəti heç də yaxşı döyülmüş. Məncə istehsalçıların özləri öz işlərinə məsuliyyətlə, vicdanla yanaşmalıdırlar. Yoxsa yoxlamaqla, asmaql-kəsməklə bunun qarşısını almaq mümkün deyil.
3. - Şəxsən özümün yoxdur. Amma oğlumun maşını var. Oğlumun varsa elə biz də lazım olanda istifadə eləyirik. Allah canını sağ eləsin. Düzünə qalasa mən heç maşın sürməyi bilmirəm.

1. - Sevinc: (işlədiyi yeri söyləmədi) Azaltsalar yaxşı olar. Şəxsən bunun mənə bir istisi-soyuğu yoxdur, amma kimlərəsə var. Bu da, necə deyərlər, qənimətdi. Yəqin deyilənlər doğru olar, qiymətləri aşağıya salarlar. (gülür) Bəlkə nə vaxtsa bizim də qatarlara işimiz düşdü...g
2. - İndi məgər satışda insan orqanizminə ziyanlı olan təkcə sərinləşdirici içkilərdi? Hara baxırsan keyfiyyətsiz məhsullarla doludur. Hökumət bütün bu özbaşınalıqların qarşısını ən ciddi şəkildə almalıdır. Çünki burda insanların, bizim hamımızın sağlamlığından söhbət gedir. Kimsə pul qazanmaq istəyirsə mən ondan əziyyət çəkməliyəmmi?
3. - Hələlik yoxdur. Amma bəri başdam deyim ki, yaxın zamanda özümə bir maşın alacağam. Çünki işim elədir ki, şəxsi maşınım olmadığı üçün çox əziyyət çəkirəm.

1. - Tahir: (supemarketdə fəhlə) Müəllim, ondansa başqa şeyləri ucuzlaşdırsınlar. İndi qatara minənlər var bəyəm? Onun qiymətini artırsa nə olacaq, azaltsa nə olacaq? Mənim üçün bunun heç bir mənası yoxdur.
2. - Varsa, cəzalandırsınlar da. Kimi gözləyirlər ki...gBizim marketimizdə belə şeylər yoxdur. Bizim müdirimiz bu cür işlərdə çox diqqətlidir. Hər bir şeyi özü yoxlayır. Özü də inanmıram ki, kimsə onu aldada bilsin.
3. - Mənim maşınım yoxdur. Haradan olsun? Nə qədər qazanıram ki, hələ bir artırıb maşın da alım. Amma açığını deyim ki, çox istəyirəm ki, mənim də bir maşınım olsun. Ən böyük arzum da elə budur.

1. - İlhamə: (özəl bankda operator) Əgər belə bir söhbət varsa, demək orada qiymətləri ucuzlaşdıracaqlar. Həmişə belə olur, əvvəl adamlar danışmağa başlayır, sonra isə həmin məsələ həll olunur.
2. - O düzdü ki, istilər düşəndən sonra sərinləşdirici içkilərə tələbat çoxalıb. Amma doğrusu həmin işlərdən elə də çox başım çıxmadığına görə bir söz deyə bilmərəm. Hər halda nəzarət güclü olmalıdır ki, bu cür hallar baş verməsin.
3. - Xeyr, maşınım yoxdur. Heç sürə də bilmirəm, vəziqəm də yoxdur.

1. - Nurəddin: (iş yerini söyləmədi) Eləsinlər də, kim nə deyir ki?..
2. - Burada istehsalçını-zadı qınamaq, tənqid etmək lazım deyil. Hökumət belə şeylərin qarşısını özü almalıdır.
3. - Bəli, var. Belə hesab eləyirəm ki, yaxşı ki, var.
Yoxsa bugünkü gündə mən işlərimi necə çatdıra bilərdim. Düzdü, maşını olmaq elə də asan məsələ deyil, min cür xərci-xəsarəti var, amma neyləmək olar, artıq vərdiş eləmişik. Şəxsən mən özümü maşınsız heç cür təsəvvür edə bilmirəm.

BABƏK YUSİFOĞLU
[email protected]