adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2015 08:27
6395
LAYİHƏ
A- A+

QAX: Qum kənd mədəniyyət-istirahət mərkəzində TUT FESTİVALI

"Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri də öz həllini tapmaqdadır".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

Məlumat verdiyimiz kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il Qax "Milli Mətbəx Paytaxtı" elan edilmişdir. Bu heç də təsadüfi deyildir. Qax ölkəmizdə görkəmli ziyalıları ilə yanaşı, tarixi abidələri, qədim yaşayış yerləri, xalqımıza məxsus adət-ənənələri, eyni zamanda zəngin milli mətbəxi ilə də sayılıb-seçilən bölgələrdəndir.
Son dövrlər bölgədə milli-mənəvi dəyərlərimizin, o cümlədən milli mətbəximizin gələcək nəsillərə ötürülməsi, çoxsaylı qonaqlara, turistlərə təqdim edilməsi istiqamətində xeyli iş görülmüşdür.
İyunun 22-də Qum kəndindəki mədəniyyət-istirahət mərkəzində keçirilən "Bəsləsən atlas olar tut yarpağından" devizi altında milli mətbəximizin təbliğinə həsr olunmuş möhtəşəm "Tut" festivalı da bu qəbildən olan tədbirlərdəndir.
Bəli, tədbir kənd mədəniyyət-istirahət mərkəzində keçirilmişdir. Burada haşiyə çıxaraq məlumat üçün bildirək ki, ilin əvvəllərində RİH başçısı Musa Şəkiliyev bu kəndin sakinləri ilə görüşündə üzünü imkanlı şəxslərə tutaraq vurğulamışdı ki, bu yerlərin turizm potensialından səmərəli istifadə etmək üçün belə bir mərkəzin təşkilinə ehtiyac var. Budur, artıq Rayon İcra Hakimiyyətinin başçısının məsləhəti və dəstəyi, kəndin rəhbərliyinin köməyi ilə burada gözəl bir mədəniyyət-istirahət mərkəzi təşkil edilmişdir.
Mətləbdən uzaqlaşmayaq. Qum kəndindəki bu mədəniyyət-istirahət mərkəzində "Tut" festivalı keçirilirdi. Həmin gün ərazidə böyük qələbəlik hökm sürürdü. Milli musiqinin sədaları ətrafa hakim kəsilmişdi, hər tərəf bayram libasına bürünmüşdü. Yerli sakinlər, mədəniyyət işçiləri deyib-gülür, şənlənir, qonaqları qarşılayır, bir qrup iştirakçılar isə qonşu həyətdəki ağacdan tut silkələyirdilər. Tədbirin keçirildiyi bu cənnətməkanı xatırladan istirahət mərkəzinə daxil olduqda dağdan üzü bəri əsərək adamın üzünə sığal çəkən sərin meh məlhəm kimi təpədən-dırnağacan hər kəsin bədəninə yayılırdı.
Bir neçə milli musiqi nömrəsindən sonra iştirakçılar meydanın ətrafı boyunca sıralanmış masaların arxasında öz yerlərini tuturlar. Ayrı-ayrı kəndlərdən gəlmiş nümayəndə heyətləri tutdan hazırladıqları milli mətbəximizin məhsullarını nümayiş etdirirdilər. Aparıcı məlumat verdi ki, RİH-in təşəbbüsü və dəstəyi ilə rayon mədəniyyət və turizm şöbəsi ilə Qum kəndinin rəhbərliyi tərəfindən hazırlanmış milli mətbəximizin təbliğinə xidmət edən bu mərasimdə xanımlar tutdan hazırladıqları çoxçeşidli şirniyyat və xörək nümunələrini, mürəbbələri nümayiş etdirəcəklər.
Tədbirin gedişində Qum kənd mədəniyyət evinin direktoru Xatirə Şahmalıyevanın, RİH başçısının İƏD üzrə nümayəndəsi Qurban Qurbanovun, bələdiyyə üzvlərinin fəallığı diqqəti cəlb edirdi.
Masaların üzərində nümayiş etdirilən bəhməzin, irçalın, mürəbbənin və Allahın bu yerlərə bəxş etdiyi gözəl nemətlərdən biri olan tutdan hazırlanmış milli mətbəximizin digər çoxçeşidli məhsullarının bihuşedici ətri adamı məst edirdi.
Milli musiqinin nümayişi ilə münsiflər heyəti, iştirakçılar dəstə-dəstə masalara yaxınlaşaraq nümayiş edilən məhsullarla tanış olur, onların tamından dadırlar. Müsabiqə iştirakçıları arasında Qum, Marsan, Tasmalı, Zəyəm, Almalı, Əmbərçay, Güllük, Ağyazı, İlisu, Ağçay, Ləkit, Zərnə, Lələli, Lələpaşa, Şıxlar, Cəlayir kəndlərinin nümayəndələri fəallıqları ilə seçilirdilər.
Aparıcı tutdan hazırlanaraq burada nümayiş etdirilən ta qədimdən süfrələrimizin bəzəyi olan xörək və şirniyyatlar, mürəbbələr haqqında, onların məlhəm kimi insan sağlamlığı üçün əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verdi.
Əyani olaraq nümayiş etdirilən bəhməz və irçalın hazırlanması prosesi iştirakçıların diqqətini daha çox cəlb etdi.
Tədbirdə rayon və Qum kənd mədəniyyət evlərinin üzvlərinin ifa etdikləri mahnılar, rəqslər iştirakçıların bayram ovqatını daha da yüksəldir.
Sonda münsiflər heyətinin rəyinə əsasən müsabiqə qalibləri elan olunur. Onlara rayon mədəniyyət və turizm şöbəsi tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunur.
"Bəsləsən atlas olar tut yarpağından" devizi altında keçirilən "Tut" festivalında iştirak edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Heydərova çıxış edərək rayonda milli mətbəximizin təbliği ilə bağlı həyata keçirilməkdə olan tədbirlər haqqında məlumat verdi, bu festivalın əhəmiyyətindən danışdı.
Bununla da tut festivalı başa çatdı. Bu tut bayramı ilə insanlar Allahın neməti olan tutun ləzzətini birgə dadmaqla bir araya gəldilər, doğma yurda sevgilərini, adət-ənənələrimizə sadiq olduqlarını nümayiş etdirdilər. Tut dənələri kimi bir araya yığılan çoxsaylı kənd adamları bu bayramda unudulmaqda olan gözəl ənənələrimizi özümüzə qaytardılar.

Novruz ŞABANOV
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ