adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AZƏRBAYCAN SƏYAHƏTiMiZ - 8

SEYFƏDDİN ALTAYLI
50754 | 2012-02-11 08:11
(Həyat yoldaşımın operasiya olunması səbəbiylə yazılarıma bir müddət fasilə vərmək məcburiyyətində qaldım, oxucularımdan üzr istəyirəm)
   
   
   
   "Gecələrin,
   
   Katran göklərinə inən papatyam
   
   ən nadidə çiçəklərin içindən
   
   Yalnızca səni seçtim".
   
   ("Səni seçtim" adlı şeirimdən)
   
   
   
   Bu gün həm Hüseynov ailəsi, həm də bizim üçün qeyri-adi bir gündür. Mələklər, Bakı göylərinə sevinc və xoşbəxtlik yağdıracaqlar. Çünki əziz qardaşım Rəşid Hüseynovun qızı Səbinə Xanımın toy günüdür. Mona Lisa adlı saray bu gün üçün təntənəli şəkildə bəzədilib, qonaqlarını gözləyir. Axşamı iplə dartıb gətiririk. Qədim dostlarım Ramiz Əsgər və Qafar Çaxmaqlı ilə gəlib bizi götürürlər və Nərimanovdakı düyün sarayına gedirik.
   
   Mona Lisa, doğrudan da bir saraydır və orda üzləşdiyimiz ehtişama mən də, yoldaşım Fatma da heyrət edirik. Deyə bilərəm ki, Türkiyədə bu cür şadlıq sarayları çox azdır. Ankarada beləsinə rast gəlmədim, daha düzü yoxdur, İstanbulda bəlkə bir neçə dənə ola bilər. Sarayın memarisi, daxili dizaynı, görkəmi, bircə sözlə mehtəşəmdir.
   
   Söz şadlıq sarayından açılmışkən bir az da Azərbaycan toylarından, onlarla Türkiyədəkiləri müqayisə etmək istəyirəm. Əslinə baxanda bu iki qardaş xalq arasındakı toy-düyünlər, gələnək və görənəklər (adət-ənənə) arasında o qədər də fərq yoxdur, nəticədə ikisi də eyni irqə mənsub insanlardır. Eyni duyğularla gülüb, eyni şeylər üçün ağlayırlar, ancaq xüsusilə Çar Rusiyası, sonra da Sovet Rusiyanın Azərbaycanı Türkiyədən təcrid etməsi və bu qardaş torpaqlarda Sovet dövründə hökm sürən sosial-siyasi və ideoloji təzyiq təbii olaraq xalqın psixolojisinə də öz təsirini bağışlayıb. Bizə yad olan bəzi şeylər xalqın həyat tərzində özünə yer qazanıb, ancaq onlar yavaş-yavaş aradan getməyə başlayacaqdır. Bu da sosioloji hadisədir. Tarix boyu heç bir xalq özünü bu cür mənfiliklərdən kənarda tuta, yaxasını qurtara bilməyib; bu səbəblə onlara adi hal kimi baxmalıyıq. Çarlıqdan sonra Sovet dövründən miras qalan təntənəli, dəbdəbəli aristokratlıq anlayışı bizdə yad bir psixoloji atmosfer yaratmışdır, çünki bizdə nə feodalizm olub, nə də aristokratlıq, onlar bizə idxal olunublar. Sovetlər Birliyinin qılıncının dalının da, qabağının da kəsdiyi, dünyanın ikinci qüvvəsi olduğu illərdə öz gücünü bütün dünyaya nümayiş etdirmək üçün təşkil olunan təntənəli mərasimlər və onların ictimaiyyətdə öz əksini tapması, dövlətin yüksək təbəqəli idarəçilərinin həmin təntənəli atmosferi öz ətrafında hökmran qılması bütün xalqlarda olduğu kimi Azərbaycan xalqında da öz təsirini göstərmişdir. Məsələyə bu prizmadan baxdıqda Azərbaycan toyları ilə Türkiyədəkiləri qəti şəkildə müqayisə edə bilmərik. Türkiyədə də xüsusilə şərq və cənub-şərq bölgələrində var-dövlətli şəxslərin toyları təntənəlidir və bu toylar bölgədə yaşayan tayfa başçılarının gücünü nümayiş etdirməkdən savayı heç nəyə xidmət etmir. Hamı onları yadırğayır. Azərbaycanın kənd yerlərində təşkil olunan toy mərasimləri də təntənəlidir, ancaq onlardakı təntənə Dədə Qorqud toylarının təntənəsindən bəhrələnibdir, şəhər toylarının ab-havası isə ayrıdır, kənd toyları ilə şəhər toyları fərqlidir. Bir də Azərbaycanın şəhər toyları tamamilə israf xarakterlidir və bu israf toyun Dədə Qorqudsayağı təntənəsinə xələl gətirir. Onları Türkiyədəki toylardan ayıran yeganə fərq də budur.
   
   Türkiyədə toy sahibi əgər bir şadlıq sarayında toy edəcəksə, toyuna dəvət edəcəyi qonaqların sayı və onlara təqdim edəcəyi yeməklər və içəcəklər üçün siyahısını sarayın sahibinə verər və ondan qiymət alar. Saray sahibinin verdiyi qiymətlə razılaşarsa toyunu orda edər, razılaşmazsa ayrı bir şadlıq sarayının sahibinin qapısını döyər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Burda toy yiyəsinin yox, şadlıq sarayının sahibinin sözü ötür. Saray sahibi deyir ki, mən sənin qonaqlarına bu yeməkləri və bu içkiləri verəcəyəm, şəxs başına qiyməti də budur, razılaşırsansa bəri gəl, istəmirsənsə bu yol bu da sən, uğur olsun. Düzünü demək lazımdırsa dünyanın bəlkə də heç bir ölkəsində belə şey yoxdur. Bu vəziyyət də eynilə buna oxşayır. Mən yeməkxanaya gedirəm, orda ürəyim nəyi istəyirsə onu yox, yeməkxana yiyəsinin verdiyini yeməliyəm, ya da bir paltar dükanına gedib özümə köynək, ya da libas alacağamsa, nə alacağıma maqazin sahibi qərar verəcəkdir. Belə şey olar?!
   
   Azərbaycandakı şadlıq sarayı sahibləri daha çox pul qazanmaq üçün buna bir də bəhanə tapıblar. Deyirlər ki, mənim sarayımda gələn qonaqlara elə yeməklər, içkilər, salatlar verməliyəm ki, onlar digərlərilə fərqlənsin, elə olmasa mənim sarayımın imici zədələnər. Bunun üçün də mənim dediklərimlə razılaşmalısan, vəssalam. Əslində irəli sürülən bu iddia müştəriləri soymaq üçün düzəldilən və israfçılıq iqtisadiyyatından bəhrələnən bir bəhanədir. Vəziyyət belə olduqda da, toy sahiblərini şadlıq sarayı sahibləri necə deyərlər, soyub soğana döndərirlər. Türklərin yaşadıqları hər coğrafiyada toya gələnlər bəy və gəlin üçün qollarından qopan hədiyyəni təqdim edir, o hədiyyələr də pul, qızıl və ya ayrı şeylər də ola bilər. Təqdim olunan bu hədiyyələr də təzə yuva qurmaq üçün birləşən gənclərə bir növ iməcilik anlayışı ilə yardım mənasındadır. Azərbaycan toylarında bu yardımların bəy və gəlinə yox, toyxana sahibinin cibişdanını doldurmaq üçün verilməsi, hətta bəzən yığılanların da kifayət etməyib toy yiyəsinin borclanmasına da səbəb olması insanın ürəyini sıxır, narahat edir. Axı ulu babalarımız bu cür insafsızlığı tarixin heç bir dövründə etməyiblər, indinin bu müasir dövründə bunlar niyə yaranır ki?! İnşallah hörmətli prezidentimiz bu sosial xəstəliyin birdəfəlik götürülməsi üçün lazımi göstərişi verər və cavanlarımızı sevindirər.
   
   Azərbaycan toylarının Türkiyədəkilərdən bir üstün yönü toya salınan nəmər məsələsidir. Türkiyədəki toylarda toyun ən şirin yerində bir də görürsən elan etdilər ki, bəylə gəlinə kim nə gətirib gətirsin salsın. Toy dayanır və hamı növbəyə durur, bəzən iki saat çəkən nəmər salma işi gedir, toyun da dadı qaçır. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Toy yiyəsi bir küncə stol qoyur, başına da iki və ya üç adamını otuzdurur, toya gələnlər gəlib könlündən qopan nədirsə bir zərfin içinə qoyub ağzını bağlayır və stolun üstündəki qutuya salır, ya da dəftərə yazdırır, toya gələnlər də axıra kimi əylənir. Türkiyədəkilər məncə Azərbaycanın bu qaydasını ən qısa zamanda götürüb həyata keçirməlidirlər.
   
   Bəli, toya dönmək istəyirəm. Qonaqlar yavaş-yavaş gəlməyə başlayır. Rəşid bəyin toya dəvət ettiklərinin deyə bilərəm ki, tamamına yaxınını tanıyıram, onlarla ortaq dostluğumuz vardır. Kimlər yoxdur ki...g Hörmətli və əziz dostum Rafiq Əliyev, Naxçıvan Ordu Komandiri General Heydər Piriyev, Rəşid Süleymanov, Dövlət Başqanlığı Mühafiz Alayı Komandiri Albay Akif Yusifov, Texnika bankın sahibi, əziz dostum Etibar Əliyev, Müzəffər Talıblı, Mətbuatı Dəstəkləmə Fondurun Sədri Vüqar Səfərli, Neft Akademiyasının müəllimi Hamlet bəy, millət vəkilləri, yazıçılar, şairlər, daha düzü, Azərbaycanın ziyalı tayfası bu toyda iştirak edir. Stolların üstü yiyəcək və içəcəklərlə eləsinə doludur ki, iynə atsan yerə düşməz. Bizim masada isə qardaşlarım, Fazil Sadıqov və həyat yoldaşı, Müzəffər Talıblı və həyat yoldaşı Rübabə xanım, Emil Məhərrəmov, Əhməd Oğuz əyləşib. Yeməklərə fikir verirəm, balıq kürüsündən tutmuş soyuq xörəklərə, soyutma ətdən kababa və plova kimi menyuda hər şey var. Yoldaşımın qulağına əyilib, "hər gətirilən yeməkdən bir, çox ürəyin istəsə iki tikə götür, üçüncünü götürsən digər təamların dadına baxa bilməzsən", deyə xəbərdarlıq edirəm.
   
   Saat səkkiz radələrində gəlinimiz Səbinə xanım və bəyimiz Elçin Bəy, qızlı-oğlanlı gənclərin əllərindəki şamlarla yaratdıqları koridordan keçib zala daxil olurlar. Səbinə xanım, maşallah pəri nağıllarındakı qızlara oxşayır və qu quşu kimi süzür, Elçin də ağ atıyla gələn bir nağıl qəhrəmanı kimidir. Tanrı hər ikisini də bir yastıqda qocaltsın, yeddi oğul, yeddi qız yiyəsi olsunlar, ocaqlarından xoşbəxtlik, nəşə, sevinc və səhhət əskik olmasın, amin. Mən bu toyun hansı yönündən danışım bilmirəm, çünki onun möhtəşəmliyini təsvir edəcək sözləri tapmaqda çətinlik çəkirəm. Azərbaycanın ən gözəl xanəndələri və mənim də çox sevdiyim Mələk xanım Əyyubova, Könül Kərimova və digərləri toya qeyri-adi bir atmosfer bəxş edirlər və burada yaşadığımız anları ömrümüzə ən gözəl töhfə kimi bağışlayırlar. Əziz dostum Rəşid bəy, mənim Könül Kərimovanın sənətini çox sevdiyimi bildiyindən, o gün özgə bir şadlıq sarayındakı toyda oxumasına baxmayaraq, yarım saatlığına da olsa xahiş edərək Könül xanımı gətizdirib. Əslində onun toya gələcəyini mənə deməmişdi, səhnədə Könül xanımı görən kimi üzümə mənalı-mənalı baxıb gülümsündüyündə məsələni başa düşdüm və bu cür gözəl surprizi üçün ona təşəkkür etməkdən başqa əlimdən heç nə gəlmədi. Əlbəttə belə bir toyda stolda əyləşilməz, gecənin yarısına kimi tər süzələnə-süzələnə yoldaşımla rəqs etdik.
   
   Toyda məni hədsiz sevindirən bir detal da Rəşid bəyin qardaşı Cümşüdün toya gəlməsi və rəqs etməsi idi. Cümşüd bəy, beyninə qan axması səbəbiylə bir ay Azərbaycanda, bir ay da İstanbulda koma vəziyyətində qalmış və Allahın köməkliyi ilə əzrailin əlindən xilas olmuşdu. Tanrım bir daha Rəşid bəyin başında dayandığı ocağa mənfi bir nəfəsin də yönəlməsinə icazə verməsin və bundan sonrakı ömürləri Səbinənin toyundakı kimi şən və təntənəli keçsin, inşallah. Cümşüdlə qarşılıqlı rəqs etdiyimiz vaxt Rəşid bəyin böyük qardaşı Ənvər bəy də bizə qoşuldu. Rəqs qurtaranda yaxınlaşıb, "Seyfəddin bəy tər içində qalmısan, eşiyə-zada çıxma soyuqlayarsan!" deyə xəbərdarlıq etdi. Mən də cavab olaraq, "hələ boyunbağımdan tər süzülmür, narahat olma!" dedikdə ikimiz də gülüb qucaqlaşdıq.
   
   1988-ci ildən bəri Azərbaycanda çox toyda oldum, ancaq bu cür gözəl, möhtəşəm və maraqlı bir toya rast gəlmədim. Hər başlanışın bir də axırı olduğu kimi toy da qurtarır, ancaq dostlarla oturub saat üçün yarısına kimi söhbət edirik. Saat üçə qalmış, göydən enən qəndillərə oxşayan və küçələri bəzəyən lampaların yaratdığı işıq koridorundan keçib evə gedirik.
   
   Yolda getdikcə dua edirəm. "Tanrım, Azərbaycanımızın gələcəyini əbədiyyətə kimi daim nurlu qıl. Başındakı qaçqın və kökçün problemini, işğal altındakı torpaqlarımız məsələsini ən qısa zamanda həll etməsi üçün yardımçı ol" -deyirəm. Ancaq bu iş yalnızca dua ilə olmur. Tanrı, "səndən hərəkət, məndən bərəkət" deyib, ya da xalqımızın dilində yüz illərdir bu ifadə işlədilə-işlədilə bu inam yaranıb. 1988-ci ilə kimi Qərbi Azərbaycandakı qardaş-bacılarımız rusların dayağı ilə ermənilər tərəfindən həyata keçirilən etnik təmizliklə çıxarıldılar. 1988-ci ildə isə sonuncular da təmizləndi və indi Ermənistan adlanan ölkə mono-etnik bir dövlətə çevrildi. Çağımızın demokratiya həvvariləri olan dövlətlər vardır, başda ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Rusiya və digərləri. Qərbi Azərbaycandakı soydaşlarımız evlərindən-ocaqlarından heç nələrini götürə bilmədən etnik təmizliklə köçürülərkən, adını andığım o demokrat dövlətlər (!) cınqırlarını da çəkmədilər. Azərbaycan torpaqları işğal edildi, Xocalı Soyqırımı yaradıldı, onlardan yenə də səs-səmir çıxmadı. 24 Mart 1992-ci il tarixində Helsinki şəhərində yığıncaq keçirən ATƏT Şurasının yetişdiyi qərarla Minsk Qrupu yaradıldı, ancaq bu qrup illər uzunudur Azərbaycanı bu gün-sabah deyərək aldadır, işin həllini ləngidir. Atalar deyib, it itin ayağını basmaz, onlar da basmırlar. Əlcəzairdə törətdikləri soyqırımı nəzərə almayıb nəyin hesabınasa 1915-ci il hadisələrinin soyqırım olduğunu irəli sürən və Minsk Qrupu üzvü olan Fransadanmı, Xocalı Soyqırımı və işğal altındakı torpaqlar məsələsində düzgün addım atmasını gözləyəcəyik?! Yoxsa Azərbaycanın təbii sərvətləri əlindən quş kimi uçub öz yiyəsinin ovcuna qondu deyə 20 Yanvar qırğınını törədən, Xocalı Soyqırımın gerçəkləşməsinə kömək olan Rusiyadanmı yardım gözləyəcəyik?! Yoxsa dünyanı özünün müstəmləkə imperiyasına döndərmək üçün hər cürə vəhşiliyi və qaniçənliyi edən, dünyanın digər yerlərindəki insanları özlərinə xidmət etdirmək məqsədilə kütləvi qırğınlardan tutmuş işğallara kimi hər cürə rəzilliyi törədən ABŞ-danmı yardım və insaf gözləyəcəyik?! Bunu yaxşı bilməliyikg Heç bir millətdən bizə yardım gələ bilməz və gəlməyəcəkdir, biz öz göbəyimizi özümüz kəsməliyik. Yalvarmaqla donuz darıdan çıxmaz, əgər çıxmasını istəyiriksə onun başa düşdüyü dildə danışmalıyıq. Bunun üçün də görüləsi ən önəmli iş, Azərbaycanın ordusunu bölgənin ən güclü ordusuna çevirmək, Türk dövlətləri arasındakı əlaqələri möhkəmləndirmək, mədəni inteqrasiya üçün lazımi addımları atmaq və iki yüz əlli milyondan artıq olan Türk dünyasının millətlər arası arenada vahid bir səslə çıxış etməsini təmin etməkdir. Bunlar bəziləri üçün fantaziya, reallaşması qeyri-mümkün olan işlər kimi görünə bilər, ancaq heç bir şey imkansız deyildir. Atatürk, səksən faizi qoca, uşaq, qadın şikəst və xəstə olan on bir milyonluq bir xalqın mənəviyyatını eləsinə yüksəldib, onlara basılmaz bir güc aşıladı ki, o dövrün dünyasının ən böyük işğalçı və müstəmləkəçi dövlətləri olan İngiltərə, Fransa, İtaliya, Amerika və onların yançılarına başa düşdükləri dildən cavab verərək Türkün nə cür bir millət olduğunu göstərdi, çağdaş fikirlərlə silahlanmış Türkiyə Cümhuriyyətini yaratdı. Atatürk, İstanbuldan ayrılıb Milli Mübarizəni başladarkən həyata keçirmək istədiyi şeylərin qeyrimümkün olduğunu qışqıra-qışqıra onun üzünə demişdilər, ancaq o azadlıq və müstəqillik ideyasına ürəkdən inanmışdı və həmin ideyanı mənimsəmiş silahdaşlarını ətrafına yığıb namümkünü mümkün elədi. Namümkünü başarmaq, ideyası əlçatmaz olan və ona inanan insanlar üçün necə deyərlər, uşaq oyuncağı kimidir. Namümkünü mümkün qılmaq, tarixdə qızıl hərflərlə həkk olunmaq, əbədi olaraq tarixdə yaşamaq mənasındadır.

TƏQVİM / ARXİV