adalet.az header logo
  • Bakı 13°C

SABiR YUSiFOğLU

VAQİF YUSİFLİ
68504 | 2012-02-11 08:11

   
   Şairdir.
   
   Dünən onun əlli yaşı tamam oldu.
   
   Artıq Puşkin, Əli Kərim, Lermontov yaşını çoxdan ötüb.
   
   Ancaq ədəbiyyata gələndə nə Puşkin, nə Əli Kərim, nə də Lermontov olmaq xəyalına düşüb. Sadəcə, içindəki duyğuları, ona gecəbəgündüz rahatlıq verməyən hissləri, həyəcanları kiminləsə bölüşmək istəyi yaranıb.
   
   Cəlilabadın Adnalı kəndində doğulub, orta məktəbi bitirəndən sonra yol alıb Ukraynaya- Kobzarın vətəninə- Dnepropetrovsk Metallurgiya İnstitutuna. İnstitutu bitirəndən sonra taleyini Sumqayıt şəhəriylə bağlayıb. Tezliklə buradakı ədəbi mühitlə qaynayıb-qarışıb. Vaxtilə Sumqayıtda yaşayan şairlərə də "əyalət şairi" gözüylə baxanlar olub. Amma indi Sumqayıt ədəbi mühiti də müasir Azərbaycan ədəbiyyatının ayrılmaz qollarından, bəndlərindən biridir. "Əyalət şairi" anlayışı indi ancaq cızmaqaraçılara, "mən şairəm" iddiasıyla ortaya çıxıb həvəskar ampulasından bir addım da irəli gedə bilməyənlərə şamil oluna bilər. Bunun məsələn, Sumqayıtda yaşayan Məmməd Aslana, Əşrəf Veysəlliyə, Rafiq Yusifoğluya, Ofelya Babayevaya, Məmməd İlqara, Zirəddin Qafarlıya, Gülnarə Cəmaləddinə, Rafiq Odaya, Şaiq Vəliyə, İbrahim İlyaslıya, Əli Nəcəfxanlıya, Xatirə Fərəcliyə, Nazilə Gültaca, Nazir Rüstəmə, mərhum Əliağa Aslana və əlbəttə, Sabir Yusifoğluya heç bir aidiyyəti yoxdur.
   
   Şairdir. Ancaq o da hamımıza bənzəyir: hər gün işə gedir, işdən qayıdır, hər ayın başında aldığı maaşla ailəsinin maddiyyatını ödəyir. O da hamımız kimi zamanın bizə bəxş etdiyi sıxıntıları yaşayır. İki oğlu, bir qızı var. O da hamımız kimi sevinir, dərd çəkir, hər gün bazara yollanır, cibi ilə bazar arasında əbədi rəqabət davam etməkdədir. Amma şair kimi özünəməxsusdur. Ürəyiylə, şairlik istedadıyla rəqabətə girəcək bir səbəb yox. Onun şeirlərində heç bir şairin bircə misra təqlidini belə görməzsən.
   
   Sabirin əksər şeirləri qoşmadı, gəraylıdı və bu şeirləri oxuyanda sən qətiyyən onların forması, quruluşu barədə fikirləşmirsən. Səni cəlb eləyən şeirin musiqisi, ritmi, ahəngidir, sözlər, misralar, bəndlər arasındakı daxili rabitə, fikir ardıcıllığı, hisslərin, duyğuların poetik biçim almasıdır. Məsələ heç də onda deyil ki, şair hər hansı predmeti, əşyanı, təbiətin gözəlliklərini, həyatda, gerçəklikdə baş verən hər hansı bir hadisəni şeir dililə ifadə etsin. Bunu hamı bacarar. Ancaq sən şairin toxunduğu mətləblərdə indiyə qədər rastlaşmadığın, heç fərqinə də varmadığın nəyisə kəşf edəsən. Argentina şairi Armando Texado Qomesin dediyi kimi: "Şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir. Şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir. Sözlər, misralar unudula bilər, qalan nədirsə, o-poeziyadır. Yaddaqalan sözlər və misralar da ola bilər, onları yadda saxlayan, yaşadan da poeziyadır".
   
   Sabir Yusifoğlunun cəmi üçcə kitabı nəşr olunub, dövri mətbuatda da tez-tez çıxış eləmir, heç həmkarlarım da onun şeirləri ilə yaxşı tanış deyillər. Təbliğatdan, tərifdən, təhlildən uzaqdır. Amma o Argentina şairinin sözünə haqq qazandırıram ki, Sabirin şeirlərinin əksəriyyəti əsl poeziya nümunələridir. Onun "Dünyanı özümlə aparmıram ki..." ilk şeirlər kitabındakı (1993) ilk şeirini xatırlayıram:
   
   
   
    O kim idi qələm çaldı
   
    Könlümün yara yerinə.
   
    Asdım başımın üstündən
   
    Dərdimi bayraq yerinə.
   
   
   
    Gözümün nəmi əlimdə,
   
    Taleyim kimin əlində?
   
    Özümə qənim əlimdə
   
    Daş qalıb yaraq yerinə.
   
   
   
    Pas atıb qında qılınca,
   
    Gedərəm ölüm dalınca.
   
    Babəkdən qalan qılıncam
   
    Döyməyin oraq yerinə.
   
   
   
   Elə bu şeirdən görünürdü ki, S.Yusifoğlu poeziya adlanan bu vadiyə enişli-yoxuşlu yollar keçib gəlib. Özünə inana-inana gəlib. "Şeir" yazmaq şeirbazlar üçün asandı, yüz dəfə, min dəfə deyilmiş bir fikri misralara, bəndlərə, qafiyələrə hesabla, bir mühasib məntiqiylə vur, çıx, böl-axırda da yekunlaşdır. Amma həqiqi şeir belə yaranmır. "Bu gecə bilmirəm niyə Ürəyimdən səs çıxmadı. Səhərəcən canım çıxdı Vərəq üstə söz çıxmadı. Nə uzaq yol imiş, Allah, Qələmdən ağ vərəqəcən. Tikanlar didir qəlbimi Bircə SÖZÜ dərənəcən". Bax, bu böyük məsuliyyət və sözün işığında yanmaq Sabir Yusifoğlunun hər şeirində üzə çıxır. Dağlardan yazılan şeirlərin ifrat bolluğu ona gətirib çıxarıb ki, o möhtəşəmlik az qala öz əzəmətini itirib: "Kim çəkib gətirdi düzə dağları?" Şeirin üçüncü bəndində isə dağ sözü cinas donuna bürünür və tamam fərqli bir mənzərə yaranır:
   
    O mənəm, hər yandan yolu kəsilən,
   
    Babəklə bir yerdə qolu kəsilən.
   
    Köçürün bu yurdun xəritəsinə
   
    Sinəmə çəkilən təzə dağları.
   
   
   
   Doxsanıncı illərin kədərli ab-havası onun da şeirlərində öz əks-sədasını tapıb. "Mənəm Vətən boyda dərdin yiyəsi- Görənlər ha desin kasıb yaşayır!". "Dünya şeytanların əlinə keçsə, Allah da sonuncu şəhid olacaq". "düşüb ayağına məzar daşları- Durub qaça bilmir yerindən Vətən". İctimai-siyasi hadisələri, məmləkətdə baş verən olayları publisistik şeir yolu ilə də ifadə etmək olar və biz bunun yüzlərlə nümunəsini misal gətirə bilərik. Amma Sabirin o illərdə yazdığı şeirlərdə elegik ruhla qəzəb notları bir-birinə qarışır.
   
   Sabir Yusifoğlu təbiətdən də yazır, cəmiyyətdən də, gözəllikdən də yazır, gözəllərdən də, öz daxilindən gələn səs də onu şeirə çəkir, dünyanın səsləri, olayları da. Amma bütün şeirlərinin axarı, səmti birdir-hamısında özünü ifadə edir.
   
   O öz dərdinin alt qatına gedib çıxmaq istəyir, "bu qələm mənimçün dar ağacıdı Asılıb qalmışam misralarımdan" deyir, doxsanıncı illərin lap əvvəllərində, göz yaşları ovuclarının içində olan həmvətənlərinə "Ağlar gözlü millətin gözündə qəzəb olmaz" söyləyir, payız havasını "Heyvagülü"nə oxşadır, payızın nəfəsində solan gülün qoxusunu axtarır, sevgi şeirlərində isə öz hisslərini daha çox obrazlı, demək olar ki, təzətər təsvir vasitələriylə nəzərə çarpdırır.
   
   Adi bir "məktub göndər" ricası da hisslərin, duyğuların qeyri-adiliyindən xəbər verir:
   
   
   
    Susuzluqda su təki
   
    Bəlkə yadına düşəm;
   
    Mənə bir məktub göndər
   
    Bilim ki, ölməmişəm.
   
   
   
    Çox yox, bir varaq göndər,
   
    Vaxtın yoxsa, ağ göndər,
   
    Əllərinin izini
   
    Evimə qonaq göndər.
   
   
   
    Bilim harda solursan,
   
    Ay gülüm, ay bənövşəm.
   
    Mənə bir məktub göndər,
   
    Bilim ki, ölməmişəm.
   
   
   
   Hisslər səmimidir. Ümumiyyətlə, səmimiyyət S.Yusifoğlunun bütün şeirlərinə hopub. Şair, yolunun üstünə vaxtsız-vədəsiz çıxan bir lalə görür və təbii ki, bu lalədə bir məsumluq, kövrəklik axtarır. "Allah, bir yer göstər, orda saxlayım Mənə ürəyimdən yaxın lalənig Sındırmaq istəsən, sən məni sındır, Sındırma arxamca baxan laləni". Gözəllik timsalı lalə ilə şair ürəyi beləcə bir-birinə həmdərd olur.
   
   S.Yusifoğlunun təbiətlə ünsiyyəti də elə ürəyindən başlayır.
   
   Ürəyindəki payızla təbiətdəki payızı bir-birinə doğmalaşdıran da elə bu vəhdətdir. "Dərdinin xəzəl vədəsində" deyir ki: "Ay batıb, ulduzlar itib, Üzünü turşudub göylər.
   
   Ürəyimdə sənsiz keçən Günlərin yeri göynəyər". "ümumiyyətlə, hər şairin sevdiyi bir fəsil olur və S.Yusifoğlunun şeirlərində də Payız nəinki adi bir fəsildir, hətta Obrazdır: "Mən-qəmli payız havası, Sən şehi üstündə çiçək". Və onun əksər şeirlərindən elə payız qoxusu gəlir. Bir az nostalji hisslər, duyğuların çəni, dumanı, yağışı hopur bu şeirlərə.
   
   Sabir Yusifoğlunun ithaf şeirləri çox azdır və onlardan biri də Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Gücü çatdığı qədər o, dünyadan nakam köçən bu istedadlı musiqiçinin obrazını yaradıb:
   
    Unudub hər şeyi, unudub nə var
   
    Fortepianonun dilləri üstə
   
    Səpirdi doğmaca ağrılarını.
   
    O, nəğmə çalmırdıg
   
    barmaqlarıyla
   
    gəzirdi dünyanın şah damarını.
   
   
   
   Bu şeiri misal gətirməkdən məqsədim odur ki, S.Yusifoğlunun hər hansı bir şeirinin müəyyən obraz üzərində qurulduğunu deyəm.
   
   Obraz-cizgi, obraz-peyzaj, obraz-ovqatgbunlar mənim onun şeirlərində gördüyüm, müşahidə etdiyim reallıqlardır.
   
   Məsələn, o, İNTİZAR obrazını, sevgi həsrətini belə təqdim edir:
   
   
   
    Allah, mənə bir yuxu ver,
   
    Yuxumda o qızı görüm.
   
    Səndən mənə yaxın kim var?-
   
    Yaxında o qızı görüm.
   
   
   
    Yoluma yüz xanım çıxsa,
   
    Bir baxışnan canım çıxsa,
   
    Ürəyimin qanı çıxsa,-
   
    Yaxamda o qızı görüm.
   
   
   
   Sabir Yusifoğlunun əlli yaşına qədər cəmi üç kitabı çıxıb və deyim ki, bu kitablarda təkrar şeirlər olsa da, zəif şeirlər (gözəl şeirləri ilə müqayisədə "zəif" deyirəm) gözə dəymir. Ancaq çox yazmaq, ildə bir və bir neçə kitab etdirmək qüsur sayılırsa, az yazmağın özü də qüsur sayıla bilər.
   
   Ancaq "Azərbaycan" jurnalının builki ikinci sayında Sabir Yusifoğlunun yeni şeirləri çap edilib və bu yeni şeirləri ilə Sabir Yusifoğlu sübut elədi ki, əsl istedad az, ya çox yazmaqda deyil, necə yazmaqdadır.
   
   Əlli yaşın mübarək, Sabir Yusifoğlu!

TƏQVİM / ARXİV