adalet.az header logo
  • Bakı 19°C

ODLAR BiZi YANDIRIR

23488 | 2012-02-11 12:18
HƏMİD ORMANLI
   
   
   
   Adətən şair və yazıçı dostlarımın kitablarına rəssam kimi gərək olur, həmişə bu işi sevə- sevə və təmənnasız görməkdən bir həzz və qürur hissi duymuşam. Bu dəfə daha çətin və məsuliyyətli işi mənə həvalə edən uca könül sahiblərinin sözlərindən çıxa bilmədim. Akif Səmədi bizə bizdən yaxşı tanıdan, Akif Səmədin bizə tanıtdırdığı, yaşca gənc olmasına baxmayaraq yerişi, duruşu, ədəb- ərkanı, yolu- yolağı, mərifət və həqiqəti ilə qosqoca bir türk ağsaqqalını xatırladan Həmid Ormanlı bu təklifi buyurdu mənə.
   
   Akif Səmədi bizə tanıtdırdı- ona görə deyirəm ki, bir elli olub, səhərimiz, axşamımız bir yerdə olan Akif Səmədi Həmid hamımızdan yaxşı tanıyırmış. Xoş o adamın halına ki, Həmid Ormanlı o adamı sevir, özünə könül dostu sayır.
   
   Yaş fərqlərinə baxmayaraq Həmidin sevdiyi könül dostlarından biri də, çox uca könül sahibi, şair- publisist abimiz İsmayıl İlməzlidir.
   
   Akif Səmədi mürşüdü sayan Həmid özü də (Torpağı sanı yaşasın!) elə Akifin missiya daşıyıcısıdır desəm, yanılmaram. İndi o özü yeni- yeni dostluq körpülərinin qurucusu, işıqlı könülləri bir- birinə qovuşduran bir dərvişmisaldı.
   
   Dəyərli oxucu, yazının girişini Həmid Ormanlı ilə başlamağım əslində bu yazıya həm də bir açar rolu oynayır. Əslində elə özü də İsmayıl dayısının sirlər xəzinəsini açmaq üçün bu könül söhbətində bir açar rolundadır.
   
   
   
   OD ÜSTÜNDƏ OYNAYANLAR
   
   
   
   Elə bu başdan İsmayıl müəllimə- bu nurani- pirani, sinəsi xəzinə, cöhrəsi nurlu ağsaqqalımıza minnətdarlığımı bildirmək istəyirəm.
   
   İlk baxışdan müsahibəni xatırladan bu könül söhbəti, əslində çox ciddi bir elmi əsərin giriş və plan hissəsini xatırlatdı mənə. Ustad həm də elə Hacı Mahmud Əfəndi həzrətlərinin ən son müridlərindən biri olaraq bu sirli sehirləri Həmidə söyləməklə sirli xəzinələrin, gizli dəfinələrin yerini-yurdunu nişan verir, ara-sıra kəramət sahibi olan müridlərin həyatlarından, möcüzələrindən qısa epizodlar, maraqlı etüdlər canlandırır.
   
   Biz indi zahiri par-par yanan, batini zülmət olan bir məkan içindəyik. İsmayıl abim, Həmid dostum, içi mən qarışıq neçə-neçə könül dostlarım əslində bu qərib dünyada sürgün ömrü yaşayırıq:
   
   "Dünyada sürgün yaşadım"(Məmməd Dəmirçioğlu). Ruhumuzun qanad açıb uçacağı gen səmalar da zəbt olunub. Belə bir məkanda uca könül sahiblərinin Nəqşibəndiyə ruhunu pərvazlandırmaq üçün öz dünyaları, öz səmaları olur. Mürşüdlərimiz azaldı. Sonuncular da haqqa qovuşdu. Ancaq YOL durur. Yol varsa, Yolçuluq da var. Mən elə hesab edirəm ki, bu yolun yeni bir nəslini yetişdirə biləcək Hacı Məhəmməd Astanbəylinin, Hacı Mahmud Əfəndi həzrətlərinin doğulub, uyuduğu İncə dərəsinin Astanbəyli kəndində doğulması, Məkkə Ali Ruhanilik Universitetini bitirib, yenidən Astanbəyliyə qayıtması heç də təsadüf deyil.
   
   Kitabda "Konül söhbəti" adlanan fəsil isə, dildən-dilə, yaddaşdan yaddaşa keçib, sahibsizlik ucbatından it- bata düşə biləcək bir xəzinənin qorunub saxlanması deməkdir. Ümidvaram ki, İsmayıl İlməzlinin sevə- sevə yazdığı bu kitab imanı kamil olan bütün işıqlı könül sahiblərinin stolüstü kitabı olacaq və bu müqəddəs iş üçün İsmayıl müəllimə salamlar olsun!
   
   Bu könül söhbətini oxuduqca mən özüm neçə dəfə odun üstündə gəzdim, neçə dəfə buzlu soyuq suya girib canımı isitdim: "İçimdə üşüyən közdü ürəyim, Örtmüşəm üstünə kül ahlarımı"(Məmməd Dəmirçioğlu). Közün üşüməsini, yalın ayağı yandırmamasını bilənlər bilir. Bu yerdə çox hörmətli alimimiz Rüstəm Kamalın "xalq sufiliyi" kəlamı yadıma düşür. Ustad xalq sufiliyinin, İncəli, Borçali nəqşibəndiyyəsinin ruzgarı Mövlanadan, İbn Ərəbidən, Əbu Turxandan deyil, məhz dilin ləhcəsindən , saz-söz və xalq yaddaşından qaynaqlanmasını vurğulayır.
   
   Mən hələ uşaq olarkən kəndimizdə, evimizdə, qonşularda oxunan meyxanaların mahiyyətini anlamasam da, bir vurğunluq, bir heyranlıq bütün vücudumu çulğayırdı. Yadıma gəlir, anam əlimizdən tutub ziyarətə gələndə Göy türbə mənim gözümdə o qədər möhtəşəm, o qədər ilahi görünürdü ki, hətta gözlərimlə baxmağa belə cəsarət etmirdim. O zaman heç kim cürət edib Türbənin içinə girə bilməzdi. Kamil əfəndilər, müridlər belə türbənin giriş qapısını, daşını öpüb dal-dala geri qayıdardılar. Mən bu müqəddəs türbənin qapısından içəri keçib, heyranlıqla qoşa yatan övliyaları ziyarət etməyə indilərdə cürət edirəm.
   
   Hörmətli oxucu, "Od üstündə oynayanlar" haqda uzun uzadı açıqlama vermək niyətində deyiləm. Buyurun, kitab qarşınızdadır. Salavat çevirib paklanın və içınızı, ruhunuzu işıqla doldurun.
   
   
   
   İSMAYIL İLMƏZLİ
   
   
   
   İsmayıl müəllimi bütün İncəlilər tanıyırmış. Hacı Mahmud babamızın türbəsini ziyarətə və kiçik bir çəkiliş üçün Astanbəylidəydik. Söhbət əsnasında İsmayıl müəllimdən söz düşdü. Kəndin imamı Asif xoca, molla Nəbi, molla İlqar, molla Rafiq, şair Məzahir Yaqub (meyxana oxuyan muridlər) İsmayıl İlməzliyə böyük hörmət və ehtiramlarını bildirdilər. Atası Mustafa Omar oğlunun Hacı Mahmud Əfəndi Həzrətlərinin aşiqlərindən, mürüdlərindən olduğunu, İsmayıl müəllimin özünün də gözəl avazla meyxana oxumasından danışdılar.
   
   Şəxsi tanışlığımız olmasa da 60 yaşıma bağışladığı "Səhranın qızıl qumları, ləl gülləri..." yazısıyla ilə hikmət sahıbi olduğunu açıqladı, göstərdi.
   
   Əslində bu günlər biz çox böyük bolluqlar içində, çox böyük qıtlıqlar dövrü yaşayırıq. Hələ maddi bolluqlar içində boğulan milli dilənçiliyi qoyaq bir tərəfə, bu mənəviyyat məsələsində də belədir.
   
   Bu qədər saz- söz bolluğu, musiqi bolluğu içində bir qıtlıq açıq aydın görünməkdədir. Bunları söyləsəm də o qədər bədgüman da deyləm. Təbii hər sahədə sevindirici parlaq nümunələr də var. Buna bərəkət! İsmayıl müəllimin yaradıcılığına nəzər salanda Ürfan Əlinin bir kəlamı yadıma düşdü.
   
   Şair İsmayıl İlməzlinin yaradıcılığı göz önündədir. Ağır ləngərli divaniləri:
   
   
   
   Harda olsam, ol Xudamın sayəsi sərimdədi,
   
   Yüz iyrimi dörd min nəbi daim əzbərimdədi.
   
   Yaradıldı külli aləm Mühəmmədin eşqinə,
   
   Məhşər günü nicat yolum Şahi-sərvərimdədi.
   
   
   
   Bir başqasında:
   
   
   
   Xeyir demək-dil zəkatı, insanın xasındadir,
   
   Şər deyən xəcalət çəkməz, iblis yaxasındadır,
   
   Səhvinə vicdan ağrısı kar etməz qəlbi daşa,
   
   Bu dünyanın hər əzabı qəlbin yuxasındadır.
   
   
   
   Bir-birindən maraqlı, orjinal və dadı, tamı yerində olan təcnisləri:
   
   
   
   Dərk etməz aləmi, dönməz düz yola,
   
   İstərsən nadana min ayət oxu.
   
   Bir kərpic də qoymaz Haqq mizanına,
   
   Tərpətməz yerindən min ayə toxu.
   
   
   
   Və yaxud hər oğulun girə bilmədiyi cığali təcnis meydanında yaratdığı nümunələri:
   
   
   
   Qüdrət qalasıdı, Haqq ləşkəridi,
   
   Necə arxalanıb dağlara dağlar.
   
   Aşıq deyər, a dağlar,
   
   Beşiyimsən, a dağlar.
   
   Düşmən tələsindəyəm,
   
   Qeyrət ağlar, ad ağlar.
   
   Şikarı ovlanmış qərib ovçuyam,
   
   Al məni qoynuna, dağlar, a dağlar.
   
   
   
   Digər qoşma, gəraylı ləhcələri:
   
   
   
   Doğru yolu yol bil, canım,
   
   Doğruluq Şah qapısıdır.
   
   Bir yol gələn bir də gələr,
   
   Bu qapı Haqq qapısıdır...
   
   
   
    Yaxud,
   
   Ayrılıq kəsməz aranı,
   
   Yaddaşında qalmağım var.
   
   Hər anına yazam, qışam-
   
   Çiçəklənib, solmağım var.
   
   
   
   Yaxud da:
   
   
   
   Həyatın yolları çox dolanbacdı,
   
   Keçmək olmaz bu yolları təkətək,
   
   Zirvələr fəth edər, dəryalar keçər,
   
   Həyan olsa, arxa olsa təkə tək.
   
   
   
   kimi nümunələr İsmayıl müəllimin yerini, yurdunu, əsil- nəcabətini nişan verir.
   
   Biz ümumiyyətlə ənənələrə nəzər salsaq görürük ki, saz üstündə sözə köklənmiş qərb bölgəsi, Qazax, Borçalı söz məktəbində əruz vəznində, qəzəllər yazanlar az olmasına baxmayaraq, İcmayıl müəllim görünür öz ustadi- mürşidi bildiyi Pir babası Mir Həmzə Seyid Nigari həzrətlərinin ulu nəfəsində, bu müqəddəs işığın nurunda özünün zərif qəzəlləriylə heyrətamiz nümunələrini ortaya qoyur:
   
   
   
   Qürub günəşi mən təki qəribdi deyəsən
   
   Kimlər tapacaq nisgilimə çarə bu axşam?..
   
   
   
   Sənə yarım deməyə yoxdu gümanım,
   
   Kül olub atəşinə yandı bu canım.
   
   
   
   Bir zaman arzularım hey çin olardı,
   
   Tərsinə dövr eləyir indi zamanım.
   
   
   
   Mənim üçün od üstündə gəzənlərin biri də sizsiniz, Həmid Ormanlıdı. Ancaq məni də həmən odlar yandırır, əfəndim.
   
   
   
   Görən kimlər qandırdı,
   
   Dostum məndən yan durdu.
   
   Közlər məni yandırdı,
   
   Ya Mövlana, Mövlana.
   
    (M.D)
   
   Mən çox zaman şeirlər yazanda elə bil sözlər hardansa səs-səs gəlir. Bunu açıqlamağa utanırdım.
   
   Mənə gələn nə səsdi,
   
   Of! Yahu, yahu derlər...
   
   
   
   Mənə bu səslərin haradan gəlməsi gizli bir sirr idi. Sizin Od üstündə oynayanlarınız bu sirlərin üstünə işıq saldı. Atanın üzü qibləyə durub Mustafa əmini çağirması, Taylı Nəsibin Şahxanım nənənin yuxusunda dedikləri, Haşım babanın gəmiçi Mədədi:
   
   -Ay Mədəd, ay Mədəd, özünü yetir...
   
   Və sair kəramət sahiblərinin möcüzəyə bənzər həqiqətləri mənə gələn səslərin haradan, kimlər tərəfindən gəlməsini bəyan etdi.
   
   "Od üstündə oynayanları" oxuyandan sonra buna inandım...
   
   Fikirlərimin sonu olaraq bunları demək istərdim. Sevgili İsmayıl əfəndi, son günlərdə yazdığım, amma tamamlanmamış bir şeirimi "Söz-söz açılan göy üzü" kitabımın redaktoru, hörmətli alimimiz Rüstəm Kamal bitkin hesab edib kitaba saldı. Mən bu şeiri tanımadığım, adını, yolunu, məkanını bilmədiyim bir YOL adamına ismarıc eləmişdim. O yolçu dərviş İsmayıl İlməzli, yolu, məkanı mənim ismarıcım olan məkanıymış və mən böyük məmnuniyyətlə bu şeiri sizin adınıza ünvanlayıram:
   
   
   
   Qarı dünyaynan
   
   Qeyli- qalımı,
   
   Bu qeylü-qalda
   
   Ərzi halımı
   
   Mövlama deynən
   
   
   
   Yad özümündü,
   
   Övlad özümün,
   
   Can özümündü,
   
   Cəllad özümün...
   
   Mövlama deynən
   
   
   
   Sözdə batıram,
   
   Közdə yatıram,
   
   Dərdi atıram-
   
   Mövlama deynən.
   
   
   
   Göydən süzüldüm,
   
   Cana düzüldüm.
   
   Candan üzüldüm,
   
   Mövlama deynən.
   
   
   
   Daha ovlamır
   
   Ahular məni
   
   Qurdun ağzında
   
   Ah ular məni
   
   Hara çağırır?
   
   Ya hu-lar məni
   
   Mövlama deynən
   
   
   
   Nə ətri qoxum
   
   Nə səsdə oxum?
   
   Bezdim bu vardan
   
   Hardadı yoxum
   
   Mövlama deynən....
   
   
   
   Şeir də tamamlanmayıb, fikirlərim də. Bizim getdiyimiz, bitməyən yollar kimi.
   
   Allah amanında!

TƏQVİM / ARXİV