Qarlı və Qaralı günlər

ETİBAR CƏBRAYILOĞLU
36169 | 2012-02-11 08:11
Qəzet səhifələrindəki xəbərlərdən, telekanallardakı süjetlərdən qar tökülür. Biz jurnalistləri kim qınaya bilər ki... Qara bürünüb elnən sürünməli deyilikmi? Qarlı və çovğunlu havada durub çimərlik mövsümündən necə yazasan? Eyyub Yaqubova qoşulub "Mənə dəniz verin!"- deməyin yeri yoxdu. Kimdi bizi ciddiyə alıb dəniz verən? Lap tutaq ki, kiminsə ürəyi yandı, bəs dəniz? Dəniz ki, yoxdu... Son günlərin şaxtası üzündən Xəzəri də don vurub. İndi bu saat ancaq
   
   
   
   Qara bax qara, gör necə yağır.
   
   Çıxsan bayıra məni də çağır-
   
   
   
   şeirini təzədən yada salmaq olar. Öz aramızdı, biz elə köhnə zamanlardan beləyik, hər şeyi qonşudan gözləyirik. Qonşuya deyirik ki, çölə-bayıra çıx, yıxılıb eləməsən məni də çağırarsan.
   
   Azərbaycan əsl Avropa ölkələri kimi qar, şaxta planlarını doldurub. Özü də artıqlaması ilə. Biz tərəflərdə kəsirlə işləməyi onsuz da kimsə xoşlamır. Qar yağıb, üzümüz Avropanın qarşısında ağdı. Sürüşənimiz sürüşüb, yıxılanımız yıxılıb, donanımız donub. Ona görə də qardan, çovğundan çox yazmağa dəyməz. Qışda qarın yağması, yolların bağlanması təəccüblü deyil. Bir zamanlar bizə öyrədirdilər ki, itin adamı dişləməsindən xəbər çıxmaz. Nə zaman adam iti dişləsə... Hə bu başqa məsələ. Bu oldu əməlli-başlı xəbər. Fevralda bizim tərəflərdə qar yağması, şaxta düşməsində qəribə heç nə yoxdu. İt adamı dişləyib yəni...
   
   Qış gəldiyi kimi də çıxıb gedəcək, qar da əriyib çaya axacaq, sürüşüb qol-qıçını sındıran həmvətənlərimizin sınıqları da bitişəcək, toqquşub əzilən arabalar da düzələcək. Amma elə dəyərlər var ki...
   
   Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri Qara Qarayevin doğum günü idi. Başımız elə qarışdı ki, bir də gördük nəhəng bir sənətkarın ad gününü qeyd etmək yaddan çıxıb. Aygün Kazımovanın növbəti doğum gününü bir həftə dalbadal bayram elədik. Tərslikdən Aygünün neçənci plastik əməliyyatı da bu ərəfəyə düşdü. Adamda başmı qalar? Bu arada zad zada qarışdı, Rəqsanə yenə qəza törətdi, prodüseri ilə dalaşdı, borclu olduğu insanlar qapısını kəsdirdilər. Bu arada o, vaxt tapıb yenə harasınısa əməliyyat elətdirdi. Bir də gördük ki, Səməd Səmədovun iti əsnəyir, Ədalət Şükürov Maldiv adalarında gəzməyə çıxanda ayağını balıqqulağı kəsib, Elza Seyidcahanın ayaqqabıları qırılıb, Rüfət Axundovun qonşusunda yaşayan pişik, prodüser Tolikin qonşusunun corablarını aparıb. Üzeyir Mehdizadə yuxuda ilan görüb. Bu azmış kimi, Aşıq Telli Borçalı xəngələ istiot vurmağı unudub, prodüser Zöhrabın ad günü təntənəli şəkildə qeyd olunan məclisində dava düşüb... Bütün bunları xalqa ətraflı çatdırandan sonra telekanallar Qara Qarayevin doğum gününə necə efir vaxtı ayırsınlar? Qara Qarayevin imza qoyduğu şedevrləri, qazandığı titulları sadalamaq üçün azından 1 saat vaxt lazımdı. Vaxt da tərslikdən...
   
   Üzeyir bəy Hacıbəyli, Dmitri Şostakoviç kimi dahilərdən dərs alan Qara Qarayev "İldırımlı yollarla" baletini yazıb və bütün dünyanı dolaşan bu əsərinə görə Lenin mükafatı alıb. "Leyli və Məcnun" simfonik poeması ona Dövlət Mükafatı qazandırıb. "Yeddi gözəl" baleti ən nüfuzlu opera teatrlarında tamaşaya qoyulub. Qara müəllim böyük bəstəkarımız Cövdət Hacıyevlə birgə yazdığı "Vətən" operasına görə SSRİ Dövlət Mükafatına layiq görülüb. "Don Kixot" simfonik qravürləri, "Uzaq sahillərdə", "Bir məhəlləli iki oğlan" bədii filmlərinə, "Antoni və Kleopatra" tamaşasına yazdığı musiqilər dünyanın musiqi xəzinəsinin inciləri sırasındadı. Qara Qarayevin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi, Bəstəkarlar İttifaqına rəhbərlik etməsi, deputatlığı da öz yerində...
   
   Qara Qarayevin əsərlərindən, titullarından, ictimai həyatdakı rolundan çox danışmaq, yazmaq olar. Amma evlənmək üçün "Toy olsun"a, "Onun yarısına", boşanmaq üçün "Etiraf"a gələnlər qarın, şaxtanın altında dondular axı. "Günəbaxan"a, baxmaq, meyxana yarışında iştirak etmək üçün növbəyə düzülənlərin ayağını don vurdu ki... İndi Zaur şit-şit danışmasın, Elgiz mənasız yerə gülüb ağlamasın, Nanə iki rəqqası dalaşdırmasın ki, nə var, nə var Qara Qarayevin doğum günüdü?
   
   Qışda qarın yağması, yolların buz bağlaması, şaxtadan suyun donması düzələn məsələdi. Yaz gələn kimi hamısı düzələcək. Ən azı növbəti qışa kimi. Amma mənəviyyatla bağlı problemlərimizin düzənə düşməsi üçün deyəsən dəvənin quyruğunun yerə dəyməsini gözləməli olacağıq. Dəvə demişkən, atalar yenə sözlərinin arxasında durublar. Deyirlər ki, dəvə oynayanda qar yağır. Amma bir məsələ də var. Vay o gündən ki, dəvə "Can-cana" mahnısının sədaları altında oynaya...

TƏQVİM / ARXİV