adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BƏYAZ DƏHŞƏT

BABƏK YUSİFOĞLU
37239 | 2012-02-10 08:23
Artıq bir neçə gündür ki, ölkə ərazisində, eləcə də paytaxtda qeyri-sabit hava şəraiti davam edir. On illiklər boyu görünməyən şaxtalar, çovğunlu günlər əhali üçün yeni-yeni problemlər yaradıb. Bütün bu problemləırin hamısını sadalamaq, onların hər birindən söz açmaq bir qəzet səhifəsində mümkün deyil. Ona görə də bu yazımda əhalinin bu sərt, şaxtalı günlərdə üzləşdiyi bir zülümdən bəhs edəcəyəm. Hövsan qəsəbəsinin elektrik enerjisi ilə bağlı çəkdikləri müsibətdən.
   
   Əvvəlki şaxtalı, çovğunlu günlərdə qəsəbə sakinləri bir neçə dəfə 6-7 saatlıq işıqsız qalsa da o vaxt insafən işıqlar nəhayətdə yanmışdı. Amma fevralın 8-dən başlayan çovğunlu günlərdə Hövsan camaatı əsl "bəyaz dəhşət" yaşadı. Və xahiş edirəm ki, bu ifadəni kimsə yalnız obrazlı ifadə kimi işlətdiyimi düşünməsin. Çünki hər kəsə xatırlatmaq istəyirəm ki, Hövsan qəsəbəsi düz dənizin sahilində yerləşir. Və təsəvvür edin, Şimaldan gələn şaxtalı, güclü külək maneəsiz olaraq qəsəbədə elə bir dəhşət yaradır ki, bunu ancaq belə adlandırmaq mümkündü. Çünki həqiqətən də istilik sistemləri qəti olaraq işləməyən binaların əhalisinin işığı da kəsiləndən sonra yaşadıqlarını dəhşət adlandırmaq bəlkə də yumşaq ifadədi.
   
   Çox yəqin ki, "Bakıelektrikşəbəkə" ASC-nin məsul işçiləri bu vəziyyəti müxtəlif qəzalarla, hansısa transformatorların sıradan çıxmasıyla, belə günlərdə enerjinin daha çox sərf edilməsiylə əlaqələndirəcəklər. Əlbəttə, bu cür arqumentlər ilk baxışda inandırıcı da görünə bilər. Amma həmin yetkililərə onu bildirmək istəyirəm ki, vəziyyətin bu şəklə düşməsində əslində onların özü günahkardır. Çünki onlar bütün açıqlamalarda, yuxarı instansiyalara verdikləri hesabatlarında bildirirdilər ki, "Bakıelektrikşəbəkə" qış mövsümünə tam hazırdr. Əgər onların qışa tam hazır olması Hövsanda, Yeni Günəşlidə və digər yaşayış massivlərində əhaliyə gerçəkdən bəyaz dəhşət yaşadacaqdısa, onda belə çıxır ki, qış mövsümünə natamam hazır olsaydılar camaatın hamısı soyuqdan qırılmalıymış.
   
   Çox maraqlıdır, istilik sistemləri bumbuz olan mənzillərdə ümidlərini elektrik sobalarına bağlayan çarəsiz insanlar qəsəbənin işıq idarəsinə, qəza xidməti sayılan 199-a zəng vurub məlumat da ala bilmirlər. Çünki həmin telefonlar cavab vermir. Amma... Bu "bəyaz dəhşət"in içərisində olan şəxslərdən biri kimi saatlarla, fasiləsiz olaraq Hövsandakı "Bakqes"ə səng vurrub nəhayət ki, bir dəfə oradakılarla danışmaq xoşbəxtliyini yaşadım. Telefona cavab verən Elçin Həsənov adlı şəxs rəisin yerində olmadığını, əraziyə çıxdığını bildirdi. Bunların "növbətçi cavab" olduğunu təxmin etdiyim üçün bu sözlərdən sonra rəisin hansı ərazidə olduğu ilə maraqlandım. Mənə cavab verildi ki, 77-ci ərazidədir. Ora getmək, dərdimizi ona anlatmaqda qərarlı olduğumu söyləyəndə Elçin Həsənov bildirdi ki, ola bilər ki, rəis oradan başqa bir əraziyə getsin. Məsələ şəxsən mənə aydın oldu. Rəisin kimliyi ilə maraqlananda mənimlə danışan işçi onun soyadını bilmədiyini, adının Pərviz olduğunu söylədi. Beləliklə bizim idarə ilə əlaqəmiz bitdi. Ümidlərimiz də...
   
   Telefon söhbətində maraqlı bir məqama da diqqət çəkməyi lazım bilirəm. "İşıq idarəsi"ndən mənə bildirdilər ki, haradasa qəza olduğundan enerji çatmır və qəsəbədəki binalara elektrik enerjisini növbə ilə veririk. Bəli, söhbət bir paytaxtdan gedir. Bunun hansı qaydalarala tənzimləndiyi mənim üçün müəmma olsa da onu qeyd edim ki, bizim binamızın işığı gecə saat 12 radələrində yandı. Bir müddət sonra isə yenidən söndü. Müəyyən zaman keçdi, bir də yandı. Və mən əminəm ki, sakinlərin əksəriyyətinin bu "işıq xoşbəxtliyi"ndən artıq xəbəri olmayıb. Çox yəqin ki, onda hər kəs paltosunu, şərfini, papağını... geyinib artıq yorğanının deyil, döşəyinin altına girib bir təhər yuxulamağa çalışırmış.
   
   Qardaş, axı Hövsanda yaşayan insanların, körpələrin, yaşlıların nə günahı var ki, binaların istilik sistemi şaxtalı günlərdə işləmir, elektrik enerjisi ilə təminatı belə bərbad gündədir? Bəs necə olur, kommunal xidmət sahələri "qanun" deyib borcu olanların az qalır ki, ciyərini çıxarsın? Bəs onların borcu əhaliyə xidmət etmək deyilmi? Dünyanın bir çox ölkələri var ki, ilin 7-8 ayını bu cür şaxtalı şəraitdə yaşayır. Hər şəraitləri də qaydasında. Bəs həmin ölkələr bunu necə bacarırlar? Əgər "Bakıelektrikşəbəkə" insanları belə ekstrimal şəraitdə elektik enerjisi ilə təmin edə bilməyəcəksə qabaqcadan desinlər, ya da işin öhdəsindən gələ bilmədiklərini etiraf etsinlər, bu yazıq camaat da qabaqcadan başının çarəsini qılsın, odun sobası qoydursun, evinə vaxtında odun alsın.
   
   Və elə anlaşılmasın ki, qəsəbənin elektrik enerjisi ilə təminatı haqqında bu yazdıqlarımda qəsdən rənglər tündləşdirilib. Əsla belə deyil. Hövsandakı bu müsibətlə bağlı ölkəmizin bir sıra informasiya mənbələri də məlumat yayıb. Lent.az "Hövsan qaranlıqdan qurtula bilmir" adlı geniş yazı-məlumat verib. Onlar da indi göstərdiyimiz faktlardan bəhs ediblər. Məlumatlarda bildirilir: "Bakıelektrikşəbəkə" ASC-nin nümayəndəsinin sözlərinə görə, Bakının bəzi ərazilərində elektrik enerjisi təminatında yaranan problemlərin əsas səbəbi "Azərenerji" ASC-nin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyətinin dayanmasıdır. Buna görə də verilən enerjinin həcmi 25% azalıb. Nəticədə Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bir sıra istehlakçılarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
   
   Bəli, budur Bəyaz dəhşət. Biz şaxtanın insanlara gətirdiyi müsibətlərdən danışırıq, onlarsa sakitcə elektrik enerjisinin fasilələrindən bəhs edirlər. Niyə qardaş, bizim günahımız nədi ki, pulunu verdiyimiz, müqabilində almalı olduğumuz elektriki sizin ucbatınızdan almamalıyıq? Sizin "fasilələriniz" üzündən insanlar sağlamlıqlarını itirməlidirmi?!..

TƏQVİM / ARXİV