adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iradə isaqın yazdırdığı yazı

İNTİQAM VALEHOĞLU
17262 | 2012-02-07 08:47
Bəri başdan bu yazını yazmağıma səbəb olan İradə İsaqa səmimi təşəkkürlər. İndi də keçək söhbətə. Son vaxtlar hiss elədim ki, yevlaxlılar demişkən nə yazmaq istəyirəmsə, "qırrıyıram", yəni yaxşı alınmır. Sərbəst yazılarımda ya kiminsə xətrinə dəyirəm, ya da xətrinə dəydiklərim cavanlığımı nəzərə alıb dillənmirlər. Bəzən də köşələrimdə təhqirə yaxın ifadələr olurdu. Ona görə də bir müddət elə başladım xəbərnən-zadnan başımı qatmağa. Elə bir də hiss elədim ki, bu "qırrama əməliyyatı" maaşıma da kefin istiyən təsir göstərir, kefimə də.
   
   Çünki yüz adam yüz söz deyə, bu "mışdır", "müşdür" sonluğuyla bitən cümlələr, kiminsə dediyi barədə kimdənsə açıqlama alıb o birinin üstünə "kısqırtmaq" mənə çatmır. Elə bir sözlə, yaxşısı özüm biləndir. Deyəsən, yenə söhbətə keçmək alınmır...
   
   Axır bir neçə günü də həm havaların soyuq keçməsinə, həm də ... görə evdə keçirməli oldum. Elə bu günlər ərzində də internetin nə qədər böyük qüvvə olduğunu indiyə qədər başa düşdüyümdən daha dərin dərk elədim. Yazının girişini belə başlamağımdan elə başa düşməyin ki, söhbət təkcə internetdən gedəcək... Nədən desəniz gedəcək söhbətimiz... Sadəcə əvvəlcə hansındansa başlamalıyam axı...
   
   Etiraf edim ki, indi haqqında bəhs elədiyim "maniya"dan bir müddət özüm də əziyyət çəkmişəm. Evdə internet olmasa da, qəpik-qəpik qazandığım pulları manat-manat kontura verib, vurmuşam telefonun canına... Nə var, nə var hansısa əhlikefin yazacağı bir statusa fikrimi bildirəcəm. Amma heç danmıram ki, arabir mənim də bu internet deyilən aləmdə, daha doğrusu indi internet deyiləndə ilk ağıla gələn söz olan facebookda yüngülvari "şuluqluqlarım" olub... Kim desə ki, olmayıb, deməli o nəyi desən danar. Zəlimxan Yaqub demişkən, bu dər-dəmirin içində şəxsi məlumatlarında "evli" yazıb eyni vaxtda üç kişiylə eşq macərasi yaşayanını da görmüşəm-çünki həmin vaxt burdakı "sevgilimin" daha iki "sevgilisi" olduğunu açıqlamaq istəmədiyim səbəbdən hiss eləmişdim- profilində lüt qız şəkli qoyub hansısa şirkəti reklam edən "Ayka", "Seva", "Sabina" adlı oğlanları da, arvadı kişi, kişisi arvad axtaranları da...
   
   Bir dəfə də dostluğumda olan bir qadının məlumatları diqqətimi çox çəkdi və götürüb buna bir "salam-kalam" yazdım. Üstündən üç dəqiqə keçməmiş mənə bir cavab gəldi ki...bəh-bəh. Sən demə, bunlar ər-arvad ikisi də facebookdadırlar. Hər ikisinin də öz "sevgilisi"... Günlərin birində paxırlarının üstü açılar... Evdə qırğın-qiyamət, haray-həşir... İndi kim bu qadına salam yazırsa, başlayır onu hədələməyə ki, sən mənim ərimin agentisən, məndən söz alırsan... Bax belə... Harda qalmışdıq? "Ayka" məsələsində... İndi bu xarabaxananın harasına girirsən qarşına yarıçılpaq vəziyyətdə profil şəkilləriylə-insafən soyunmalarına dəyər-səhifələr çıxır. Amma azacıq anlayışı olan adam bu səhifənin nə üçün yaradıldığını, məramını anlayır axı...
   
   Üç-dörd gün bundan əvvəl yenə köhnə vərdişimi yada salıb telefonumun balansında olan qəpik-quruşu facebooka qurban eləmək qərarına gəldim. Axı deyirəm, neçə gündür həm biz tərəflərin avtobusu "xıxıb", həm də... nöqtələrin yerinə olan sözləri axırda yazacam... Hə, həmkarım İradə İsaq-hərçənd ki, indi o telejurnalistdir-əla bir status yazıb. Elə gələn-gələn də şartaşart, partapart, hərdənbir də zartazart rəylər yazır. Tərbiyəsizliyə bir bax)) Status təxminən beləydi-son zamanlar facebooku bulvara bənzədirəm, hamı burdadı. Doğrudan da maraqlı status idi və təbii ki, buna uyğun rəylərin yazılması yerinə düşərdi. Amma içi mən qarışıq kimin ağzına və ağlına nə gəldi yazmışdı ora... Məndə yazmışdım ki, ölkənin yarısı burda "gecələyir"... Bir az da Səməd Vurğun bağını xatırlatmır ki? Deyəsən bu da İradə xanımın xətrinə dəymişdi... Hələ ona qahmar çıxanları demirəm... pah...pah...pah... Qalanlarının nəyi niyə yazdığını dəqiq bilmirəm. Amma öz yazdığım rəyi belə açıqlayıram. Yadınızdadırsa, "odnoklassnik"in bir mod vaxtları var idi. Mən də camaatdan eşitmişdim. Çünki "odnoklassnik"in bərkgedən vaxtlarında mən kompüterdə ancaq yazı yazmağı bilirdim-etiraf. Eşitdiyimə görə, təzə-təzə həmin o saytı da sosial şəbəkə adıyla yaradıblarmış ki, camaat dost-tanışını, məktəb yoldaşlarını, tələbə yoldaşlarını tapsın. Sonradan həmin saytı döndərdilər həsənsoxdu dəyirmanına. İndi dəqiq bilmirəm, həsən nə elədi, ..... ya yox. Amma son məlumatlara görə... yazmıram. Bax indi bu facebooku da döndəriblər ora. Elə bil xaraba "odnaklassnik"də nə zırrama, dəli, avara, dədəsindən küsən, ərindən boşanan, kəndlərindən qaçan, vaqondan düşən, arvadı ölən, tək qalan, cüt qalan, əkiz doğan, həyatından küsən, yaşayışdan bezən, kayf tutan, dərdə düşən var, hamısını yığıb helləyiblər bura. Axı Səməd Vurğun bağı da belədir. Günü 10 manata işləyən fəhlələr də əllərinə pul düşən kimi gəlirlər Səməd Vurğun bağına "balıq tutmağa". Amma tutduqları uzaqbaşı "tualet süpürgələri" olur. Davam edək... Profil şəkillərinə də baxanda adamda təxminən belə bir təəssürat yaranır-ölkədə üç nəfərdən biri şirkət sahibidir. Zalım uşaqları hardansa bir cındır kreslo, bir stol, üstündə də bir telefon, bir kompüter tapıb şəkil çəkdirirlər. Bəzilərini şəxsən tanıyıram-konduktordu, ekspeditordu, dəlləkdi-amma bu xarabada "şirkət rəhbəridi".
   
   Evdə olduğum günlərdə əhvalımı korlayan məsələlərdən biri də bilirsiniz nə oldu? Eurovision... Müsabiqənin hazırlıqları gedərkən, bir neçə münsif və tamaşaçılar yarışmada ölkəmizi təmsil edəcək kəsi seçirlər. Hətta bəzi media orqanlarında gəzən söz-söhbətə görə artıq qalib, yəni Azərbaycanı təmsil edəcək iştirakçı məlumdur-Səbinə Babayeva... Əla. Doğrudan da Səbinə yaxşı beynəlxalq təcrübəyə malikdir. Amma ən pis halda bunu elə eləmək olardı ki, Səbinə ölkədaxili seçimlərin final mərhələsində daha güclü rəqiblə mübarizə aparsın. Daha səsi harasından çıxdığı bəlli olmayan... Bilirsiniz, nəinki Səbinə üçün, ümumiyyətlə, Bakıya gələcək ölkələr üçün əsl rəqib kim idi? Sizcə? Hansı ki, bu adam uzun müddət Müslüm Maqomayevdən dərslər alıb, onun sevimli tələbələrindən olub və hardasa görünüşü və ifasıyla dahi sənətkarı xatırladır. Xeyr, bu yamsılama deyil...Söhbət Xəyyam Mustafazadədən gedir. Xatırladınız?
   
   Geridə qalan günlərin ən yaddaqalan hadisələrindən biri də heç şübhəsiz ki, "Azərbaycan qarlı qışa hazır deyil" fikrinin bir daha təsdiq olunmasıydı. Yəqin ki, günlərdir yazılanları və hər birimizin yaşadıqlarımızı başqa sözlə, ifadəylə canlandırmağa ehtiyac yoxdur. Hərçənd ki, aidiyyatı qurumlar indidən gah insanları, gah da qarı günahkar çıxarmağa çalışırlar və sonda bütün günahların bu iki tərəfdən birinin üzərində qalacağına da mütləq şəkildə inanıram. Hər halda məhkəmə prosesinin xeyli uzanması üçün "təqsirləndirliən şəxs" qismində qarın seçilməsi daha yaxşı olardı. Onsuz da gələn qışa hər şey yadımızdan çıxacaq, yay gələn kimi AZTV-nin mikrofonunu görər-görməz qışa hazırlıqdan, kefdən damaqdan basıb-bağlayacağıq...
   
   Bəlkə bu dəfə də axırda sizə bir lətifə danışım? Yox, bu da qalsın gələn dəfəyə... Kim umsuq oldusa üzrlü saysın...

TƏQVİM / ARXİV