adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyul 2015 20:51
2688
MƏMLƏKƏT
A- A+

Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi yarışları başladı

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş "Gənc xilasedici” III Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən” IV Ümumrespublika birinciliyinə start verilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, İdman və Gənclər nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Bakıda Fəxri Xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Sonra Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilib.

Yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini bildiriblər.

İyulun 7-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Polşa, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 19 rayon və şəhərin komandaları güclərini sınayırlar.