adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QONŞUYA üMiD OLANIN...

BABƏK YUSİFOĞLU
28251 | 2012-02-01 06:05
Artıq bir əsrə yaxındır ki, neft öz dəyərini, hökmünü dünyaya diqtə etməkdədir. Bəlkə də rəmzi mənada deyilmiş "qara qızıl" ifadəsi də nahaqdan söylənməyib. Hətta mən deyərdim ki, bu günün tələblərinə, dünyanın strateji-siyasi quruluşuna nəzər salsaq neftin əslində deyilənlərdən də artıq dəyərlərə malik olduğunu görərik. Və uzun dövrlərdi ki, onun uğrunda gedən mübarizələr, müharibələr, yeridilən açıq və gizli siyasətlər də sübut edir ki, dünyanın bir çox işləri məhz bu "qara maye"nin üzərində qurulur. Hətta elə bir vəziyyət yaranıb ki, dünya bazarında "qara qızıl"ın məzənnəsi ölkələrdəki əmtəə bazarına birbaşa təsir göstərir.
   
   Əlbəttə, bütün bunları xatırlatmaqla mən bu yazımda heç də neft və onun dəyərindən, oynadığı roldan bəhs etmək niyyətində deyiləm. Məqsədim mövcud situasiyanın sabahı haqda bəzi məqamlara diqqət çəkmək istəyirəm. Bu gün məlum ABŞ-İran qarşıdurması üzündən Hörmüz boğazından neft daşınmaları çox böyük risq altına düşüb. Bu səbəbdən də artıq Avropa İrandan gələn neftə alternativ qaynaqlar axtarmaq çabasındadır. Həttə ABŞ dünyada neft böhranının qarşısını almaq üçün özünün bəzi neft ehtiyatlarının işlənməsinə qərar verib. Ümumiyyətlə, açıq deyilməsə də bu böhran da neftdən qaynaqlanır, və İranın nüvə silahı əldə etmək istəməsi boş şeydi...
   
   Əlbəttə, neft hər bir ölkə üçün əvəzsiz təbii ehtiyat, strateji məhsul, qiymətli resurs, var-dövlətdir. Bunun inkarı üçün yeri yoxdur. Amma bütün bunlarla bərabər neftin bütün bu yüksək "statusu" həm də əks situasiyaya yol açmaqla başlayıb. İndi mütəxəssislər bəyan edirlər ki, neft özündən sonra böhran da yarada bilər. Onlara görə neft ölkələri sayılan dövlətlər "Neftdənsonrakı era" üçün indidən hazırlıqlarına başlamalıdırlar. Və demək lazımdır ki, bir sıra dövlətlər bu yolda əməli işə də keçiblər. Çünki belə ölkələr neftin gətirdiyi böyük gəlirlərin yerini digər imkanlarla doldurmaqda zorluq çəkəcəklərini çox gözəl bilirlər. Və bunun nələrə səbəb olacağını bilmək üçünsə nə neft mütəxəssisi, nə də iqtisadçı olmağa ehtiyac var. Məhz elə bu üzdən də Azərbaycan neft ölkəsi kimi bu strategiyanın balansının qorunması üçün ciddi addımlar atmağı qarşıya məqsəd qoyub. Ölkə prezidenti respublika iqtisadiyyatının qeyri-neft sektorunun daha intensiv inkişafı, genişlənməsi istiqamətində ciddi işlərin başlanmasına start verib. Və belə demək mümkünsə artıq effekt də var.
   
   Dünya siyasətini yönləndirməyə qadir olan nəhəng dövlətlər də var ki, bu problemin ağrısız dəf edilməsi üçün alternativ yolların hər birini gözdən keçirməkdədirlər. Böyük neft ehtiyatları olan ölkələrdən biri də Rusiya Federasiyasıdır. Onun bizim ən yaxın qonşularımızdan və enerji daşıyıcıları üzrə partnyorlarımızdan biri olması Bakını vadar edir ki, orada gedən prosesləri daim diqqətlə izləsin. Maraqlıdır, son dövrlər rus mütəxəssiləri də belə hesab edirlər ki, neft erası artıq öz yerini boşaltmaqdadır. Təxminən 10 ildən sonra dünyanın enerji tələbatı başqa səmtə istiqamətlənəcək.
   
   Ruslar haqlı olaraq belə hesab edirlər ki, məhz bu dəyişiklik Rusiya üçün fövqəladə dərəcədə təhlükəli bir situasiya yaradacaq. Çünki ölkənin eksport gəlirlərinin yarıdan çoxu neftin payına düşür. Əgər qazın da gətirdiyi pulları nəzərə alsaq, həmin gəlirlərin 75 faizə çatdığını söyləyə bilərik. Dövlət Enerji Strategiyası İnstitutunun direktoru Vitaliy Buşuyev bu günlərdə keçirdiyi mətbuat konfransında təhlükə haqqında həyəcan xəbərdarlığı bildirib. Onun da sözlərinə görə neft bundan sonra 15-20 il aktiv şəkildə işlədiləcək. Amma nəzərə almaq lazımdır ki, hazırda o özünün gərəkliliyinin pik dövrünü yaşayır ki, bundan sonra enmə dövrü gələcək. "Çünki insanların özü də daha benzinlə işləyən texnikalardan istifadə etməkdən, belə maşınlar sürməkdən imtina edəcəklər". Və burada insanların hazırda ən çox əziyyət çəkdiyi, ekoloji böhranı da əlavə etmək lazımdır.
   
   Mütəxəssisin qənaətinə görə, enerji daşıyıcılarından korluq çəkən Avropa alternativ enerjinin əldə edilməsini gerçəkləşdirmək məcburiyyətindədir. Və belə demək mümkünsə, bu istiqamətdə ciddi addımlar atılır. Yəni, hazırda elektromobillərin hazırlanmasını, digər enerji mənbələrin axtarılıb tapılması üçün edilən cəhdləri nəzərə alsaq yaxın gələcəkdə neftin iqtisadi-siyasi səhnədəki "baş rol"dan geri çəkiləcəyi real görünür. Hər halda proseslərin məntiqi ardıcıllığı da bunu göstərir.
   
   Azərbaycanda isə digər ölkələrdən fərqli olaraq neftdən alınan gəlirlərin yerini kompensasiya etmək üçün resurslar kifayət qədərdir. Və biz əgər onlardan lazımi qaydada faydalana bilsək, əlimizdə olan vasitələri həyatda reallaşdırmağı bacarsaq mütəxəssislərin həyəcan siqnalı verdikləri "Neftdənsonrakı era"nın yarada biləcəyi qorxulu böhrandan uğurla yayına biləcəyik. Bundan başqa, alternativ enerji qaynaqlarının yaradılması, istifadəsi, inkişafı istiqamətində fəaliyyəti bir an da olsun dayandırmamalıyıq. Bir az sadə dillə desəm, sabah üçün mütləq bu gündən tədarükümüzü görməli, "qonşuya ümid olanın, çırağı neftsiz qalar" atalar məsələni qulağımızda sırğa etməliyik...

TƏQVİM / ARXİV