adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QƏDiR RüSTƏMOV: "ÖZüMƏ HƏMiŞƏ üç QiYMƏT VERiRƏM"

CEYHUN MUSAOĞLU
26491 | 2012-01-31 08:22
Həmişə olacaq adam. Həyat əbədidi, ömür müvəqqəti. Həmişə həyatı olan adam. Həmişə həyati adam. Həmişə həyatda qalan adam. 2004-cü ildə verdiyi müsahibəni 2012-ci ildə nöqtəsinə belə toxunmadan təqdim edirik. Oxucunun həmişə təzə qəbul etdiyi adam. Sərhədsiz adam.
   
   Qədir Rüstəmov gəlmişdi redaksiyaya, Aqil Abbasla görüşməyə. Aqil müəllim də yox idi. Səsi qeybdən gələn insanla həyatda ilk dəfə idi rastlaşırdım. Oğurluq diktafonu açıb, onu söhbətə tutdum. Söhbətimiz yaxşı alına bilərdi, Aqil Abbas hardansa gəldi çıxdıg
   
   Başladılar ilk qaçqın qardaş dərdləşməyə. Mən qaçqın deyiləm, amma mənimkilər qaçqındı. Ona görə arada sözümü də dedim. Diktafon işləyirdi. Qədiri yola salandan sonra açıb qulaq asdım. Nəyi ki, mətbuat bilməlidi, yazıram. Bu söhbətdə Amerika kəşf olunmayıb. Bəlkə Qədir Rüstəmovun da kəşfi qurtarıb, Aqil Abbasın da. Qarabağın bu iki böyük oğlu Ağdama gedə bilmirlərsə, nə kəşf, nə oxumaq, nə roman yazmaq...
   
   - Bu Aqil hanı?
   
   - Burdaydı harasa çıxıb. Keçin otağına indi gələr.
   
   - Adın nədi?
   
   - Ceyhun.
   
   - Aqilin dayısı Dəvəçinin oğlu Ceyhun?
   
   - Yox, elə Ceyhun.
   
   - Ağdamlısan?
   
   - Yox.
   
   - Balam onda Aqil səni niyə işə götürüb?
   
   - Zəngilanlıyam.
   
   - Elə Zəngilanda Ağdamdı dana.
   
   - Qədir müəllim, bu işlərin axırı necə olacaq?
   
   - Mən müəllim deyiləm, Ceyhun müəllim.
   
   - Sən müəllim olmayandan sonra ay Qədir, mən sıragagündən müəllim deyiləm.
   
   - Nə bic-bic danışırsan ə? Zəngilan işğal olunanda neçə yaşın vardı?
   
   - On yeddi.
   
   - Cənnət idi Zəngilan, cənnətlərimizi işğal elədilər. Azərbaycanı həmişə işğal etmək istəyiblər.
   
   Fars deyib mənimdi, rus deyib mənimdi. Farsı Azərbaycandan əl çəkməyə məcbur etsələr də, rus əl çəkməyib. Həmişə Azərbaycana öz adamlarını yerləşdirib. Ermənini də qızışdırıb bizim üstümüzə göndərib. Ruslar ən birinci Azərbaycanın xanlarını, bəylərini məhv etdilər. Sonra Azərbaycanın nə qədər torpağını ermənilərin əli ilə zəbt edə bildilər. Torpaqları həmişə xan, bəy qoruyub.
   
   - Deyirsiz, bir nəfər də olsun bəyimiz qalmayıb?
   
   - Bəylik nəsilnən gəlir. Azərbaycanda bəy nəsillərini təmiz qırıb qurtarıblar. Bəylik insanın hər şeyində olur, yerişində, duruşunda, yeməyində, geyimində, əxlaqında, vətəni sevməyindəg Görürsüz, bir xanın, bəyin heykəli yoxdur. Ancaq Nəriman Nərimanovun Bakıda o boyda heykəli var. Halbuki ölkəmizə ən böyük ziyanı o vurub.
   
   - Nərimanov böyük şəxsiyyətdir.
   
   - Sənin kimilər üçün böyük şəxsiyyətdir. Bahadır Sonanı o yazmayıb? Nədi, bizim o yazıq müsəlman erməni qızının dalına düşmür?.. Nə isə. Özü də demokratiyadı. Mənim ixtiyarım yoxdu deyəm ki, Nərimanovdan xoşum gəlmir?! Həmişə fikirləşirəm, Zeynalabdin Tağıyev niyə Nəriman Nərimanovu oxudubg Yavaş-yavaş başa düşürəm ki, elə Zeynalabdin Tağıyev də rusun adamı olub. Rus da ən böyük ordenini ona verib. Mən belə danışanda səninkimilər deyirlər kig
   
   - Qədir, mən o "səninkimilər"dən deyiləm...
   
   - Yaxşı ol mənimkimilərig Nərimanov rusun adamı olub. Bəlkə yalan deyirəm? Hə, harda qaldıq? Hə yadıma düşdü. Deyirlər ki, Nərimanov xalqımızın xeyrinə filan sözü deyib. Söz deməyə nə var ki. Oğul odur canından qorxmasın. Nəriman Nərimanov isə özündən qorxub, torpaqlarımızın rusa verilməsinə qol çəkib. Sonra da onu zəhərlədilər, ona görə ki, artıq işini görüb qurtarmışdı. Rus indi də xislətindən əl çəkmir, erməniləri qızışdırıb üstümüzə göndərir.
   
   - Öz aramızdı, biz də düzəlmirik də... Rəmiş kimi sənətkarı ölkədən didərgin salmışıq...
   
   - Kim Rəmişi didərgin salıb? Rəmiş odey Moskvada kef edir özü üçün.
   
   - Yox də, çıxıb gedib. Özü də qürbətdə nə kef? Lap elə sənin özün, səsinə həsrət qalmışıq ki? Axırıncı televizora nə vaxt çıxmısan ay Qədir. Yadına düşür? Ancaq televiziya kanallarında bütün günü səviyyəsiz mahnılar verilir. Xalq da demir ki, daha bəsdir, bizə əsl oxuyanları göstərin...
   
   - Bunlar hamısı pulnandı. Televiziyada işləyənlərin eləsi var ki, doqquz şirvan pul alır. Bununla dolanmaq olar? Elə ona görə də pul alıb oxuya bilməyənləri efirə buraxırlar. Bir də ki, biz millət deyilik, kütləyik. Üçümüzün sözü bir gəlmir.
   
   - Yəni demək istəyirəm ki, bu musiqimizin axırı nə təhər olacaq?
   
   ... Söhbətin bu yerində Aqil Abbas içəri daxil oldu, qaldım kənarda. Qədir Rüstəmov Aqil müəllimi gördü, yadından çıxdım. Amma mədəniyyət xatirinə danışanda hərdənbir mənə də baxırdı. Söhbət dostu ilə davam etdirdi.
   
   - Sonradan eşitmişəm ki, Aqil müəllim tar çalandı. Aqil müəllim, evdə tar var?
   
   - Hə, var. Bir dəfə demədin ki, gəl oturaq həyətdə bir tar çalım, sən də oxu.
   
   -Yaxşı həyət-bacan var, özünə, uşaqlarına qismət.
   
   - Qurbandı o həyət-baca sənə.
   
   - Yox, elə özünüzə qismət. Həmişə gətirib tarı verirsən Fəxrəddin Hacıbəyliyə. O gün ona tar bağışlamaq istəyirdin.
   
   - Yox, o mənə tarını bağışlamaq istədi, götürmədim.
   
   - Çox nahaq yerə, sən saatı verəndə mən niyə götürdüm? Bir şeyi verəndə götürərlər.
   
   - Təzə oxuyanların içində ad çəkə bilərsənmi, kimsə sənin xoşuna gəlir, yəni qulaq asırsan?
   
   - Oxuyanları deyirsən, oxuyankimiləri deyirsən?
   
   - Yox, oxuyanları deyirəm.
   
   - Musiqinin hansı sahəsindən deyirsən?
   
   - Muğamdan.
   
   - Muğam oxuyanların hamısı yaxşı oxuyur.
   
   - Ümumiyyətlə musiqiyə qulaq asırsan?
   
   - Hə, hamısına qulaq asıram.
   
   - Mən yorulanda ya sənə, ya Rəmişə, ya Müslüm Maqomayevə, ya da Flora Kərimovaya qulaq asıram. Bəs Qədir Rüstəmov yorulanda, balıqdan gələndə, əsəbiləşəndə kimə qulaq asır?
   
   - Sən musiqi ilə məşğul olmursan, mən isə musiqiçiyəm. Ona görə xalq mahnısı, müğamat oxuyanların hamısına qulaq asıram. Onların hərəsində bir şey var.
   
   - Heç özün-özünə qulaq asırsan?
   
   - Zapisim olanda qulaq asıram görüm harda səhv eləmişəm. Qulaq asandan sonra özümə qiymət də verirəm, bu qiymət üçdən yuxarı çıxmır. Nə qədər yaxşı oxusam da sonradan qulaq asanda görürəm ki, burdan-ora tullanmışam. Halbuki burdan ora yolnan getmək lazımdır.
   
   - Oxuyankimilər musiqimizi pozurlar...
   
   - Poza bilməzlər. Musiqinin nəyini pozacaqlar ki?
   
   - Deyirsən, bu adamlar qalmayacaq?
   
   - Onlardan həmişə var, ancaq belə adamlar özləri üçündür. Musiqini heç kim poza bilməz, ona görə ki, musiqi xalqındır, heç kimin deyil. Məsələn, mən oxuyuram, ancaq nə musiqi mənim deyil, nə sözləri. Pis oxusam ifam yadda qalmayacaq, həmin mahnısa həmişə yaşayacaq.
   
   - İndiyə qədər oxuduqlarından ən çox xoşuna gələn hansıdır?
   
   - Heç biri. Bircə çay versəz, o xoşuma gələcək. Nə qədər yaxşı oxusam da, yenə lazım olanın yarısının yarısını oxuyuram.
   
   - Toylarada ki, Qədir Rüstəmov getmir...
   
   - Niyə getmirəm, bu gün toya çağırıblar. Ay Aqil indi gördüm e, səndən gəlib pul da istəyirlər? Sənin nəyin var ki?
   
   - Qədir Rüstəmov nə ilə dolanır?
   
   - Allah rəhmət eləsin Heydər Əliyevə. Mənim dostum idi, elə-belə də yaz. O, mənə orden, maşın, təqaüd verib. Bundan əlavə pensiya da alıram, uşaq pulu da verirlər, üstəgəl çörəkpulu, musiqi məktəbindən də bir az pul verirlər. Dostlarımdan də kömək edən var. Kim mənə kömək edir Allah köməyi olsun.
   
   - Həmişə həyətdə-bacada gəzən adam olmusan, indi binada necə yaşayırsan?
   
   - Bağrım partlayır.
   
   - Onda Oğuzdan Bakıya niyə gəldin?
   
   - Yox, bura lazımdı. Sadəcə imkanım yoxdu ki, torpaqdan-zaddan alımb, ev tikim. Mənə kömək edən bir-iki dostumun adını çəksəm, sən Allah onlara bir şey eləməzlər ki?
   
   - Niyə eləyirlər ki?
   
   - Onda deyim, mənə kömək edən dostlarımdan biri Valadarski adına fabrikin direktoru Fədail müəllimdir. İldə mənə iki-üç kostyum tikdirir. Şamaxı universitetinin rektoru Mail müəllim, Gəncənin prokuroru Vilayət müəllim, Sabunçunun rəisi Toğrul müəllim həmişə mənə kömək edirlər. Mən onlarla dostam. Həm də kömək etdikləri üçün demirəm, onlar hamısı insan adamlardır.
   
   - "QAİ" Qədir Rüstəmovu saxlayır?
   
   - Məni heç vaxt saxlamayıblar. Ancaq oğlum Mehdinin sürdüyü maşını Sulutəpəyə düşəndə QAİ saxlayıb, pravasını alıb.
   
   - Hə, daha bəsdir. Çoxlu söhbət etdik, daha uzunçuluq nəyə lazımdır.
   
   - Sən eliyirsən də, mən nə bilirəm söhbət nədi...

TƏQVİM / ARXİV