ƏDƏBİYYAT FƏDAİSİ

VAQİF YUSİFLİ
47014 | 2015-07-01 09:36
(Söhbət görkəmli ədəbiyyatşünas Cəfər Xəndan Hacıyevdən gedir)

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan bir insanı-Cəfər Xəndan Hacıyevi bu gün yad etməmək, xatırlamamaq mümkün deyil. Ona görə ki, Cəfər Xəndan düz 105 il bundan öncə, gözəl may günlərinin birində dünyaya göz açmışdı. Doğulduğu yer qədim Azərbaycan şəhəri İrəvan idi. Cəfər Xəndanın uşaqlığı ağır ehtiyac və məhrumiyyətlərlə keçib: ata-anasını itirib, Gəncədə uşaq evində yaşayıb, orada Pedoqoji texnikum bitirib, 1925-ci ildən isə Bakıya köçüb, APİ-nin dil və ədəbiyyat fakültəsini bitirib. Bundan sonra onun bütün fəaliyyəti mətbuatla, müəllimliklə bağlı olub, o, Ədəbiyyat İnstitutunda şöbə müdiri, Yazıçılar İttifaqında təşkilat katibi vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində siyasi rəhbər və jurnalist kimi ordu sıralarında olub. Ordudan tərxis edildikdən sonra BDU-da filologiya fakültəsinin dekanı, kafedra müdiri kimi fəaliyyət göstərib. 1950-1954-cü illərdə isə universitetin rektoru olmuşdur.
Cəfər Xəndan filologiya elmləri doktoru, professor idi və öz dövrünün ən nüfuzlu ədəbiyyatşünaslarından biri idi. Əlli dörd ildir ki, biz onu sıralarımızda görmürük, lakin bir həqiqət şəksizdir: alimin çəkdiyi zəhmətlər hədər getməmiş, yazdığı əsərlərin bir çoxu öz elmi sanbalını itirməmişdir.
Tənqid və ədəbiyyatşünaslığımızın inkişafında hər bir mərhələnin öz spesifik xüsusiyyətləri var: Cəfər Xəndanın elmi, pedoqoji fəaliyyəti keçən əsrin 30-cu illərinin ikinci yarısından başlayır. Bu dövrdə ilk məqalələrini çap etdirən Cəfər Xəndan fəal bir şəkildə müasir ədəbiyyat problemləri ilə məşğul olur. Amma onu maraqlandıran və bütün ömrü boyu tədqiqə həvəsləndirən bir mövzu var idi ki, Cəfər Xəndan elə otuzuncu illərdən o mövzuya girişir. O, böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına xüsusi önəm verir. "Sabir" adlı ilk monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında sabirşünaslığın təməl daşlarından biri kimi əvəzsizdir. Bu kitab Cəfər Xəndanın elmi fəaliyyət prinsipini qəti şəkildə müəyyənləşdirən, klassik irsi "müasir gözlə oxumağın" başlıca yönünü əyaniləşdirən əsər oldu. Monoqrafiyada Sabir və zəmanəsi, Sabir və dövrün ədəbi mühiti, Sabir və müasir ədəbiyyatımız kimi problemlər ətrafında elmi-nəzəri mülahizələr xüsusilə maraq doğururdu. Ümumiyyətlə, Sabir mövzusu ömrünün axırına qədər Cəfər Xəndanın müraciət etdiyi mövzulardan biri olub.
Alimin vəfatından sonra nəşr edilən "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" adlı sanballı elmi monoqrafiyası fikrimizcə, son əlli-əlli beş ildə sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Bu kitab ona görə əvəzsiz sayılır ki, burada elmi praktika nəzəri müddəalarla üzvi şəkildə sintezdədir. Kitabda təkcə Sabir poetikası deyil, klassik və müasir Azərbaycan poeziyası fonunda poetika məsələləri geniş şəkildə işıqlandırılır. Çünki alimin öz sözləri ilə desək, poetika şairin yalnız ədəbi yaradıcılıq qaydalarına necə əməl edib-etməməsi ilə qalmır, eyni zamanda, onun bədii zövqü, dünyagörüşünü və sənətkarlıq xüsusiyyətlərini qiymətləndirmək işində də müəyyən rol oynayır. Elə sənətkarlar vardır ki, onlar nəinki mövcud ənənələri davam və inkişaf etdirir, hətta yeni-yeni bədii kəşfləri ilə onu zənginlləşdirib, yeni istiqamətə yönəldirlər. Sabir də məhz belə sənətkarlardan olmuşdur.
Bu monoqrafiyada Sabirin sənətkarlıq xüsusiyyətləri onun ədəbiyyatımıza nə kimi yeniliklər gətirməyi, öz müasirləri arasında nə kimi təsir oyatmağı və bir şair kimi əzəməti klassik ədəbiyyatımızla müqayisədə müəyyənləşdirilir. Cəfər Xəndan bu mənada Sabirin poetikasının əlvanlığını, onun poetik prinsiplərini, klassik poeziyamızın sənətkarlıq cəhətdən inkişafında yeni bir mərhələnin başlıca spesifikası kimi qiymətləndirir. Sabirin süjet qurmaq, mövzu və tip seçmək prinsiplərini, üslub sadəliyini, peyzaja müraciətini, bədii dilini zənginləşdirən təsvir və ifadə vasitələrini araşdıran müəllif, sənətkarın poeziyasında adi oxucu nəzəri ilə oxunmayan sirləri, poetik möcüzələri kəşf etmişdir. Çünki sxematizmə, ritorikaya və qeyri-bədii ifadəyə yad olan Sabir yaradıcılığı bu priyom axtarışlarında əsl sənətkarlığın imkanlarını aşkara çıxarır. "Sabirin əsərlərində şair ən müsbət qəhrəmandır. O, öz simasında bu qəhrəmanın parlaq obrazını yaratmış, bu obraz "bənzərəm bir qocaman dağa ki, dəryada durar" deyə əzəmətli görünüşü ilə milyonların nəzərində qranit bir abidə kimi yüksəkdir. "Hophopnamə"ni vərəqlədikcə, qaranlıqlar içində nur kimi parlayan bu şairin başına nə müsibətlər gəldiyinin canlı şahidi oluruq" - bu fikir Sabirin böyüklüyünü, əzəmətini, poeziyaya xidmətini sübut etmək üçün gətirilən elmi arqumentlərə mənalı bir bədii proloq sayıla bilər.
Cəfər Xəndan da müasirləri olduğu bir sıra tədqiqatçılar kimi diqqət və qayğısını ədəbiyyat tarixçiliyimizin qarşısında duran operativ məqsəd və vəzifələrə yönəltmişdi. O, əsil ədəbiyyat tarixçisi idi. Onu təkcə ayrı-ayrı sənətkarların yaradıcılığı deyil, həm də ədəbiyyatın keçdiyi yollar maraqlandırırdı.
Cəfər Xəndanın maraq dairəsi, elmi-tədqiqat istiqaməti təkcə klassik ədəbiyyat və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri ilə məhdudlaşmamışdır. Alimin çoxcəhətli elmi fəaliyyətində Azərbaycan mətbuatının, Cənubi Azərbaycan ədəbiyyatının, müasir ədəbiyyatımızın bir sıra vacib problemləri də əhatə olunmuşdur. 1949-cu ildə "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq hərəkatı" adlı sanballı əsərinə görə Cəfər Xəndan filologiya elmləri doktoru adına layiq görülmüşdür. Bu əsər vaxtında yazılmışdı. Ona görə ki, hələ lazımınca tədqiq edilməmiş, öz elmi həllini gözləyən Cənubi Azərbaycan ədəbiyyatının bir sıra mühüm problemləri və "dərdləri" mövcud idi. Onları sistemli şəkildə öyrənmək və tədqiq etmək zərurəti ilk dəfə professor Cəfər Xəndanın öhdəsinə düşdü. Cəfər Xəndanın özü bilavasitə Cənubi Azərbaycanda olmuş, milli azadlıq hərəkatının yüksəlişi dövründə "Vətən yolu" qəzetində redaktor müavini işləmiş, orada şairlər məclisinin təşkilatçılarından biri kimi ədəbi prosesin inkişafına və istiqamətinə müəyyən təsir göstərmişdi..
Cəfər Xəndanın S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, S.Rəhimov kimi sənətkarların yaradıcılığına həsr etdiyi məqalələr, Yazıçılar İttifaqının plenum və müşavirələrində müasir ədəbiyyata aid məruzə və çıxışları ondan ədəbi prosesin inkişaf qanunauyğunluqlarını vaxtında izləyən bir tənqidçi-ədcəbiyyatşünas kimi danışmağa haqq verir.
Cəfər Xəndanın C.Cabbarlı, M.Müşfiq və M.Cəlal haqqında həm sanballı məqalələri, həm də kiçik monoqrafiyaları çapdan çıxmışdır. Müşfiqi o, XX əsr Azərbaycan poeziyasının klassiki təqdim edirdi. Müşfiqdə elə poetik keyfiyyətlər tapırdı ki, onlar sənətkarın yaradıcılığındakı özünəməxsusluğun, fərdi cizgilərin (xüsusilə, müasir həyatdan doğan sağlam romantika) müəyyənləşməsinə yol açırdı. Müşfiqin bənzərsizliyini, poetik talantını üzə çıxarmaq tədqiqatçını hazır və məlum təhlil modelindən çəkindirərək ilk növbədə, şairin yaradıcılığında üzə çıxmayan, daxili mahiyyətdə təzahür edən cəhətlərə yönəldirdi. Bu xüsusiyyəti biz Cəfər Xəndanın Mir Cəlala həsr etdiyi əsərdə də görə bilərik. Alim-tədqiqatçının ayrı-ayrı sənətkarların yubileyi münasibətilə yazdığı məqalələrdə də ilk növbədə, hər bir yazıçının ədəbiyyat tarixindəki yeri və mövqeyi, onu başqalarından fərqləndirən ümdə əlamət və keyfiyyətlər ön plana çəkilir (Məsələn, "S.S. Axundovun yaradıcılığı", "N.Nərimanovun ədəbi fəaliyyəti", "Qocaman ədib" (A.Şaiq haqqında) "İstedadlı şairimiz M.Müşfiq, "Xalq şairi Mirzə Əli Möcüz Şəbüstəri" və s.).
Cəfər Xəndanın ədəbi-elmi fəaliyyətini onun ictimai, pedoqoji fəaliyyətindən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. Elmi fəaliyyət prosesində ilkin cığırı açmaq, hansı tədqiqatınsa bünövrəsini qoymaq alim üçün nə qədər şərəflidirsə, onun vətəndaşlıq keyfiyyətləri, ictimai mövqeyi, fəal həyat prinsipi də bir o qədər vacib və zəruridir. C.Xəndanın tərcümeyi-halında, həyat yolunda bu cəhətlərin - bir-birini tamamlayan zəruri komponentlərin vəhdətini görürük. Onun pedoqoji fəaliyyəti sadəcə olaraq ali məktəblərdə mühazirələr oxumaqla bitmirdi (C.Xəndanın müasirləri və tələbələri etiraf etmişlər ki, o, ən gözəl natiq-pedaqoq idi). Cəfər Xəndan yaxşı başa düşürdü ki, mövcud nəslin-gənc tənqidçi və ədəbiyyatşünasların bilikli kadrlar kimi yetişməsi üçün səmərəli və faydalı iş görmək və onları da bu ruhda tərbiyələndirmək lazımdır. Bu isə alimi ilk dərsliklər, xüsusilə, ədəbiyyat nəzəriyyəsinə aiddərsliklər yazmağa ruhlandırırdı. Onun "Müasir Azərbaycan ədəbiyyatı" (1939), "Ədəbiyyat nəzəriyyəsi" (1940), "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" (1956) dərslikləri ədəbiyyatşünaslığımızın məhz ehtiyac hiss etdiyi, sözün əsil mənasında hava və su kimi lazım olduğu sahələrin, problemlərin mövcud vəziyyətindən yarandı. Söz yox ki, Cəfər Xəndanın bu təşəbbüsləri sonralar digər müəlliflərin və alimlər kollektivinin səyləri ilə daha da zənginləşdi, yeni ədəbiyyat nəzəriyyəsi, XX əsr ədəbiyyat tarixi dəpslikləri meydana çıxdı, amma C.Xəndanfn dərslikləri sonrakı müəlliflər üçün əsil istiqamət rolunu oynadı.
Elmin fədaisi olmaq təkcə külli miqdarda əsərlər çap etdirməklə, tapdığını, üzə çıxardığını ədəbi ictimaiyyətin öhdəsinə buraxmaqla məhdudlaşdırılmamalıdır, əsas məsələ odur ki, bu elmin fəal təbliğatçısına çevriləsən, yeniliyi vaxtında müdafiə edə biləsən. Cəfər Xəndan bu mənada vətəndaş tədqiqatçı idi.
Cəfər Xəndan pedoqoji fəaliyyəti illərində onlarla aspirant, elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. Təkcə bunu demək kifayətdir ki, akademiklərdən M.A.Dadaşzadə, H.Araslı, F.Qasımzadə, M.C.Cəfərov, K,Talıbzadə, B.Vahabzadə, EA-nın müxbir üzvləri Ə.Mirəhmədov, A.Zamanov, professor Mehdi Məmmədov və b. görkəmli ədəbiyyatşünaslarımızın elmi rəhbəri, yaxud opponenti Cəfər Xəndan olmuşdur.
Cəfər Xəndan eyni zamanda bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuş, altı şeir kitabı çap etdirmiş, Nizaminin bir sıra qəzəllərini, M.F.Axundovun "Puşkinin ölümünə "Şərq poeması" və başqa əsərləri dilimizə çevirmişdir.
Onun üç oğlu - Adil, Aqil və Rəfiq atalarına layiq oğul kimi böyüdülər, Adil Hacıyev akademik oldu, Rəfiq Zəka şair və professor kimi məşhurlaşdı. Allah hər ikisinin ruhunu şad eləsin. Aqil isə rus ədəbiyyatı mütəxəssisidir, professordur.
Cəfər Xəndan Hacıyevin qoyub getdiyi ədəbi-elmi irs yaşayır və yahayacaq!

TƏQVİM / ARXİV