HƏRƏNiN ÖZ DüNYASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
41656 | 2012-01-28 08:56
Əlimdəki kitabı əvvəlcə sağa-sola vərəqlədim. Vərəqlədikcə də artıq imzasına hələ xeyli illər bundan öncə bələd olduğum, hətta bir silsilə şeirlərini "Ədalət" qəzetində oxuculara təqdim etdiyim Aysel xanımın yaradıcılıq yolunu sanki vərəqlərlə birlikdə sətir-sətir gəzib qayıdıb yenidən iş otağına gəldim. Doğrusunu deyim ki, kitabın tərtibatı, nəşriyyat işi diqqəti özümə çəkdiyindən əvvəlcə elə bilmişdim ki, bu kitab, keyfiyyətli nəşr öz-özlüyündə Ayselin şeirləri, hekayələri barəsində ağlımdan keçənləri deməyəcək. Lakin misraların axarına qoşulduqca hisslərimdə yanıldığıma əmin oldum və gördüm ki, qarşımdakı bu kitab, yəni "Bu dünyanın insanı deyiləm mən..." əslində elə bu dünyadan, bu dünyanın insanlarından danışır. Onların düşüncələrini, duyğularını, arzularını, hətta yaşamlarını açıb qoyur ortaya - hər bir misrayla, hər bir fikirlə...
   
   Kitabın ilk şeiri mənim üçün öncə popurist bir fikri xatırlatdı. Elə bildim ki, Aysel hamı kimi olmaqdan ya çəkinir, ya da bu gün ədəbiyyata fərqli yanaşanlar kimi görünmək istəyi ilə özünü ön plana çəkir. Amma onun yazmaq istədiklərini oxuyanda gördüm ki, Aysel təkcə nələrisə yazmaq istədiyini demir, həm də yazmaq istədiklərinin alt qatında görünməyənləri xatırladır. Yəni yazmaq istədikləri ilə bərabər yazmaq istəmədiklərinin də örtüyünü çəkib üstündən götürür və onun yazmaq istəmədikləri də oxucu üçün yazılır. Beləcə, böyük Məmməd Arazın dillər əzbəri olan Vətən Daşı Ayselin qələmində özünəməxsus bir təqdimat qazanır.
   
   
   
   vətən daşı
   
   vətəndaşın qəbir daşı,
   
   başdaşıdı...
   
   bir daşını qorumadın
   
   düşmənin min daş daşıdı...
   
   içimizdən asılan daş
   
   bəlkə elə göz yaşıdı...
   
   vətən boyda sevgimizin
   
   adsız qalan başdaşıdı.
   
   
   
   Bu şeiri oxuduqca gənc həmkarımın təkcə söz oynatmaq yox, həm də fikirləri qarşılaşdırmaq məharəti mənim üçün bir tapıntı oldu. Necə deyərlər, gözlədiyimdən də dəyərli və qiymətli bir tapıntının ipucunu ələ keçirdim. Həmin ipucuyla da Ayselin şeirlərinin iç dünyasına enməyə başladım. Qulaqlarımda Motsartın musiqisi, Qədirin səsi, İslam Rzayevin ruhumu oxşayan avazı ilə birlikdə. Məhz bu avazların, bu səslərin içərisində Ayselin misralarını pıçıldadım.
   
   
   
   Mostart musiqisi kimi
   
   bir ömür arzulayıram
   
   qoy lap uzun olmasın...
   
   bolluca improvizə,
   
   parlaq rənglər içində
   
   gülümsəməsin üzümə...
   
   
   
   Şeirin sonuna gəlib çıxıram. Amma necə gəlib çatdığımdan xəbərim olmur. Çünki bu şeirin sonu elə əvvəlki kimi Motsartın musiqisi üzərində aram-aram yol gedir. Elə bir yol ki, onun "Rekviyem"ə gedib çatmır. Bunu müəllif də istəmir, heç mən də arzu etmirəm.
   
   Ayselin şeirlərini oxuduqca onun təfəkkürü, dünya görüşü, xüsusilə mütaliəsi özünü təqdimatsız aşkarladı. Çünki Ayselin şeirlərində Azərbaycan sərhədləri bütün istiqamətlərdə aşılıb, keçilibdir. Müəllif dünyanın böyük şəhərlərini, möhtəşəm abidələrini xəyalən gəzir, ziyarət edir və gördükləri, düşündükləri ilə duyğularını cilalayır. Həmin o cilalanma məqamında da Ayselə elə gəlir ki, o, bu dünyanın insanı deyil. Onun dünyası heç kimin gedə bilməyəcəyi, heç kimin yoluna bələd olmadığı uzaq, çox uzaq bir planetdə, bir məkandadı. Elə ona görə də Aysel yazır:
   
   
   
   kiminsə sevgisi
   
   sıxır içimi
   
   heç vaxt çəkmədiyim
   
   siqaret tüstüsü kimi...
   
   
   
   Və bu fikirlərinin son nöqtəsini bu dünyanın adamı olmayan Aysel belə tapır:
   
   
   
   qoşulub qarışıb
   
   o işığa mən
   
   gəldiyim məkana
   
   geri dönəcəm.
   
   
   
   Bəli, hər bir yaradıcı insan kimi Aysel də öz məntiqini oxucuya çatdırmaq, oxucunu da bu məntiqə inandırmaq istəyir. Özü də bunu çox sadə üsulla, poeziyanın ona verdiyi imkanlardan istifadə etməklə gerçəkləşdirir. Sanki həmsöhbətinə üz tutaraq deyir ki:
   
   
   
   fikir üçün
   
   əlimi
   
   cibimə salmıram...
   
   beynim
   
   dibi deşilmiş
   
   qazan kimi
   
   ürəyimə axıdır
   
   içində olanları...
   
   
   
   Və Aysel onu da vurğulayır ki, bu dünyada hər şeyin yeri və gərəkliyi danılmazdır. Hətta qurumuş ağacın da gərəkli olması onun üzərində qurulmuş yuvalardan bəlli olur. Və bu yuvalara yer ayırmış quru ağac da daxili qürurla pıçıldayır:
   
   
   
   quşlar yuva qurur
   
   başımda bir-bir
   
   bu qoca ruhuma
   
   bir dinclik gəlir...
   
   
   
   Ayselin şeirlərində doğmalara - ataya, anaya, babaya, nənəyə, rəfiqələrinə, yaşıdlarına ünvanlamış kifayət qədər misralar var. Amma bu misraların, bu şeirlərin hamısında tərif yox, fikir sevginin fərqli təqdimatı özünü büruzə verir. Yəni müəllif çığıra-çığıra doğmalarına öz sevgisini bəyan etmir. Əksinə, onlarda gördüyü ülfəti fərqli detalları ilə qabardır, həmin detallara fərqli don geyindirir, poetikləşdirir və sonda məlum olur ki, Ayselin könül pıçıltıları nə qədər səmimi və istidir. Ümumiyyətlə, Ayselin şeirlərində sabaha, gələcəyə, daha gözəl günlərə bir çağırış var. O elə bil ki, ayağı üzəngidə olan bir çapardı, sabaha tələsir. Ona görə də onun misraları bir nəfəsə oxunur. Aysel yazır:
   
   
   
   Şeirlər tökülür nəmli gözümdən
   
   Evim kədərimdən bezibdi daha.
   
   İllərdi küsmüşəm özüm-özümdən,
   
   Ruhum səbrimi də kəsibdi daha.
   
   
   
   Və yaxud:
   
   
   
   Uçmuşam bir yaşıl adaya doğru
   
   Rahatlıq içində uyuyum deyə.
   
   Ay düşüb dalımca gözü yuxulu,
   
   Mən onu dünyada tək qoydum deyə...
   
   
   
   Və yaxud:
   
   
   
   Üçbucaq çəkdim, çünki
   
   O, üç nöqtə kimidi...
   
   O üç nöqtə
   
   Mən, anam və atamdı
   
   Ay həkim!
   
   Ancaq bu nöqtələri
   
   Birləşdirəcək bəs kim?!
   
   
   
   Mən Aysel Qarabəylinin "Bu dünyanın insanı deyiləm mən..." kitabını oxuyub başa çıxarkən daxili bir rahatlıqla onun barəsində düşündüklərimi kağıza köçürməkdə yanılmadığıma daxilən inandım. Ona görə ki, həmin pıçıltılar mənə doğma gəldiyi kimi, həm də məni necə deyərlər, silkələyib bu dünyadan, bu aləmdən qoparıb, qopub getməyə səslədi. Elə bir yerə səslədi ki, mən orda əməlli-başlı gün işığı, yaşıl tala, şəlalə, hətta bir-birinə sarılmış sarmaşıq güllər də gördüm. Gördüyüm üçün də özümü həmin o dünyanın asudə, rahat qonaqlarından biri saydım. Axı:
   
   
   
   Ürəyimdən qopub düşən
   
   Vicdanımın qırıntısı
   
   Şeirlərimdə ağlayır...
   
   
   
   
   
   - demək hər qələm sahibinin hünəri deyil. Bax, bu mənada Ayselin düşüncələrinə qoşulmaq, onunla həmfikir olmaq mənim üçün çox rahatdı. Bu rahatlığın içərisində mən gənc həmkarıma yeni yaradıcılıq uğurları arzulayır və onun dünyasının arzuladığından da gözəl olduğuna inanıram. Çünki bu misraların müəllifi inanmadığı, güvənmədiyi dünyaya söz ismarıcı edə bilməz:
   
   
   
   Mən ölmədim, ruhum öldü içimdə
   
   Bir yol versin, körpüsündən keçim də...
   
   Qara torpaq dünyasına seçimdə
   
   Əcəl belə məni yada salmayıb.
   
   
   
   Yeni kitabın, yeni uğurların mübarək, Aysel Qarabəyli!

TƏQVİM / ARXİV