adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyun 2015 17:43
142715
MARAQLI
A- A+

Kişinin xəyanət etdiyini necə bilmək olar?

Əksər qadınlar əmindirlər ki, həyat yoldaşının və ya sevgilisinin ona xəyanət etdiyini qəlbən anlayır. Amma qadın intuisiyası həmişə köməyə gəlmir. Bu intuisiyanı ağlar qoyan məharətli kişilər də var, xəyanəti elə işləyirlər ki, qadının heç ruhu da incimir. Amma hansı sirr əbədi qalıb ki?!

Aşağıdakı xəyanəti çözən ipucları bəlkə işinizə yaradı...

 

Dostlar

 

Ortaq dostlarınızla tez-tez bir araya gəlin. Güman ki, onlar nəsə eşitmiş ola bilərlər. Əgər kişi sizə xəyanət edirsə, ortaq dostlar arasında bunu bilən ən sonuncu adam siz olacaqsınız. Dostlarla söhbətdə diqqətli olun: baxışlar qaçırılacaq, heç kəs gözlərinizə dik baxa bilməyəcək, suallara qısa cavablar veriləcək, məclisi hər kəs sizdən öncə tərk edəcək, bacardıqca gen gəzəcəklər. Çünki xəyanəti bilib susduqları üçün özlərini günahkar hiss edirlər.  

 

Zaman

 

Bəzən düşünürlər ki, kişi vaxtı-vaxtında evə gəlirsə, deməli "sol”a meyilli deyil. Əksinə! Hiyləgər olanlar bunun tərsini edib, diqqət azdırmaq istəyirlər. Fikir verin: hərdən dostları ilə məclisə, futbola, gəzintiyə çıxan kişi birdən-dirə "ev quşu”na dönür. Sizi şübhələndirməsin deyə, zamandan düzgün istifadə edir. Odur ki, siz də zamandan düzgün yararlanın. Şübhələndiyinizi ona qətiyyən bildirməyin, yoxsa dərhal "b” planına keçər.


Sözlər

 

Kişi həqiqəti gizlədirsə, xəyanət edirsə, lüğətində dəyişikliklər edəcək. İfadələrindən "mən” sözü çıxarılacaq. Bacardıqca, az danışacaq. Ümumiyyətlə, səsi də qısılacaq. Çünki qadını qıcıqlandırıb əsəbləşdirə bilər. Əsəbi qadının isə... gözü elə dönür ki, işi-gücü tullayıb kişini güdməklə məşğul olur (əsəbi qadının edə biləcəklərindən ən cüzisi hələ budur). Bu da, əlbəttə, kişiyə əl vermir. Bundan başqa, filmlərdə, seriallarda, kliplərdə xəyanətdən danışılanda xəyanətkar kişi qabaqdangəlmişlik edib belələrini tənqid edəcək. Xəyanət edən kişiləri qınayacaq.  

 

Davranış

 

Evə vaxtında gəldiyi kimi, digər hərəkətlərinə də nəzarət edəcək. Hətta xərcə düşüb bahalı hədiyyələr də alacaq. Təbii ki, kişiniz əvvəldən belə səxavətlidirsə, bu başqa. Amma xasiyyəti birdən dəyişirsə, Daşdəmir yumşalırsa, demək torbada pişik var. Dünənə qədər ad gününüzü unudan kişi birdən-birə tanış olma gününüzdə sizə qızıl üzük niyə hədiyyə etsin ki?! Və ya çaydan stolun üstündə ola-ola çay tələb edən kişi, axşam yeməyini niyə özü hazırlasın?!



Təbii ki bu sadalananlar xəyanəti gizli edənlər haqqındadır. Qadını saymayıb, açıq-açıq xəyanət edən, başqa qadının yanına getmək istəyən kişi özünü daha aqressiv aparacaq, etdiyiniz hər bir işə qulp qoyacaq, sizə heç nəyi yaraşdırmayacaq, bişirdiyiniz yeməklər ürəyincə olmayacaq və s.

İstənilən halda xəyanət ağırdır. Buna uğradınızsa, qarşınıza ya papağınızı qoyub düşünün, ya da kişinizi qoyub məsələni kökündən həll edin!