adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ŞƏKLiNi GiZLƏT, DüNYA...

VƏSİLƏ USUBOVA
27212 | 2012-01-28 08:56
Nə vaxtdı şair bu dünyanın şəklini çəkmək istəyir. Dərdini çəkə bilmədiyi, haqsızlığına, namərdliyinə dözə bilmədiyi dünyaya yalvarır, minnət edir ki, heç olmasa, bircə an dövranını durdursun, toxdasın, özü kimi olsun, şair də bu fürsətdən yararlanıb söznən, misraynan onun şəklini çəksin. Bəlkə bir az ürəyi soyudu, qələmnən deyə bilmədiklərini fırçaynan çəkə, göstərə bildi. Sözün rəngini hamı seçə bilmir, axı. Şəklin rənglərini çoxları görür, anlayır. Söznən qandıra bilmədiklərini, rənglərlə qandırmaq istəyən şairin arzuları çin olmur ki, olmur. Dünya özünü naza qoyub. Eşitmək, dayanmaq, fürsət vermək fikri yoxdu...
   
   
   
   Şair də öz işindədi,
   
   dünya da...
   
   Şair minnətindədi,
   
   dünya fırlanmağında...
   
   Sonda kim usanacaq,
   
   kim bezəcək, bilinmir...
   
   ***
   
   Mənsə, heç şəklini çəkməzdim bu dünyanın. Ona görə ki,... Çox şeylərə görə çəkməzdim dünyanın şəklini. Hər şeydən öncə, özü adamlarına, adamları da özünə oxşadığına görə əziyyət verməzdim barmaqlarıma. Çəksəm, nə alınacaq ki?!... Elə adam şəkli alınacaq, başqa heç nə. Üzdən bir cür düşəcəkdi, yandan bir cür, arxadan da başqa cür. Şəkildə özündən qat-qat qəşəng düşən yöndəmsizlər kimi. Şəklinə baxanda utanan gözəllər təki...Bütöv işnən arası yoxdu ki, bu dünyanın...
   
   Adını fani qoyub, özü əbədi olanın, bu ucdan doğulanı o ucdan torpağın altına göndərənin şəklini niyə çəkməliyəm ki?! Qoy şəkilsiz qalsın...
   
   ***
   
    Şair çəksə necə alınacaq dünyanın şəkli?! Homerdən Ramiz Rövşənədək min illərdi Yer üzünün şairləri şəklini çəkirlər bu qədirbilməzin. Hərə bir ucdan, bir yöndən. Zərrə-zərrə, qətrə-qətrə. Bir tabloya, bir lövhəyə, çərçivəyə sığan deyil dünya. Min dona girib, min sifətə düşməkdi işi-peşəsi. Toyu qurtarmamış yası başlayır, dodağı gülənin gözü yaşnan dolur, qəhqəhəsiynən hönkürtüsünün fərqi bilinmir. Nə bəxtəvərliyinə bel bağlamaq olur, nə bədbəxtliyindən qurtulmaq. Şair olan neyləsin?! Nə desin, nə danışsın ki, sözləri yalançı çıxmasın?! Yaxşı ki, usanmırlar söz qoşmaqdan, fikir söyləməkdən. Əvvəl-əvvəl adamların şəklini çəkiblər. Hamısını da əzəli və əbədi, dəyişməz libasda. Bələkdə və kəfəndə. Sonra da dünyanın işdəklərindən, anlaşılmaz oyunlarından, bu oyunlarda atılıb-tutulanlardan, enib-qalxanlardan, ölüb-dirilənlərdən danışıblar. Bir də heç nəyə baxmadan öz işində olan-baş fırladan, göz aldadan, qəlb oynadan mələklərdən, iblislərdən...Bütün gözəllikləri, cazibədar, şirin yalanlarıynan bir yerdə.
   
   
   
   Gələn nədi, gedən nədi?
   
   Bələk nədi, kəfən nədi?
   
   Bu dünya öz kefindədi,
   
   Yağış yuyur, gün qurudur...
   
   
   
   Gələni-gedəni vecinə almayan dünyanın şəklini çəksən də, o şəkli yağış yuyacaq, gün qurudacaq...
   
   Çox şəkilləri yuyub yağış, soldurub Günəş, çürüdüb torpaq. Ancaq öz çəkdiklərini saxlayıb dünya...
   
   Dünya qoymur şəklini çəkməyə. Bilir ki, hərə öz bildiyi rəngə salacaq onu. Artıra-artıra, əskildə-əskildə öz rəngindən döndərəcəklər. Gözləri aldadacaqlar, ağılları çaşdıracaqlar. Kim necə bacarır, necə istəyir o cür də görəcək, göstərəcək dünyanı. Şair də, rəssam da, bənna da, pinəçi də...
   
   Ağıllı da, dəli də...
   
   İstedadlı da, istedadsız da...
   
   Qorxur dünya. Min şəklə düşməkdən, tanınmaz olmaqdan qorxur. Əsl sifətini itirməkdən, sifətsiz olmaqdan qorxur. Bilir ki,...
   
   Bilir ki, bir şəkildə cənnətə bənzədəcəklər qoynunu...
   
   O birində cəhənnəmdən betər göstərəcəklər...
   
   Hər ikisi də haqlı olacaq...
   
   Qorxusu bundandı dünyanın...
   
   ***
   
   Öz dünyasını çəkirdi Pikasso. Səmasında göyərçinlər dolu mavi bir dünya çəkmişdi. Dünyanın barışıq şəkliydi bu. Elə o şəkli də yağış yudu, gün qurutdu. Yerini silahlar, səngərlər, soyqırımlar, terrorlar tutdu. Onları yağış yuyub, gün quruda bilmir. Müharibə şəkillərindən utanır dünya. Muzeylərə göndərir, arxivlərə atdırır, ancaq çoxalmasını əngəlləyə bilmir. Bir dənindən mini cücərir, Pikassonun göyərçinləri dənləyib qurtara bilmir bu toxumları...
   
   Öz dünyasını çəkməyi hamı bacarmadı. Bacarsaydı başqa cür alınardı dünyamızın şəkli. Şəkli özündən gözəl olanlardan minqat gözəl olardı. Məsələ fırça tutmaqda deyil. Məsələ görməkdədi...Dünyanı görənləri, duyanları, bəyənməyib öz dünyasını quranları sevmir nə dünyanın özü, nə də adamları...
   
   ***
   
   Amma bizi istədiyi şəklə sala bilir bu dünya. Acımadan, usanmadan, bezmədən başımıza oyunlar açır. Gözəlimizi çirkinə, çirkinimizi gözələ çevirir. Qəsdən edir bunu. Dişinə vurur, sınağa çəkir. Susduğumuzu, boyun əydiyimizi görüb bir az da azğınlaşır, adam şəklindən çıxardır bizi. Ağlımızın kütlüyü, qanımızın soyuqluğu, qəlbimizin qəddarlığından özü də yavaş-yavaş şəklini itirməyə başlayır. Daha kimsə şəklini çəkə bilməyəcək bu dünyanın...
   
   Nə Zəlimxan Yaqub, nə də ondan sonrakı şairlər...
   
   Şəkilsiz qalacaq bu dünya...
   
   Özü də, adamları da...

TƏQVİM / ARXİV