adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ANKARA NƏ EDƏCƏK?..

BABƏK YUSİFOĞLU
40331 | 2012-01-26 07:21
Hadisələrin inkişafı göstərir ki, Türkiyənin milli maraqlarını deyil, onun Qərbləşməsinə, nə ilə nəticələnəcəyinin fərqinə varmadan Avropa Birliyi üzvlüyünə bütün gücü ilə can atması kökündən yanlış imiş. Bu fikirlərlə razılaşmayanlara uzun-uzadı şərh deyil, yalnız bir şeyi xatırlatmaq istərdim. Avropa Birliyinin iflasa məhkumluğu ilə bağlı dünyanın çox nüfuzlu iqtisadçılarının xeyli əvvəl dedikləri artıq öz təsdiqini tapmaqdadır. Avropa Birliyi üzvü olmaq həqiqətən bir "iqtisadi xoşbəxtlik" idisə, niyə bu gün Yunanıstan qan ağlayır, defoltla iç-içədir? Portuqaliya, İspaniya... niyə özlərini iqtisadi böhrandan qurtarmaq üçün yollar arayırlar? Avro ən acınacaqlı dövrünü yaşayır. Hanı bəs Avropa Birliyinin iqtisadi gücü? Kim zəmanət verə bilərdi ki, Türkiyə də Birlik üzvü olandan sonra Yunanıstanın iqtisadi fəlakətini yaşamayacaq? Yəni, bunları görmək üçün mütləq həmin fəlakəti keçirmək vacibdi?
   
   Lakin iqtidara sahiblənən Ədalət və Kalkınma Partiyası (AKP) liderlərinə elə gəlirdi ki, hakimiyyət nə qədər çox Qərbin çaldığı zurna ilə oynasa avropalıların onlardan bir o qədər xoşu gələcək. Elə bu üzdən də o tərəfdən gələn bütün siyasi və qeyri-siyasi sifarişləri AKP Türkiyədə həyata keçirməyə başladı.
   
   Bu tendensiya iqtidarı o qədər aludə etmişdi ki, Ankara türklərin babalarına uydurma soyqırım iddiası ilə qatil damğası vurmağa çalışan erməniləri də bağırlarına basıb öpməyə, Kəlbəcərin işğalına etiraz olaraq əvvəlki iqtidarın bağladığı Türkiyə-Ermənistan sərhəddini açmağa girişdilər, Sürix şousuna qatıldılar. Sərhəd yaxınlığında yaltaqcasına erməni dostluğunu simvolizə edən bir abidə də ucaltdılar. Sonra birbaşa Rəcəb Tayyib Ərdoğanın "əsəri" olan "erməni açılımı"nı gündəmə gətirdilər, Azərbaycanı çətin vəziyyətdə qoydular. Hələ mən bu yöndə olan digər utancverici addımların hamısını sadalamaq istəmirəm. Və elə bildilər ki, bu cür hərəkətlərı ilə ermənilərin rəhminə nail olacaqlar və onlar qondarma "erməni soyqırımı"ndan əl çəkəcəklər. Yeri gəlmişkən, bu üzdəniraq ideyanın geniş şəkildə təbliğ olunmasında Türkiyə KİV-ində özlərinə kök salmış Məmmədəli Birand kimi erməni pərəst jurnalistlər də can-başla çalışdılar və çalışırlar. Hələ yaxşı ki, o vaxt içində türk sevgisi olan milyonlarla türk qardaşlarımız və Azərbaycanın çabası sayəsində Sürix protokollarının təsdiq edilməsi dayandırıldı.
   
   Türkiyə birdəfəlik qəbul etməlidir ki, ermənilər heç bir vaxt, heç bir güzəştin müqabilində - nə uydurma "erməni soyqırımı"ndan, nə Türkiyədən ərazi uiddialarından, nə də təzminat tələbindən əsla vaz keçməyəcək. Və indiki situasiyada AKP iqtidarından bir sualı cavablandırmasını çox istərdim: Türkiyə Ermənistanla hansı sərhədi açmaq üçün Sürix protokollarını imzalayırdı, ermənilərin tanımadığı sərhəddimi? Yaxşı olmazdımı AKP protokolları imzalamamışdan öncə Ermənistandan Türkiyə sınırlarının tanımasını tələb edəydi?
   
   Əlbəttə, bütün bunların indiki məqamda yenidən xatırladılması heç də o məqsəd daşımır ki, bu cür məsələlər üzərində müzakirə, mübahisə təzələnsin. Bu heç istəmədiyim bir şeydi. Məqsədim odur ki, iki gün öncə Senatda qəbul edilən girdirmə qanunun Türkiyəyə və Azərbaycana qarşı düşmənçiliyin, nifrətin ən bariz nümunələrindən biri olduğunu birmənalı şəkildə dərk edək. Həmin girdirmə qanundan ötrü heç də sarsılmaq, hər şeyin bitdiyini düşünmək doğru deyil. Milli maraqlar, türkçülük ideyalarını gücləndirmək, bunun üzərindən, özü də vaxtında və yerində daxili və xarici siyasət yürütmək kifayətdir ki, Ermənistan kimi cındır ölkələr, babalarının müsəlman ölkələrində soyqırım törətdiyi fransızlar və digərləri layiqli cavablarını alıb qınlarına girsinlər. Türkə meydan oxumasınlar. Azərbaycanla Türkiyənin vahid güç olduğunu görsünlər.
   
   Təəssüf ki, bu hadisələrdən sonra AKP-dən qabaq ermənilərin özləri sərhəddin açılması məsələsinin birdəfəlik bitdiyi qərarına gəliblər. Srağagün Amerikadakı erməni milli komitəsinin (ANSA) sədri Ken Xaçikyan açıqlama verib ki, bundan sonra erməni-türk münasibətləri heç vaxt düzəlməyəcək. "Aydın görünür ki, Türkiyədə indi yaranan bu atmosfer erməni-türk münasibətlərinin normallaşmasını mümkünsüz edir. Fransada qəbul olunan qanun layihəsi və türklərin göstərdiyi təpkilər bunu sübuta yetirir". Daha sonra Türkiyə hakimiyyətinin hədələrindən söz açan ANSA sədri arxayınçılıqla bildirib ki, əlbəttə, Fransa ilə münasibətlərin korlanması baş verəcək, amma bu çox da uzun çəkməyəcək. Və Türkiyə yenidən rəsmi Parislə əlaqələrini bərpa edəcək.
   
   Əlbəttə, Ken Xaçikyanın sonda dediyi iddiaları təsdiqlənərsə, qarşıda Türkiyəni çox çətin dövr gözləyir. Çünki onda belə bir xarici siyasət sərgiləyən dövlətə daha betər təzyiqlərə start veriləcəyi labüddür. Və bu Qərbin baş planı - Türkiyəni parçalamaq planı həyata keçənədək davam edəcək. Hərçənd bu planın məğzi daha heç kim üçün sirr deyil. Daha Serj Sərkisyan bu haqda getdiyi görüşlərdə də açıq-açıq danışır. Bir müddət öncə erməni gəncləriylə görüşdə əli türkün qanına bulaşmış Sərkisyan demişdi ki, Dağlıq Qarabağı biz aldıq, Ağrı dağı bölgələrini də sizin nəsl geri alacaq.
   
   Yəqin ki, AKP nəhayət Parisin bu rəzalətindən sonra situasiyanı doğru dəyərləndirəcək, türk düşmənlərinə fürsət tanımayacaq. Bunu aldığımız bəzi məlumatlar da təsdiqləyir. "Novosti-Qruziya"ya istinad edən "Panarmenian.net" məlumat yayıb ki, fevral ayının 1-dən Türkiyə əcnəbilərin ölkəyə gəlişini və qalma müddəti ilə bağlı qaydaları sərtləşdirəcək. (Əslində bu çoxdan öz həllini tapmalıydı). Mənbə bildirir ki, gürcü vətəndaşlarına qaydaların nisbətən yüngülləşdirilməsi üçün Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze Ankara ilə danışıqlar aparmaqdadır. Xatırladaq ki, hazırda Türkiyə ilə Gürcüstan arasında vizasız rejim mövcuddur. Ötən ilin 10 dekabrından Türkiyə və Gürcüstan vətəndaşları türk-gürcü sərhəddini yalnız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə keçə bilirlər.
   
   Qeyd edim ki, bu addım artıq Ermənistanda böyük bir əndişəyə yol açıb. Ermənilərə görə, Ankara bu addımı məhz Türkiyədə işləyib ailəsinə çörək qazanan on minlərlə erməniyə görə atıb. Yerevan çox gözəl anlayır ki, bu qədər potensial işçi qüvvəsinin Türkiyədəki işindən məhrum olub öz xarabasına dönməsi Ermənistan üçün sözün əsl mənasında bir fəlakətdir. Nisbətən obyektiv düşünə bilən ermənilər isə hakimiyyətə və xaricdəki erməni diasporuna məsləhət görürlər ki, ac və işsiz qalacaq həmin erməniləri Fransaya aparıb senatorların evində yerləşdirsinlər.
   
   İndi bütün dünya fransızların türklərə qarşı atdıqları bu düşmən addıma Ankaranın nə reaksiya verəcəyini gözləyir. Əlbəttə, biz də onun tərəfdarı deyilik ki, qardaş Türkiyə girdirmə bir sənədə görə Fransa ilə müharibəyə başlasın. Amma Türkiyə dövlətinin mənəvi dəyərləri ilə oynamağın ağır bədəllərlə ödənəcəyi bütün dünyaya görk olaraq göstərilməlidir. Ən azı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, prezident Abdulla Gül bu məsələ ilə bağlı hər kəsin qarşısında söylədiklərinin arxasında durmalıdırlar.

TƏQVİM / ARXİV