adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DAHA BiR RƏZALƏT

BABƏK YUSİFOĞLU
49522 | 2012-01-25 08:42
Nikola Sarkozinin Fransası erməni yaltaqlığını rəsmən təsdiqləmək üçün mənfur bir sənədi - qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanunun qəbulunu dünən geç saatlarında qəbul etdi. Və bunula da nəinki Fransa tarixinin, eləcə də Avropanın qanunvericilik tarixinin ləkəli bir səhifəsinə imza atmılş oldu. Əslində Fransa senatı etiraf etdi ki, onlar türkün qarı düşməni olan ermənilərdən də çox türk düşmənləridirlər. Çünki haqqında danışılan bu üzdəniraq qanun heç Ermənistanın özündə belə yoxdur. Bununla bağlı bizdə məşhur bir deyim var, "tas hamamdan isti olub".
   
   Qəbul olunan bu qanuna görə, Fransada uydurma "erməni soyqırımı"nı inkar edənlər bundan sonra bir il müddətinə azadlıqdan məhrum ediləcək, 45 min avro miqdarında cərimələnəcək. Xatırladaq ki, senatdakı müzakirələr zamanı bir sıra senatorlar bu qanun layihəsinin qəbuluna çox sərt şəkildə etiraz etsələr də sonda iqtidar partiyasından olan üzvlər tərəfindən böyük səs çoxluğu ilə qəbul edilib.
   
   Fransa senatının bu alçaq addımından sonra orada yaşayan ermənilər, Ermənistandakı ermənilər böyük sevinc yaşayıblar, bunu bayrama çeviriblər. İndi politoloqların əksəriyyəti "böyük qələbə"nin şərhinə başlayıblar. Rəsmlər isə daha böyük iddialar nümayiş etdirirlər. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sənədin qəbuluna görə, Fransanın rəhbərlərinə, senata dərin təşəkkürünü bildirib. Təşəkkür məktubunda Nalbandyan qeyd edib ki, bu addım Fransanın 2011-ci ildə qəbul etdiyi qondarma erməni soyqırımının tanıması qanununun məntiqi davamıdır. "Bu gün fransız və erməni xalqlarının dostluq tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, o həm də insanlığa qarşı cinayətlərin qarşısının alınmasında, insan haqlarının qorinmasında mühim rol oynayacaq. Fransa bununla ümumbəşəri dəyərlərin qorunmasında özünün əsas rolunu oynadı".
   
   Bu məsələdən sonra Türkiyə ilə Fransa arasında diplomatik münasibətlərin gərginlik dərəcəsi özünün pik həddinə yetişdi. Rəsmi Ankaranın qabaqcadan da bəyan etdiyi kimi Fransaya qarşı adekvat addımların başlanmasına təcili start veriləcəyi gündəmdir. Amma hadisələrin inkişafı onu deməyə əsas verir ki, Fransaya cavab olaraq reaksiya deyilənlərdən daha geniş çaplı olacaqdır. Və ekspertlərə görə, Fransa bu girdirmə qanunun qəbulundan sonra ən çox ziyan çəkən tərəf olacaq. Burada heç ermənilər üçün də yaxşı nəsə görünmür. Yəni, belə bir sənədin qəbulu Yerevana real olaraq heç bir mənfəət gətirməyəcək. Əksinə, bunun acı nəticələrini çox güman ki, ödəcəyək. Yəqin ki, ilk növbədə ermənilərin hələ də ümidlə yanaşdığı Sürix protokolları arxivin uzaq bir küncünə atılacaq. Və ola bilsin ki, Türkiyədə qaçaq yolu ilə işləyib ailəsinə pul qazanan ermənilərin də gediş-gəlişinə sərt qadağalar işə düşsün.
   
   Türkiyənin bütün zümrələrindən senatın bu qərarına kəskin reaksiya göstərilir. Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu bildirib ki, Fransanın belə bir addımı Türkiyə ilə Fransa arasında münasibətlərin tamam məhv olmasına səbəb olacaq. Mən tezliklə Türkiyəyə qayıdacağam və bundan sonra əlaqələr səfirlik səviyyəsində deyil, yalnız müvəqqəti və səlahiyyətli işlər vəkili ilə yerinə yetiriləcək. Türkiyə heç vaxt belə bir qanunun qəbulu ilə barışmayacaq".
   
   Bir sıra dövlət rəsmlərindən gələn bəyanatlar da ciddiliyindən biri-birindən fərqlənmir. Dövlətin rəsmi etrazı isə Türkiyə Xarici İşlər Nazirliyindən yayılıb. Baş xarici diplomatiya idarəsi bu qanunun qəbulunu məsuliyyətsizlik adlandırıb, Senatın Konstitusiya Komissiyasının bu qanunun Fransa Konstitusiyasına zidd olması barədə mövqeyini xatırladıb: "Buna baxmayaraq, qanun layihəsinin qəbul edilməsi belə həssas məsələnin Fransada daxili siyasətdə necə vasitə kimi istifadə edildiyini göstərir. Tarixin və ədalətin, başqa xalqların tarixi keçmişlərinin siyasiləşdirilməsi, ifadə azadlığına zərbə vurulması Fransanın özü üçün ciddi bir itkidir. Heç bir ölkə parlamentinin tarixi bir hadisə ilə bağlı qərar vermək haqqı və səlahiyyəti yoxdur".
   
   Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, qanunun qüvvəyə minməsi ilə bağlı növbəti prosedurun həyata keçməməsi üçün rəsmi Ankara bütün vasitələrdən istifadə edəcək.
   
   Heç şübhəsiz ki, qardaş ölkə olraq Azərbaycan da bu proseslərdə Türkiyənin yanındadır və bütün etirazlarda Bakı da fəal iştirak edir. Lakin qardaşlıqdan başqa, Fransa Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun bir özüvü olduğu üçün Azərbaycanın bu ölkənin ifrat ermənipərəst mövqeyinə biganə qalması da mümkün deyildi. Ona görə də Parisin Mİnsk qrupundakı iştirakına çox ciddi etirazlar səslənməyə başlayıb. Bundan başqa, bir çox dövlət qurumları, siyasi partiyalar, ictimai birliklər Fransaya öz etirazlarını ünvanlayıblar. Azərbaycanın Xarici İşlər Nairliyi isə dövlətin Fransaya rəsmi etirazını bildirib. İnformasiya agentliklərinin yaydığı məlumata görə, Azərbaycan Fransa Senatında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir.
   
   Məlumatda deyilir: "Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər". Bildirilir ki, 20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır: "Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır".
   
   Fransanın obyektiv düşünə bilən siyasət və iş adamları da anlayırlar ki, belə bir rəzalətə imzanın qoyulması Fransaya çox baha başa gələ bilər. Mənasız, uydurma bir iddianın qəbuluna görə, Fransa ən nəhəng qonşusunu özünə düşmənə çevirmək, enerji resursları ilə zəıngin, perspektivli bir ölkə kimi tanınan Azərbaycan ilə münasibətləri korlamaq dövlət siyasəti deyil. Artıq ilk siqnallar gəlməkdədir. İndi qalır sənədə Sarkozinin imza qoyması. Prezidentdən başqa hər şeyə oxşayan Sarkozi əgər qanuna qol çəkərsə yəqin ki, yaxın vaxtlarda onlar necə böyük bir qələtə imza atdıqlarının fərqində olacaqlar. Hələ az da olsa vaxt və ümid var...

TƏQVİM / ARXİV