Böyükxan Pərvizi unutmuruq

VAQİF YUSİFLİ
45957 | 2015-06-30 09:00
Neçə il öncə-yetmişinci illərin sonlarında cavan bir oğlan qapımı döydü. Uavan deyəndə, məndən beş-altı yaş kiçik olardı. O cavan oğlan eşitmişdi ki,mən ədəbiyyatçıyam, istəyirdi ki, şeirlərini oxusun, mən də fikir söyləyim. O zaman mən özüm də təzə-təzə çap olunurdum. Üzünə açdığım qapıda Böyükxan adlı cavan bir oğlan dayanmışdı və mən ümumi tanışlıqdan sonra onu dinləməyə başladım. Şeirlərini oxudu və açığını deyim ki, içimdəki o "tənqidçi təkəbbürünü" boğa bilmədim. Böyükxanın o zaman yazdığı çiy şeirlərə yarı sərt, yarı acıqlı bir söz dedim:
-Böyükxan, bu cür şeirlərlə ədəbiyyata gəlmək olmaz.
Böyükxan o gedən getdi.
Konservatoriyada oxuyurdu və fikirləşirdim ki, ay allah, bunun səsi şeirləri kimi olsa, vay tamaşaçıların halına.Amma Böyükxanın sən demə, klassik operalarda oxumağa yetərincə səsi varmış və o, konservatoriyanı bitirəndən sonra neçə il opera səhnəsində o səsinin ardınca getdi.
Amma günlərin bir günü eşitdim ki, Böyükxan operanı tərk edib va mənim üçün çox qəribə va gözlənilməz bir hadisə baş verdi. Böyükxan səsini şeirinə qatıb və deyəsən axı, şeiri səsinə qalib gəlib. Beləliklə, Böyükxan "bu cür şeirlərlə ədəbiyyata gəlmək olmaz" deyən tənqidçinin də sərt va acıqlı çöhrəsini unutmayıb. Yəni, sübut edib ki, Siz mənim şair olacağıma şübhə etdiniz, indi isə buyurun, bu da mən-Böyükxan Pərviz.
Mən Böyükxanın qəzet və curnal səhifələrində dərc edilmiş onlarla şerini oxudum və bəyəndim, o, tamam dəyişmişdi.Ancaq hətta bəyəndiyin, sevdiyin şeirlər haqqında da isti-isti söz demək asan deyil. Belinski yazır ki,ürəkdə bir qədər bayronist olmadan Bayronu sevmək, höteçi olmadan Höteni sevmək, şillerçi olmadan Şilleri sevmək mümkün deyil. Mən də bu illər ərzində çox-çox cavan şairlərlə, daha doğrusu, onların şeirləri ilə doğmalaşandan sonra nə isə söz deyirəm. Nəhayət, Böyükxanın ilk şeirlər kitabı çapdan çıxdı.
O kitabda olan bütün şeirlər sevgiliyə xitabən yazılıb.Yəni bu şeirlərin iki qəhrəmanı var-biri Böyükxan, biri də onun Leylisi, ya Əslisi, ya da Dulseniyası. Bəli, bu şeirlərdə Məcnunluq da var, Kərəmlik də, Qəriblik dəgbir az da Don-Kixotluq. Bunu o zaman Böyükxana söyləyəndə incimədi. Çünki mən Don-Kixotu Dulseniyaya məhəbbətinə görə qətiyyən Məcnundan kəm hesab eləmirəm. Adam eşq əzablarından dünyanın ləzzətini alanda ("Yarəb, bəlayi eşq ilə qıl aşina məni" və ya "Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz" deyəndə Məcnun olur. Adam əzabın eşqinə başdan-ayağa yanıb kül olursa, Kərəm olur. Adam bir qızı öz xəyallarında mələk səviyyəsinə qaldırırsa və o eşqin yolunda növbənöv gülünc vəziyyətlərə düşürsə, Don-Kixot olur. Böyükxanın şeirlərində də bu aşiqliyin müxtəlif çalarlarını gördüm. Ancaq bu müxtəlifliyin içində Böyükxanın özünü də, XX əsrin 90-cı illərinin bir az realist, bir az romantik, hətta yeri gələndə bir az naturalist pozasını da gördüm.

Bu eşqə düşəndən bir gün görmədim,
Ürəyim vəfasız bir qızda qaldı.
Mən qəmdə boğuldum, bəxtəvər adım,
İsim tək hallandı, ağızda qaldı.

Mən dərdin boynuna qolumu saldım,
Yadıma olumu-ölümü saldım,
Mən ömrün qışına yolumu saldım,
O isə ayrıldı, payızda qaldı.
Yuvamı quran da, sökən də özü,
Bilməm əli dəydi, yoxsa ki, gözü?
Bir zaman yazdığı "sevirəm" sözü
Qanun tək, fərman tək kağızda qaldı.

Mən bu şeiri Böyükxan Pərvizin bütün sevgi şeirləri üçün bir açar hesab eləmişəm.. Hərçənd ki, sonluğu hansısa köhnə mahnıların birini xatırladır. Böyükxan əksər şeirlərində məhz baş tutmayan sevgidən söz açırdı (Əgər baş tutsaydı, görəsən, bu sevgi şeirlərini yazmağa dəyərdimi). Böyükxan Pərvizin sevən qəhrəmanı dərd içindəydi, amma bu dərd ona doğma idi və deyəsən,o, bu dərddən ləzzət alırdı. Lap Məcnun kimi:

Yolunu sal bizə tərəf,
Şəhər yaman küləkdi.
Eh, bəxti bağlı adamam,
Qapım kimə gərəkdir?

Füzulinin "Nə yanar kimsə mənə atəşi-dildən özgə, nə açar kimsə qapım badi-səbadən qeyri" beyti yada düşür. Doğrudan da, o qapını səhər küləyindən başqa kimsə açacaqmı?

Vurulduğum dünən deyil,
Üzüm səndən dönən deyil,
Bu od ki var, sönən deyil,
Leysan da olasan belə.

Yenə də Məcnunluq. Ölmək, dirilmək, sonra yenə dünyaya gəlmək.
Bu sevgidi, yoxsa oyun? Məncə, sevgi...
Ancaq hərdənbir bu gözəl sevgidə böyükxanvari yumor da peyda olurdu. Belə misralarına və deyimlərinə görə Böyükxanı tənqid də eləyiblər.

Kəsəmmədim göz yaşımı,
Gör neylədin göz-qaşımı?
Xəncər verdim, kəs başımı,
Demədim dəlləklik elə.

Ancaq Böyükxanın şeirlərini sevgi mövzusu ilə məhdudlaşdırmaq istəməzdim.Böyükxanın sevgi palitrasında ölüm, həyat rənglərini də seçmək olar. Amma ölüm rəngi daha çox nəzərə çarpır. Özü də hiss eləyirdim ki, bu ölüm mələyi Böyükxanın şeirlərində yaşanılan hissiyyatdan daha çox oxuduğu kitablardan, şeirlərdən uçub gəlir. Yox, elə düşünmürdüm ki, Böyükxanın ölümlə, qəmlə bağlı duyğuları sünidir, quramadır,ancaq hardasa tanış motivlər, çalınmış havalar qulağına gəlir. Adam yalnız öz qəmini yazanda və dilə gətirəndə, həm də bu qəmi başqalarının da qəminə qatanda daha təbii olur. Məsələn, belə:

Bu yurd sahibsiz bağ boyda,
Əldə gəzir yumaq boyda.
Onsuz da dərdi dağ boyda,
Azarı niyə belədi?

Qızıl həsəd çəkir misə,
Fərq yoxdu yaxşıyla pisə,
Xalqın gözü tərəzisə,
Azarı niyə belədi?

Böyükxanın kitabına gözəl şairimiz Nəriman Həsənzadə yaxşı bir ön söz yazmışdı və həmin ön sözdə Nəriman müəllim mənim də müşahidə etdiyim bir məsələdən oxucuları agah edirdi. Yazırdı ki: "Şairin tez-tez istifadə etdiyi ədəbi vasitələrdən biri də oxucularını heyrətdə qoyan, düşündürən novellavari sonluqlardı. Bu, şair Pərvizin öz yolu, öz oricinal dəst-xəttidi
Şeir-novella. Yaxşı səslənir, eləmi? Baxın:

Ömrün şirin çağlarını,
Gülüm, gözündə tapdım.
İtirdiyim illəri də,
Gəzib, özündə tapdım.

Xəyanətə nifrətini,
Gözəlliyin ismətini,
Məhəbbətin hikmətini,
Vallah, izində tapdım.

Saçlarıma dən düşmüşdü,
Aramıza çən düşmüşdü,
Dünya gözümdən düşmüşdü,
Sənin gözündə tapdım.

Hər şeir bütövlükdə qavranılmalıdır.Yəni, ilk misradan sona qədər bir poetik ideyanın daşıyıcısı olmalıdır.

Bu gün cəllad kimi çıxdın qarşıma,
Başında qırmızı örtük gəlmisən.
Mən səni gəzirdim əli çıraqlı,
Sənsə, barmağında üzük gəlmisən.

Ah, kimi çağırım köməyə, zalım!
Tanrı qulaq asmaz, baxt dodaq büzər,
Səni dərmək üçün bir əl uzanıb,
Məni də bu gündən daha dərd üzər.

Sanma qismətimə ağlamaq düşüb,
Qoşulub birinə gülə bilərdim.
Nahaq gəlişinlə öldürdün məni,
Mən elə sənsiz də ölə bilərdim.

Bu şeiri B.Pərvizin uğurlu şeirlərindən hesab edirdim. Yəni , bu şeirin bütövlükdə nəyi isə təlqiq gücü var, təsir gücü var. Bir-birinə əks səslənən və təzad təşkil edən (Böyükxanın əksər şeirlərində olduğu kimi) duyğular lirik qəhrəmanın sevdiyi qızla münasibətini tam açıqlaya bilir.
Böyükxan Pərvizin sözə münasibəti də məni qane edirdi. O, mətləbi çox uzatmır, şeir oxuna-oxuna oxucuda düşünməyə də imkan yaradırdı. O, sözün cilvəsinə çox uyur, bəzən uğursuzluğa meyllənsə də, inadından dönmür. Nəriman müəllim doğru deyirdi ki: "bu poetik təfəkkür sahibində milli kolorit fəlsəfi ifadələrlə müşayiət olunduğundan cəlbedicidir, ürəyəyatımlıdır. O, bu səpgili şeirlərində ümumxalq danışıq dilindən təkcə istifadə etmir, onun öz dilində danışır və bu dil poetik yüksəkliyə qaldırılır". Bu fikirlərlə (hərçənd ki, "fəlsəfi ifadələr" bir az artıq çıxır) razılaşmaq olar və indi misal gətirəcəyim misralar da bunu sübut edir: "Göz yaşımı çay elədim, yar gəlib çırmanıb keçdi"- "Öir qızın ki,ürəyinə girmədin, neyləyirsən yastığına baş qoyub?"- "Yara qırx il nökər oldum, bir gecə "bəy" olmaq üçün"- "Qız məni qoymusan uşaq yerinə, di gəl,kirit məni , analıq elə"- "Yanıram, xəsis odumdan tüstü də çıxmır, neynim?" və s.
Heyif... O, 2003-cü ildə, əlli yaşına lap az qalmış ağır xəstəlikdən dünyasını tərk elədi. İndi doğulduğu Masallının Babaser kəndində, bir məzarlıqda uyuyur. Yazılmayan, vaxt tapıb yaza bilmədiyi şeirləri də özüylə apardı bu zalım dünyadan. Allah ruhunu şad eləsin! Bir gözəl şairi itirdik...

TƏQVİM / ARXİV