adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Şair Hacı

16263 | 2012-01-20 10:01
"Məkanım Qazaxdı, öz adım Hacı, Həyatım zəhərdi, talehim acı.
   
   
   
   Bu ikicə misra demək olar ki, şair Hacının mənzərəsinə işıq salır. İşıq düşən yerdə hər nə var açıqca görünür, işıq düşməyən yer qaranlıq olur, rənglər, formalar yoxa çıxır. Mən molbert arxasında oturub bu işıqlı, nurlu kişinin portret mənzərəsini işlədiyim zaman, politramda rənglərin özü belə bu nurlu kişinin işığından nur aldı, işığın üstünə işıq düşdü, kölgənin üstünə kölgə...
   
   Yaşı səksəni haqlamış Güllü anam portretə xeyli tamaşa edib, ( baxmayaraq gözləri çox zəifləyib )oğul, bu çəkdiyin şəkil şair Hacıya oxşayır. - dedi.
   
   -Düz tapmısan ay ciji ,- deyib bir az sorğu suala tutdum anamı." O dünyası gözlə olsun "- deyib, anam şair Haıcının kəlməkeşli taleyindən , səxavətindən, mərdliyindən, əslindən, nəslindən... Bir sözlə möhtəşəm Qaracayevlərin igid babalarından, İncə dərəsində, Qazaxda, ətraf bölgələrdə necə şan- şöhrət sahibi olmalarından söhbət açdı.
   
   Uşaqlıq illərim gözümün önünə gəldi. Şair Hacı o zamanlar kəndə gələndə, ( erkən yaşlarındn ömrünün sonunacan Ağstafa şəhərində yaşayıb ) bütün camaat pişvazına gələrdi, məclislər qurulardı, erkəklər kəsilərdi. Dillərdə əfsanəyə çevrilən bu kişiyə "Şair"təxəllüsünü ellər, obalar özləri yaraşdırmışdılar. Şair Hacı mənim tanıdığım, eşitdiyim ilk şair idi. Hələ o zamanlar, yəni uşaq təfəkkürümlə şairin bir az Allah , bir az peyğəmbər olduğunu zənn edirdim. Uca boylu, mehriban çöhrəli, sinəsi sazlı, dili avazlı bu kişinin neçə-neçə məşəqqətli , zülümlü yolların keçməslərindən necə keçməsindən isə xəbərim yox idi...
   
   Qaracayev Hacı 1906- cı ildə Qazax mahalının Qaymaqlı kəndində imkanlı kəndli ailəsində anadan olub. Sovet işğalı zamanı kəndin imkanlı, hörmətli adamı olan atasının var - dövləyi, əkin sahələri, dəyirmanı, bağı - bağçası əlindən alınıb, qardaşları, İsrafil və Abdulla isə " Xalq düşmanı" adlandırılaraq bolşeviklər tərəfindən güllələnib. Uşaqlıq illəri firava keçən şairin, gənclik illəri amansızlıqlarla, məşəqətlərlə üz-üzə gəlib. Şair Hacı dini təhsil alıb. Şeirlərinin birində bildirir ki, on iki dil bilir və istifadə edir. Olduqca istedadlı olan şair, uşaq yaşlarından şeir yazıb, saz çalmağı bacarırmış.
   
   Şərəfli, ancaq çox məşəqqətli ömür yaşamış Saza-sözə vergili bu insan onun boyuna biçilmiş bu yükü, dizinə ölçülmüş daşlı, kəsəkli yolu və Allahın əmanəti, olan saf ruhunu son nəfəsinə qədər kişi kimi yaşadıb, Allaha və dünyaya borcunu ləyaqətlə verib,1976-cı ildə doğulub boya başa çatdığı İncəli torpağına qayıtdı. Beşiyi olan Qaymaqlı kəndinin qucağında əbədiyyətə qovuşdu.
   
   Dövrünün bütün mükəmməl söz-saz adamları ilə dost olub, sazıyla, sözüylə yaddaşlara min naxış çəkmişdir. S.Vurğun, O. Sarıvəlli, H.Arif kimi böyük ustadlarla yaxından tanış olub, onlar tərəfindən yüksək qiymətləndirilmişdir.
   
   Beləliklə uzun-uzadı yazmaqdansa, onun portret mənzərəsinin və qazamatda olarkən dövrünün tanıınmış el şairi Borsunlu Məzahir Daşqınla necə tanış olmasını işıqlandıran mənzərələrindən sizə bir-iki etüd ciza bilsəm, bu maraqlı insanın ömür mənzərələri ilə sizi az da olsa tanış etmiş olaram.
   
   1952-ci ildə Məzahir Daşqın Montin düşərgəsinə gətirilir. O ,tanış- bilişlərlə görüşəndən sonra düşərgəni gəzməyə çıxır. Baraqlardan birinin yanından keçərkən saz səsi eşidir.O, bu səsədən diksinmiş kimi olur və yanındakılara deyir:
   
   - Mən çoxdandır ki, saz səsinə həsrətəm, sevdiyim sazın səsini eşitməmişəm. Gedək bir az qulaq asaq, keçmiş günlərimizi yada salaq.
   
   Daşqının düşərgəyə gəlməsi hər yana yayılmışdı. Bu adı eşidən şair Nacı demişdi:
   
   -Tanış olub yoxlarıq, görək o haranın şairidir?
   
   Daşqın içəri girir, hamı ilə salamlaşır, ona göstərilən yerdə oturur, uca boylu bir kişinin çaldığı saz havalarına diqqətlə qulaq asır. Ətrafdakılarin saz çalana münasibətindən Daşqın yəqin edir ki, o burada xüsusi hörmətə malik adamdır.
   
   Hacı Daşqının bu adam olduğunu verilən işarələrdən başa düşür. Lakin özünü o yerə qoymayıb, qonaqla səmimi görüşür, ona " Xoş gəlmisən "- deyib ehtiram göstərir. Qisa söhbətdən sonra Hacı telli sazı bağrına basıb söz deməyə başlayır :
   
   
   
   Bu gün bu məclisə bir adam gəlib,
   
   O yurddan, bu yurda köçəndir, nədir?
   
   Başqa bir nəzərlə baxır hər üzə,
   
   Yaxşını yamandan seçəndir, nədir?
   
   
   
   Daşqın o saat başa düşür ki, daş onun bağçasına atılır, bu sözlər onun ünvanına deyilir. Daşqın fürsəti əldən vermiyib odur ki, deyir:
   
   - A şair Hacı, məni bağışla, lap yaralı yerimə toxundun, mənim də sinəmdə bir neçə söz var, icazə versəydin deyərdim.
   
   Hacı da, ətrafındakilar da bir ağızdan dillənirlə:
   
   -Buyurun, buyurun, indi də söz sizindi, dinləyirik.
   
   Daşqın sazı sinəsinə basdı, onu nəvazişlə oxşadı və dedi:
   
   
   
   Mehri məhəbbətdən yaranan gündən,
   
   Arifi nadandan seçirəm gündə.
   
   Yığıb barxanamı dünya evindən,
   
   Mənzildən - mənzilə köçürəm gündə.
   
   
   
   Hacı deyir:
   
   
   
   Siz sorun əslini, eyləsin bəyan,
   
   Yersiz qəribdirsə, saxlarıq mehman.
   
   Taçırdır, tüccardır, yoxsa bəzirgan,
   
   Karvanı bu yoldan keçəndir, nədir?
   
   
   
   Daşqın görür ki, qarşısındakı şair sənətdən halı adamdır, onun cavabını verməsə pisikəcəkdir. Odur ki, deyir :
   
   
   
   Özüm də təəcübəm dostlar bir işə,
   
   Məni görən düşür bəzən təşvişə.
   
   Cahankeş dərvişən, etmişəm peşə,
   
   Sirat körpüsündən keçirəm gündə.
   
   
   
   Qarşısındakının haləti şair Hacıya təsir edir. Buna görə də özünü təqdim etməyi vacib bilir. Odur ki, deyir:
   
   
   
   Şair Hacı heyran qalıb bu hala,
   
   Bu kəskin zəkaya, dərya kamala.
   
   Görən hansı dərdə olub mübtəla,
   
   Tənəzzül şərbətin içəndir, nədir?
   
   
   
   Daşqın alır görək nə deyir:
   
   
   
   Hələ ki, tənəzzül Daşqına yoldur,
   
   Dünənki, hökümdar bu günkü quldur.
   
   Fələk öyrədibdir , qədəhi doldur,
   
   Hicran şərabından içirəm gündə.
   
   
   
   Şair Hacı deyir:
   
   -Qardaş, çox gözəl sözlər dedin. İndi mən başqa şeir də oxumaq istəyirəm. Qoy yoldaşlar qulaq assınlar, istəsən sən də ürəyindən keçənləri deyə bilərsən. Şair Hacı bununla həmin adamın Daşqın olub- olmadığını yəqin etmək istəyuirdi.
   
   Hacı deyir:
   
   
   
   Ey dilavər daldalanma indi bu meydanə gəl,
   
   Aç mətahı, tök bazara, mərdsənsə, mərdanə gəl.
   
   Gəzsən əyər məşriq ilə ta məğribin arasın,
   
   Rast gəlməzsən mənim kimi inan kövhər kanə, gəl.
   
   
   
   Daşqın deyir:
   
   
   
   Adəm oğlu, sataşma sən hər yetən insana, gəl,
   
   Nahaq yerdən öz başını salma sən tufana, gəl.
   
   Qılınc çalıb, at oynadan bəzən olur piyada,
   
   Məhmizləmə köhlənini, çıxarma cövlana, gəl.
   
   
   
   Hacı deyir:
   
   
   
   Tanımırsan, Zal oğluyam, lam eylərəm qəddini,
   
   Sənə bir toy tutaram ki, yanılarsan şəddini.
   
   Çəkib məhşər ayağına bildirərəm həddini,
   
   Vəz eyləmə əfsanədən kükrəmiş aslana, gəl.
   
   
   
   Daşqın deyir:
   
   
   
   Arifsənsə dərin düşün danışarkən hər sözü,
   
   Sən özünü tərif etmə, qoy bəyənsin el gözü.
   
   Tərəqqinin tənəzzülü var, gecənin gündüzü,
   
   Bel bağlama nə fələyə, nə çərxi- dövrana, gəl.
   
   
   
   Hacı deyir:
   
   
   
   Şair Hacı Qazaxlıdır, ona tay olmaz hərə,
   
   Danışanda həqq danışar, eşit, öyrən bir kərə.
   
   Istəmirəm səni çəkən ərəsəti - məşhərə,
   
   Dayan, indi başlayıram təcnisi- divanə ,gəl.
   
   
   
   Daşqın deyir:
   
   
   
   Mən Borsunlu Məzahirəm, əslən Qaarabağlıyam,
   
   Vay o gündən qeyzə gələm, dərya kimi çağlıyam.
   
   Təbidarsan, eşq əhlisən, istəmirəm bağlıyam,
   
   Yaxşı olar gətirmə sən Daşqını tuğyana, gəl.
   
   
   
   Bu müdrik cavab şair Hacını da, ora toplaşanları da valeh edir. Hacı əmin olur ki, bu həqiqətən Borsunlu Məzahərdir.
   
   Şair Hacı deyir:
   
   
   
   Üzü dönmüş qara baxtın əlindən,
   
   Dilimdə tükənməz hekayətim var.
   
   Fələyin əlindən almışam yara,
   
   Həqqin dərgahına şikayətim var.
   
   
   
   Daşqın deyir:
   
   
   
   Abı-atəş, xaki-baddan dünyadə,
   
   Yaranmış insanam, ülviyyətim var.
   
   Fərhad çeşməsindən içmişəm badə,
   
   Başımda eşqindən qiyamətim var.
   
   
   
   Hacı deyir:
   
   
   
   Borsunlu Məzahir deyəndə ellər,
   
   Ah çəkib könüllər,qovrulur dillər.
   
   Səni görmək üçün çox uzun illər,
   
   Ürəyimdə yatan bir həsrətim var.
   
   
   
   Daşqln deyir:
   
   
   
   Dolandım dünyanı mən başdan-başa,
   
   Bir dastan bağladım hər dağa, daşa.
   
   Indidə ölümlə gəzirəm qoşa.
   
   Dost-düşman tanımaz qiyafətim var.
   
   
   
   Hacı deyir:
   
   
   
   Daşqın kimdir, indi gözlərim, tanı,
   
   Ellər şairidir o, kövhərkanı.
   
   Sənə qurban olsun Hacının canı,
   
   Bağışla, Məzahir, qəbahətim var.
   
   
   
   Daşqın deyir:
   
   
   
   Daşqına əzizdir namusla vicdan,
   
   Ona lazım deyil nə şöhrət, nə şan.
   
   Nə qədər eyləsə fələk imtahan,
   
   Ölüncə qaçmaram, dəyanətim var.
   
   
   
   Şair Hacı ilə Daşqın bir daha səmimi görüşürlər. Onlar bir müddət bir yerdə qalırlar və onların elə burdaca başlayan dostluqları ömürlərinin sonunacan davam edir.
   
   Bilmirəm, bu xırdaca etüdlərlə el şairi, dünya deyilən fanidə adını, sözünü, insanlığın uca məqamına yetib, sənət aləminə "Şair Hacı"adını möhürləmiş bu nurani,pirahi kişinin mənzərəsini özünə oxşada bildimmi?
   
   Beləliklə,möhtərəm oxucular,şairin bir müxəmməsi ilə sizlərlə vidalaşıram.
   
   
   
   QAYMAQLIDA
   
   
   
   Aşiq Ədhəm,olub keçib belə canlar Qaymaqlıda,
   
   Molla baba, Zərgər Musa... mərd insanlar Qaymaqlıda.
   
   Molla Nəbi çəkib gedib çox dövranlar Qaymaqlıda,
   
   Sudya oğlu Mustafa tək hökmüranlar Qaymaqlıda.
   
   
   
   Babakişi iki dəfə sibirdən qandallı qaçıb,
   
   Sudya Əhməddən olanlar ad qazanıb, süfrə açıb.
   
   Sirəc ilə Qara Həbi düşman qırıb, qanlar salıb,
   
   Lalaşanın oğlu Yusif nərə çəksə dağlar uçub.
   
   Qılınc vurub, at oynadan, ox atanlar Qaymaxlıda.
   
   
   
   Palaz Məmməd, Yekə Mahmud var qoydu ad aldı getdi,
   
   Bayram oğlu İsə təkcə qılıncını çaldı getdi.
   
   Süleyman da asdı, kəsdi, axırda qocaldı getdi,
   
   Fani dünya neçə dəfə doldu, həm boşaldı getdi.
   
   Eyyub oğlu Məmməd kimi pəhləvanlar qaymaxlıda.
   
   
   
   İsrafil, Abdulla, Səməd hər üçü gələndə coşa,
   
   Həsrətin ellər çəkərdi görüb, etməyə tamaşa.
   
   Bir baxanlar istəyirdi bir daha baxsın Dadaşa,
   
   Heyif mənzil gödək oldu ömürlər tez çatdı başa.
   
   Köçüb gedir, gəlib qonur qəhramanlar Qaymaxlıda.
   
   
   
   Gülsüm ilə Kafıya olub mahalda dünya gözəli,
   
   Yaldaş Sənəm şallı imiş camalda dünya gözləi.
   
   Hanı Zöhrə, Totan, Söylü xəyalda dünya gözəli,
   
   Totu Sənəm, Gülxar xanım kamalda dünya gözəli.
   
   Pərilər çox olub, çoxdu yenə onlar Qaymaxlıda.
   
   
   
   İsgəndər oğlu Əhmədin axtarsan var yüz dastanı,
   
   Qaraçı oğlu Loymənin olub şairlik nişanı.
   
   Aşıq Əhməd kimi usta, söz deyib, saz çalan hanı,
   
   Tahirin adı, şöhrəti gəzib, dolanır dünyanı.
   
   Hacıdan qabaq çox olub söz qoşanlar Qaymaxlıda.
   
   
   
   Şair, Aşıq Əhməd Ərəbovun müraciətinə cavab olaraq yazılıb. Təxminən 1963-cü il yanvar ayı.

TƏQVİM / ARXİV