AğLAR GÖZü SiLMiSƏNSƏ...

FAİQ QİSMƏTOĞLU
21558 | 2012-01-20 08:54
... Adam var ki, ölümündən bərk qorxur. Fikirləşəndə ki, nə vaxtsa dünyasını dəyişəcək və günlərin bir günündə Allahın dərgahına gedəcək, onun canına bir vəlvələ düşür ki, gəl görəsən. Ona görə vəlvələ düşür ki, yaşadığı uzun zaman kəsiyində bir xeyirxah iş görməyib, yıxılanın əlindən tutmayıb. Elə ancaq işi-gücü onun-bunun dalınca danışmaq, qeybət eləmək və bir də hansısa imkanlı adamın qazancını hesablamaq olub. Allah-Təalanın qoyduğu bir işıqlı yol var. O işıqlı yolla kim gedirsə, gec-tez arzusuna qovuşur və eyni zamanda halal bir ömür sürür. O ömür ki, onun içində gün işığı kimi bir istilik var. İstilik olan yerdə isə insanın əməli, atdığı addım daha düzgün və daha ədalətli olur.
   
   Heç kimi qınamalı deyil. Əlbəttə, hər kəs bu dünyadan ona verilmiş ömrü yaşamağa borcludur. Amma sadəcə olaraq, elələri var ki, bu ömrü yaşayanda tək özləri üçün, ailələri və qohum-əqrəbası üçün deyil, böyük mənada başqaları üçün də yaşayırlar. Yəni onların işığı həm də başqalarının üstünə, başqalarının evinə və başqalarının ömrünə düşür. Belə ömrü yaşamaq və belə ömrü davam etdirmək təbii ki, qeyri-adi bir həyat tərzidir.
   
   Əgər bir kimsə yıxılana arxa durursa, bir yetimin başına sığal çəkirsə, ehtiyac içində olan adama "qorxma" deyilsə, aydındır ki, bu cür insanlar digərlərindən seçilir, fərqlənirlər. Təkcə həyatda insan özü üçün yaşamalı, özü üçün yaratmalı və özü üçün ömrü davam etdirməli deyil. İnsan ömrü onda yadda qalan və onda unudulmaz olur ki, başqalarının həyatına bayaq dediyimiz kimi, səndən bir işıq düşür. İşıqlı adam olmaq üçün isə ən azından sənin şam kimi yanan ürəyin, təmiz qəlbin və bir də düzgün əməlin olmalıdır. Kimisə aldatmaq, kiminsə etibarından istifadə etmək və ən nəhayət, arxa çevirən insana badalaq atmaq isə nə vaxtsa həmin adam üçün çox ağır nəticələr verir.
   
   Bir dəfə imkanlı adamın yanına bir yetim uşaq gəlir. Uşaq da o qədər tərbiyəli və əxlaqlı imiş ki, ona bir söz deyəndə qıpqırmızı qızararmış. Təbii ki, bu uşaq da yetim və kimsəsiz olduğu üçün imkanlı adamdan kömək istəyirmiş. Yəni həmin uşaq Bakıda təhsil aldığı üçün şəhərə qayıtmalı və dolanmalı imiş. Həmin uşaq da ümid yeri kimi kəndin imkanlı adamının yanına gedir və deyir ki, eşitmişəm mənim kimi adamlara əl tutursan, kömək eləyirsən. Mənim də pul sarıdan sıxıntım var, 100 manat versəydiniz şəhərə gedər və təhsilimi davam etdirərdim. İmkanlı adam isə bu sözləri eşidəndən sonra qaş-qabağını yığır və deyir ki, mənim sənə veriləsi pulum yoxdur. Bu sözü eşidəndən sonra bu yetim uşağın sanki qol-qanadı sınır. Çölə çıxanda onu soyuq tər basır və bir anlıq huşunu itirir. Yoldan keçən bir adam onu görüb uşağa yaxınlaşır və qolundan tutub ayağa qaldırır. Uşağın üz-gözünə su səpir, dəsmalla çöhrəsini silir. Handan-hana yetim uşaq özünə gəlir. Özünə gələndə tanımadığı bir adamın maşınında əyləşdiyini görür. O tanımadığı adam da onun dərdi ilə maraqlanır, yetim uşağa əl tutur. Deyir ki, nə vaxta qədər canımda sağlıq var, heç nədən qorxub eləmə. Nə sıxıntın oldu, çətinliyin yarandı, birinci mənim yanıma gələrsən. Tanımadığı adam yetim uşağa əl tutur, onu oxumağa göndərir və bütün xərclərini boynuna götürür. Və həmin uşaq da o tanımadığı adamın kölgəsini həmişə üstündə hiss eləyir.
   
   Günlərin birində həmin uşaq hüquq fakültəsini bitirir və məsul bir vəzifədə çalışır. Kənddə-kəsəkdə bütün adamlar onun yanına gəlir, kömək istəyir. Təbii ki, o da bu köməkliyi imkanı daxilində el-obaya göstərir. Və bir dəfə də onun yanına kəndin imkanlı adamı olan və ancaq vaxtında ona kömək göstərməyən kişi gəlir. Kişi həddindən çox yaşlaşmış və taqətsiz vəziyyətdə oğlanın kabinetinə daxil olur. Deyir ki, sənin yanında günahkaram. O vaxt əl tutmadığıma görə, yer yarılsa yerə girərəm. Mənim bir işim var, onu aşırsan, ömrüm boyu sənə borclu olacağam. Həmin oğlan da vaxtı ilə buna yaxşılıq eləməyən adamın qolundan tutub ayağa qaldırır. Deyir yadındadı, mənim Bakıya getməyə 5 manat pulum yox idi, gəldim sənin yanına o 5 manatı mənə qıymadın. Üstəlik də hələ məni alçaltdın. Çünki o ruzini sənə Allah-Təala vermişdi, sən də gərək mənim kimi yetimlərə əl tutaydın. Amma sən mənim kimi yetimləri görəndə üzünü çevirirdin, imkanlı adamları görəndə qucaqlaşıb öpüşürdün. Qorxma, mən sən deyiləm, nə lazımdısa kömək eləyəcəm, dərdini de. Kişi də dərdini deyir. Həmin oğlan onun problemini həll eləyir və işini düzəldir. Sonra da bildirir ki, məni bu ucalığa çatdıran göydə Allah, yerdə xeyirxah insanlardı. Əgər bu ucalığa gəlmişəmsə, kimin mənə yaxşılıq və pislik eləməsindən asılı olmayaraq, ona arxa durmalıyam...
   
   Ağlar gözü silən adamı Allah da çox istəyir. Bir ağlar gözü silmək elə hardasa müqəddəs bir ocağı ziyarət etmək qədər savab bir işdir. O savab iş gərək insanın içindən, qanından və ürəyindən gəlsin. Belə bir atalar məsəli var: "Quyuya su tökməklə sulu olmaz. Gərək su quyunun içindən çıxsın". İndi kiminsə qəmli göz yaşını silmək, onun dərdinə məlhəm qoymaq insandan çox böyük ürək və sevgi tələb edir. Əgər insanın ürəyində çox yox, bir damla sevgi, məhəbbət istəyi olsa, həmin insan heç vaxt başqasını darda qoymaz. Başqa sözlə, insanın böyük ürəyi, böyük qəlbi olanda o ürəkdən, o qəlbdən ətrafa həmişə işıq, nur süzülüb. İşıqlı və nurlu adam olmaq isə nə vəzifədən asılıdır, nə kitab oxumaqdan, nə də nəsil-kökdən. İşıqlı adam olmağı hər insan bacarmaz. Onu o adam bacarar ki, onun ürəyində həmişə kimsəsizlərə, yazıqlara, fağırlara, kasıblara böyük məhəbbət var. Daş ürəkli adam görmüşəm ki, cibində bir bağlama pul olsa da, qardaşı gəlib ondan çətin anda kömək istəyib, həmin adam cibindəki bir bağlama puldan bir manat çıxarıb verməyib. Arsız-arsız deyib ki, elə mənim özümün cibimdə siçanlar oynayır, imkanım çox məhduddur. Gör nə günə qalmışam ki, artıq xeyir-şərə də gedə bilmirəm. Mən də özümü saxlaya bilməyib demişəm ki, sənin insafın yoxdur. Cibində o qədər pulun var, amma o puldan on manat qardaşına verməyə canın çıxır. O da arsız-arsız, hırıldaya-hırıldaya deyib ki, əgər ona on manat versəm, sabah o biri bacı-qardaşlarım ac canavar kimi üstümə tökülüb deyəcəklər ki, mənə də kömək elə. Mən də onlara kömək eləyəndə evdəki arvad günümü göy əsgiyə bükəcək. Sən də bilirsən ki, mən arvaddan it kimi qorxuram. Düzdür, həmin adam arvaddan it kimi qorxurdu, amma sadəcə olaraq, öz qardaş-bacısı gələndə onlara bir dəfə də əl tutmurdu. Çünki bundan arvadının çox acığı gəlirdi. Amma həyat yoldaşının qohum-əqrəbasını görəndə, bədbəxt oğlu bədbəxt əldən-ayaqdan gedirdi. Nə isə...
   
   Kim nə edirsə, hansı addımı atırsa və hansı işi görürsə, elə gec-tez onun da nəticəsini görür. Yəni əgər bir adama əl tutmusansa, arxa durmusansa, nə vaxtsa bu arxa durmağın və əl tutmağın mütləq sənin köməyinə və dadına yetəcək. Vay o günə ki, heç kimin xeyrinə-şərinə yaramayasan, heç kimin çətin günündə irəli durmayasan. Vaxt gələcək sənin də çətin günün olacaq, ağır anların baş verəcək. Bax, onda da sənə yaxın duran olmayacaq və sən onda çox şeyi dərk edəcəksən, amma hər şey artıq gec olacaq. Yəni zaman ötəcək, sən qalacaqsan o zamandan arxada. Zamandan arxada qalmaq isə olduqca çətin və ağır bir şeydir. O qədər ağırdır ki, o ağırlığı deməklə təsəvvür etmək mümkün deyil. Yəni başına gəlməlidir ki, sən də biləsən ki, bu ağırlıq nə deməkdir.
   
   Dünyamız o qədər qarmaqarışıq, o qədər mürəkkəbdir ki, onun işindən baş açmaq hər oğulun işi deyil. Hara addım atırsan, çətinliklə üzləşirsən. Bir iş dalınca gedirsən, əsəblərin pozulur. Yaxud da nə isə yaxşı bir şey haqqında fikirləşirsən, səhər açılanda hər şeyin əksini görürsən və qanın itin qanına dönür. Təbii ki, ehtiyac içində olan adam başqasına əl ata bilməz. Amma ehtiyac içində olan adam da gərək yaxşıların qədir-qiymətini bilsin...
   
   Şair Xaqani Ayxanın "Dəyməz" adlı gözəl bir şeiri var:
   
   
   
   Fikirləşsən dərin-dərin,
   
   Heç üzə çıxmağa dəyməz.
   
   Ömür bir anlıq qığılcım,
   
   Gurlayıb çaxmağa dəyməz?!
   
   
   
   Dolanıb kəndin, şəhərin,
   
   Coşub eşqiylə səhərin.
   
   İçib şərbətin, zəhərin,
   
   Dünyaya baxmağa dəyməz!
   
   
   
   Ağıllılar fikirləşsə,
   
   Ağıldan bəlaya düşsə
   
   Dəliləri çayı keçsə,
   
   Qəlbini sıxmağa dəyməz!
   
   
   
   Haqqa tərəf gəlmisənsə,
   
   Haqqı aqil bilmisənsə,
   
   Ağlar gözü silmisənsə,
   
   Ölümdən qorxmağa dəyməz!
   
   
   
   ... Ölümdən qorxan insanlar, fikir verdinizmi şair nə deyir?! Ölümdən qorxmaq istəmirsinizsə, hələ yaşayırsınızsa, bir yetimə, bir aca, bir arxasıza kömək olun. Bax, onda həyat daha gözəl və daha şirin olacaq. Ağlar gözü silməkdən savab iş yoxdur. Bu addımı atanları Allah da çox istəyir və sevir...

TƏQVİM / ARXİV