adalet.az header logo
  • Bakı 12°C

AZƏRBAYCAN SƏYAHƏTiMiZ - 7

SEYFƏDDİN ALTAYLI
50695 | 2012-01-20 08:54
Azərbaycana gələli xeyli oldu. Bugün noyabrın ikisidir. Səhər-səhər əziz qardaşım əhməd Oğuzun qonağı olacayıq. O, Türkiyə və Azərbaycan arasında ruhunu körpü etmiş bir eloğlumuzdur. 1988-ci ildə Azərbaycana gəlib Türkiyəyə qayıdarkən bizi kəndlərinin yaxınlığındakı meşəlikdə əziz dostum Tahir Talıblı və digər dostlarla qarşılamış, gecə yarıya kimi meşənin qaranlıq atmosferində oturub, şırhaşır axan çayın səsinə qulaq asıb söhbət eləmişdik. O gecəki görüş bizim üçün unudulmazdı. Ordan durub əziz dostum Mövlud Süleymanlının qardaşı mərhum Kərəm Bəyin evində qonaq olmuş və səhərisi də Gümrüyə gedib bizi gözləriylə oxlayan erməni məmurlarının yoxlayışından sonra günorta çağı qatarla sərhəddi ötüb Anadoluya daxil olmuşduq.
   
   Biz Əhməd Oğuzu ailəmizin bir üzvü kimi qəbul etmişik və mənimsəmişik. O, Azərbaycanın yetirdiyi istedadlı bir folklorçu, jurnalist və şair, ən önəmlisi də insan kimi insandır. Çox gözəl şeirlər yazmasına baxmayaraq diyəsən biraz təmbəllik edir və indiyə kimi ancaq bir şeir kitabı çapdan çıxıb. Mənə görə əhməd Oğuz öz nəslinin ən gözəl şairlərindən biridir.
   
   Həyat yoldaşı Vüsalə Xanım, hörmətli dostum Albay Akif Yusifoğlunun (Yusifov) işçisidir və həftə içi işə gedir, biz də onun işdə olduğu bir zamanda evlərinə getmək qərarına gəldik. Vüsalə bunu eşidən kimi qiyaməti qoparıb dedi ki, "Mən işə gedirəm, həftə axırında gəlin ki, sizi ürəyimcə qonaq edim". Əslində onların daha artıq zəhmət çəkməməsi üçün belə qəflətən onlara getməyi məsləhət bildik. Qapını döyüb içəri daxil olan kimi evin gül balaları Gültəkinlə Eltəkin qaçaraq üstümüzə cumdular, "Seyfəddin əmi xoş gördük" deyib məni qucaqladılar. Biraz utancaq dayanıb Fatmanın üzünə baxdılar, o da qucaqlayıb ikisini də öpüb bağrına basdı, "Mən Fatma xalanızam" deyəndə, ikisi də, "Həə, Seyfəddin əmi də, atam da sizin adınızı daim çəkirdi, qiyabən tanıyırıq, ancaq görməmişdik" deyirlər. Vüsalə anasına tapşırıb, o da şəhərin o biri hissəsindən durub gəlib səhər ertədən xəngəldən tutmuş bir yığın əziyyət çəkib. Eltəkinin sünnət toyuna gələ bilməmişdik, Fatma da hey, şərait niyə imkan vermədi, niyə gələ bilmədik deyə həmişə deyinirdi. Bəzi şeylərin olmağını çox istəsəniz də o olmayacaqsa olmur. Gültəkini və Eltəkini hərəsini bir dizinin üstünə alır, onlarla analar diliylə söhbət edir. Sonra durub səhər çörəyimizi yeyir və bir neçə saat sonra əhmədlə birlikdə şəhərə düşürük. Günorta çağı Qafar Çaxmaqlıgildə olacayıq. Az-Neft meydanında enib bulvarda, sonra da İçəri şəhərdə dolanırıq. Hava həddən artıq gözəldir, küçələrdə gəzişdikcə ruhumuz dincəlir.
   
   Bakı, ruhu olan bir şəhərdir, insanı hiss etdirmədən özünə valeh edir. O, füsünkar bir gözəl kimi insanı özünə aşiq edəcək cazibəyə malikdir. Fatma birdən Aqil Abbası soruşur, "Haralarda qaldı, indiyə kimi bizi axtarmamış olmazdı, bir zəng elə görək hardadır" deyir. Zəng edirəm telefonu bağlıdır. İkimiz də nigaran oluruq, hörmətli həyat yoldaşı İradə xanımın telefonunu da bilmirik ki, onunla danışıb bir xəbər tutaq. İkimiz də, inşallah qanqaraldan bir şey yoxdur, deyirik.
   
   1988-ci ildə gələndə metroya getməyə vaxt olmamışdı, Fatma, "Məni Nizami metrosuna apar, oranı çox tərifləyirdilər, görmək istəyirəm" deyincə İçəri Şəhər stansiyasından qatara minib düz 28 Mayda düşürük. Çıxıb çöldə biraz dolanırıq və bir müddət Cəfər Cabbarlının heykəlinin yanında dayanıb bu gözəl şairimizdən və tale yolundan danışır, sonra qayıdıb qatara minir və Nizami istasyonunda düşürük. Nizaminin əsərlərinin təsvir olunduğu mozaikaların qabağında Fatmanın şəkillərini çəkirəm, sonra da təkrar qatara minib İçəri Şəhər istasyonunda düşürük. O arada Qafar Bəy zəng edir və Sabirin heykəlinin qabağında görüşüb evlərinə gedirik. Hörmətli həyat yoldaşı Rəhilə Xanım, oğlu əmin və istəkli qızı Günay bizi koridorda qarşılayır. Bu ev mənə doğmadır, hər Azərbaycana gələndə bir neçə dəfə Qafarla birlikdə gəlib Rəhilə xanımın bişirdiyi gözəl təamlardan dadırıq.
   
   Qafar Çaxmaqlı, qiyməti bilinəsi oğuldur, gözəl bir ziyalıdır və erməni məsələsi barədə yetişmiş mütəxəssis bir kadrımızdır. O, sadəcə olaraq Azərbaycanda yox, bəlkə də Türk dünyasında erməni məsələsini ən yaxşı bilən bir neçə şəxsdən biridir. Erməni dilini hardasa ana dili kimi bilir və yazdığı "Erməni Məsələsi Tarixin İzi İlə" adlı əsəri əvəzsizdir. Xalq olaraq bizim bir xəstəliyimiz var, bəzən tayı bərabəri olmayan dəyərlərimizi lazımınca qiymətləndirmirik, onlara sadə bir insan gözüylə baxırıq. Axtarın görüm, "ev danasından öküz olmaz" şəklindəki atalar sözümüzə oxşar bir atasözü hərhansı xarici dildə varə! Məncə yoxdur. Bu atasözümüz məncə bizə bəzi şeyləri yaxşı başa salır. Bəyənməsək də bu məsələdə yəhudilərdən, Rumlardan, ermənilərdən öyrənəcəyimiz çox şey vardır. İnşallah bu xəstəliyimizi bir dəfəlik başımızdan rədd edərik.
   
   Söhbət arasında dostum Ramiz əsgər zəng edir, "Qardaş haralardasınız, niyə görüşə bilmirik, Fatma xanımı gətirdin üzünü görmək mümkün deyil, belə olmaz!" deyir. Yaxşı, sabaha da sizdəyik, Leyla gəlib maşınıyla bizi götürsün deyirəm, vədləşirik.
   
   Ertəsi gün Ramiz Bəy və istəkli qızı Leyla qapımızı göydən rəhmət yağan bir anda döyürlər. Gecədən bəri yağan yağış dinməyib, göydən sanki su ələnir. Leylanın maşınına minib Ramiz Bəyin ocağına üz tuturuq. Ramiz Bəylə də 1988-ci ildən tanışıq. Onunla tanış olduğumdan üzübəri bir qarışqa kimi işlədiyinin və mədəniyyətimiz üçün ölməz əsərlərə imza atdığının şahidi olmuşam. Bizim kənddə çox işlək adamlar üçün, "Gavır kimi işləyir" deyə bir ifadə işlədirlər. Mənə görə kəndimizdə işlənən bu ifadə, qərblilərin elm və texnolojidə dəhşətli şəkildə işləyib energi xərcləyərək yaratdıqları texnoloji və elm yolunda bizi piyada qoyub getdiklərinə görə yaranıb və bizlər üçün yolgöstərici bir xəbərdarlıq mahiyyətindədir. Ramiz Bəyin üstündə göz nuru tökərək Azərbaycan Türkcəsi üçün hazırladığı Divanı Lüğətit Türk adlı əsərin çapı mədəniyyətimiz üçün bahası olmayan bir işdir. Azərbaycana hər gəlişimdə ona ya günortadan sonra və ya gecələr zəng çalıram, çünkü gecə oyu qarışqa kimi işləyir və günortaya kimi yatır. Millətimizin, şəxs olaraq üstünə düşən məsuliyəti layığınca yerinə yetirən bir ziyalımızdır Ramiz Bəy. Onu Türkiyədə də ziyalı mühit çox yaxşı tanıyır və sevir. Karifey dövlət xadimimiz Süleyman Dəmirəlin sevgisini və rəğbətini qazanmaq hər oğulun hünəri deyil, Ramiz Bəy bunu halal zəhməti və mədəniyyətimiz uğrunda sərf etdiyi əməyi ilə qazanmış bir insandır, ancaq Ramizi Ramiz edən də mehriban həyat yoldaşı Solmaz Xanımdır, çünkü ona işləmək şəraitini o yaradır. Nahaq yerə deməyiblər, hər uğurlu bir kişinin arxasında əzab çəkən bir qadın dayanır. Bir də o, dostluğu ilə qürur duyulacaq bir şəxsiyyətdir. Axı bunun da bir əmması var, Azərbaycan, əvəzsiz ziyalılar, dövlət xadimləri, qəhrəmanlar yetirən məhsuldar bir Türk torpağıdır.
   
   Səhər çörəyimizi yeyib bir neçə saat söhbət edirik. Ramiz Bəyin hörmətli həyat yoldaşı Solmaz Xanım müəllimədir, Leyla isə Az-Tv-də diktor işləyir. Kiçik qızları Ayla isə artıq Türkiyəli olub, İzmirdə həkim işləyir, Tanrı bəxtini yeyin eləsin. Oğlu Atilla isə Amerikada oxuyur, inşallah o da atası kimi yaxşı bir ziyalı olub vətənə qayıdar.
   
   Azərbaycanda saatlar dəqiqə yox, saniyə sürətində yeriyir, neyləsək də onu yavaşıda bilmirik. Ramiz Bəydən və Solmaz Xanımdan icazə istəyib durub şəhərə düşürük. İçəri Şəhər metro stansiyasından Mirzə ələkbər Sabir bağına sarı gedərkən telefonumun zəngi çalır, baxanda, qiymətli alimimiz Prof. Dr. Musa Qasımlının adını ekranda görürəm. Ona zəng çala bilmədiyimə görə şikayətlənir. Haqlıdır, başımız o qədər qarışıqdır və dostlarla görüşümüz o qədər çoxdur ki, ona zəng etməyə də vaxt tapa bilməmişəm. Gülüstanda görüşümüzdən bəri zəng etməmişəm, gileylənməkdə haqlıdır.
   
   Prof. Musa Qasımlı, Türkiyə ictimaiyyətində gözəl bir alim və tarixşünas kimi həddən artıq hörmət edilən bir şəxsiyyətdir. "Azərbaycan Türklərinin Milli Mübarizə Tarixi 1920-1945" adlı əsəri Türkiyədə böyük maraqla, heyranlıqla qarşılandı. Özgə bir əsəri isə "Türk-Sovet İlişkiləri 1960-1980" adını daşıyır və bu əsəri ikinci oğlum Dr. Alpərtunqa Türkiyə Türkcəsinə köçürdü. əsər yaxın bir vaxtda Atatürk Kültür və Araştırma Mərkəzi tərəfindən çap olunacaqdır. Prof. Dr. Musa Qasımlı gözəl bir alim olmaqla yanaşı siyasi yönümlü bir ziyalımızdır. Onun ən önəmli xüsusiyyəti isə özünü reklam etməkdən daim imtina etməsidir və özünüreklama əsla niyyətlənməməsidir, imkan yaratmamasıdır. Atalar yalan yerə deməyib, "Barlı ağac başını aşağı əyər". Bu ata sözümüz Musa Qasımlı kimi insanlarımız üçün yaradılıbdır. Hər Türkiyəyə gəlişində mətbuat və nəşriyyat orqanları onunla o saat əlaqə saxlayır və bu təmaslarında o Azərbaycanı layığınca təmsil edir. Musa Bəy, əslində həm Türkiyə, həm də Azərbaycan üçün önəmli bir insandır, çünkü öz şəxsi missiyası ilə iki qardaş dövlət və xalq arasında mənalı bir körpü rolunu oynayır. Yeni nəsillər Prof. Dr. Musa Qasımlı kimi ziyalılarımızın qiymətini bilib onu nümunə götürməlidir. Bu cür şəxsiyyətlərimiz yetişdiyi müddətcə dünya millətləri arasındakı yerimizi hər ötən gün bir pillə yuxarı qaldıracayıq və möhkəmləndirəcəyik. Onunla telefonda danışarkən sağımızdan, solumuzdan, qanbir, dilbir insanlar ötüb keçir. Bir vaxtlar mərhum şəhid şairimiz Hüseyn Cavidin yaşadığı binanın qabağına gəldikdə Fatmaya binanı soruşuram, "Buranı tanıyırsanə" dedikdə, dayanıb qapıya bir müddət baxır və "xatırlamadım" deyir. "Bəs Turan xanımıə" dedikdə, "Bura onunla görüşdüyümüz yerdiə" deyə təəccüblənir. 1988-ci ildə sağ olsun dostlarımızı bizi bura gətirmiş və böyük şairimizin qızı mərhum Turan Xanımla burada görüşmüşdük. Turan Xanım, Fatmanı görən kimi bağrına basıb ağlamış, Fatma da ona qarışmışdı. Gözləri bir müddət yol çəkir və "Kaş Turan xanım sağ olaydı, yenə görüşəydik, deyəydim ki, gördün o vaxt sənə arzularımız bir gün çin olacaq, Azərbaycanımız müstəqil olacaqdı demişdim, şükür ki, istəyimiz Tanrı tərəfindən qəbul olundu.." deyəydim. "Kaş" sözüylə başlayan cümlələrin əksəriyyəti ürəyimizi dağlamır ki..!ə
   
   Bakıya heykəllər şəhəri də deyilir. Hansı parka daxil olsanız Azərbaycanın əvəzsiz bir şəxsiyyətinin heykəli ilə üzləşirsiniz. Cavid Muzeyini ötüb Sabir Parkına sarı düşürük. Parka daxil olarkən yoldaşıma Sabirin heykəlini göstərirəm. Evimizdə dosd söhbətlərində həmişə Sabirin adı hallanır. Sabir, Türk dünyasının satira sahəsində tayı bərabəri olmayan bir şairidir. ədəbiyyat tariximizi yaxşı tədqiq etdiyimə inanıram, radioda ədəbiyyat proqramları yazdım, səsləndirdim, böyük şairlərimizin tərcüməyi halları və əsərləri ilə tanış oldum, ancaq satira sahəsində Sabir kimi birinə rast gəlmədim. Sabir, satira ədəbiyatımızın qütb ulduzudur. O, hər əsrin alovlu dili və sönməz bir məşəlidir. əsrlər unudular, ancaq Sabirin unudulması qeyri mümkündür.
   
   
   
   "Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq
   
   Azərbaycana, həm də Anadoluya dolduq.
   
   Ol qədr qırıb bir-birimizdən ki, yorulduq
   
   Qırıldıqca yorulquq və yorulduqca qırıldıq.
   
   Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
   
   Öz qövmümüzün başına əngəlkələfiz biz!"
   
   
   
   Fatma, "Yaxşı, Sabir belə deyib, ancaq biz tarixdən kifayət qədər dərs aldıqə" deyə sual verir. Sualında haqlıdır. Yadıma Məmməd Akifin o məşhur misrası düşür;
   
   
   
   "Tərihi təkərrür diyə tarif ediyorlar
   
   Hiç ibrət alınsaydı təkərrür mü edərdi?!"
   
   
   
   "Bəli, diyəsən kifayət qədər dərs götürdük, ancaq bu dərsin kifayətli olduğuna qane deyiləm", deyə cavablayıram onun sualını. Türk dünyası iki yüz əlli milyondan artıq bir potensiyal qüvvəyə malikdir və yeddi müstəqil dövləti var, ancaq bu cümhuriyyətlər arasında eynilə Avropalılar kimi bir birlik yarada bildikə Təəssüflər olsun ki, yarada bilmədik. əgər aramızda o cür bir birlik olsaydı Azərbaycan torpaqları işğal oluna bilməzdi. Xocalı kimi əsrin soyqırımı yaradıla bilməz, bir milyondan artıq soydaşımız qaçqın və köçkün olmaz, əzəli torpaqlarımızdan etnik təmizliklə çıxarılmazdıq, ölkələrimiz imperialistlərin toruna düşən quldurların yaratdıqları terror aktlarına səhnə olmazdı. ən sadə bir dillə desək, bir zamanlar imperatorlarını zindandan xilas etdiyimiz Fransada, Sarkozi kimiləri bugün ayağa durub seçkilərdə ermənilərin səsini yığmaq uğrunda özlərinin alnındakı ləkəni bizim nəcib millətimizin alnına yaxmağa cəsarət edə bilməzdi. Tarixin qarşımıza qoyduğu ibrət səhifələrinə baxıb nə qədər fikirləşərsək də, yüzlərlə, minlərlə kitabı oxusaq da üzləşdiyimiz bu cür problemlərin həlli ilə bağlı sualların cavabı gəlib insan deyilən varlığın qabağında dayanır. əgər bizim bu gün dünyanın qəbul etdiyi və əlçəkə bilmədiyi bir markamız olsaydı, nümunə olaraq, Mercedes kimi bir maşını, Airbus kimi bir təyyarəni, Leopard kimi bir tankı, F-35 kimi bir qırıcı təyyarəni, Apachi kimi bir helikopteri zavodlarımızda buraxsaydıq və dünyaya satsaydıq. Dövlətlərimizin hamısında ən müasir silahlardan tutmuş nüvə silahlarına kimi olsaydı, xalqlarımızın salındığı torlar, bizi də ürəyimizdən oxlayan bu cür problemlərimiz olardı?!
   
   Təbii ki, olmazdı... Bu olsaydı, olmasaydı, ola bilərdimiə kimi sualların cavabı Türk dünyasının təlim-təhsil sahəsindəki səfərbərliyindən asılıdır. Təlim sistemimizi, nəsillərimizin hər birinə öz sahəsində dünya birincisi olmaq əzmini aşılayacaq, onlara öyrənmə eşqini, istedadını, gücünü bəxş edəcək şəkildə dəyişdirməliyik. Sabirin diliylə desək, "əcnəbilər seyrə balonlarla gedir, biz hələ avtomobil minməyiriz" ifadəsi gəlib qarşımıza çıxır və bizə yol göstərir. Dünya artıq əvvəlki dünya deyildir, bunu hamı bilir, biz də bilirik. Bəli, yəni nəsillərin yetişdirilməsi, onlar arasındakı əlaqələrin və çiyin-çiyinə işləmə şüurunun təmini, müstəqil Türk cümhuriyyətlərinin başında oturan rəhbər işçilərin ən müqəddəs vəzifəsidir. Əgər bu vəzifəni onlar layığınca yerinə yetirsələr tarix onları dünya durduqca fəxrlə, qürurla yad edəcəkdir, əksini etsələr, buna fikir verməsələr, ən sadə ifadəylə adları heç vaxt xeyirliyə anılmayacaqdı.

TƏQVİM / ARXİV