adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iBLiS XiSLƏTi

18371 | 2012-01-20 10:01
(əvvəli ötən şənbə sayımızda)
   
   Qonşunun gözləri yol çəkdi, dərindən köksünü ötürüb:
   
   - O vaxtlar bizim kənddə vəziyyət ayrı cür idi, - dedi, - camaat arasında kolxoz sədrinə Əzrail deyirdilər. Adı gələndə zəhri yarılırdı çoxlarının. Özü kimi dəlisov atı vardı, gecə-gündüz çapır, qabağına çıxanı qırmancına dolayır, qızmış kəhərin döşünə salıb qovur, nəfəsini kəsirdi adamın... Heç yadımdan çıxmaz. Evimizdə yeməyə bir şey qalmamışdı. Nənəmlə anama qoşulub başağa getmişdim. Zəmi çoxdan biçilmişdi, torpağa qarışan sünbül qırığını güclə tapıb tor-baya yığırdıq. Birdən nənəmin həyəcanlı nidasını eşitdim: "Vay Əzrail!.." Elə bil üstümüzdən qara yel əsdi. Üzü üstə yerə sərildim. Başımı çevirib yan-yörəmə baxmaq istəyəndə torbamızı ayaqlayıb torpağa qarışdıran atın belində qamçısını başımın üstündə qeyzlə hərləyən Əzraili gördüm. Anam qıy çəkib üstümə atdı özünü. Nənəm haray salıb qarğış elədi: "Səni görüm, Əzrail, Allahın Əzrailinə tuş olasan!"
   
   Qaş qaralanda kor-peşman, ac-yalavac evimizə qayıtdıq. Seyid nənəm namaz üstə dua elədi: "Pərvərdigara, torpağa qarışan dəni də əlimizdən alır. Özün çarə qıl, qurtar bizi bu bəladan". Elə bil Tanrı nənəmin duasını eşitdi. Səhər tezdən qonşumuz çörəkçi usta Pənah kişi qapımızı açıb bir buxanka çörəyi dolabın üstünə qoydu. Mənə elə gəldi ki, alaqaranlıqda evimizə işıq doldu. İşlədiyi çörəkxanadan imkan tapanda bizə pay gətirən Pənah kişi nənəmə üzrxahlıq elədi:
   
   - Axşam işdən qayıdanda eşitdim başaqdakı müsibətinizi. Qanım elə qaraldı ki, qapınızı döyməyə əlim gəlmədi. Fikirləşdim ki, gecənin xeyrindən səhərin şəri yaxşıdır.
   
   O, bir anlığa susub nənəmə zənnlə baxdı:
   
   - Eşitmisən səhər nə olub?
   
   Nənəm başını buladı:
   
   - Sübh namazı üstə dua eləmişəm, huş aparıb məni, heç nədən xəbər tutmamışam.
   
   Çörəkçi ustanın gözləri güldü:
   
   - Elin sözü yanlış olmaz. Camaat deyir, seyid nənənin qarğışı tutub Əzraili, dəli kəhər onu nə təhər yerə çırpıb təpikləyibsə, cəhənnəmlik olub.
   
   - Doğrudan?!
   
   - Həə! Hələ indiyəcən görməmişdim ki, adam öləndə camaat sevinə.
   
   Nənəm narazı halda başını buladı:
   
   - Yox, sevinmək olmaz insan ölümünə.
   
   - İnsan deyildi axı, o. Camaat əbəs yerə Əzrail demirdi ki. Nə qədər evlər yıxdı, qapıları bağlı qoydu, kənddə müsibətlər törətdi.
   
   Nənəm onunla razılaşdı:
   
   - Beləsinə tuş eləməsin heç kəsi Allah-Təala. İnsan deyildi ki, iblis idi, iblis. Onun gözünün içinə baxıb ürəyindəki şeytanı görmüşdüm. Əzraillik eləyirdi kənddə.
   
   Həyəcandan sifəti pörtən nənəmin nəfəsi daraldı elə bil. Dərindən ah çəkib qolumdan yapışdı:
   
   - Qara kağız alan gündən başımı itirmişəm lap. Çarəm bu tifilə qalıb. "Dövlətdə dəvə, övladda nəvə" deyiblər. Al yanına, öyrət, işlət, həm bir tikə çörək gətirsin evə, həm də oxusun, dərsindən qalmasın.
   
   Onlar qəzet köşkündən çoxmərtəbəli binanın həyətinə uzanan səkinin üstündə narın addımlarla gəzişə-gəzişə söhbət edirdilər.
   
   O, qonşusunun söhbətinə maraqla qulaq asırdı. Həmsöhbəti birdən ayaq saxlayıb xəfifcə gülümsündü:
   
   - Səni bilmirəm, axır vaxtlar mənim yaddaşımın lap zayı çıxıb.
   
   - Elə mən də o gündəyəm. Əlimlə qoyduğumu tapa bilmirəm.
   
   - Amma di gəl ki, olub keçənlər kino lenti kimi gözlərimin önünə gəlir: çörəkxanada ustanın yanında işləməyim, orta məktəbi qurtarmağım, sonra da tələbəlik illəri... Pah atonnan, elə bil dünən olub.
   
   Dərin köks ötürüb fikrə getdi:
   
   - Allahıma şükür edirəm ki, bəxtim gətirdi, tale uzümə güldü, - dedi, - institutu bitirən ili təyinatımı o vaxt şəhərin böyük çörək kombinatına verdilər. Həvəslə işə girişdim, sonra ev aldım, anamla nənəmi yanıma gətirdim, evləndim... Hə, yaxşı vaxtlarım idi, özüm də məsul vəzifədə. Ancaq, necə deyim, dünənimi, ötüb keçən o ağır illəri, dədə-baba yurdumu unutmurdum. Kənddə köhnə evimizin yerində təzəsini tikdirmişdim. Hər il yayda, məzuniyyət vaxtı ailəliklə gedib, səfalı yerlərimizdə dincələrdik. Və mən mütləq çörəkçi ustam Pənah kişini görər, hal-əhval tutardım. Çalışırdım onun haqq-sayından çıxım. Çox gec evlənmişdi, aman-zaman bircə oğlu vardı. O da ipə-sapa yatmırdı, dərsnən, oxumaqnan arası yox idi. Axır ki, bir təhər qurtardı kənd məktəbini. Pənah kişinin xətrinə köməyimi əsirgəmədim, instituta, sonra da işə düzəltdim oğlunu. Yaman bivecdi, heç xoşum gəlmirdi ondan. Sovet dağılıb özəlləşmə başlayanda gözümdən itdi. Eşitdim ki, biznesnən məşğuldur, özünün kooperativi var. Az sonra saxtakar, yalançı kimi adının hallandığını öyrəndim. Vaxtilə gözüm üstündə olanda çəkinirdi məndən, naxələflik eləməyə qoymurdum onu. İndi dövran da, dəyərlər də dəyişib. O da özünə bab tay-tuşları ilə birlikdə əl-qol açmışdı. Məndən qaçır, gözümə görünmürdü ki, "ilişməsin", danlamayım onu. Hər dəfə naqis əməllərinin sorağı gələndə Pənah kişinin halına acıyırdım. O cür halal kişinin fərsiz oğluna görə xəcalət çəkdiyini fikirləşirdim. Ancaq heç ağlıma sığışdıra bilməzdim ki, başabəla övlad doğma atasını da özgələr kimi aldada, sar-sahmanını sata, olan-qalanını əlindən alıb özünü də qocalar evinə qoya. Eşidən kimi arayıb-axtardım, axır ki, tapdım onu. Ürəyim göynədi, insan nə kökə düşərmiş... Nə illah elədim ki, gətirim bir yerdə yaşayaq, ya da qapı bir ev tutum, həyan olum necə lazımdı, razı olmadı. Heç dinib-danışmırdı, kimsədən narazılıq-filan eləmirdi: həmyaşıdları, qocalar evinin işçiləri xətrini istəyirlər. "İpək kimi xasiyyəti var, - deyirlər, - yanına gələn olmasa da sındırmır özünü. Bircə dəfə ağzından qaçırıb ki, nəvəsini görmək istəyir. Vəssəlam!"
   
   O, həmsöhbətinə dalğın nəzər saldı:
   
   - Həmin vaxtdan bir ayağım onun yanındadır, - dedi. - Əlimdən gələni eləsəm də, rahat ola bilmirəm. Lap məəttəl qalmışam - orada, qocalar evində imkanlı adamların da ata-anaları var. Görən bunun səbəbi nədir? Doğrusu, uşaq-yeniyetməlik çağlarımdan haqsızlığa dözümsüz olmuşam. Əzrail gorbagorun qamçısının yanğısı indi də yadımdan çıxmayıb. Onda nənəm məni ovundurub başa salmışdı ki, belələrinə insan demək olmaz. Çünki şeytan yuva salıb ürəklərində. Ağlıma batdı, anladım yaşım az olsa da. Sonralar iblis xislətlilərə rast gələndə geri çəkilmədim, belələrinə qarşı amansız oldum, ancaq həddimi də aşmadım, haqq-ədaləti gözlədim, qorxdum Allahımdan. Bəs bunlar, vəzifə səlahiyyətini aşıb, imkanına, puluna güvənib özbaşınalıq eləyənlər, valideynlərinə dönük şərəfsizlər?! Belə çıxır ki, ciblərinə haram pul dolanda, iblis də ürəklərinə yol tapır?! Bax, bu cavabsız suallar məni haldan salır. Doğrusu, sənin hekayəni oxuyandan sonra lap bir təhər olmuşam, tərpədib ürəyimi. Ancaq nə olsun, suallarıma ki, cavab tapa bilmirəm.
   
   O, ayaq saxlayıb alnının qırışlarını ovuşdurdu. Sakit, narın səslə:
   
   - Bu sualların cavabını hər kəs öz içində aramalıdır, - dedi, - əlim qələm tutandan düşündürür, rahat qoymur məni. Axı, haqq-ədalət olmayan yerdə əsil həyat, bərəkət də yoxdur. Allahın ülviyyətinə şəhadət verən şərəfli adların ilkini Ədalətdir.
   
   Ona diqqət kəsilən ağsaqqal qonşusu razılıqla başını tərpətdi:
   
   - Əlbəttə, elədir. Ancaq bəndə neyləsin bəs? Sıraviləri, adi, sadə adamları deyirəm.
   
   - Fərqi yoxdur, bu vacib məsələdə heç kəs yaxasını kənara çəkməməli, laqeyd, biganə qalmamalıdır. "Məndən ötdü, özgəsinə dəydi", - deyib təsəlli tapmamalıdır. Sabah o daş onun özünə, sənə, mənə, hamımıza dəyəcək. Bax, onda gec olacaq. Necə deyərlər, "Müsəlmanın sonrakı ağlına arxayın olmaq olmaz". Hər bir işi, tədbiri vaxtında görmək, sözü məqamında demək, qınağı yerində eləmək gərəkdir.
   
   - Tanıyanlar bilir ki, mən...
   
   O, əlini qaldırıb ehmalca ağsaqqal qonşusunun çiyninə qoydu, sözünü kəsdiyinə görə üzrxahlıq elədi:
   
   - Bağışla, sözünü nəvə-nəticənin xeyir işində kəsim. Təki hamı sənin kimi olaydı. Dünənki hadisəni də eşitmişəm. Qonşular danışdılar, haqlı olduğunu dedilər.
   
   - Haqlı da, haqsız da göz qabağındadır. "Kor-kor, gör-gör", - deyiblər. Axı, çörəyi ayaq altına atmazlar, günahdır. Nə olar, zibilə qarışdırma bərəkəti, əlini uzat, qoy qutuların böyründə sal daşın üstünə, ehtiyacı olan ac-yalavac aparıb yesin, yaxud nisbətən imkanlısı heyvanına, toyuğuna versin, müxtəsəri zay olmasın. Kimə deyirsən, elə hay-küy salır ki, bağırtısından qulaq tutulur. Baxıram, geyimli-keçimli xanım-xatın görünür zahirdə. Di gəl ki, bilmərrə mərifəti, ədəb-ərkanı yoxdur. Arxadan səs eşitdim: "Gülya, nə olub orada? Yenə kimnən söz güləşdirirsən?"
   
   Qanrılıb baxıram. Gödərək, sallaqqarın birisi məni görcək diksinir, sonra mat-mat baxa-baxa yerindəcə quruyub qalır, elə bil. Məni tanıyıb sarısını udur, arvadı da ona baxıb səsini içinə salır.
   
   Özümü saxlaya bilmirəm:
   
   - Ə, heç utanıb xəcalət çəkirsən? Dədənin sar-sahmanını satıb, olan-qalanının axırına çıxıb, o cür kişini niyə aparıb qocalar evinə qoymusan?!
   
   Səs-küyə qonum-qonşu yığışdı...
   
   - Necə oldu axırı?
   
   - Elə bil don vurmuşdu onu, dili qıfıllanmışdı. Özünə gələr-gəlməz arvadının qolundan tutub səssiz-səmirsiz aradan çıxdı.
   
   O, birdən susdu. Fikrə gedib dilxor halda:
   
   - Neçə vaxtdı axtarırdım onu, - dedi, - Axır ki, özü rastıma çıxdı. Daha əlimdən qurtara bilməz... Vaxtilə mənə peşə öyrədən, əlimi çörəyə çatdıran kişinin haqqının tapdanmasına dözə bilmərəm... Ahıl vaxtında öz yurdunda ömrünü rahat başa vura gərək.
   
   Həyəcan və qətiyyətlə danışan ağsaqqal qonşusunun söhbətinə qulaq asdıqca sanki içinə düşən odun şövqü üzünü işıqlandırırdı. Ürəyində sevinirdi ki, nəhayət, axtardığını tapdı. Ömrunün qürub çağını yaşayan narahat təbiətli qonşusunu öz aləmində elə bil "kəşf" etdi. Onu həmişə düşündürən, rahat buraxmayan mövzunun canlı mücəssəməsi, haqq-mizan tərəzisinin əyilməyinə dözməyən İnsan qarşısında dayanmışdı...
   
   (ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV