adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

iBLiS XiSLƏTi

21860 | 2012-01-14 07:19
İblis nədir? Cümlə xəyanətlərə bais!
   
    Ya hər kəsə xain olan insan nədir? İblis!
   
   
   
   H.Cavid
   
   
   
   Eyvandan ətraf aydın görünürdü: bir-birilə bəhsə giribmiş kimi səmaya millənən göydələnlər,İçəri şəhərin köhnə çopur daşlı hasarı, qədim binaları, Qız qalası, Sahil bağı, suları rəngdən-rəngə düşərək üfüqdə göylə birləşən Xəzər.
   
   Bu bənzərsiz mənzərəyə baxmaqdan doymurdu: sübhün gözü açılıb səhər mehi üz-gözünü oxşayanda, günorta çağı Günəş yerə od ələyəndə, axşamüstü avazıyan tonqal kimi közərərək qızılı şüaları ilə səmaya, dənizin sularına naxışlar vurub qürub edəndə. Və nəhayət, sonsuz məhəbbətlə sevdiyi qədim şəhər sayrışan işıqlar selində onun nəzərində nağıla, əfsanəyə, möcüzəyə dönəndə...
   
   Eyvandan göz işlədikcə görünən yerləri vaxtilə qarış-qarış gəzməkdən doymaz, yorulmaq nədir bilməzdi. İndi ahıllaşmışdı, düşmüşdü, ayaqları yer tutmur, sözünə baxmırdı. Ancaq hər gün özünü toplayıb kövrək addımlarla həyətə düşərək tindəki köşkdən qəzet almağa adət etmişdi. Otağına çəkilib oxuyur, yazıb-pozurdu. Yorulanda eyvana çıxır, ömür-gün sirdaşının məxsusi dəmlədiyi çayı içə-içə şəhərə tamaşa edir, dincini alır, ağrı-acılarını unudurdu.
   
   Yalnız ildə bir dəfə yayın "yandım-alışdım" çağında, şəhər bürküdən qovrulub boğulanda, artıq çoxdan ev-eşik sahibi olan balaları, sevimli nəvələri saqqızını oğurlayıb bağa aparırdılar onu. Burada - ağacların kölgəsində, yel vurub yelkənlər oynayan külafirəngidə belə darıxırdı, burnunun ucu göynəyirdi evi, eyvanından görünən şəhərin ürəkaçan mənzərəsi, gözləri ilə "gəzdiyi" yerlərdə mürgüləyən xatirələri üçün...
   
   ...Yayın qorabişirən ayını başa vurub bağdan evinə gələn kimi eyvana çıxanda gözlərinə inana bilmədi. Sanki qara pərdə çəkmişdilər eyvanın qənşərinə. Diqqətlə baxıb məəttəl qaldı: İlahi, az qala göyə dirənən bu nəhəng dəmir-beton binanı nə vaxt quraşdırdılar? Gözləmədiyi dəyişiklik ona möcüzə kimi göründü. "Xruşşovka" adlanan beşmərtəbəli evlər, sakinlərin gəzişib istirahət etdikləri kiçik park, uşaqların oynadıqları meydanca, həyət-bacanı yaşıllığa bürüyən çoxillik ağaclar yox olmuşdu, hamısını nəhəng bina "yemişdi" elə bil. Əvəzində müxtəlif markalı şəxsi maşınların sıralandığı qara asfalt döşənmiş ensiz, dar həyət qalmışdı.
   
   Qarşıdakı təzə göydələnin sol küncünə qısılan köhnə tənha beşmərtəbəli ev ona çox miskin göründü. Sanki uzun illər qonşuluq elədiyi "dostlarının" xiffətini çəkirdi köhnə bina. O, ağlına gələn bu fikirdən kövrələn kimi oldu. Əvvəlki işığını itirmiş nəm gözləri yaxınlıqdakı binaların arasındakı dar keçiddə yan-yana düzülən zibil qutularına zilləndi. Zəngin müşahidə qabiliyyəti olan ahıl yazarın diqqətçəkən bir məqam nəzərindən yayınmadı. Təzə binanın hündür, enli qapısından bayıra çıxanların bir qismi əlindəki sellofan bağlamanı zibil qutusuna atıb yoluna davam edirdi. Bəziləri özünəməxsus səliqə ilə bükülünü ehmalca qutuya çalır, süfrədən artıq qalan çörək, tort, şirniyyat yığdığı kulyoku bir qədər aralı hündür sal daşın üstünə qoyur, kimisi də saymazyana, öz yolundan dönmədən əlindəkini qutulara tərəf tolazlayır, içindəkilər dağılır, ayaq altda qalır, ətraf zibillənirdi.
   
   Qutuların kənarına dağılan zibilin içində çörək tikələrini görəndə ürəyi sıxıldı. "Çörək Qurandan irəli gəlib, bala. Yerə düşən tikəni üfləyib öp, gözünün üstünə qoy, savabdır". Nənəsinin sözlərini müharibə vaxtı eşitmişdi. Atası cəbhəyə getmişdi, evdə çörək yox idi. Yadındadır, elə acmışdı ki, davam gətirə bilmirdi. Anası onu ovundurub nənəsilə birlikdə başağa apardı. Taxılı biçilmiş zəmidən yerə düşüb torpağa qarışan sünbül qırıqlarını torbalarına yığdılar. O da anasının belinə bağladığı kiçik torbanı doldurdu. Evə qayıdanda onu öpüb - "maşallah, böyüyürsən, yadında saxla, kişi ağlamaz, çörək qazanar", - deyən nənəsi torbalara yığdıqlarını bir yerə boşaldıb anası ilə təmizlədilər, "əl daşında" üyüdüb təndir qaladılar. Elə bil dünyanı verdilər ona, nənəsinin təndir çörəyini ləzzətlə yedi.
   
   Kövrək xatirədən nəmlənən gözlərini silib fikirləşdi ki, indi ahıl yaşına çatsa da rəhmətlik nənəsinin təndir çörəyinin dadı hələ də damağından getməyib. Hə, onda müharibə - aclıq idi, çörək qəhətə çıxmışdı, indiki kimi ayaq altına atılıb zibilə qarışmırdı. "Nəyə görə? Çox olanda qədrini bilməzlər?! Bərəkəti ayaqlayanın gözünü tutmaz çörək? Axı, indinin özündə, zahiri bolluq içində, nə qədər insanın ehtiyacı var yavan çörəyə. Qəpik-quruş pensiyası heç çörək, dərman almağa çatmayan nə qədər ailə var. Niyə onları düşünməyək, artıq tikəmizi vermək əvəzinə yerə, ayaq altına ataq?"
   
   Həyətdən gələn uğultu onu fikrindən ayırdı. Boylanıb aşağı baxdı. Bir dəstə miskin gör-kəmli binəsib qutulara daraşmışdı. Nimdaş geyimli ahıl kişi hündür daşın üstünə qoyulan çörəyi və bir dolu kulyoku tələm-tələsik götürüb ətrafına baxmadan kirimişcə başı aşağı köhnə beşmərtəbəli evə sarı çəkildi. Qalanları əsl bomj kimi "peşəkarcasına" qutuların içərisinə başlarını soxub zir-zibili ələk-vələk eləyə-eləyə lazım bildiklərini öz böyük kulyoklarına tələsmədən yığdılar. Ucaboy, arıq birisi tapdığı yarımçıq araq butulkasını başı üstünə qaldırıb yoldaşlarını hayladı.
   
   O, dərin fikrə getdi. "İnsan qəribə məxluqdur, - düşündü, - bəzən ən adi, sadə həyat hə-qiqətini özü üçün elə bil təzədən "kəşf" edir. Uşaqlıq, yeniyetməlik, cavanlıq çağlarında belə hallar daha çox olur. Əvvəllər fərqinə varmadığı, vecinə almadığı, çox adi sandığı şeylər, olaylar birdən-birə ona qəribə, maraqlı, bəzən də möcüzə kimi görünür. Və "öz kəşf"inə təəccüb edir, heyrətlənir. Düşünür ki, necə olub bunu əvvəllər görməyib, mənasını, mahiyyətini dərk etməyib? Əlbəttə, yaşa dolduqca bu "kəşf"lər azalır, ancaq tamamilə tükənmir. Lap ahıl vaxtında da nəsə özün üçün tapırsan elə bil, təəccüblənirsən, təəssüflənirsən, heyrətlənirsən, deməli, yaşayırsan, gerçəkliklə təmasda olursan".
   
   Dərindən ah çəkdi. Qarşısındakı göydələnin tikilməsindən öncə şəhərin panoramasına tamaşa etməkdən usanmazdı.
   
   Bəs indi? Çoxsaylı mərtəbələri ensiz, uzun, qapalı həyəti günəş işığına, eyvanından əl içi kimi gördüyü mənzərəyə onu həsrət qoyan göydələndə, zibil qutularının düzüldüyü dar dalanda nəyə tamaşa edəcəkdi?!
   
   Çox çəkmədi ki, sualına cavab tapdı və buna həm təəccübləndi, həm də təəssüfləndi, ürəyi sıxıldı. Öz sadəlövhlüyünə içində acı-acı güldü də. Axı, o, dəfələrlə oxumuşdu, qələm dostları ilə mübahisə, müzakirə etmişdi, qəti qərara gəlmişdi ki, ailə kiçik bir dövlət kimidir. Və hər bir ailə mənsub olduğu dövlətin tərəqqisinə, millətin birliyinə öz töhfəsini verməlidir.
   
   Eyvandan qarşıdakı nəhəng çoxmərtəbəli binanı ilk dəfə görürmüş kimi diqqətlə süzdü: "Görəsən burada nə qədər ailə yaşayır? Böyük bir kənddə, yaxud kiçik qəsəbədə olduğu qədər, yəqin. Axı, çox böyükdür, zahiri görünüşü, fasadı "gəl-gəl" deyir, içərisində mənzilləri də gen-boldur, rahatdır, hər cür şəraiti var. Ona görə ki, burada yaşayanlar yetərincə imkanlıdırlar, bir ətək pul verib quru, yalın divarlı, qapısız, pəncərəsiz mənzilləri istədikləri şəklə salıblar. Bina-nın həyətində göz qamaşdıran, ən yeni "inomarkalar" yan-yana, elə sıx-sıx düzülüb ki, iynə atsan yerə düşməz. Hələ səhər-axşam buraya nə qədər xidməti maşın gəlib-gedir. Vəzifəliləri, sahibkarları peşəkar sürücülər gəzdirirlər. İndi dəb düşüb: xanımları, yeniyetmə oğlan-qız uşaqlarını şəxsi maşınların sükanı arxasında görmək olar. Deyirlər, təzə binada yaşayan məşhur vəzifəli sahibkar oğluna 18 yaşı tamam olan gün Avropadan xüsusi sifarişlə gətirtdiyi çox bahalı super limuzin hədiyyə eləyib. Oğul da sevindiyindən qazı elə basıb ki, maşın düz beton divara çırpılıb. Görənlər heyrət ediblər: metal qırıntısına çevrilən maşının içində sütül oğlan necə salamat qalıb? Salamat deyəndə ki, atası özü ağırlığında xərc çəkib xaricdə müalicə etdirdi oğlunu. Ən yaxınları ona pıçıldadılar ki, gözün uşağın üstündə olsun, yoxsa qəzadan qurtarsan da, "ağ ölüm"ün caynağından xilas edə bilməzsən balanı. Ata inanmaq istəmədi. Dedi ki, onun oğlu bu binada kübar ailələrin övladları ilə oturub-durur, ağlı başındadır. Ancaq bilmədi ki, pul, var-dövlət, zənginlik hələ kübarlıq deyil. Tərbiyəni, təhsili, diplomu, vəzifəni əşya kimi satın almaq olmaz. Bunun axırı harınlıq, ailənin bədbəxtliyi, cəmiyyətin bəlasıdır.
   
   Dalğın halda köksünü ötürdü. Yadına müdriklərin bir kəlamı düşdü, dərin qırışlı üzü işıqlandı: "Dünya əməli-saleh adamların çiynində bərqərar olub. Tanrı yaxşıların xətrinə pislərin günahından keçir". Yaxşı ki, az da olsa hər yerdə yaxşılar var. Lap elə qarşıda ucalan böyük, müasir binada da, bir az yanda, zibilliyin böyründə köhnə beşmərtəbəli evdə də.
   
   Dünya xali deyil. İndi elə ağıllı, bilikli, fərasətli cavanlar var ki, məəttəl qalırsan, "bərə-kallah" deyirsən, şükür eləyirsən yaradana. Maşallah olsun, nəvələrin suallarına babalar düzgün cavab tapa bilmir indi.
   
   Ancaq oturuşmuş köhnə kişilərin, ağsaqqalların da öz yeri var. Vaxtilə müdriklər deyiblər ki, əstəğfürullah, Allahsız yerdə qalmaq olar, ağsaqqalı olmayan yerdə yox. Fikirləşəndə çox dərindir mənası. Hər saqqalı ağarandan ağsaqqal olmaz. Ağsaqqal dünyanın, həyatın hər üzünü görmüş, müdrik, ədalətli, sözü-söhbəti kəsərli, keçərli, vəznli oturuşmuş köhnə kişilərə deyilir.
   
   O, ünsiyyətcil idi. Həyətə düşüb yaxınlıqdakı dükandan bazarlıq edəndə, adəti üzrə hər gün tindəki köşkdən təzə qəzetləri alanda özü kimi ahıl qonşuları ilə rastlaşıb hal-əhval tuturdu. Onların arasında hamının "ağsaqqal" deyə müraciət etdiyi, hörmət-izzət bəslədiyi, həmişə sadə, təmiz geyinən, səliqə ilə geriyə daranan, hələ də seyrəlməyən saçı kimi bəyaz qalın qaşları və bığı təbəssümlü sifətinə yaraşan ortaboy, yaşına görə gümrah görünən həmyaşıdına "quşu qon-muşdu". Yetərincə savadlı, məlumatlı, helimli idi, mütaliəsinə söz ola bilməzdi. Dünyaca məşhur əsərləri, özümüzünküləri oxumuşdu. Odur ki, söhbətləri tuturdu, fikirləri çox vaxt üst-üstə düşürdü, bəzən də fərqli olurdu. Mübahisə, müzakirə edirdilər, hərə öz fikrində qalsa da, münasibətlərinin "iqlimi", ab-havası dəyişmirdi.
   
   Ağsaqqal qonşunun mülayim xasiyyəti xoşuna gəlirdi. Onunla ünsiyyətdən, söhbətdən həmişə məmnun qalırdı, yüngülləşirdi elə bil. Ancaq onun gözlərinin dərinliyində gizlənmiş qəm-kədəri də çoxdan sezmişdi. Səbəbini bilmirdi, soruşmağa üzü gəlmir, özünə sığışdırmırdı açıb-ağartmağı.
   
   Ancaq günlərin bir günü o, qonşusunun adətən gözlərində sezdiyi qüssənin büsbütün dərin qırışlı çöhrəsini çulğadığını gördü:
   
   - Nə olub? Bir hadisə-zad baş verməyib ki, iraq olsun, - deyə qeyri-ixtiyari soruşdu. Və gözləmədiyi cavabı eşidəndə heyrətindən yerindəcə quru-yub qaldı.
   
   - Dünənki qəzetdə hekayəni oxudum. Yaman təsirləndirdi məni, Əzraili yadıma saldı.
   
   - Nə...ə... Əzraili? - ilk dəfə görürmüş kimi onu diqqətlə süzüb təəccüblə soruşdu. Sonra ani olaraq susub sakit səslə izah etdi:
   
   - Mən müharibə illərinin başağından yazmışam, öz başıma gələnlərdən.
   
   - Oxuyanda hiss etdim ki, olmuş hadisəni qələmə almısan. Yadıma düşdü o günlər, ancaq...
   
   Sözünə ara verib zənnlə ona baxdı:
   
   - Ancaq sən baxtlı yetim olmusan o vaxt, - deyib köksünü ötürdü, - görünür kəndinizdəki kolxoz sədri yaxşı adam imiş.
   
   - Hə, rəhmətlik nənəm dua-sana eləyərdi ona. Deyərdi, Allah köməyi olmuş camaatı dolandırır, imkan verir ki, biçindən sonra zəminin başağını eləsin, bağ-bostanı urlasın, qışa ruzi yığsın.
   
   
   
   (ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV